Bələdiyyə müəssisələrinin mənfəət vergisinin anlayışı və hesablanması qaydası barədə

Azad sahibkarlıq dövlətin və cəmiyyətin gələcək inkişafında mühüm rol oynayır. Ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına dövlət tərəfindən daim qayğı göstərilir. Bu məqsədlə sahibkarlığın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların cəlb edilməsi və yüksək keyfiyyətli məhsulların istehsalı Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biridir.

Sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş normativ hüquqi aktlar bütövlükdə sahibkarlıq subyektlərinin fəaliyyətinin genişlənməsinə təkan vermişdir. Mütərəqqi islahatların həyata keçirildiyi şəraitdə bələdiyyələrin sahibkarlıq sahəsində iştirakları xüsusi əhəmiyyət kəsb edir.

Beynəlxalq təcrübədə bələdiyyələrin fəaliyyətinin mühüm istiqamətlərindən biri bələdiyyə sahibkarlığının inkişaf etdirilməsidir. Bir çox ölkələrdə bələdiyyə sahibkarlığının inkişafı kiçik sahibkarlığın hesabına təmin olunur. Yerli maliyyə vəsaitlərinin az olması daha optimal variantların seçilməsini, daha az kapital qoyuluşu tələb edən layihələrin həyata keçirilməsini zəruri edir.

Bələdiyyə müəssisələrinin, o cümlədən xidmət sahələrinin yaradılması bizim ölkədə də vacib məsələlərdəndir. Sahibkarlığın inkişafına aid dövlət proqramları çərçivəsində bələdiyyələr öz ərazilərində kiçik sahibkarlıq üçün münbit şərait yaratmaqla öz təsərrüfat subyektlərini təşkil edərək bölgə iqtisadiyyatının dinamik inkişafına təkan verə bilərlər.

«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və qanunla qadağan edilməmiş fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxs yarada, onları yenidən təşkil və ləğv edə bilərlər.

Bələdiyyə mülkiyyətinin artırılması və inkişaf etdirilməsi məqsədi ilə yaradılan hüquqi şəxs həmin bələdiyyənin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. Nizamnaməsi bələdiyyə tərəfindən təsdiq edildikdən sonra hüquqi şəxs dövlət qeydiyyatına alınmaqla hüquqi şaxslərin dövlət reyestrinə daxil edilir.

Qanunvericiliyə əsasən, bələdiyyələrin yaratdıqları hüquqi şəxslərə münasibətləri aşağıdakı kimi tənzimlənir:

- yaratdıqları hüquqi şəxslərin fəaliyyət məqsədlərini, şərtlərini və qaydasını müəyyənləşdirir;

- onların məhsulunun (xidmətlərinin) qiymətlərini və tariflərini tənzimləyir;

- nizamnamələrini təsdiq edir;

- rəhbərlərini təyin və azad edir;

- fəaliyyətinə dair hesabatını dinləyir.

Bələdiyyələrin yaratdıqları hüquqi şəxslərin rəhbərləri ilə münasibətləri mülki və əmək qanunvericiliyinə müvafiq olaraq qurulur.

Bələdiyyə müəssisələri, o cümlədən xidmət sahələrinin yaradılması məqsədilə ilk növbədə ərazilərin malik olduqları təbii və iqtisadi potensial öyrənilməlidir.

Bələdiyyələrin bu qədər geniş imkan və resurslara malik olmalarına baxmayaraq, maliyyə imkanlarının zəif olması və biznes təcrübələrinin olmaması bələdiyyə müəssisələrinin yaradılaraq iqtisadi fəaliyyətlə məşğul olmalarında çətinliklərə səbəb olur.

Görüləcək işlərdə bələdiyyə assosiasiyalarının rolu və iştirakı da müsbət nəticələr verə bilər. Azərbaycan bələdiyyələrinin milli assosiasiyaları bələdiyyələr tərəfindən bu sahədə göstəriləcək təşəbbüsü, ediləcək müraciət və təklifləri dəstəkləməklə, onlara yaxından hərtərəfli yardım göstərməlidir. Bununla yanaşı, bir neçə bələdiyyənin, o cümlədən şəhər, qəsəbə və kənd bələdiyyələrinin qarşılıqlı müqavilələr əsasında birgə istehsal və xidmət sahələrinin yaradılması təşəbbüsünə də əlaqələndirici yardımlar edə bilər.

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi yerli vergilərin tərkibinə daxildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 104.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 105.1-ci maddədə isə göstərilir ki, müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur.

