Ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən, qanunun aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradan, iqtisadi və sosial inkişafı ləngidən korrupsiya tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən olmuşdur və bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qalmaqdadır.
Korrupsiyaya qarşı mübarizənin davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də həm beynəlxalq, həm də milli səviyyədə korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi, bu sahədə icra edilən tədbirlərin korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilməsi zəruridir.
Dövlətimizin korrupsiyaya qarşı mübarizə təcrübəsi öz sistemliliyi, kompleksliyi və davamlılığı ilə seçilir.
Ölkəmizdə son illərdə əsas strateji hədəflərə çatmaq üçün beynəlxalq miqyasda və ölkə daxilində görülmüş məqsədyönlü, düşünülmüş tədbirlər nəticəsində istər sosial-iqtisadi inkişaf, istərsə də hüquqi-institusional zəmin baxımından əhəmiyyətli irəliləyişə nail olunmuşdur.
Korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmiz çoxsaylı beynəlxalq konvensiyalara qoşulmaqla yanaşı bir sıra qanunlar, dövlət proqramları qəbul edilmişdir.
Ölkəmizin hazırkı inkişaf mərhələsində korrupsiyaya qarşı mübarizə üzrə görülməli olan sistem xarakterli tədbirlərin effektivliyini və davamlılığını təmin edəcək yeni bir sənəd ─ Korrupsiyaya qarşı mübarizəyə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı qəbul edilmişdir.
Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır. Milli Fəaliyyət Planına əsasən yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi, müvafiq istiqamətlərdə qanunverici bazanın mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş əsas prioritet istiqamətlərdən və məqsədlərdən biridir.
Korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, publik hüquqi şəxslərin, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəldilmiş “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahədə münasibətlərin tənzimlənməsində müstəsna rol oynayır.
Qanunun 1-ci maddəsinə əsasən korrupsiya vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.
Yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər və yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektlərinə daxildir.
Bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qurumlar və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər. Bu sahədə neqativ halların qarşısının alınması üçün Qanunda bir-sıra tədbirlər nəzərdə tutulmuşdur ki, bunlara da maliyyə xarakterli tələblər, yaxın qohumların birgə işləməsinə yolverilməməsi, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər daxildir.
Vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı məlumatları təqdim etməlidirlər:
· mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə;
· vergitutma obyekti olan əmlakı barədə;
· kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə;
· şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə;
· beş min beş yüz manatdan yuxarı olan borcu barədə;
· min yüz manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə.
Eyni zamanda vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Bu tələbləri pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
Həmçinin vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrinin qərəzsiz icrasına təsir etməmək şərtilə kiçik hədiyyələrin qəbul edilməsi və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur.
Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya quruma məxsus hesab edilir. Vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.
Vəzifəli şəxsə qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, vəzifəli şəxs onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsin işlədiyi yerli özünüidarəetmə orqanına akt üzrə təhvil verilməlidir.
Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.
Vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlak və qanunsuz əldə edilmiş imtiyazlar və ya güzəştlərin dəyəri könüllü olaraq dövlət nəfinə ödənilir. Qanunsuz əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun dəyərini, habelə qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə, qanunsuz əldə edilmiş əmlak və ya onun dəyəri, qanunsuz əldə edilmiş güzəşt və ya imtiyazların dəyəri müvafiq yerli özünüidarəetmə orqanlarının iddiası əsasında məhkəmə tərəfindən dövlətin nəfinə ödənilir. Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktlar müvafiq yerli özünüidarəetmə orqanları tərəfindən ləğv edilir.
Bələdiyyə üzv və qulluqçularının korrupsiya hüquq pozuntularından çəkinməsinə yönəlmiş davranış qaydalarının formalaşdırılması istiqamətində “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” və “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunları xüsusi əhəmiyyət kəsb edir. Hər iki Qanun yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin və qulluqçularının nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə üzv və qulluqçularına etimadının yüksəldilməsi, yerli özünüidarə orqanlarının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, korrupsiyanın və bələdiyyə üzv və qulluqçularının fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması məqsədilə qəbul edilmişdir.
Həmin Qanunlara əsasən bələdiyyə üzvünün və ya qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi qadağandır.
Bələdiyyə üzvünə və ya qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, o, belə təkliflərdən imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun özündən asılı olmayan səbəblərdən verilərsə, bələdiyyə üzvü bu barədə növbəti bələdiyyə iclasında bələdiyyə üzvlərinə, bələdiyyə qulluqçusu isə birbaşa rəhbərinə məlumat verməlidir. Həmin maddi nemətlər akt üzrə bələdiyyəyə təhvil verilməlidir.
Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlərə gəldikdə bələdiyyə üzvü hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə bələdiyyə iclasının rəyini öyrənməli, bələdiyyə qulluqçusu isə birbaşa rəhbərinin rəyini öyrənməlidir.
Həmçinin maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı bələdiyyə üzvü və ya qulluqçusu öz fəaliyyəti dövründə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Bələdiyyə üzvü başqa vəzifəyə keçməklə əlaqədar ona verilən təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə bələdiyyə iclasına məlumat verməlidir.
Bələdiyyə qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda o, bələdiyyə qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur.
Həmçinin bələdiyyə qulluqçusu başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda bu barədə bələdiyyə orqanının rəhbərinə məlumat verməlidir.
Bələdiyyə qulluqçusu vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalı, həmin aktlara əməl edilməsi ilə bağlı bələdiyyə qulluqçusunda hər hansı sual yarandıqda, bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.
Etik davranış qaydalarına əməl olunması məsələsində bələdiyyə sədrinin də üzərinə böyük məsuliyyət düşür. Belə ki, bələdiyyə sədri bu istiqamətdə qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət edir və öz davranışı ilə etik davranış qaydalarına əməl olunmasına nümunə olmalıdır.
Bələdiyyə üzvü etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı normativ hüquqi və normativ xarakterli aktları bilməlidir.
Göründüyü kimi ölkədə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərinə dəstək verilməsi üçün yalnız ayrı-ayrı dövlət qurumlarının deyil, həm də yerli özünüidarəetmə orqanlarının da üzərinə böyük məsuliyyət düşür. Bu sahədə əsas diqqət yönəldilməsi zəruri olan məqam hüquqpozuntusu baş verdikdən sonra tədbir görülməsi deyil, belə pozuntuların baş verməsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin həyata keçirilməsi, antikorrupsiya mühitinin yaradılmasıdır.
Qeyd olunanları nəzərə alaraq bələdiyyələr tərəfindən aşkarlığın, şəffaflığın təmin olunması, bələdiyyə sədrləri tərəfindən qanunvericiliyin tələblərinin öyrənilməsi və bələdiyyə üzv və qulluqçuları tərəfindən də bu tələblərin öyrənilməsinin təmin edilməsi, həmçinin yerli özünüidarəetmə həyata keçirilən zaman korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquq pozuntularının törədilməsinə yol verilməməsi, bunun nəticəsində yerli özünüidarə sahəsində vətəndaş məmnunluğunun artırılmasına, vətəndaşlar tərəfindən bələdiyyələrə göstərilən etimadın artırılmasına və yerli özünüidarə orqanlarının əhali arasında nüfuzunun yüksəldilməsinə nail olmaq məqsədilə korrupsiyaya qarşı mübarizə barədə qanunvericiliyin tələblərinə riayət olunması tövsiyə edilir.
Bələdiyyələrlə iş mərkəzi