Bələdiyyələrin beynəlxalq əməkdaşlığı barədə

Yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin fəaliyyətinin düzgün istiqamətləndirilməsi və təkmilləşdirilməsi məqsədilə digər ölkələrin müvafiq strukturlarının iş təcrübəsi ilə yaxından tanış olmaq, idarəetmədəki yenilikləri öyrənmək əsas məsələlərdən biridir.

"Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə əsasən bələdiyyələr və bələdiyyələrin assosiasiyaları müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla xarici dövlətlərin yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq haqqında müqavilələr bağlaya və yerli özünüidarəetmə orqanlarının ixtisaslaşdırılmış təşkilatlarına üzv ola bilərlər.

Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirildiyi, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirildiyi, ikitərəfli və regional əməkdaşlıq sahəsində böyük uğurlar əldə edildiyi bir şəraitdə dövlət qurumları, o cümlədən yerli özünüidarəetmə orqanlarının beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi olduqca vacibdir.

Ölkəmizdə bu gün sosial istiqamətdə aparılan strategiya, təbii ki, bələdiyyələrin fəaliyyətinə də müsbət təsirini göstərir.

Bu baxımdan bələdiyyələrin iş prinsipi ilə bağlı mütərəqqi xarici təcrübənin tətbiqi də qaçılmazdır. Dünya ölkələrində yerli özünüidarəetmə orqanlarının keçdiyi yolu öyrənmək, çağdaş fəaliyyəti ilə birbaşa tanışlıq və həmin tanışlıqdan faydalanmaq zəruridir.

Xarici dövlətlərin bələdiyyələrinin iş təcrübəsinin öyrənilməsində Türkiyə bələdiyyələri ilə qurulmuş əlaqələr xüsusi yer tutur. Xalqlarımızın tarixi, mədəni, dini, əxlaqi və oxşar mentaliteti imkan verir ki, qardaş ölkənin bələdiyyələrinin iş təcrübəsindən bəhrələnərək bu əlaqələrin daha geniş və dərin inkişafına nail olaq.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Ədliyyə Nazirliyi də bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsini təşkil edir.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 819 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramının 6.8.2-ci yarımbəndində yerli özünüidarəetmə sahəsində bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici ölkələrin yerli özünüidarəetmə orqanları ilə beynəlxalq təcrübə mübadilə təşkil edilməsi tapşırığı nəzərdə tutulmuşdur.

Son dövrlərdə Nazirlik tərəfindən xarici dövlətlərlə və nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrə xüsusi əhəmiyyət verilərək, beynəlxalq əməkdaşlığın yaxşılaşdırılması və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə bir çox mühüm tədbirlər həyata keçirilmişdir.

Cari ilin müvafiq dövrü ərzində Mərkəzin və bələdiyyələrin milli assosiasiyalarının birgə təşkilatçılığı ilə Türkiyə Respublikasının Kocaeli, Girəsun, Litva Respublikasının Druskininkay, o cümlədən Gürcüstan Respublikasının bələdiyyələrinin nümayəndələri ilə Azərbaycan bələdiyyələri arasında təcrübə mübadiləsinin təşkili məqsədilə videokonfranslar keçirilmişdir.

Tədbirlərdə həmin ölkələrin yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilən sosial, iqtisadi, ekoloji proqramlar, bələdiyyələr üçün dayanıqlı gəlir mənbələrinin formalaşdırılması, o cümlədən yerli vergi və ödənişlərin hesablanması, toplanması və yaranmış borcların bələdiyyə büdcəsinə ödənilməsi qaydaları, bələdiyyə müəssisələrinin yaradılma mexanizmi və fəaliyyət istiqamətləri, abadlıq, quruculuq işləri, idman və gənclərin inkişafı sahəsində bələdiyyələrin fəaliyyəti, turizmin inkişafı məsələləri ilə bağlı müzakirələr aparılmışdır.

Aparılan beynəlxalq təcrübə mübadiləsindən belə qənaətə gəlinmişdir ki, bələdiyyələrin yerləşdikləri infrastrukturdan asılı olaraq turizm imkanlarından səmərəli istifadə etməsi, yerli vergi və ödənişlərlə yanaşı, digər gəlir mənbələrinin olması, bələdiyyə müəssisələrinin fəaliyyət göstərməsi (əsasən su kanallarının istifadəsi, məişət tullantılarının daşınması, sərnişindaşıma, orqanik məhsulların istehsal edilməsi ilə bağlı müəssisələr fəaliyyət göstərir), ixtisaslaşmış kadr potensialının mövcudluğu, vergi və ödənişlərin yığılmasında hər hansı çətinliyin olmaması, əmlak sənədləşdirmə problemlərinin olmaması onların maliyyə vəziyyətlərinin yaxşılaşmasına, büdcə gəlirlərinin artımına, işlərinin səmərəli qurulmasına əhəmiyyətli təsir göstərən əsas səbəblərdəndir.

Həmçinin cari ildə Azərbaycan bələdiyyələri Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının təşəbbüsü olan “İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri (M4EG)” inkişaf proqramına qoşulmuş və Gürcüstan, Ukrayna, Moldova nümayəndələrinin də iştirakı ilə hibrid formada görüş təşkil edilmişdir. Tədbirlər çərçivəsində daha əvvəl bu Proqrama qoşulmuş xarici ölkələrin bələdiyyələrinin qabaqcıl təcrübələri öyrənilmişdir.

Hesab olunur ki, xarici ölkələrin yerli özünüidarəetmə orqanları ilə əlaqələrin genişləndirilməsi, bələdiyyələrin fəaliyyətində mövcud bir sıra aktual məsələlərin həllində beynəlxalq təcrübə metodlarının öyrənilməsi və şəraitə uyğun tətbiq edilməsi ölkəmizdə yerli özünüidarəetmə fəaliyyətinin səmərəliliyinin artırılmasına müsbət təsir göstərə bilər.

Göstərilənlərə əsasən idarəetmədəki yenilikləri, yerli əhalinin rifahı naminə yerli özünüidarəetmədə tətbiq olunan mütərəqqi beynəlxalq təcrübəni öyrənmək və səmərəli inkişaf üçün beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə diqqətin artırılması tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

iacca
iap
business ready
eplc
Ən Tez