Əziz həmvətənlər!
Hörmətli xanımlar və cənablar!
Müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməyimi yüksək qiymətləndirirəm və bu münasibətlə Azərbaycan xalqına, Azərbaycan Respublikasının bütün vətəndaşlarına öz hörmət və ehtiramımı, dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm.
Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.
XX əsrin sonu dünyada köklü dəyişikliklərə səbəb olmuş siyasi proseslərlə əlamətdardır. Azərbaycan xalqı da bu proseslərdən kənarda qalmamış, nəhayət, əsrlərdən bəri bəslədiyi ümidlərinə, arzularına çatmış, öz müstəqilliyinə nail olmuşdur. Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi dünyada, keçmiş Sovetlər İttifaqında gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsidir. Azərbaycan Respublikasının müstəqilliyi tarixi bir hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir və bu müstəqilliyin əldə olunmasında hər hansı qrupun, hərəkatın, qüvvənin müstəsna xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz. Eyni zamanda Azərbaycanın müstəqilliyi respublika qarşısında, onun vətəndaşları qarşısında çox böyük və mürəkkəb vəzifələr qoyubdur. Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq – bu vəzifələr mənim prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam.
Azərbaycan Respublikası qədim tarixə, zəngin mədəniyyətə, böyük təbii sərvətlərə malikdir. Dövlət müstəqilliyi bunların hamısından Azərbaycan Respublikasının gələcək inkişafı üçün səmərəli istifadə etməyə şərait yaradır. Bunlar bizim əsas vəzifələrimizdir. Azərbaycan Respublikası öz müstəqilliyini ağır və çətin bir şəraitdə əldə etmişdir. Respublika üçün ən ağır məsələ beş ildən artıq müddətdə Azərbaycanın müharibə şəraitində olması, erməni silahlı qüvvələri tərəfindən ərazimizə təcavüz edilməsi və bunun nəticəsində Azərbaycan xalqının böyük bəlalara düçar olmasıdır. Ona görə də Azərbaycan Respublikasının müharibə şəraitindən çıxması və vətəndaşlar üçün rahat, sakit, əmin-amanlıq şəraiti yaradılması qarşımızda duran əsas vəzifədir. Azərbaycanın ağır müharibə şəraitinə düşməsi, bu problem, yəni Qarabağ problemi başlanan dövrdən respublika rəhbərliyinin, keçmiş Sovetlər İttifaqı rəhbərliyinin buraxdığı səhvlərin nəticəsidir. Lakin təəssüf ki, ötən dövrdə respublikanın bu vəziyyətdən çıxması üçün lazımi tədbirlər görülməmişdir. Respublikanın düşdüyü ağır iqtisadi, sosial, siyasi-ictimai və mənəvi böhran axır zamanlar daha da dərinləşmiş və 1993-cü ildə, demək olar son həddə çatmışdır. Bu ilin iyun ayında Azərbaycanda daxili sabitlik tam pozulmuş, respublikada ayrı-ayrı qüvvələrin qarşıdurması, bəzi cinayətkar qrupların, separatçı qüvvələrin respublikanı parçalamaq meyllərini həyata keçirmək istəməsi və başqa səbəblər daxili böhranı daha da dərinləşdirmişdir.
Azərbaycanın dövlət rəhbərliyinin buraxdığı kobud səhvlər nəticəsində iyun ayında respublikamız vətəndaş müharibəsi həddinə gəlib çatmış və onun bəzi bölgələrinin parçalanması real bir hal kimi meydana çıxmışdı. Allaha şükürlər olsun ki, bunların qarşısı alındı, bəzi cinayətkar qruplar aradan götürüldü və respublikanın daxilində ictimai-siyasi sabitliyin təmin edilməsi üçün şərait yaradıldı. Son 4 ay bizim respublikamız üçün ağır və çətin bir dövr oldu. Bu müddətdə respublikamız, onun vətəndaşları böyük imtahanlardan çıxdılar və bir daha sübut etdilər ki, xalqın müdrikliyi, milli birlik və həmrəylik, vətəndaş birliyi bütün bu çətinliklərin qarşısını ala bilər və respublikanı bu ağır vəziyyətdən çıxarmaq üçün imkan yarana bilər.
Respublikanın daxilində nisbi sakitlik və sabitlik yaransa da, biz hələ böyük təhlükə altındayıq. Ermənistan silahlı qüvvələrinin beş ildən bəri davam edən təcavüzü nəticəsində Azərbaycan torpaqlarının bir qismi – təxminən 20 faizi işğalçıların əlinə keçibdir. Keçmiş Dağlıq Qarabağ vilayəti tamamilə işğal olunub, Azərbaycan xalqı üçün əziz və mötəbər olan Şuşa şəhəri artıq il yarımdır ki, əlimizdən gedibdir. Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarımız da erməni silahlı qüvvələri tərəfindən işğal olunubdur. Bunların nəticəsində yüzlərlə kəndlər, qəsəbələr, yaşayış məntəqələri dağılıb, evlər viran olub. Bu ərazilərdə yaşayan soydaşlarımız – 1 milyona qədər vətəndaş doğma yerlərini tərk edib, qaçqın olub, ağır vəziyyətdə yaşayırlar. Bütün bunlar respublikanın ictimai-siyasi, mənəvi vəziyyətini gərginləşdirmişdir. Bizim ən əsas vəzifəmiz respublikanı müharibə vəziyyətindən çıxarmaq, işğal olunmuş torpaqların hamısını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı – bacılarımızı, qardaşlarımızı öz doğma yerlərinə qaytarmaqdır.
