Yeni ittifaq müqaviləsi layihəsinin müzakirəsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxışı - 14 yanvar 1991-ci il

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisində mətbuatda dərc olunmuş yeni ittifaq müqaviləsi layihəsinin müzakirə olunması tamamilə əsaslıdır və məqsədəuyğundur. Çünki bu, tarixi əhəmiyyət kəsb edən bir mərhələdir. Sovetlər İttifaqında olan bütün millətlərin gələcəyi, onların aqibəti, o cümlədən Azərbaycan xalqının bundan sonrakı inkişaf yolu, onun gələcək həyatı, aqibəti bax bu müqavilə ilə əlaqədardır. Ona görə də biz mütləq bu məsələyə öz fikrimizi bildirməliyik. Hesab edirəm ki, bugünkü geniş, ətraflı müzakirə çox faydalıdır və Naxçıvan əhalisi öz Ali Məclisinin fikrini bilməlidir. Hesab edirəm ki, deputatlar da bu məsələ barədə öz məsuliyyətlərini hiss edərək çıxış edəcəklər. Mən də bu məsələ barədə bir neçə kəlmə demək istəyirəm.

Hesab edirəm ki, dərc olunmuş İttifaq müqaviləsinin layihəsi ümumittifaq siyasi rəhbərliyi tərəfindən və xüsusən Qorbaçov tərəfindən bütün sovet xalqını yenidən aldatmaq cəhdinin bir təzahürüdür. Qətiyyətlə demək olar ki, son 5 ildə SSRİ-nin siyasi rəhbərliyi, xüsusən Qorbaçov cürbəcür tədbirləri ilə, bəyanatları ilə, çıxışları ilə sovet xalqını aldadır və bunların nəticəsində ölkə indi böyük siyasi, iqtisadi, ictimai böhran dövrü keçirir və bizim ölkədə yaşayan xalqlar artıq çox ağır bir vəziyyətə gəlib çatıblar.

Biz 1917-ci ildən indiyədək olan tariximizə nəzər salaraq bu tarixin böyük səhvlərini, çətinliklərini qeyd edirik və qeyd etməyə haqqımız var. Ancaq etiraf etməliyik ki, heç vaxt Sovet ölkəsində yaşayan xalqlar indiki kimi ağır iqtisadi və mənəvi əzaba düçar olmamışdılar.

Əgər belə böyük bir dövlət, dünənə qədər dünyada iki böyük dövlətlərdən biri olan bu dövlət dilənçi vəziyyətinə düşübsə, əgər biz Danimarka, Hollandiya, Belçika, Avstriya kimi kiçik dövlətlərin köməyinə məruz qalmışıqsa, onların Sovetlər Birliyi xalqlarını dilənçi vəziyyətdən çıxarmaq üçün bir neçə milyon vermələrini böyük bəxşiş hesab ediriksə, görün biz nə qədər ağır vəziyyətdəyik və təəssüf ki, xalqı, ölkəni bu ağır vəziyyətə gətirib salmış adamlar indiyədək özlərini qəhrəman hesab edir, bütün günahları keçmiş dövrə - başqalarının üstünə yıxmaq istəyirlər.

Onu da bilmək lazımdır ki, gələn yardımlar nədir? Mən özümü vətəndaş kimi təhqir olunmuş hesab edirəm ki, Qərb ölkələrində cürbəcür köhnəlmiş, işlənmiş paltarları yığıb göndərirlər Sovetlər İttifaqına ki, bizə kömək etsinlər. Dəhşətli haldır ki, gələn köməyi bölüşdürmək üçün böyük bir komissiya yaranıb. Mən dünən televiziyaya baxıram, komissiyanın sədri deyir ki, köməyi necə bölüşdürürük - uşaq evlərinə, xəstələrə veririk... Demək, bu köməkdən də başqalarına bir şey çatmayacaqdır. Görün nə vəziyyətə gəlib çıxmışıq bu siyasi rəhbərliyin, bu dövlətin xətti-hərəkəti nəticəsində. Bunların hamısını açıq demək lazımdır. Və bəzən bizim deputatların belə vəziyyətə düzgün qiymət verə bilməməsi, açıq sözdən qaçması, ümumiyyətlə - "dünya dağılır dağılsın, millət qırılsın, mənə nə" - düşüncəsi, bunlar, yoldaşlar, dəhşətli bəladır. Çox dəhşətli bəladır. Mən indi fikirləşirəm və ürəyim ağrıyır, dəhşətə gəlirəm və belə vəziyyətə dözə bilmirəm.

