Bələdiyyələrin maliyyə hesabatlarının tərtib olunmasında “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri barədə

Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin ən mühüm şərtlərindən biri seçicilərinin, yerli əhalinin onlara inamının, dəstəyinin olmasıdır. Yerli əhəmiyyətli problemlərin həllini təşkil etmək, ərazidə yaşayan və çalışan vətəndaşların sosial qayğıları ilə məşğul olmaq, sakinlərin yaşayışı və istirahəti üçün sağlam mühit yaratmaq və qorumaq bələdiyyələrin əsas vəzifələrindən biridir.

Bələdiyyələr seçkili orqan olaraq yerli əhali qarşısında məsuliyyət daşıyır və onlar bu etimadı doğrultmalıdırlar. Bu baxımdam yerli özünüidarəetmədə şəffaflığın təmin edilməsi olduqca mühüm məsələdir. Şəffaflıq sadəcə seçicilər qarşısında hesabat verməklə bitmir və bələdiyyənin fəaliyyətinin bu prinsipə uyğun təşkil edilməsini də əhatə edir.

Qeyd olunanlar nəzərə alınaraq, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında onların fəaliyyətində aşkarlığın, şəffaflığın və hesabatlılığın təmin olunmasına yönəlmiş bir çox mühüm müddəalar öz əksini tapmışdır. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 52-2-ci maddəsində bələdiyyələrin hesabatına dair norma müəyyən edilmişdir.

Həmin Qanunun 52-2.3-cü maddəsinə əsasən bələdiyyələr illik fəaliyyətləri barədə öz seçicilərinə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi hesabat verməlidirlər. Hesabat bələdiyyənin il ərzində gördüyü işləri, o cümlədən bələdiyyə əmlakından istifadə, yerli büdcənin icrası (yerli vergi və ödənişlərin toplanması, büdcə vəsaitinin xərclənməsi), vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu, həyata keçirilən layihələr və s. məsələləri əhatə etməli və yazılı formada tərtib edilərək bələdiyyə iclasının müzakirəsinə təqdim olunmalıdır.

Azərbaycan Respublikasının büdcə sistemi Azərbaycan Respublikasının dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrdən ibarətdir. Yerli büdcə bələdiyyələrin statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir.

Bələdiyyə büdcəsinin bilavasitə yerli gəlirlər hesabına artması dövlət büdcəsindən asılılığını azaltması baxımından çox vacibdir. Bunun üçün qanunvericiliklə bələdiyyələrə həvalə olunmuş vergi və qeyri-vergi mənbələri üzrə potensial gəlirlərin maksimum dərəcədə bələdiyyə büdcəsinə cəlb edilməsi zəruridir.

Bələdiyyələr il ərzində görülmüş işlər barədə seçicilərinə hesabat verməklə yanaşı, həmçinin yerli büdcənin icrası haqqında yarımillik və illik hesabat verirlər. Bələdiyyələrin bu hesabatlarının verilməsi “Bələdiyyənin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən yerli büdcənin icrası barədə yarımillik hesabat dövründən sonrakı ayın 15-dək (yəni iyulun 15-dək), illik hesabat isə növbəti ilin yanvarın 30-dək bələdiyyə iclasında müzakirə üçün təqdim edilməlidir. Yarım illik və illik maliyyə hesabatları təqdim edildiyi gündən 15 gün ərzində bələdiyyə iclasında müzakirə edilərək təsdiq edilir. Yerli əhalinin tanış olması üçün illik maliyyə hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırılmalıdır.

Göründüyü kimi, qeyd olunan hesabat maliyyə-statistik xarakterlidir. Yarımillik maliyyə hesabatında bələdiyyənin hesabat ili üçün təsdiqlənmiş büdcəsinin icrası, yəni onun mədaxilinin (gəlirlərinin) həm ümumi, həm də büdcədə nəzərdə tutulmuş hər bir mədaxil mənbəyi üzrə icra vəziyyəti, eləcə də məxaricinin (xərclərinin) həm ümumi, həm də büdcədə nəzərdə tutulmuş hər bir xərc istiqaməti üzrə icrası göstərilməlidir. İllik maliyyə hesabatlarında isə illik qeyd olunan göstəricilər öz əksini tapmalıdır.

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyə orqanları tələb olunan maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun hazırlayırlar. Bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydaları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli Q-13 nömrəli Qərarı ilə təsdiq olunmuşdur

Bu Qaydalar bələdiyyə orqanları tərəfindən mühasibat uçotunun təşkili, aparılması və maliyyə hesabatlarının hazırlanmasını tənzimləyir. Belə ki, tərtib edilmiş maliyyə hesabatlarının məqsədi müxtəlif istifadəçilər tərəfindən resursların bölüşdürülməsi ilə bağlı qərarların qəbul edilməsi və qiymətləndirilməsi zamanı bələdiyyələrin maliyyə vəziyyəti, maliyyə nəticələri, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında informasiyanın təmin edilməsindən ibarətdir. Maliyyə hesabatlarında təqdim olunan informasiya bu hesabatlara əlavə edilən əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlərdə açıqlanmalıdır.

Maliyyə hesabatları dedikdə təşkilatın maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlar başa düşülür. Maliyyə hesabatlarının tərkibi maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat, xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat və əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlərdən ibarətdir.

