"Azərbaycanın Müstəqillik Bəyannaməsi" ilə bağlı Azərbaycan Ali Sovetinin Sessiyasında çıxışı - 30 avqust 1991-ci il

Çox mühüm məsələ həll olunur. Tarixi məsələdir. Bunu tələm-tələsik həll etmək olmaz. Bu, Azərbaycan xalqı qarşısında parlament tərəfindən öz üzərinə böyük məsuliyyət götürmək deməkdir və Tofiq Köçərlinin durub hər suala cavab verməsinə səlahiyyəti yoxdur.

Birinci, mən hesab edirəm ki, bu məsələ müzakirə olunmalıdır. Yenə də deyirəm, bunu belə tələm-tələsik keçirmək olmaz. Bu barədə iki-üç kəlmə demək istəyirəm. Çox qəribədir. Martın 7-dən 10-na qədər keçirilən Ali Sovetin sessiyasında bir çox deputatlar, o cümlədən mən də Azərbaycanın müstəqilliyini təklif edərkən bizim əleyhimizə cürbəcür hücumlar başlandı. Və A. Mütəllibovun o qədər də dərin mənalı olmayan, əsassız çıxışından sonra hamı hay-küylə səs verdi ki, Azərbaycanın müstəqilliyi ola bilməz və biz referenduma getməliyik, yeni ittifaq müqaviləsini imzalamalıyıq (Salonda səs-küy).

Xahiş edirəm, Elmira xanım, şərait yaradın, sözümü deyim. Xahiş edirəm (Səs-küy). Mən xahiş edirəm. Mənim deputatlıq... (Səs-küy).

Tələm-tələsik referendum keçirildi. Azərbaycanın ittifaq müqaviləsinə getməsi haqqında qərar qəbul olundu. Belə olan halda, indi xalqın iradəsi olmadan bu cür qərarın, ya bəyanatın qəbul olunması qanunu pozmaq deməkdir. Mən bu bəyanatın qəbul olunmasının əleyhinə deyiləm. Ancaq bu bəyanatı indi qəbul edib, xalqa müraciət etmək lazımdır. Qısa müddətdə, 3-4 gün içərisində referendum keçirmək lazımdır və referendumun nəticəsinə görə sessiya yığışıb bu qərarı qəbul etməlidir. Bağışlayın, fikrimi deyirəm.

İkinci, mən mart ayında da demişdim. İkiüzlü siyasət aparmaq olmaz. Bu qərar bu gün konyunktur xarakter daşıyır, başqa yerlərdə qərar qəbul olunur. Demək, biz də qərar qəbul etməliyik.

Biz artıq gecikmişik. Bu bəyanatın mətninə mütləq əlavə olunmalıdır ki, 1920-ci il aprelin 28-də Azərbaycan işğal olunub. Mən Azərbaycan Kommunist Partiyasına 14 ilə yaxın rəhbərlik etmişəm, 28 aprel inqilabını ömrüm boyu tərənnüm etmişəm və mən tam qətiyyətlə deyirəm, 28 apreldə Azərbaycan işğal olunub. Azərbaycan Demokratik Respublikası zorakılıqla ləğv olunub. Əgər biz bunu qeyd etməsək, yenə də xalqın qarşısında ikiüzlü olarıq.

Mənim fikrim budur.

iacca
iap
business ready
eplc
Ən Tez