Mən öz sözlərimi açıq demək istəyirəm.

Konkret layihə haqqında onu deyə bilərəm ki, bu tamamilə bizim xalq üçün və hesab edirəm ki, İttifaqın başqa xalqları üçün heç də münasib bir sənəd deyil, biz bununla razı ola bilmərik. Bu bizi ələ salmaqdır, yoldaşlar, bizi aldatmaqdır. Burada Nemət Kazımov yoldaş, mənə belə gəlir ki, çox düz fikir söylədi ki, bu layihəni hazırlayan komissiyanı da günahlandırmaq lazımdır. Təəssüf ki, bu layihənin hazırlanmasında bütün müttəfiq respublikaların nümayəndələri iştirak ediblər. Respublikaların təklifləri nə qədər qəbul olunub-olunmayıb, onu mən deyə bilmərəm, ancaq layihənin hazırlanmasında bütün müttəfiq respublikalar iştirak ediblər. Daha sonra bu layihə dərc olunmazdan əvvəl Qorbaçov tərəfindən SSRİ Ali Sovetinin sessiyasına təqdim olunmuşdu. Təəssüf ki, Azərbaycan Ali Sovetinin sədri çıxış edib bu layihəni müdafiə etdi. Bu da bizə məlumdur. Mətbuatdan məlumdur, televiziya ilə eşitdik. Demək, Azərbaycan xalqının xəbəri olmadan bəzi adamlar bu layihənin hazırlanmasında iştirak ediblər. Fikrimcə, belə bir layihə hazırlanmazdan əvvəl onun əsas prinsipləri gərək müttəfiq respublikalarda müzakirə olunaydı, müttəfiq respublikaların Ali hakimiyyət orqanları öz fikirlərini söyləyəydi, bundan sonra, məhz bundan sonra müttəfiq respublikaların nümayəndələri bu layihənin hazırlanmasında iştirak edə bilərdilər. Bu demokratik prinsiplər layihənin hazırlanmasında da pozulmuşdur.

O ki, qaldı layihənin, ümumiyyətlə, mahiyyətinə, bilirsiniz, burada, bizim respublikada ziddiyyətli fikirlər çoxdur. O cümlədən buradakı çıxışlarda da. Əgər bizim respublikamız həqiqətən milli dirçəliş yoluna çıxıbsa və bu yolla getmək istəyirsə, onda hansı ittifaq birliyindən söhbət gedə bilər? Burada təyin etmək lazımdır, bizim respublika hansı yolla gedəcəkdir?

Bir tərəfdən Azərbaycanın bəzi rəsmi dairələri öz hərəkətləri ilə göstərirlər ki, biz milli dövlət dirçəlişi yoluna düşürük. Bu yolla getmək istəyirik. Belə olan halda necə ola bilər ki, əgər biz milli dövlət dirçəlişini təmin etmək istəyiriksə, özümüzü gətirib hansısa bir ittifaqda bağlayaq? Burada məntiq yoxdur.

Mənə belə gəlir ki, bu prinsipial məsələlərə münasibət göstərmədən layihə barədə heç bir fikir söyləmək olmaz. Mən layihəni təhlil etmək, onun ayrı-ayrı maddələri barədə fikir söyləmək istəməzdim. Çünki mən, ümumiyyətlə, bu layihənin yaramazlığını, bizim üçün qəbul edilməzliyini bildirirəm, ona görə də bunu təhlil etmək istəmirəm. Ancaq bir-iki kəlmə demək istəyirəm ki, layihədə xalqı necə aldatmaq istəyirlər. Bir tərəfdən layihədə belə elan olunur ki, guya ittifaq suveren respublikalar ittifaqıdır, ikinci tərəfdən respublikaların suverenliyi tamamilə məhduddur və yaxud yoxdur. Hansı suverenlikdən danışmaq olar ki, Azərbaycan iqtisadiyyatının böyük bir hissəsi ittifaq tabeliyində olacaqdır, ümumittifaqın sərəncamındadır, ona mənsubdur?

