Müdrik kəlamları

Müstəqillik, dövlətçilik və qanunçuluq haqqında

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir

***

Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir

***

Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir

***

Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik cəmiyyət qurmaq yoludur

***

Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir.

***

Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyinin təmin olunması əsas vəzifəmizdir.

***

İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir

***

Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik

***

Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq.

***

Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm

***

Ölüm hökmünün ləğv olunması hansısa bir cinayətkara rəhm etmək məqsədi daşımır. O, ümumbəşəri, ümumxalq əhəmiyyətinə malik bir məsələdir. Ölüm hökmünün ləğv olunması onu göstərir ki, respublikamız, müstəqil Azərbaycan dövləti humanist siyasət aparan bir dövlətdir

***

Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə

***

Ədalətsizliklə ədaləti bərpa etmək olmaz

***

Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabər hüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır.
***

Biz bundan sonra da Azərbaycan xalqının və dövlətinin humanizm, insanpərvərlik ideallarına və prinsiplərinə, demokratiyaya, qanunun aliliyinə, insan hüquqlarına və əsas azadlıqlara hörmət bəslənilməsinə əsaslanan dəyərlərə sadiqliyini nümayiş etdirəcəyik.

***

Biz müstəqil dövlətdə plüralizm, demokratiyanın inkişafı şəraitində yaşayırıq, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesini həyata keçiririk. Ona görə də Azərbaycanın hər bir vətəndaşı ölkəmizin həyatında gedən prosesləri bilməlidir və onlar bu proseslərdə fəal iştirak etməlidirlər.

Məhkəmə və hüquq-mühafizə fəaliyyəti haqqında

Azərbaycanda keçirilən hüquq islahatları çox böyük əhəmiyyət daşıyır. Məhkəmə sistemi, prokurorluq, polis, Daxili İşlər Nazirliyi, bütün başqa hüquq-mühafizə orqanları haqqında müvafiq qanunlar qəbul olunub və bu qanunların hamısı beynəlxalq standartlara uyğundur.

***

Hüquq islahatları nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığına, barəsində qaldırılmış işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hüquq müdafiəsinə təminat almışdır.

***

2000-ci il hüquq islahatlarının, yəni məhkəmə islahatlarının həyata keçirilməsində çox böyük əhəmiyyət kəsb edir.

***

Biz bu hüquqi dövləti, demokratik dövləti yaradırıq və onu pillə-pillə yüksəkliklərə qaldırırıq. Bunun da ən prinsipial hissəsi məhkəmə sistemində islahatların keçirilməsi, bütün məhkəmə sisteminin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır

***

Azərbaycan müstəqil dövlət kimi gənc olsa da, qısa tarixi zamanda ölkə həyatının bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sistemi sahəsində xeyli işlər görübdür. Bizim məhkəmə sistemi, prokurorluq, demək olar ki, beynəlxalq standartlara uyğunlaşıbdır.

***

Azərbaycanda Konstitusiya Məhkəməsi yaradılmış, ölüm hökmü ləğv edilmiş, senzura aradan götürülmüş, məhkəmənin müstəqilliyi təmin olunmuşdur. Üçpilləli məhkəmə sistemi yaradılmış, şəffaf prosedurlar əsasında və beynəlxalq standartlara uyğun keçirilən seçkilər yolu ilə hakimlər korpusu 60 faiz yeniləşdirilmişdir.

***

Biz Azərbaycanın məhkəmə sistemini tamamilə müasir səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu.

***

İnanıram ki, bizim ədliyyə, məhkəmə orqanları bütün işlərə ədalətli baxacaqlar. ...Mən bu gün üzümü bütün ədliyyə, məhkəmə orqanlarına tutaraq müraciət edirəm ki, hamı ədalətli olsun. Ədliyyə, məhkəmə orqanları xüsusən ədalətli olsunlar.