Vergi ödəyicisinin bütün gəliri ilə gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir.

Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər.

Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisinin yerli vergilərdən (məsələn, fiziki şəxslərir əmlak və torpaq vergisindən) fərqli xüsusiyyətlərindən biri ondan ibarətdir ki, bu vergi bələdiyyə büdcəsinə ödənilməsinə baxmayaraq, Vergi Məcəlləsində dövlət vergilərinə aid olan hüquqi şəxslərin mənfəət vergisi üzrə müəyyən edilmiş qaydalara müvafiq olaraq hesablanır.

Mənfəət vergisi birbaşa vergi hesab olunur, yəni onun məbləği müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin son nəticələrindən asılıdır. Sahibkarlıq fəaliyyətini həyata keçirən müəssisələr özlərinin maliyyə-təsərrüfat fəaliyyətinin nəticəsində əldə etdikləri mənfəətə görə verginin ödəyicisidirlər.

Mənfəət müəssisənin maliyyə fəaliyyətinin mühüm göstəricisidir və onun həcminin maksimallaşdırılması müəssisənin inkişafının əsas məqsədlərindən biridir. Müəssisə və təşkilatların mənfəət vergisinin iqtisadi inkişafın tənzimlənməsində mühüm rolu vardır.

Mənfəət vergisi üzrə vergitutma bazasını müəyyən etmək üçün bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq gəlirlərinin və xərclərinin dəqiq uçotunu aparmalı, gəlirini və xərcini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrünə aid etməlidir.

Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən mənfəət vergisi üzrə vergitutma dövrü təqvim ilidir.

Hesabat ili üçün hesablanmış mənfəət vergisinin məbləği hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq müvafiq ərazinin bələdiyyə büdcəsinə ödənilir. Bələdiyyə müəssisəsi il ərzində cari vergi ödəmələrinin məbləğinin müəyyənləşdirilməsi barədə hər il aprel ayının 15-dək bələdiyyənin vergi xidməti orqanına məlumat verməlidir.

Bələdiyyə müəssisələri cari vergi ödəmələrinin məbləğini cari rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər. Bələdiyyə müəssisəsi hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən hesablanmış cari vergi məbləği barədə bələdiyyənin vergi xidməti orqanına arayış təqdim etməli və cari ödəmələri bələdiyyə büdcəsinə ödəməlidirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir.

Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən bələdiyyə müəssisəsinin mənfəət vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə hesablanır.

Cari vergi ödəmələri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, bələdiyyə müəssisəsindən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaq şərti ilə 0,1% miqdarında faiz tutulur.

Cari vergi ödəmələri vergi ili üçün bələdiyyə müəssisəsindən tutulan mənfəət vergisinin məbləğinə aid edilir və hesabat ili başa çatdıqdan sonra yenidən hesablanır.

Bələdiyyələrlə iş mərkəzi tərəfindən yerli özünüidarə orqanlarının dayanıqlı gəlir mənbələrinin əldə edilməsi məqsədi ilə bələdiyyələr tərəfindən sahibkarlıq qurumlarının yaradılması vəziyyətinin, həmçinin yaradılmış müəssisələr barədə zəruri məlumatların öyrənilərək təhlil edilməsi və nəticəsinə uyğun əməli və metodik kömək göstərilməsi barədə bir sıra tədbirlər həyata keçirilsə də, nəticələr hələlik qaneedici deyildir.

Təqdim olunan məlumatlar göstərir ki, bələdiyyələr tərəfindən yaradılmış müəssisələrin sayı olduqca azdır və yaradılmış müəssisələrin böyük hissəsinin fəaliyyətə başlaması üçün lazımi təşəbbüs göstərilmir. Hazırda bu sahədə işlərin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bununla yanaşı, bələdiyyələr tərəfindən fəaliyyət göstərən müəssisələrin mənfəət vergisinin düzgün hesablanmasına və yerli büdcəyə ödənilməsinə diqqət yetirilmir.

Qeyd olunan bu problemlər bələdiyyə müəssisələrinin qanunauyğun fəaliyyət göstərməsinə maneçilik törədir.

Göstərilənləri nəzərə alaraq hüquqi şəxslərin təsis edilməsinə diqqətin artırılması, onların fəaliyyətinin qanunauyğun qurulması, o cümlədən bu sahədə qanunvericiliyin tələblərinin dərindən öyrənilməsi və əməl edilməsi tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

iacca
iap
business ready
eplc
Ən Tez