Maliyyə hesabatı iqtisadi informasiyanın hazırlanmasında çox mühüm rol oynayır. Vaxtında tələb olunan keyfiyyət göstəricilərinə uyğun tərtib olunmuş hesabat bələdiyyənin maliyyə təsərrüfatının daha da genişlənməsi və möhkəmləndirilməsi, bunun üçün yeni imkanların araşdırılıb tapılması, mənfəətin artırılması, maliyyə vəziyyətinin yaxşılaşdırılması və ümumiyyətlə idarəetmə sisteminin təkmilləşdirilməsində mühüm rol oynayır.

Mühasibat (maliyyə) hesabatlarının nümunəvi formaları və onların tərtib olunması qaydaları, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir. Mühasibat hesabatlarının tərkibi tərtib və təqdim olunma vaxtından asılı olaraq müəyyən olunur. Hesabatlar rüblük və illik hesabatlara bölünür. Bütün müəssisələr üçün hesabat ili 01 yanvar-31 dekabr daxil olmaqla olan dövr sayılır.

Mühasibat uçotunun hesablama metodu əməliyyatların və digər hadisələrin baş verdiyi zaman (və yalnız pul vəsaitinin və ya onun ekvivalentinin alınması və ya ödənilməsi zamanı deyil) uçota alınmasıdır. Mühasibat uçotunun hesablama metodu əsasında uçota alınan maliyyə hesabatlarının elementləri (aktivlər, öhdəliklər, xalis aktiv/kapital, gəlirlər və xərclər) onların baş verdiyi zaman aid olduğu dövrlər üzrə maliyyə hesabatlarında tanınır.

Bələdiyyə orqanlarının yerli büdcənin icrası haqqında maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydaları “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Bu qanuna əsasən yerli büdcəni layihəsi bələdiyyə ərazisində fəaliyyət göstərən bələdiyyə müəssisələrini və digər hüquqi şəxslərin, habelə fiziki şəxslərin təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi, sosial-iqtisadi proqnozlar və məqsədli proqramlar əsasında formalaşır.

Lakin buna baxmayaraq, inzibati nəzarətin nəticələrinin təhlili göstərir ki, bələdiyyələr tərəfindən hesabatların verilməsində yenə də xarakterik qanun pozuntularına yol verilərək bu barədə qanunvericiliyin tələblərinə tam əməl edilmir.

Belə ki, bir sıra bələdiyyələr tərəfindən ümumiyyətlə hesabat verilmir, bir çoxları tərəfindən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan bələdiyyələrin gördüyü işlər barədə illik ümumi hesabat və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş yerli büdcənin icrası barədə hesabat əvəzinə yalnız qarışıq formada hesabat təqdim edilir. Halbuki, yuxarıda qeyd olunduğu kimi bunlar fərqli hesabatlardır. Hər iki hesabatın hazırlanıb bələdiyyə iclasına təqdim olunması, bələdiyyə iclasında müzakirəsi üçün müvafiq qanunlarda konkret müddətlərin müəyyənləşdirilməsinə baxmayaraq əksər hallarda bu müddətlərə əməl edilmir.

Qeyd olunan hər iki hesabat bələdiyyə qərarı ilə təsdiq edilməli olduğu halda, “qənaətbəxş hesab olunması” və s. barədə qərarlar qəbul edilir və hesabatların qanunvericilikdə göstərilmiş vasitələrlə əhaliyə çatdırılması nəzərdə tutulsa da, bələdiyyə qərarlarında bir çox hallarda bu məsələ əksini tapmır. Bir sıra bələdiyyələr tərəfindən isə hesabatlar bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmir.

Göstərilən hesabatların müəyyən edilmiş müddətdə tam və dolğun hazırlanıb təqdim olunması, bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə çıxarılması, təsdiq edildikdən sonra qeyd olunan vasitələrlə əhaliyə çatdırılması və inzibati nəzarəti həyata keçirən orqana göndərilməsinin təmin edilməsi bələdiyyə sədrinin və ya bələdiyyənin sədri vəzifəsini yerinə yetirən şəxsin vəzifəsidir. Onlar tərəfindən bu vəzifələrin yerinə yetirilməməsi yerli özünüidarəetmənin hesabatlılıq kimi mühüm prinsipinin pozulmasına, bələdiyyənin fəaliyyətində neqativ halların baş verməsinə şərait yaranmasına səbəb olur. Bu da qanunvericiliyin tələblərinin ciddi pozulması və həmin vəzifəli şəxslər üçün vəzifə məsuliyyəti yaratması deməkdir.

Bildiyiniz kimi bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri hüquqa zidd hərəkətlərə və hərəkətsizliyə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar. Maliyyə hesabatlarının tərtib olunmasının bələdiyyələrin fəaliyyətində şəffaflığın təminatçılarından biri olduğu nəzərə alınaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci(Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) və 389-cu ( Statistik məlumatların verilməsi qaydalarının pozulması) maddələrinin tələbləri əsasında inzibati məsuliyyət müəyyən edilmişdir.

Aşkarlıq və şəffaflığın təmin edilməsi, mətbuat xidmətləri, brifinqlər və s. vasitələrlə informasiyanın açıqlanması, ictimai iştirakçılığın genişləndirilməsi ölkəmizdə idarəetmə sahəsində həyata keçirilən əhatəli islahatların mühüm tərkib hissəsidir.

Qeyd olunanlar nəzərə alınaraq bələdiyyələrin fəaliyyətində hesabatlılığın təmin olunması üçün qanunvericiliyin tələblərinə tam və dəqiq əməl edilməsi tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

iacca
iap
business ready
eplc
Ən Tez