Azərbaycan Respublikası ərazisində təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların öyrənilməsi, istifadəsi, inkişafı və mühafizəsi məsələləri dövlətin sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Kurort işinin təşkili iqtisadi və sosial baxımdan regionların inkişafına müsbət təsir göstərməklə, əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rola malikdir. Bu sahədə həyata keçirilən dövlət siyasəti nəticəsində ölkədə yaradılmış sanatoriya-kurort sistemi insanların istirahəti, sağlamlaşdırılması və müalicəsinin təşkili üçün olduqca vacib funksiyaları da yerinə yetirir.
Təcrübə göstərir ki, sanatoriya-kurort müalicəsi əhalinin sağlamlığının qorunması sahəsində olduqca mühüm yer tutur. Bu sağlamlıq ocaqlarında aparılan müalicə nəticəsində xəstələrdə reabilitasiya prosesi sürətlənir, xəstəliklərin kəskinləşməsi prosesinin qarşısı alınır və xəstələr normal həyata qayıtmaq imkanı əldə edirlər. Səmərəli sanatoriya-kurort müalicəsi xəstəliklərin kəskinləşməsi, habelə əmək qabiliyyətinin müvəqqəti və daimi itirilməsi hallarını dəfələrlə azaldır.
Kurortların, müalicə-sağlamlıq və istirahət ocaqlarının inkişaf etdirilməsi, onların fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə və tələblər əsasında təşkil olunması, ölkə ərazisində mövcud təbii müalicə ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2009-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı" təsdiq edilərək qeyd edilən sahənin inkişafı ilə bağlı başlıca istiqamətlər müəyyən edilmişdir.
Təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların istifadəsi, inkişafı və mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, bu sahədə bələdiyyələrin aşağıdakı səlahiyyətləri müəyyən edilmişdir:
- özlərinin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda qanunvericiliklə müəyyən edilmiş qaydada müalicə-sağlamlaşdırma yerləri və kurortlar yaratmaq;
- müalicə-sağlamlaşdırma yerlərinin və kurortların istifadəsi, inkişafı və mühafizəsi sahəsində dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;
- öz səlahiyyətləri daxilində təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin, kurortların və onların torpaqlarının səmərəli istifadəsinə və mühafizəsinə nəzarət etmək;
- yerli əhəmiyyətli kurortların istifadəsi və mühafizəsi üzrə qərarlar qəbul etmək;
- öz səlahiyyətləri daxilində beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak etmək.
Müalicə-sağlamlaşdırma yerlərinə və kurortlara təbii müalicə ehtiyatlarına malik təbiət əraziləri aid edilə bilər. Ərazinin müalicə-sağlamlaşdırma yeri və kurort kimi tanınması həmin ərazinin və orada mövcud olan təbii müalicə ehtiyatlarının tibbi-bioloji, kurortoloji, geoloji, hidrogeoloji və digər tədqiqatları əsasında müəyyən edilir.
Azərbaycan Respublikasında müalicə-sağlamlaşdırma yerləri və kurortlar beynəlxalq, ölkə və yerli əhəmiyyətli kateqoriyalara bölünür. Müalicə-sağlamlaşdırma yerlərinin və kurortların təşkili, ləğvi, onların kateqoriyalara aid edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların mühafizəsi məqsədi ilə onların ətrafında sanitariya mühafizə zonaları müəyyən edilir. Bu zonaların hüdudları daxilində fəaliyyəti təbii müalicə xassələrinin və əhalinin istirahəti üçün əlverişli şəraitin mühafizəsi ilə bir araya sığmayan müəssisələrin, idarələrin və təşkilatların istifadəsinə və icarəsinə torpaq sahələrinin verilməsi qadağan edilir.
Sanitariya mühafizə zonalarının sərhədləri və rejimi Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Sanitariya mühafizə zonaları aşağıdakı üç növə bölünür:
- ərazisində yalnız ekoloji təmiz və səmərəli texnologiyaları tətbiq edərək təbii müalicə ehtiyatlarının müalicə-sağlamlaşdırma məqsədi ilə tədqiqi və istifadəsi ilə əlaqədar görülən işlər istisna olmaqla yaşayışın və hər cür təsərrüfat fəaliyyəti növlərinin qadağan olunduğu zona;
- ərazisində bilavasitə kurort müalicəsi və istirahət sahəsinin yaradılması və inkişaf etdirilməsi ilə bağlı olmayan obyekt və qurğuların yerləşdirilməsinin, habelə ətraf mühiti, təbii müalicə ehtiyatlarını çirkləndirən və onların tükənməsinə gətirib çıxaran işlərin görülməsinin qadağan olunduğu zona;
- ərazisində sənaye və kənd təsərrüfatı müəssisələri və qurğularının yerləşdirilməsinə, ətraf mühitin, təbii müalicə ehtiyatlarının çirklənməsi və onların tükənməsi ilə müşayiət olunan təsərrüfat fəaliyyətlərinin həyata keçirilməsinə məhdudiyyətin qoyulduğu zona.
Xüsusi mühafizə olunan təbiət ərazilərini və obyektlərini idarəetmə sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:
- elmi müəssisə və təşkilatların və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi nəzərə alınmaqla yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və ləğv edilməsi barədə qərar qəbul etmək;
- yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili üçün yerli büdcələrin tərkibində xərclər müəyyənləşdirmək və təsdiq etmək;
- yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərini və obyektlərinin mühafizəsi və istifadəsi üzrə qərarlar qəbul etmək;
- özlərinin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda qanunvericiliklə müəyyən edilmiş qaydada təbiət parkları, zooloji parklar, müalicə-sağlamlaşdırma yerləri və kurortlar yaratmaq, habelə bu kimi əraziləri məqsədli təyinatı üzrə istifadəyə və icarəyə vermək, yaxud götürmək;
- xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı və yerləşdirilməsi sxemləri üzrə təkliflər irəli sürmək;
- yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsini və istifadəsinə nəzarəti həyata keçirmək.
Beynəlxalq təcrübə göstərir ki, yerli özünüidarəetmə orqanları turizmin, eləcə də tibbi turizmin inkişafında mühüm rola malikdir. Bələdiyyələr əhali ilə bilavasitə təmasda olduğundan, onların maraqlarının, arzu və təkliflərinin nəzərə alınmasını təmin etməklə yerli və regional səviyyədə turizmin inkişafında müstəsna xidmətlər göstərə bilərlər. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərindən istifadə edərək mülkiyyətində olan torpaq sahələrində müəyyən infrastruktur yaratmaq və ya hər hansı tibbi turizm obyektini inşa etmək məqsədi ilə investorları cəlb etməklə yerli büdcə üçün davamlı gəlir mənbəyi əldə edə bilərlər.
Göstərilənlərin nəzərə alınması və qeyd olunan sahədə bələdiyyələrin təşəbbüslərinin artırılması tövsiyə olunur.
Bələdiyyələrlə İş Mərkəzi