***

Penitensiar sistemin islahatı uğurla aparılır. Məhbusların saxlanması şəraitini yaxşılaşdırmaq və Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş penitensiar müəssisələrin idarə olunmasını təkmilləşdirmək üçün tədbirlər görülür.

***

Ədliyyə Nazirliyi spesifik nazirlikdir. Məsələn, Yollar Nazirliyində və ya Səhiyyə Nazirliyində, Mədəniyyət Nazirliyində nitq söyləməyim başqa işdir... Amma ədliyyə... Nitqimdə o vaxtlar Ədliyyə Nazirliyi qarşısında duran vəzifələr əsas etibarilə öz əksini tapmışdı. O vaxtlar ... biz məhz qanunçuluğu möhkəmlətmək istəyirdik.

***

Hüquq-mühafizə orqanları müstəqil Azərbaycan dövlətinin əsas sütunlarındandır

***

Hüquq-mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır.

***

Hüquq-mühafizə orqanlarının işi çox mürəkkəbdir. Bu orqanlarda işləmək üçün xüsusi keyfiyyətlərə malik olmaq, bir çox xüsusi tələblərə uyğun olmaq lazımdır. Yalnız soyuq mühakiməli, coşqun qəlbli və saf vicdanlı adam çekist ola bilər. Bəli, dövlət işində, hüquq-mühafizə orqanlarında mənəviyyatı təmiz, sadə, təmkinli, nəfsi tox insanlar işləyə bilərlər. Əks halda, onların işinin səmərəsi olmaz.

***

Hüquq-mühafizə orqanlarının əməkdaşları çox ağır bir peşə sahibləridir. Bu sahədə işə başlayan hər bir adam dərk etməlidir ki, bütün başqa sahələr nisbətən öz üzərinə ağır bir iş götürür. Amma eyni zamanda, bu peşə həm də şərəfli peşədir. Dövlətçiliyin keşiyində durmaq, insanların hüquqlarını qorumaq, cəmiyyətdə qanun-qaydanın saxlanılmasını təmin etmək və insanların rahat yaşamasına xidmət etmək – bu, çox şərəfli vəzifədir

***

Hüquq-mühafizə orqanlarında işləyən hər bir kəs, yaxud işləmək istəyən hər bir vətəndaş bilməlidir ki, ondan birinci növbədə müstəqil Azərbaycan dövlətinə sədaqət tələb olunur. Onlar öz vicdanı, cəmiyyət, dövlət qarşısında məsuliyyət daşıyırlar. Onlar bu məsuliyyəti dərk edərək işləməlidirlər və öz işlərini qurmalıdırlar

***

Mənəvi saflıq hüquq-mühafizə orqanlarının işçiləri üçün xüsusi əhəmiyyət kəsb edən keyfiyyətdir. Mənəvi saflıq uğrunda mübarizə hüquq-mühafizə orqanları kollektivlərində ən əsas məsələlərdən biri olmalıdır

***

Sağlam mənəviyyat qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır.

Vətən, torpaq, vətənpərvərlik haqqında

Azərbaycan heç vaxt öz torpaqlarını kiməsə verə bilməz. Biz torpaqlarımızı mütləq azad edəcəyik. Əgər sülh yolu həll edilməsə, bizim bütün imkanlarımız, güclü ordumuz vasitəsilə bu məsələni həll edəcəyik

***

Əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidiri, hamı bilməlidir və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik

***

Hamımızın ümumi vəzifəsi xalqımızda vətənpərvərlik, torpağa, millətə sədaqət, Vətən yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir

***

Azərbaycan öz torpaqlarının, öz taleyinin sahibi, öz dövlətinin sahibi kimi gələcəkdə də dövlət olaraq yaşayacaqdır

Özü haqqında

Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır

***

Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına xidmət olmuşdur

***

Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram

***

Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam

***

Nə qədər ki, Azərbaycan var, mən varam, Mən isə Azərbaycanda əbədi olacağam

***

İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm

iacca
iap
business ready
eplc
Ən Tez