“Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasından irəli gələn vəzifələr barədə

Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddialarını hər zaman iflasa uğratmışdır. Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri məhz Qarabağda milli ruhun oyadılması olmuşdur. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olmuşdur. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etmişdir. 1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində rayonun 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır.

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik qələbəsini şərtləndirdi. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın böyük hərbi-diplomatik uğuru və beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin, xüsusilə dövlət başçısının qlobal miqyasda olan nüfuzunun göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 3-də imzaladığı Sərəncama əsasən noyabrın 8-inin hər il ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentin Sərəncamında Şuşanın düşmən əsarətindən qurtarılmasının müharibənin taleyində həlledici rol oynadığı qeyd olunmuşdur. 2021-ci il yanvarın 14-də Şuşaya səfər edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son dəfə 39 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin şəhərə tarixi və unudulmaz səfəri zamanı gəldiyini diqqətə çatdıraraq qəhrəman Azərbaycan Ordusunun mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etdiyini və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağının qaldırıldığını bildirmişdir.

Müasir Şuşanın yenidən qurulması isə Ali baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı çıxışında ermənilərin bütün cəhdlərinə baxmayaraq, onların Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilmədiyini, 28 il ərzində buna çalışsalar da nail ola bilmədiklərini Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədiyini, əsirlikdə olsa da, öz ləyaqətini itirmədiyini, erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildiyini qeyd etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri ölkənin mədəniyyət paytaxtı elan edilmiş, bu Sərəncamla “Vaqif poeziya günləri” və “Xarıbülbül” festivalı da bərpa olunmuş, 2021-ci il mayın 12-si və 13-də ilk dəfə Şuşada “Xarıbülbül” festivalı keçirilmişdir. Bu Sərəncam Şuşa şəhərinin əvvəlki statusunun bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində 2022-ci ili “Şuşa İli” elan etdiyini bildirmiş, 2022-ci il yanvarın 5-də isə dövlətimizin başçısı “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncamın imzalanması 44 günlük Vətən müharibəsindən sonra, postmüharibə ili olan 2021-ci ilin ardınca 2022-ci ilin “Şuşa ili” elan edilməsi İlham Əliyevin bir daha müdrik siyasətinin bariz nümunəsidir. Bu Sərəncam əsasında bu il Şuşanın 270 illik yubileyinin böyük təntənə ilə qeyd edilərək, bütünlükdə Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr veriləcəkdir.

Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə bələdiyyə üzvlərinin və qulluqçularının ətraflı məlumatlandırılması, Sərəncamın icrası ilə əlaqədar müvafiq tədbirlərin görülməsi, eyni zamanda yerli səviyyədə təşkil olunacaq ədəbi-mədəni tədbirlərin, maarifləndirici görüşlərin keçirilməsinin təşkilində yaxından iştirak edilməsi tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez