Cəmiyyətin istənilən sahəsində inkişafa mane olan əsas faktorlardan biri kimi korrupsiya müasir dövrümüzdə dünyanı narahat edən problemlərdəndir. Korrupsiyanın mövcudluğu ümumbəşəri və milli dəyərləri sarsıtmaqla hüquqi və demokratik dövlət quruculuğuna, cəmiyyətin mütərəqqi inkişafına mənfi təsir göstərir, insan hüquq və azadlıqlarının pozulmasına şərait yaradır. Ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur.
Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən köklü islahatların əsas istiqamətlərindən birini də korrupsiyaya qarşı mübarizə təşkil edirdi. Bu gün isə həmin mübarizə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə aparılır, korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır.
Korrupsiyaya qarşı mübarizənin davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilmiş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir. Hazırda ölkəmizdə sosial dövlətin yeni modeli formalaşmışdır və dövlət siyasətinin əsas məqsədi insanların yüksək sosial rifahına nail olmaqdır.
Ölkəmizdə son illərdə əsas strateji hədəflərə çatmaq üçün beynəlxalq miqyasda və ölkə daxilində görülmüş məqsədyönlü, düşünülmüş tədbirlər nəticəsində istər sosial-iqtisadi inkişaf, istərsə də hüquqi-institusional zəmin baxımından əhəmiyyətli irəliləyişə nail olunmuşdur. Korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlər isə məhz bu inkişafın başlıca amilləridir.
Korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlılığını təmin etmək, həmçinin korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması məqsədilə ölkə başçısının 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” (bundan sonra -Fəaliyyət Planı) təsdiq edilmişdir.
Fəaliyyət Planında korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş əsas prioritet istiqamətlər və məqsədlər dövlət sektorunda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, özəl sektorda beynəlxalq standartlar əsasında antikorrupsiya standartlarının formalaşdırılması, müvafiq istiqamətlərdə qanunverici bazanın mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, o cümlədən yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsidir.
Fəaliyyət Planı bir daha təsdiq edir ki, ölkəmizdə yerli özünüidarəetmə fəaliyyətinin təkmilləşdirilməsi və müasir innovativ cəmiyyətin tələblərinə uyğunlaşdırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsi, prioritet istiqamətidir.
Milli Fəaliyyət Planında müəyyən edilmiş tapşırıqlar yerli özünüidarəetmənin bir sıra aktual problemlərinin həllinə, o cümlədən bələdiyyə əmlakının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının təmin olunmasına, yerli büdcə gəlirlərindən istifadə sahəsində şəffaflığın və hesabatlılığın artırılmasına, bələdiyyə torpaqlarının idarə edilməsi sahəsində innovativ üsulların tətbiq olunmasına, bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılmasına yönəlmişdir.
Eyni zamanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyin artırılması məqsədilə bələdiyyə aktlarının bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana elektron formada təqdim olunması imkanlarının genişləndirilməsi də nəzərdə tutulmuşdur.
Qeyd olunur ki, yerli özünüidarəetmə fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş tapşırıqların icrası məsələləri aidiyyəti dövlət qurumlarına həvalə edilməklə yanaşı, bələdiyyələrin milli assosiasiyalarına da tövsiyə edilmişdir.
Ölkəmizin hərtərəfli inkişafına yönəlmiş islahatların həyata keçirildiyi dövrdə yerli özünüidarəetmə orqanları bu inkişafa töhfələrini verməlidirlər. Bələdiyyələr qanunçuluğa ciddi əməl etməli, fəaliyyətlərində o cümlədən, yerli büdcə vəsaitlərindən istifadə olunmasında şəffaflıq və hesabatlılığı təmin etməli və s. vasitələrlə korrupsiyaya şərait yaradan halların tam aradan qaldırılmasına nail olmalıdırlar.
Bu baxımdan Milli Fəaliyyət Planının dərindən öyrənilməsi, aidiyyəti istiqamətlər üzrə yerli özünüidarəetmə fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı təklifləriniz olduğu təqdirdə təqdim olunması tövsiyə edilir.
Bələdiyyələrlə iş mərkəzi