Azərbaycan Respublikasının Ali Soveti Azərbaycanın suverenliyi haqqında qanun qəbul edibdir. Düzdür, bu hələ tam qanun deyil, ancaq bir addım atılıbdır. Əgər bu Qanunu əsas götürsək, siyasi suverenlikdən danışmadan iqtisadi suverenlikdən danışsaq, demək Azərbaycan Respublikasının ərazisində olan bütün iqtisadi potensialın hamısı Azərbaycan xalqının milli sərvətidir. Əgər bunlar milli sərvətdirsə, ümumittifaqın nə ixtiyarı var ki, Azərbaycan Respublikasının ixtiyarında olan sərvəti öz sərəncamına keçirtsin? Demək, burada tam ziddiyyət meydana çıxır. Demək, bizi aldadırlar. O ki, qaldı siyasi suverenliyə, respublikaların bu layihədə siyasi suverenliyi göstərilmir, hamısı ümumi sözlərdir, ümumi bəyanatlardır, bir sözlə, adam aldatmaqdır.

Sonra, əgər doğrudan da bu layihə suveren respublikaların ittifaqını təmin etmək istəyirsə, gərək respublikalar əvvəl suveren olsun, müstəqil dövlət olsun, ondan sonra ittifaqa girməyə öz rəylərini göstərsinlər. Ancaq bu, ittifaq çərçivəsində olaraq, sadəcə adı dəyişdirilir. Bu da yaramaz.

Bu baxımdan 1922-ci ildə bağlanmış müqavilə daha mütərəqqidir, daha demokratikdir, çünki 1922-ci ildə respublikalar müstəqil idi, müstəqil dövlət idi. O respublikaların rəhbərləri, deyək ki, xalqın rəyini ifadə edərək, 1922-ci ilin dekabrında səlahiyyət alıb, bu müqavilələrə qol çəkmişdilər. O vaxt müstəqil respublikalar birləşdilər. Ancaq indi müttəfiq respublikaların heç biri müstəqil deyil. Əgər biz müstəqil deyiliksə, necə olar ki, suveren respublikalar ittifaqına çevrilə bilək? Deməli, İttifaq dövlətinin adını dəyişməklə bizi aldadırlar, bununla da heç vaxt razı ola bilmərik.

Bir məsələni də qeyd etmək lazımdır. Mən bunu mühüm məsələ hesab edirəm. Həmişə Sovet Konstitusiyalarında yazılıb ki, müttəfiq respublikalar istəsələr bu ittifaqdan çıxa bilərlər. Pribaltika respublikaları ittifaqdan çıxmaq niyyətlərini bildirən kimi, onların qabağına çəpər çəkildi, ittifaqdan çıxmaq qanunu qəbul olundu. Bu qanuna görə ittifaqdan çıxmaq üçün gərək sən 5 il əziyyət çəkəsən. Bu, tamamilə demokratiyanın əleyhinə, ədalətin əleyhinə olan bir qanundur. Mən təəssüf edirəm ki, Azərbaycan Respublikasından olan SSRİ Ali Sovetinin deputatları belə bir qanunun qəbul olunmasına səs veriblər. Mən hesab edirəm ki, o deputatlar Azərbaycan xalqı qarşısında cavab verməlidirlər. Bu qanun müttəfiq respublikaları müstəmləkə vəziyyətində saxlamaq deməkdir.

