Bələdiyyə üzvünün bələdiyyədə fəaliyyəti ilə əlaqədar intizam məsuliyyəti barədə

Bələdiyyə üzvü öz fəaliyyətini qanunla müəyyən olunmuş səlahiyyətlər çərçivəsində peşəkarlıqla həyata keçirməyə və yerli özünüidarə orqanının fəaliyyətində fəal iştirak etməyə borcludur. O, intizamlı davranışı və peşəkar fəaliyyəti ilə yerli özünüidarə orqanlarına inamı artırmalı və möhkəmləndirməlidir. Bələdiyyə üzvü cəmiyyətin, bələdiyyənin və dövlətin maraqları uğrunda öz vəzifələrini səmərəli yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.

Hüquqi məsuliyyət sosial məsuliyyətin növlərindən biridir. Hüquqi məsuliyyət sosial məsuliyyətin digər bütün növlərindən yalnız onunla fərqlənir ki, o, zəruri hallarda dövlət məcburiyyəti ilə təmin edilən normativ tələblər üzərində yaradılmışdır. Hüquqi məsuliyyət hüquq pozuntusu törətmiş şəxs üçün arzuolunmaz nəticələrlə ifadə olunur. Hüquq məsuliyyəti qanunla müəyyən edilmiş ciddi prosedur qaydalara uyğun olaraq səlahiyyətli qurumlar tərəfindən realizə olunur. Hüquq məsuliyyətinin əsasını hüquq pozuntusu təşkil edir. Əgər subyektin davranışında hüquq pozuntusu əlaməti yoxdursa, onu məsuliyyətə cəlb etmək olmaz.

Hüquq ədəbiyyatında məsuliyyətin bir neçə növü fərqləndirilir. Onlardan biri də intizam məsuliyyətidir. İntizam məsuliyyəti icra intizamı pozulduqda tətbiq edilir. “Bələdiyyə üzvlərinin statusu haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə üzvünün bələdiyyədə fəaliyyəti ilə əlaqədar intizam məsuliyyətinin əsasları müəyyən edilmişdir. Bələdiyyə üzvü bələdiyyənin iclaslarına maneə olduqda, bələdiyyənin və onun komissiyalarının iclaslarında insanın şərəf və ləyaqətinə xələl gətirən kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə, başqalarını bu cür hərəkətlər etməyə çağırdıqda, bələdiyyənin nizamnaməsində göstərilən müddətlərdə bələdiyyənin və onun daimi və başqa komissiyalarının iclaslarında üzrsüz səbəbə görə iştirak etmədikdə, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində intizam tədbirləri tətbiq edilir. Bu Qanunun 15-ci maddəsinə əsasən intizam tədbirləri aşağıdakılardır:

  • xəbərdarlıq
  • söz kəsmə
  • iclas zalından çıxarma
  • töhmət
  • bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi.

Bu tədbirlərin tətbiq edilməsi qaydası bələdiyyənin nizamnaməsi ilə tənzimlənir. Belə ki, 15 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Bələdiyyənin nümunəvi nizamnaməsi”nin yeddinci hissəsində bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyətinin əsasları müəyyən edilmişdir. Həmin müddəaya əsasən bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri öz fəaliyyətlərinə və qəbul etdikləri qərarlara, hüquqazidd hərəkətlərinə (hərəkətsizliyinə) görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bu baxımdan bələdiyyənin nizamnaməsində intizam məsuliyyətinin tətbiqi prosedurunun əsas elementlərini tam tənzimləməsi zəruridir.

Yerli özünüidarəetmə orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunması, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə mütəmadi olaraq korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti hesab edilirlər. Onlar bu Qanunun 5-ci maddəsinə əsasən aşağıdakı məlumatları təqdim etməlidirlər:

· mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə;

  • vergitutma obyekti olan əmlakı barədə;

· kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə;

· şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə;

  • beş min beş yüz manatdan yuxarı olan borcu barədə;

· min yüz manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə.

Vəzifəli şəxslər tərəfindən qeyd olunan tələblərə əməl olunmaması, yəni bu maddədə nəzərdə tutulmuş məlumatların üzrsüz səbəbdən vaxtında təqdim edilməməsi və ya qəsdən natamam, yaxud təhrif edilmiş məlumatların təqdim olunması həmin şəxslərin intizam məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər.