Əmin ola bilərsiniz ki, bir Prezident kimi mən bu vəzifəni özümün əsas vəzifəm hesab edirəm və bunu yerinə yetirmək üçün bütün Azərbaycan xalqının qüvvələrini səfərbər edib, bütün imkanlardan istifadə edib, bütün səylərimi sərf edib Azərbaycan xalqının istəyinə nail olacağam.
Beş ildən artıq davam edən müharibədən çıxmaq, işğal olunmuş torpaqları geri qaytarmaq, şübhəsiz, asan məsələ deyildir. Cəmiyyətimizdə cürbəcür fikirlər var: buna hansı yollarla nail olmaq mümkündür? Biz, ümumiyyətlə, sülhsevər mövqe tutaraq, bu vəzifəni birinci növbədə sülh yolu ilə, danışıqlar yolu ilə həll etməyə üstünlük veririk. Bu baxımdan müstəqil Azərbaycan Respublikası diplomatik vasitələrdən səmərəli istifadə etməli, sülh danışıqlarını Azərbaycan Respublikasının mənafelərini təmin etmək yolu ilə aparmalı və bu danışıqlar nəticəsində məqsədimizə nail olmalıyıq. Biz Birləşmiş Millətlər Təşkilatının, ATƏM-in, BMT Təhlükəsizlik Şurasının, bu münaqişənin aradan qaldırılmasında iştirak edən böyük dövlətlərin və bütün beynəlxalq təşkilatların imkanlarından səmərəli istifadə edərək, Azərbaycanı müharibə şəraitindən çıxarmaq, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün bundan sonra da səy göstərəcəyik.
Ancaq bununla yanaşı, Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir.
Qeyd etmək lazımdır ki, beş il ərzində gedən müharibə nəticəsində Azərbaycan xalqı böyük sınaqlardan çıxıb, qələbənin də, uğursuzluğun da nəticələrini görübdür. Bu müharibə bizim üçün böyük faciədir. Eyni zamanda, bu müharibədə Azərbaycan xalqının gücü, qüdrəti, qəhrəmanlığı, müdrikliyi bir daha bütün dünyaya nümayiş etdirildi. Bu müharibədə xalqımız böyük qurbanlar vermişdir. İgid oğullarımız torpaqlarımızı müdafiə edərək qəhrəmancasına həlak olmuş, şəhid olmuşlar. Bu gün, bu təntənəli mərasimdə Azərbaycan torpaqlarını müdafiə edərək, Azərbaycanın suverenliyini qoruyaraq həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi rica edirəm. Allah onlara rəhmət eləsin, qəbirləri nurla dolsun.
Mən bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq, gənclərimiz və gələcək nəsillər onların qəhrəmanlıqlarından nümunə götürəcəklər. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaqdır.
Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik.
Bu yolla getmək həm tarixi keçmişimizə uyğundur, həm də bir müstəqil dövlət kimi dünya sivilizasiyasına daha yaxından qovuşmaq üçün lazımi şərtdir. Bunun üçün Azərbaycanda bütün imkanlar yaranıb və bundan sonra da yaranacaqdır. Azərbaycanda insan azadlığı, söz azadlığı, din azadlığı, dil azadlığı, vicdan azadlığı – bunların hamısı demokratik, sivilizasiyalı cəmiyyətin yaranmasına imkan verən şərtlərdir. Biz bu şərtlərin bərqərar olmasını təmin edəcəyik. Azərbaycanda çoxpartiyalı cəmiyyət yaranmaqdadır, bir çox partiyalar yaranıb və bundan sonra da yaranacaqdır. Bunların yaranması və inkişaf etməsi üçün Azərbaycan dövləti bütün imkanları təmin edəcəkdir və çoxpartiyalı cəmiyyət, demokratik prinsiplərin bərqərar olduğu cəmiyyət, şübhəsiz, Azərbaycanın müstəqil bir dövlət kimi inkişafına kömək edəcəkdir.
