Bələdiyyə aktlarının inzibati nəzarəti həyata keçirən orqana “Bələdiyyələrlə iş portalı” vasitəsilə göndərilməsinin əhəmiyyəti barədə

Bütün sahələrdə olduğu kimi əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və ictimai iştirakçılığın genişləndirilməsi sahəsində də islahatlar davam etdirilir. İdarəetmə sahəsində, həmçinin əhaliyə müxtəlif xidmətlərin göstərilməsində müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması və innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biri olmuş, bu sahədə davamlı inkişafın təmin edilməsi üçün mühüm tədbirlər görülmüşdür.

İnkişafın əsas dayaqlarından biri informasiya və kommunikasiya texnologiyaları bu gün respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilmişdir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır.

Son illər ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış Fərman və Sərəncamlar bir daha onu göstərir ki, İKT-nin inkişafı daima diqqət mərkəzindədir.

Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 7.4-cü bəndində bələdiyyələrlə işin səmərəliliyinin artırılması və aşkarlığın təmin edilməsi məqsədilə “Bələdiyyələrlə iş portalı”nın yaradılması ilə bağlı müvafiq tapşırıq verilmişdir.

Həmin tapşırığın icrası ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən “Bələdiyyələrlə iş portalı” hazırlanmış və istifadəyə verilmişdir.

Yerli özünüidarəetmədə səmərəliliyin artırılması, aşkarlığın təmin edilməsi məqsədilə 2020-ci ilin avqust ayında Nazirliyin aidiyyəti qurumları və bələdiyyələr arasında elektron sənəd mübadiləsi, o cümlədən bələdiyyə aktlarının inzibati nəzarət orqanına elektron qaydada göndərilməsi təşkil olunmuşdur. Ədliyyə Nazirliyinin rəsmi internet saytında (justice.gov.az) portala daxil olmaq üçün keçid yerləşdirilmiş və Portalda fərdi kabinet vasitəsilə bələdiyyə aktlarının yayımlanması, onların axtarışı, avtomatlaşdırılmış rejimdə statistik hesabatların tərtib edilməsi kimi funksional imkanlar yaradılmışdır. Bu məqsədlə portala giriş imkanının təmin edilməsi üçün istifadəçi adı və şifrə hazırlanmış və hər bir bələdiyyə sədrinə təqdim olunmuşdur. Portaldan istifadə qaydaları ilə bağlı video təlimat hazırlanmış və öyrənilməsi üçün bütün bələdiyyələrə göndərilmişdir.

Nazirliyin rəhbərliyinin tapşırığı əsasında “Bələdiyyələrlə iş portalı”nın ilkin versiyasının tətbiq olunmağa başlaması ilə əlaqədar Bakı bələdiyyələri ilə elektron sənəd dövriyyəsi, aktların elektron qaydada göndərilməsi tam təşkil edildiyi halda regionlarda vəziyyət qaneedici deyildir. Belə ki, bir sıra bələdiyyələrdə internetə çıxış olmasına baxmayaraq portaldan istifadə edilmir.

Portaldan 2020-ci il ərzində 300-ə yaxın bələdiyyə istifadə etmiş, 2021-ci ildə aparılan işlər nəticəsində isə artıq 870 bələdiyyə üzrə aktların portal vasitəsilə inzibati nəzarət orqanına təqdim olunması təmin edilmişdir. Hazırda respublika üzrə bələdiyyələrin 61%-i portaldan istifadə edir.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri (bu Qanunda nəzərdə tutulan) aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.

Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə-vəzifəli şəxslərin dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur.

“Bələdiyyələrlə iş portalı”nın fəaliyyətə başlaması bələdiyyələrlə inzibati nəzarəti həyata keçirən orqan arasında sənəd dövriyyəsi prosesinin sürətlənməsinə, sənədlərin göndərilməsində olan gecikmələrin qarşısının alınmasına, bələdiyyələrin sənədlərin tərtibatı və poçt göndərişləri ilə bağlı əlavə xərclərdən azad olmasına gətirib çıxarmışdır ki, bu da yerli büdcə vəsaitlərinə qənaət olunması, həmçinin bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə tətbiq edilən inzibati cərimələrin azalması üçün mühüm əhəmiyyət kəsb edir.

Belə ki, 2021-ci ildə görülmüş tədbirlər nəticəsində “Bələdiyyələrlə iş portalı” vasitəsilə bələdiyyə aktlarının elektron qaydada göndərilməsi nəticəsində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən tərtib edilən inzibati xəta protokollarının sayı 2 dəfəyə yaxın azalmışdır.

Bələdiyyələrlə iş mərkəzi tərəfindən Portalın funksional imkanlarının artırılması, eləcə də ondan istifadənin bütün bələdiyyələri əhatə etməsi istiqamətində tədbirlər, o cümlədən, Portalın yeni strukturunun formalaşdırılması, yeni bölmə və xanaların əlavə edilməsi, bələdiyyə hesabatlarının və digər məlumatların yerləşdirilməsi ilə bağlı işlər davam etdirilir. Cari ildə portalın tam versiyasının tətbiqinin başa çatdırılması əsas vəzifələrdən biridir.

Qeyd edilənləri nəzərə alaraq respublika üzrə bütün bələdiyyələrdə internet şəbəkəsinə çıxışın, “Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd dövriyyəsinin həyata keçirilməsi və “Bələdiyyələrlə iş portalı”ndan intensiv istifadənin təmin edilməsi tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

iacca
iap
business ready
eplc
Ən Tez