Eyni zamanda həmin Qanunun 9-cu maddəsinə görə korrupsiya ilə əlaqədar hüquqpozmalar bilavasitə korrupsiya hüquqpozmalarından və korrupsiyaya şərait yaradan hüquqpozmalardan ibarətdir. Bu maddədə müvafiq olaraq hər iki növ fərqləndirilərək səbəb olan hallar ayrı-ayrılıqda sadalanmışdır.

Bələdiyyə üzvləri sadalanan hüquqpozmaları törətdikdə korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə müvafiq seçki komissiyasına məlumat verir. Həmin seçki komissiyası isə bu barədə materiallar ona daxil olduğu gündən beş gün ərzində şəxsin yol verdiyi hüquqpozma barədə onun seçildiyi yerli özünüidarəetmə orqanına məlumat verir. Hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda, bələdiyyə üzvü qeyd olunan hala riayət edilməklə qanunvericiliklə müəyyən edilmiş qaydada intizam məsuliyyətinə cəlb olunur.

Göstərilən normalarda bələdiyyə üzvünün bələdiyyə orqanı qarşısında intizam məsuliyyəti nəzərdə tutulur. Bələdiyyələrin Nümunəvi Reqlamentinin 2.9-cu bəndinə əsasən bələdiyyə üzvü bələdiyyənin iclasının aparılmasına mane olduqda, bələdiyyənin iclasında insanın şərəf və ləyaqətinə toxunan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə, başqalarını bu cür hərəkətlər etməyə çağırdıqda, bələdiyyənin Nizamnaməsində göstərilən müddətlərdə bələdiyyənin iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə, bələdiyyə iclasına sədrlik edən ona xəbərdarlıq, sözkəsmə, iclas zalından çıxarma, töhmət, bələdiyyə üzvü səlahiyyətlərinə xitam vermə kimi intizam tədbirlərinin tətbiq edilməsi barədə məsələ qaldırır.

İntizam tədbirlərindən biri kimi bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi qaydası “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda tənzimlənmişdir. Həmin Qanunun 22-ci maddəsində qeyd olunan bələdiyyə üzvünün səlahiyyətlərinə xitam verilməsinin əsaslarından biri də ardıcıl olaraq üç dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxılması və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak edilməməsi müəyyən olunmuşdur. Bu halda bələdiyyə üzvünün səlahiyyətlərinə xitam verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 144-cü və 145-ci maddələrinə müvafiq surətdə bələdiyyə iclasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərarı əsasında həll edilir. Lakin bələdiyyənin qərarı məhkəmənin qüvvəyə minmiş qərarından sonra qəbul edilir. Bu zaman məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən bələdiyyə tərəfindən qərar qəbul edilənədək bələdiyyə üzvlərinin səlahiyyətləri dayandırılır.

Qeyd olunanlarla yanaşı “Bələdiyyə üzvünün etik davranışı haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsində etik davranış qaydalarının pozulması da intizam məsuliyyətinə cəlb edilmənin əsası kimi müəyyən edilmiş və tətbiqi qaydasına dair müddəalar da qanunda öz əksini tapmışdır.

Belə ki, Qanuna əsasən etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü barəsində xəbərdarlıq və töhmət növündə intizam tədbirləri pozuntu aşkar edildiyi gündən 30 gün müddətində tətbiq edilə bilər. Bu zaman bələdiyyə üzvünün şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır.

Məlum olmuşdur ki, bələdiyyə üzvləri fəaliyyətləri zamanı bir çox hallarda intizam məsuliyyətinin yaranmasına əsas olan nöqsanlara yol versələr də, onlar barəsində qanunvericiliklə müəyyən olunmuş intizam tədbirləri görülmür. Bu isə fəaliyyətin təşkilində digər nöqsanların yaranmasını labüd edir.

Göstərilənlərə əsasən bələdiyyə üzvləri tərəfindən nizam-intizama riayət edilməsinin keyfiyyətli fəaliyyətin təşkilinin əsası olduğu nəzərə alınaraq bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxslərinin öz fəaliyyətlərinə və hüquqazidd hərəkətlərinə (hərəkətsizliyinə) görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunması tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez