İnzibati aktın qəbul edilməsi ilə bağlı məlumat vermə və inzibati aktın hüquqi qüvvəsi barədə

Müasir cəmiyyətlərdə həyatın ən mühüm aspektlərindən olan inzibati münasibətlərin, yəni inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərin tənzimlənməsi məqsədilə ölkəmizdə təkmil normativ baza formalaşdırılmışdır.

Vətəndaşı inzibati orqanların qanunsuz inzibati aktlarından və hüquqazidd hərəkətlərindən (hərəkətsizliyindən) qorumaq üçün səmərəli və ədalətli hüquqi müdafiə institutlarının yaradılması hüquqi dövlət prinsipləri baxımından çox önəmlidir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun) Azərbaycan Respublikasının qanunvericilik təcrübəsində ilk dəfə olaraq inzibati orqanlarla münasibətlərdə vətəndaşların hüquqlarının müdafiəsini özündə ehtiva edir, hamının qanun və inzibati orqan qarşısında bərabərliyini təsbit edir. Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

Qanunun 2-ci maddəsinə əsasən ölkəmizdə yerli özünüidarəetmə qurumları olan bələdiyyələr də inzibati orqan statusuna malikdir. Digər inzibati orqanlar kimi bələdiyyələrin də inzibati akt qəbul etmək səlahiyyəti vardır. İnzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipinə uyğun olaraq inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddənin II hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir.

Bələdiyyələr tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir.

Bələdiyyələr həm normativ, həm də fərdi xarakterli aktlar qəbul edə bilərlər. Bələdiyyənin konkret hadisə ilə bağlı hüquq tətbiq etmə səlahiyyətlərini həyata keçirərkən qəbul etdiyi xüsusi tətbiq aktı inzibati akt hesab edilir. İnzibati akt konkret individual (fərdi) xarakter daşımaqla, konkret şəxsə ünvanlanır və konkret münasibətləri tənzimləyir.

İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir.

Bələdiyyə qərarlarının məcburiliyinə dair müddəanın tələblərinə əsasən bələdiyyənin qərarları yalnız bələdiyyə tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial orqana təqdim olunmuş ərizəyə dair qərar yalnız kollegial orqan tərəfindən qəbul edilir.

İnzibati aktın qəbul edilməsi prosesində vacib məqamlarından biri də aktın qəbul edilməsi ilə bağlı “məlumat vermə” məsələsidir. Maraqlı şəxslərə inzibati aktın qəbul edilməsi haqqında məlumatın verilməsi qaydası Qanunun 62-ci maddəsi ilə tənzimlənir.

Qeyd olunur ki, məlumat verilmə təkcə inzibati orqanın vəzifəsi deyil, inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı üçün də ilkin şərtdir. Bu xüsusiyyətinə görə məlumat verilmə inzibati icraatın mərkəz institutudur. Yalnız inzibati aktın qəbul edilməsi haqqında məlumatın maraqlı şəxslərə verilməsi anında inzibati akt hüquqi təsirə malik olur, bu vaxta kimi akt sadəcə olaraq inzibati orqanın daxili tədbiri kimi qəbul edilir. Hüquqi qüvvəni müəyyən etmək xüsusiyyətindən başqa, məlumatın verilməsi şikayət və iddia müddətlərinin axımının başlanması anını da müəyyən edir.

Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri insan və vətəndaş hüquqlarına və azadlıqlarına bilavasitə aid sənəd və materiallarla hər bir vətəndaşın tanış olmaq, habelə qanunla xüsusi hallar nəzərdə tutulmayıbsa, bələdiyyələrin fəaliyyəti haqqında tam məlumat almaq imkanını təmin etməyə borcludurlar.

Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.

Qanunun tələblərinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.

İnzibati akt bilavasitə müəyyən şəxsə onun hüquq və vəzifələrini müəyyən etmək üçün ünvanlanır. Təbii ki, bu zaman barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər başa düşülür. Hər hansı inzibati akt ən azından bir şəxsə ünvanlanmalıdır.

Etibarsız olmayan inzibati aktları çıxmaq şərtilə inzibati aktın etibarlılığının müddəti Qanunun 64.2-ci maddəsində sadalanan hallar baş verənə qədər davam edir. Bu hallara geri çağırılma, ləğv edilmə, dəyişdirilmə, qüvvədə olma müddətinin qurtarması və ya başqa səbəbdən qüvvədən düşmüş hesab edilməsi halları aiddir. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

Bildiyiniz kimi, Qanuna uyğun olaraq bələdiyyələrin pul tələbinə dair də inzibati aktlar qəbul etmək və məcburi icraya yönəltmək hüquqları vardır. Bələdiyyələrin debitor borclarının ödənilməsində və onların maliyyə vəziyyətinin yaxşılaşdırılmasında xüsusi əhəmiyyəti vardır. Bu baxımdan pul tələbinin icraya yönəldilməsi üçün inzibatı aktı Qanunla müəyyən edilən şərtlərə uyğun qəbul edilməlidir. İnzibati aktın maraqlı şəxsə münasibətdə hüquqi qüvvəyə malik olması üçün bu barədə maraqlı şəxsə məlumatın verilməsi isə əsas şərtdir.

Göstərilənlər nəzərə alınaraq fəaliyyət prosesində inzibati icraat prinsiplərinə, inzibati aktla bağlı qaydalara riayət edilməsi, o cümlədən barəsində qərar çıxarılmış şəxslərin məlumatlılığının qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilməsi tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

iacca
iap
business ready
eplc
Ən Tez