Mənim xatirimdədir, Litva Respublikasının ittifaqdan çıxması geniş müzakirə olunan vaxt xarici qonaqlar Moskvaya gələndə Qorbaçovun ətrafında olan yaltaq ziyalılardan biri Fransa nümayəndəsinə dedi ki, bəs siz Kaledoniyanın Fransanın tərkibindən çıxması üçün, 10, yaxud 12 il vaxt ayırmısınız. Nə üçün Litvanın, yaxud başqa müttəfiq respublikanın ittifaqın tərkibindən çıxması üçün 5 il müddət təyin etməyimizə etiraz edirsiniz? Elə bu sözün özündən məlum olur ki, müttəfiq respublikalar ittifaq hökumətinin Kaledoniya kimi müstəmləkəsidir. O adam bilməli idi ki, Kaledoniya uzun illər Fransanın müstəmləkəsi olub. Fransa müstəmləkəçi siyasət yeridən bir dövlət olubdur. Milli-azadlıq hərəkatına qoşulan xalqlar o müstəmləkəçilikdən xilas olublar, ancaq Kaledoniya indiyə qədər qalıbdır. Əgər bu vəziyyəti əsaslandırmaq üçün Fransa-Kaledoniya münasibətinə müraciət edilirsə, bu, artıq göstərir ki, biz də müstəmləkə vəziyyətindəyik, müstəmləkə vəziyyətində qalırıq. Ona görə də bu layihə, onun bu cür müddəaları bizim, şübhəsiz ki, hiddətimizi doğurur, narazılığımızı, etirazımızı bildirməyi tələb edir.

İndi bu ittifaq müqaviləsinin layihəsi Azərbaycanda da müzakirə olunur. Mən vaxtaşırı televiziyada - "Günün ekranı"ndakı verilişlərə baxıram, Azərbaycan mətbuatını oxuyuram. Bir sıra çıxışlarda bu müqavilənin bizim üçün münasib olmaması bildirilir, bəzi yoldaşlar müqavilənin ayrı-ayrı maddələrini tənqid edirlər - belə çıxır ki, bunlar düzəlsə, onu biz qəbul edə bilərik. Bir qism fikir söyləyənlər, o cümlədən rəsmi dairələr belə fikirdədirlər ki, guya ittifaq konfederasiya şəklində olsa, biz ona daxil ola bilərik. Bu fikirlərin hamısı səhvdir. Əgər bunlardan konfederasiyanı mütərəqqi hesab etsək, - mən belə hesab edirəm ki, indi bu barədə də söhbət gedə bilməz. Burada çıxış edən deputatlar tam əsaslı dedilər ki, konfederasiya yalnız o vaxt ola bilər ki, hər bir müttəfiq respublika tam müstəqil olsun və tam müstəqil dövlət kimi öz mənafelərinə nail olmaq üçün, öz hüquqlarını daha da müvəffəqiyyətlə həyata keçirmək üçün, öz dövlətini daha da sürətlə inkişaf etdirmək üçün başqa dövlətlərlə konfederasiya əlaqələrinə girə bilsin. Ona görə mən hesab edirəm ki, konfederasiya əlaqələri haqqında da heç söhbət ola bilməz.

Əgər başqa müttəfiq respublikalarda cürbəcür söhbətlər gedirsə, Azərbaycan üçün bu müqaviləyə girmək, ona müsbət rəy göstərmək xalqımız qarşısında cinayət etmək deməkdir. Çünki son 3 il ərzində Azərbaycan xalqı tam aşkar gördü ki, ümumittifaq hökuməti, SSRİ prezidenti - 22-ci il müqaviləsinə qol çəkən respublikalardan biri də Azərbaycandır - Azərbaycan xalqının başına bəla gələndə, onun suverenliyi pozulanda, onun ərazisini parçalamaq cəhdləri göstərildikdə Azərbaycanın Konstitusiya hüquqlarını qorumaq üçün, SSRİ Konstitusiyasının tələblərini Azərbaycanda həyata keçirmək üçün bir addım da atmamışdır. Belə ittifaqdan gələcəkdə biz nə gözləyə bilərik? Bizim bəzi deputatlar burada gah nala, gah mıxa vururlar - onlar nə düşünürlər? Nə fikirləşirlər? Bıçaq sümüyə dayanıb. Bundan artıq nə ola bilər? Bizim torpağımız əlimizdən getdi. Bizim respublikamıza təcavüz olundu. Qəsbkar respublika öz ordusunu silahlandırıb bizə hücum etməyə hazırlaşır. Böyük bir təhlükə yaranıbdır. Biz isə ümumittifaq dövlətinə yaltaqlanır, ona inam göstərmək istəyirik. Heç bir inam ola bilməz! Son 3 ildə başımıza gələnlər tam açıq göstərdi ki, bizim ümumittifaqdan nicatımız yoxdur.

