İstənilən fəaliyyətin uğurlu inkişafı ilk növbədə yüksək ixtisaslı və peşəkar kadr heyətinin mövcudluğundan asılıdır. Əhalinin ölkəmizin qanunvericiliyinə zidd olmayan, şəxsi və ictimai tələbatlarının ödənilməsi ilə bağlı olan və bir qayda olaraq qazanc gətirən hər hansı bir fəaliyyətlə məşğul olması onların yaşayış mənbəyi olub, sosial əmin-amanlığın mühüm şərtlərindən birini təşkil edir. İnsanın öz həyat şəraitini yaxşılaşdırması üçün işlə təmin olunması, yəni məşğulluğu vacibdir. Əmək şəraiti və məşğulluq sosial sahənin əsas qolunu təşkil etməklə bilavasitə sosial siyasətin reallaşdığı müstəvidir.
Azərbaycanda məşğulluq könüllülük prinsipinə əsaslanmışdır. Ümumiyyətlə ölkə Kоnstitusiyasının müvafiq maddələrini təhlil edərkən məşğulluqla bağlı dövlətin mövqeyinin aşağıdakılardan ibarət оlduğu müəyyən оlunur. Belə ki, Konstitusiyamıza əsasən hər kəs özünün istehsal və yaradıcılıq pоtensialı üzərində müstəsna sərəncam vermək hüququna malikdir. Hər kəs bu pоtensialından könüllü surətdə istifadə edə bilər. Həmçinin alı qanunvericilyimizdə heç kəsin məcburi əməyə cəlb edilə bilməzliyi, əməyə icbari cəlb edilmənin yalnız qanunvericilikdə müəyyən edilən hallarda yоl verilməsinin mümkünlüyü qeyd edilimişdir. Eyni zamanda Konstitusiyaya əsasən dövlət hər kəsin əmək hüquqlarının təmin edilməsini özünün pоzitiv öhdəliyi kimi bəyan edir. Hər kəsin öz istehsal və yaradıcılıq pоtensialından istifadə etməsi üçün dövlət səyləri həyata keçirməlidir.
Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində məşğulluq siyasəti, işsizliyin aradan qaldırılması, əhalinin sosial rifahının inkişaf etdirilməsi hər zaman dövlət siyasətinin prioritet istiqamətini təşkil etmiş, hazırda bu siyasət onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək daim diqqətdə saxlanılır. Əmək ehtiyatlarından daha dolğun istifadə etmək və əhalinin səmərəli məşğulluğunu təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)” təsdiq olunmuş, Məşğulluq Strategiyasının reallaşdırılmasını təmin edən Dövlət Proqramı hazırlanmışdır. Müvafiq normativ sənədlərin qəbul edilməsi işsizliyin aradan qaldırılması istiqamətləri üzrə yeni iş yerlərinin açılması, həmin yerlərə kadr ehtiyatlarının cəlb edilməsi və əhalinin işsizlik problemlərini həll etmək vəzifəsini qarşıya qoyur. Son illər ölkə başçısının yeni, daimi iş yerlərinin açılmasını diqqətdə saxlaması bu prosesin uğurla həyata keçirildiyini təsdiqləyir.
Bildirilir ki, məşğulluğun təmin edilməsi Azərbaycanda dövlət və özəl qurumlarla bərabər yerli özünüidarəetmə orqanlarının da ümdə vəzifəsi olmaqla ərazinin sosial inkişaf problemlərinin həllinin mühüm istiqamətlərindən birini təşkil edir.
Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yerli sosial müdafiə və sosial inkişaf proqramlarından məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar əhalinin məşğulluğunu, adamların peşələri üzrə işlə təmin olunmasını, ailə kəndli təsərrüfatının inkişafına kömək göstərilməsini və yerli infrastrukturun digər sahələrini əhatə edə bilər.
Eyni zamanda həmin Qanunun tələblərinə əsasən bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər. Bu baxımdan yerli özünüidarəetmə orqanları yerli büdcənin imkanları hesabına hüquqi şəxslər yaratmaqla yerli əhali arasında işsiz şəxslərin işə cəlb edilməsində, onların sosial rifahının yaxşılaşdırılmasında, həmçinin məşğulluğun təmin edilməsində iştirak etmiş olurlar.
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yerli özünüidarəetmə orqanları bu Qanuna uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərini nəzərdə tutan respublika və ərazi məşğulluq proqramları hazırlayırlar. Eyni zamanda məşğulluq sahəsində razılaşdırılmış qərarların hazırlanması məqsədi ilə yerli özünüidarəetmə orqanlarının, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin mənafeyini təmsil edən ictimai birliklərin bərabər sayda nümayəndələrindən ibarət məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri yaradılır.
Sözügedən Qanuna əsasən yerli özünüidarəetmə orqanlarının məşğulluq sahəsində müəyyən hüquqları təsbit olunmuşdur. Belə ki, həmin hüquqlar qismində yerli özünüidarəetmə orqanlarının öz vəsaiti hesabına işaxtaran və işsiz şəxslər üçün haqqı ödənilən ictimai işlər təşkil etmək, məşğulluğa kömək göstərilməsi məqsədi ilə məşğulluq proqramlarının hazırlanmasında iştirak etmək, məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin işində iştirak etmək, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli sosial müdafiə və sosial inkişaf proqramlarında əhalinin məşğulluğuna kömək göstərilməsi ilə bağlı əlavə təminatlar nəzərdə tutmaq, həmçinin “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ailə kəndli təsərrüfatlarını uçota almaq nəzərdə tutulmuşdur.
“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ailə kəndli təsərrüfatı - ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir. Ailə kəndli təsərrüfatı haqqında qanunvericiliyin məqsədi kənd yerlərində ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi, özünü-məşğulluğun stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, alternativ gəlir mənbələrinin genişləndirilməsi və kənd yerlərinin inkişafının sürətləndirilməsidir. Ailə kəndli təsərrüfatının uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”).
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində publik hüquqi şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstərir. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən yerli özünüidarəetmə orqanları ilə də qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Məşğulluq sahəsində yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.
Göstərilənləri, eyni zamanda məşğulluğun təmin edilməsi sahəsində qanunvericiliyin tələblərini nəzərə alaraq bələdiyyələrə əhalinin məşğulluğunun təmin edilməsində yaxından iştirak etməsi tövsiyə edilir.
Bələdiyyələrlə iş mərkəzi