Mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən ödənişin alınması barədə

Turizm müasir dünyada iqtisadiyyatın ən gəlirli sahələrindən biridir. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin resursları olan Azərbaycanda da turizm sektoru sürətlə inkişaf etməkdədir.

Turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında öz əksini tapmışdır. Belə ki, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununu ölkəmizdə turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirir, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən edir.

Bildirilir ki, bələdiyyələrin maliyyə mənbələrindən biri də ərazilərində fəaliyyət göstərən mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlərdir.

Bələdiyyələrin bu sahədə səlahiyyətləri müvafiq qanunvericilik aktları ilə müəyyən edilmişdir.

Belə ki, “Yerli vergilər (bələdiyyələr) və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu yerli vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı yaranan iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

Bu Qanunun 3.3-cü maddəsinə əsasən bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir.

Bu Qanunun 9-cu maddəsində yerli ödənişlərin tərkibi sadalanmış, 9.1.4-cü maddəsində bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş yerli ödəniş kimi qeyd olunmaqla, bu ödənişin hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaq şərti ilə məbləği müəyyən edilmişdir.

Həmçinin mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən ödənişlərin qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilməsi bu Qanunun 11.2-ci maddəsinə əsasən həmin şəxslərin (ödəyicilərin) üzərinə vəzifə kimi qoyulmuşdur.

Göründüyü kimi qanunvericilik yerli ödənişin hesablanması, ödənilməsi, habelə dərəcəsinin yuxarı həddini müəyyən etsə də, tətbiqinin zəruriyyəti və konkret dərəcələri isə bələdiyyələrin qərarı ilə müəyyənləşdirir.

Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi, uçotu ilə bağlı ödəyicilərin və bələdiyyələrin vergi xidməti orqanlarının hərəkətlərini müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının keçmiş Vergilər Nazirliyinin 27.12.2013-cü il tarixli əmri ilə təsdiq edilmiş “Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait”in 7.4-cü bəndində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər tərəfindən “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı” bələdiyyələrə təqdim olunması və hesablanmış məbləğ növbəti ayın 5-dək müvafiq bələdiyyənin hesabına ödənilməsi göstərilmişdir.

Qanunvericiliyin tələblərinə əsasən qeyd olunan sahibkarlıq subyektlərindən alınan vəsait (ödəniş) üzrə yaranan hüquq münasibətləri xarakterinə görə sərbəst mülki dövriyyə və sahibkarlıq münasibətləri kimi deyil, bir tərəfin (bələdiyyənin) digər tərəf (sahibkarlıq subyekti) üzərində hakimiyyət və inzibati-idarəçilik səlahiyyətlərinin həyata keçirilməsi ilə xarakterizə olunan maliyyə-büdcə münasibətləridir.

“Yerli vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli, 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnaməyə əsasən yerli vergilər və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarəti bələdiyyələrin vergi xidməti orqanları həyata keçirir.

Məlumat üçün bildirilir ki, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.3-5.6-cı bəndlərində bələdiyyələr tərəfindən yerli vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilməsi göstərilmişdir.

Bununla belə 21.10.2005-ci il tarixdə qəbul olunmuş “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyələrə pul tələblərinin ödənilməsi ilə bağlı məcburi qaydada icra olunmalı olan inzibati akt qəbul etmək səlahiyyəti verilmişdir.

Göründüyü kimi qeyd olunan Əsasnamədə və Qanunda bələdiyyələrə münasibətdə eyni məsələ ilə bağlı mahiyyət etibarı ilə bir-birindən fərqli icraat qaydası ilə müşayiət olunan iki müxtəlif davranış imkanı nəzərdə tutulmuşdur.

“Normativ hüququ aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 10.5-ci maddəsində qeyd olunmuşdur ki, yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.

Qeyd olunur ki, Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 82-ci, 87-ci maddələrinə və “İcra haqqında” Qanununun 6.1.8-ci maddəsinə uyğun olaraq, bələdiyyələr sahibkarlıq subyektinin ödəməli olduğu yerli vergi və ödənişlərinin məbləğini (müvafiq dövrdə yaranmış borcu) dəqiq göstərən inzibati aktı qəbul edərkən onu həmin subyektə təqdim etməli, subyekt müvafiq qaydada borcu ödəmədikdə və ya ödəməkdən imtina etdikdə bələdiyyələr həmin aktı məcburi qaydada icra edilməsi üçün aidiyyəti icra qurumuna göndərirlər.

Lakin bu o halda mümkündür ki, bələdiyyənin ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən sahibkarlıq subyektləri tərəfindən üzərlərinə düşən öhdəlik icra olunmalı, yəni müvafiq hesabat bələdiyyəyə təqdim edilməli, tələb edilən vəsaitin həcmi bələdiyyəyə dəqiq məlum olandan sonra isə inzibati akt qəbul edilməlidir.

Hesabat təqdim olunmadığı təqdirdə bələdiyyələr tərəfindən ilk növbədə hesabatların təqdim edilməməsi ilə bağlı ödəyicilər xəbərdar edilirlər, bundan sonra da tələb icra olunmadıqda İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq sahibkarlıq subyektinə (ödəyiciyə) qarşı “öhdəliyin icrası” tələbinə dair iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət olunur.

İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini məhkəmə qaydasında tələb edə bilər.

Göstərilənlərə və qanunvericiliyin tələblərinə fəaliyyətinizdə əməl olunması tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

iacca
iap
business ready
eplc
Ən Tez