Bir məsələ haqqında da öz fikrimi bildirmək istəyirəm. Burada bu məsələ qaldırıldı. Ancaq təəssüf ki, deputatların çoxunun çıxışında öz əksini tapmadı. Şübhəsiz ki, hər bir deputatın hər bir məsələ barəsində öz mövqeyi olmalıdır, ola da bilər. Ancaq gərək o öz mövqeyini bildirsin. Bilirsiniz, məsələnin üstündən sükutla keçmək - bu, mövqesizlikdir.

Yenə də xatirinizə salıram. Azərbaycanda milli dövlət dirçəlişi prosesi gedir. Bu prosesi həyata keçirərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çox mühüm qərarlar qəbul edib, - Naxçıvan Muxtar Respublikasının Ali hakimiyyət orqanının adı dəyişilib, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul olunmuş dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunubdur. Azərbaycan miqyasında da bəzi belə əlamətlərə rast gələ bilərik. Məsələn, 28 May günü - Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün Azərbaycan Prezidentinin Fərmanı ilə istirahət günü elan olunubdur. Əgər bu günü biz özümüz üçün bayram günü kimi qəbul ediriksə və Azərbaycan Respublikasının Prezidenti bu haqda fərman verirsə, demək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük bir inqilabi hadisə kimi qəbul etməliyik. Ancaq təəssüf ki, bu barədə açıq fikir söylənilmir. Demək, məlum olmur, kim hansı mövqe tutur. Yaxud da, biz burada qərarlar qəbul edəndən sonra Azərbaycan KP MK təşəbbüsdə bulunub ki, Azərbaycan Respublikasının adı dəyişilsin və dövlət bayrağının təsis olunması üçün müsabiqə elan edib, ondan üç gün keçəndən sonra Azərbaycan Respublikasının Prezidenti fərman verib ki, Azərbaycan Respublikasının yeni üçrəngli bayrağı Ali Sovetdə qəbul olunsun. Ancaq bu bayraq kimin bayrağıdır, bunu biz yenidənmi icad edirik, yaxud Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağını bərpa edirik? Bu barədə fikir söylənilməlidir. Təəssüf ki, kimin hansı mövqedə olması məlum deyil.

Əgər 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının həyatında əlamətdar və tarixi bir hadisədirsə, biz bunu açıq deməliyik və bu Azərbaycan dövləti tərəfindən müəyyən qədər qanuniləşdirilməlidir. Əgər biz bunu qəbul ediriksə, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi pislənməlidir, qeyri-qanuni hal kimi qəbul olunmalıdır. Bəlkə, kimsə desin ki, yox, bu əsaslı olubdur. Bir sözlə, bu barədə mövqe tutmaq lazımdır. Gizlənmək olmaz. İndi hamımız açıq mövqedəyik. Gərək hərə öz mövqeyini bildirsin. Təəssüf ki, bu məsələ burada öz əksini tapmadı, ancaq bu məsələ bilavasitə müzakirə olunan yeni ittifaq layihəsi ilə əlaqədardır. Çünki 1918-ci il 28 may, 1920-ci il 27-28 aprel, 1922-ci il 30 dekabr və indiki dövr bir-biri ilə bağlı tarixi mərhələlərdir. Biz buna gərək öz fikrimizi deyək, Naxçıvan Ali Məclisi gərək öz fikrini söyləsin.

Mən belə hesab edirəm ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğu üçün burada bu barədə çox təfsilatlı, əsaslandırılmış qərar qəbul etməliyik və bu qərarı təxirə salmadan Azərbaycan Ali Sovetinə, SSRİ Ali Sovetinə göndərməliyik. Çünki biz bilmirik Azərbaycan Respublikasının rəhbərləri ayın 17-də keçirilən qurultayda xalqla məsləhətləşməmiş hansı mövqe tutacaqlar. Ancaq biz Azərbaycanın tərkib hissəsi kimi nə olur-olsun öz fikrimizi bildirməliyik. Əsaslandırmalıyıq, hansı səbəblərə görə bu layihəni qəbul etmirik və ittifaq müqaviləsinin bağlanmasının əleyhinəyik. Mənim şəxsi fikrim budur və onu da bildirdim.

iacca
iap
business ready
eplc
Ən Tez