Pul tələblərinə dair inzibati aktların qəbulu və məcburi icraya yönəldilməsi ilə bağlı qanunvericiliyin tələbləri barədə

Məlum olduğu kimi, yerli əhəmiyyətli vəzifələrin icrasının, yerli özünüidarəetmənin səmərəli fəaliyyətinin təməlini bələdiyyə büdcəsinin imkanları təşkil edir. Bələdiyyə mülkiyyətinin tərkib hissəsi olan yerli büdcənin gəlirlərinin aşağı olması bələdiyyələrin fəaliyyətinin səmərəliliyinə mənfi təsir göstərən əsas amillərdəndir. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş yerli özünüidarəetmə üzrə səlahiyyətlərin həyata keçirilməsi üçün yerli büdcə gəlirlərinin artırılması, eləcə də büdcə vəsaitlərindən səmərəli istifadə olunması olduqca vacibdir.
Yerli büdcələrin gəlir mənbələrinin davamlılığının təmin olunmasına və artırılmasına köməklik göstərilməsi prioritet istiqamətlərdən biridir. Bu baxımdan bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və metodoloji yardım tədbirləri çərçivəsində yerli büdcə gəlirlərinin artırılması məqsədilə müxtəlif istiqamətlərdə (yerli vergi və ödənişlərin düzgün hesablanması və ödənilməsi, vergi tutma obyektlərinin uçotunun dəqiqləşdirilməsi, icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması və s.) işlər həyata keçirilir.
Bu sahədə görülən əsas işlərdən biri də bələdiyyələrin debitor və kreditor borclarının həllində onlara kömək göstərilməsi, o cümlədən pul tələblərinə dair inzibati aktların qəbul edilərək məcburi icraya yönəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyələr tərəfindən pul tələbinə dair inzibati aktların qəbulu və məcburi icraya yönəldilməsi sahəsində aparılan metodoloji iş öz müsbət nəticəsini verməkdədir. Aparılan ümumiləşdirmələrin təhlillərindən məlum olmuşdur ki, pul tələbinə dair inzibati aktların qəbul edilərək məcburi icraya yönəldilməsi halları 2021-ci ildə əvvəlki illə müqayisədə 4 dəfə artmış, icra məmurları tərəfindən həmin aktlar üzrə 600 min manatdan çox vəsaitin yerli büdcələrə ödətdirilməsi təmin edilmişdir.
Bununla yanaşı, hələ də bu sahədə bir sıra çatışmazlıqlar qalmaqdadır. Belə ki, bəzi hallarda bələdiyyələr tərəfindən bələdiyyə qərarlarının məcburi icraya yönəldilməsi ilə bağlı qanunvericiliyin tələblərinin düzgün tətbiq edilməməsi, bələdiyyələrin aidiyyəti vəzifəli şəxslərinin bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına səy göstərməməsi, hətta yerli vergi və ödənişlərin ödənilməməsi hallarında üzərlərinə düşən vəzifələri yerinə yetirməməsi halları mövcuddur.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə inzibati orqan sayılan bələdiyyələrin pul tələblərinə dair inzibati aktları icrası məcburi sənəd sayılır və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə icra məmurları tərəfindən məcburi icra etdirilməlidir. Bu cür aktların qəbulu qaydaları barədə qanunvericiliyin tələbləri dəfələrlə bələdiyyələrə izah edilmiş, o cümlədən bu sahədə müvafiq statistik məlumatların “Elektron icra” sistemi vasitəsilə operativ qaydada əldə olunması, həmçinin icra məmurlarının yerli vergilər üzrə icra sənədlərinin icrasına diqqətinin artırılması məqsədilə Ədliyyə Nazirliyi Kollegiyasının 2021-ci il 30 dekabr tarixli Qərarı ilə “İcra haqqında statistik hesabat” formalarına zəruri dəyişikliklər edilmiş, yerli vergilər üzrə borclar barədə icra sənədləri ayrıca alt kateqoriya kimi verilmişdir.
“İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.
Qanunun 82.3-cü maddəsində tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin aşağıdakı şərtləri müəyyən edilmişdir.
- borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması;
- pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi;
- inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi.
Qeyd edirik ki, pul tələbinin icraya yönəldilməsi üçün inzibatı akt göstərilən şərtlərə uyğun qəbul edilməlidir və yalnız bu şərtlərin hamısı mövcud olduqda məcburi icraya yönəldilə bilər. İnzibati aktın maraqlı şəxsə münasibətdə hüquqi qüvvəyə malik olması üçün bu barədə maraqlı şəxsə məlumatın verilməsi əsas şərtdir.
“İcra haqqında” Qanunun 6.1-ci və 6.1.8-ci maddələrinə uyğun olaraq bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır.
Həmin qanunun 7-ci maddəsinə görə icra sənədində aşağıdakı məlumatlar göstərilir:
- icra sənədini verən orqanın adı;
- icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri;
- icra edilməli olan qərarın qəbul edildiyi vaxt;
- tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri;
- tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı;
- qərarın nəticə hissəsi;
- qərarın qüvvəyə mindiyi vaxt;
- icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti.
Həmin maddənin tələbinə görə icra sənədləri onları qəbul və ya təsdiq etmiş şəxslər tərəfindən imzalanır və möhürlə təsdiqlənir.
“İcra haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə əməl olunmaması həmin Qanunun 9.1-ci maddəsinə əsasən icra sənədinin daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş orqana qaytarılması ilə nəticələnir.
Eyni zamanda, tələbin icraya yönəldilməsi haqqında qərar birmənalı şəkildə hansı tələbin (məbləğ, forma, müddət) irəli sürüldüyünü əks etdirməlidir. Bu qərar özü müstəqil olaraq inzibati akt hesab edilir və ona qarşı müstəqil qaydada inzibati şikayət və inzibati icraat (mübahisələndirici) qaldırıla bilər. Bu qərarın qüvvəyə minməsindən ötrü inzibati akt üçün irəli sürülən tələb, yəni borcluya məlumat verilməsi (inzibati aktın rəsmi qaydada çatdırılması) vacibdir.
Qeyd olunanlar nəzərə alınaraq debitor borclarının yığılması ilə bağlı bələdiyyələr tərəfindən qanunamüvafiq tədbirlərin görülməsi, o cümlədən pul tələblərinə dair icrası məcburi aktların qəbul edilərək icraya yönəldilməsi istiqamətində işlərin gücləndirilməsi, bu zaman qanunvericiliyin tələblərinə ciddi əməl olunması tövsiyə edilir.

Bələdiyyələrlə iş mərkəzi

iacca
iap
business ready
eplc
Ən Tez