Torpaqların satışı və icarəyə verilməsi zamanı qiymətlərin müəyyən edilməsinin normativ əsasları

Ölkəmizdə bələdiyyələr torpaq münasibətlərinin tənzimlənməsi sahəsində aktiv iştirakçı tərəflərdən biridir. Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş təməl mülkiyyət hüququ prinsiplərinə uyğun olaraq bələdiyyə torpaqlarının idarəedilməsi yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinə aiddir. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.

Bu hüququn həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Torpaq və Mülki məcəllələrindən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanunlarından və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlarından irəli gələn tələblərə əməl edilməsi zəruridir.

Lakin bələdiyyələrin fəaliyyətində qanunçuluğa riayət olunması baxımından həyata keçirilən inzibati nəzarət nəticələrinin təhlil və ümumiləşdirmələri göstərir ki, bələdiyyə torpaqlarının idarə edilməsi zamanı çoxsaylı pozuntulara yol verilir. Baxmayaraq ki, inzibati nəzarət orqanı (Bələdiyyələrlə iş mərkəzi və regional ədliyyə idarələri) tərəfindən müxtəlif dövrlərdə bu sahədə bələdiyyələrin hüquq və vəzifələri ilə bağlı tövsiyələr hazırlanaraq istifadə üçün bələdiyyələrə göndərilmiş, bir sıra maarifçilik tədbirləri keçirilmişdir. Habelə bəzi hallarda isə yol verilmiş qanun pozuntularında cinayət əlamətləri müəyyən edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmiş və bu materiallar əsasında ayrı-ayrı təqsirli şəxslər cinayət məsuliyyətinə cəlb edilmişlər.

Aparılan təhlillər göstərir ki, 2021-ci ildə də bələdiyyə fəaliyyətindəki pozuntuların əksər hissəsini bələdiyyə mülkiyyətinin, o cümlədən bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində yol verilən pozuntular təşkil etmişdir. Bu sahədə torpağın qiymətinin (o cümlədən ilkin qiymətinin) müəyyən edilməməsi və ya düzgün müəyyənləşdirilməməsi, torpağın dəyərinin ödənilməsi bağlı qanunvericiliyinin tələblərinə əməl olunmaması kimi hallara tez-tez rast gəlinir.

Qanunvericiliyin tələblərinə əsasən torpaqların qiymətləndirilməsində torpağın normativ qiymətindən və bazar qiymətindən istifadə olunur. Torpağın normativ qiyməti torpaq sahəsinin təbii və iqtisadi potensialına ekvivalent götürülən dəyər göstəricisidir və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyənləşdirilir.

Torpağın bazar qiyməti isə torpaq əqdlərinin növlərindən, satışın formalarından, satış obyektinin təyinatından, torpaqların hüquqi statusundan, rejimindən və normativ qiymətindən, habelə tələb və təklifdən asılı olaraq formalaşır.

Bildirilir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 96-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərti ilə bazar məzənnələri nəzərə alınmaqla, bələdiyyələr tərəfindən müəyyən edilir.

Habelə Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü bəndinə əsasən bilavasitə bələdiyyə qərarı ilə ayrılan torpaq sahəsinin hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Qeyd olunan alqı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumatı sorğu verərək Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumlarından əldə etmək mümkündür.

Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda 250 metrədək əhatə edən ərazi üzrə, bu da olmadıqda isə 500 metrədək əhatə edən ərazi üzrə torpaq sahələrinin bazar qiyməti əsas götürülür.

Eyni zamanda torpağın bilavasitə mülkiyyətə ayrılması haqqında bələdiyyə qərarında torpağın dəyəri göstərilməli və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilməlidir. Əgər bu müddətdə bələdiyyə ilə torpaq alıcısı arasında alqı-satqı müqaviləsi bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilməlidir.

Bələdiyyə torpaqlarının idarə edilməsi sahəsində vacib məsələlərdən biri də əvvəlki dövrlərdə icarəyə verilmiş torpaqların icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılmasıdır. Məsələ ilə bağlı qanunvericiliyin tələbləri barədə 2020-ci ildə müvafiq tövsiyə (sənəd nümunələri birlikdə) hazırlanaraq bütün bələdiyyələrə göndərilmiş, bu istiqamətdə davamlı metodoloji iş aparılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində bir sıra torpaq icarə müqavilələri üzrə bələdiyyə torpaqlarının icarə haqlarının məbləğində əsaslı artımlar olmuşdur. Lakin bu proses hələ də bütün bələdiyyələri əhatə etməmişdir. Təhlillər göstərir ki, bir sıra bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən bu məsələlərə etinasız yanaşılır, yerli büdcələr əhəmiyyətli vəsaitlərdən məhrum edilərək bələdiyyə mənafeyinə mühüm ziyan vurulur.

Göstərilənlərə əsasən torpaq qiymətlərinin müəyyənləşdirilməsi zamanı yuxarıda qeyd edilən məsələlərin diqqətdə saxlanılması, habelə bələdiyyə torpaqlarının idarə edilməsi prosesində qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi tövsiyə olunur.

Diqqətinizə çatdırılır ki, yerli özünüidarəetmənin iqtisadi əsaslarını təşkil edən bələdiyyə mülkiyyəti, o cümlədən bələdiyyə torpaqlarından yerli əhalinin və bələdiyyənin mənafeyinə uyğun istifadənin təmini zəruridir.

Bələdiyyələrlə iş mərkəzi

iacca
iap
business ready
eplc
Ən Tez