Çoxpartiyalı cəmiyyətdə müxalifətin də böyük rolu var. Biz müxalifətə bundan sonra da böyük hörmətlə münasibət göstərəcəyik və əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan cəmiyyətində müxalifət mövqeyində olan partiyalar, siyasi qüvvələr konstruktiv əməkdaşlıq mövqeyindən çıxış edəcəklər və bu da Azərbaycanda həqiqi demokratiyanın inkişafı üçün daha geniş imkanlar yaradacaqdır. Bir sözlə, biz Azərbaycanda müxtəlif qüvvələr olmasını təbii bir hal hesab edirik, eyni zamanda dövlət müxalif qüvvələrlə konstruktiv əməkdaşlığa həmişə hazır olduğunu bildirir.
Ancaq müxalifətdə olan qruplar, ayrı-ayrı siyasi təşkilatlar son illərdə istifadə etdikləri qeyri-qanuni, əcaib, demokratiyaya zidd üsullardan, metodlardan əl çəkməlidirlər. Siyasi partiyalar, hərəkatlar Azərbaycanda sərbəst fəaliyyət göstərə bilərlər. Lakin heç bir siyasi partiyanın və ya hərəkatın, ictimai-siyasi təşkilatın silahlı dəstələri, silahlı qüvvələri ola bilməz! Bu gün mən bunu bütün Azərbaycan vətəndaşları qarşısında tam qətiyyətlə bəyan edirəm. Vaxtilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında müsbət rol oynamış Xalq Cəbhəsinin çox mənfi təcrübəsi təəssüf ki, Azərbaycanda ayrı-ayrı qeyri-qanuni silahlı dəstələrin yaranmasına və fəaliyyət göstərməsinə səbəb olmuşdur. Güman edirik ki, bütün partiyalar, hərəkatlar, ictimai-siyasi təşkilatlar öz silahlı dəstələrindən imtina edəcəklər. Cəmiyyətimizdə bir silahlı dəstə ola bilər, o da dövlətin silahlı qüvvələridir. Biz hamımız birlikdə qeyri-qanuni silahlı dəstələrin ləğv olunmasına çalışmalıyıq və bu da respublikamızda daxili ictimai-siyasi sabitlik yaranması üçün əsas şərtdir.
Demokratik sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qorunması dövlətin əsas vəzifələrindən biridir. Əmin ola bilərsiniz ki, bu yüksək vəzifədə mən həmin sahəni daim diqqət mərkəzində saxlayacağam və insan hüquqlarının qorunması üçün bütün təminatları yaradacağam. Bir sözlə, cəmiyyətimizdə insanın tam azad olması üçün şərait yaradılacaqdır. Bu baxımdan həyatımızın indiki mərhələsində vicdan azadlığı məsələsi də mühüm yer tutur. Xalqımız öz dininə qayıtdı. İslam dini dünyada öz tarixi yerini tutmuşdur. Xalqımızın mənəviyyatına, elminə, qüdrətinə, zəkasına islam dininin böyük təsiri olmuşdur. Milli ənənələrimiz, mədəniyyətimiz bir çox hallarda islam dini vasitəsilə nəsildən nəsilə keçib, indi böyük milli sərvətimiz kimi bugünkü nəsillərə çatmışdır. Azərbaycanda islam dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradılacaqdır. Güman edirik ki, bizim dinimiz respublikanın bu ağır dövründə vətəndaş həmrəyliyinin, vətəndaş birliyinin yaranması üçün çox böyük fəaliyyət göstərəcəkdir.
Azərbaycan çoxmillətli respublikadır. Bu, respublikanın səciyyəvi cəhətidir. Bunun böyük tarixi var və bu tarixlə, respublikanın bu ictimai-siyasi mənzərəsi ilə biz fəxr edirik. Respublikamızda bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malikdirlər və bundan sonra da bütün vətəndaşların bərabər hüquqla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında iştirak etməsi üçün imkanlar yaradılacaqdır. Bu gün bizim islam dininin, Qafqaz müsəlmanlarının rəhbəri, xristian dininin, yəhudi dininin nümayəndələri məni bu vəzifəyə gəlmək münasibətilə təbrik etdilər. Mən onlara öz minnətdarlığımı bildirirəm və əmin etmək istəyirəm ki, Azərbaycanda bütün millətlərin, bütün dinlərin bərabər hüquqla yaşaması üçün bütün şərait yaradılacaqdır.
Respublikamızın müstəqilliyini möhkəmləndirmək üçün əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin olmasıdır. Müstəqillik əldə edildikdən sonra xarici siyasət sahəsində təəssüf ki, az iş görülmüşdür. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaqdan və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir. Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz heç bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük. Lakin, eyni zamanda nəyin bahasına olursa-olsun respublikanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü, xarici siyasət vasitəsilə təmin etməyə çalışacağıq. Güman edirəm ki, bundan sonra görüləsi işlər Azərbaycanın daha geniş tanınmasına şərait yaradacaqdır və respublikamız dünya dövlətləri birliyində öz layiqli yerini tutacaqdır.
Mənim Prezident seçilməyimlə əlaqədar olaraq dünyanın bir çox dövlətlərinin başçıları təbrik məktubları göndərmişlər. Bunları, birinci növbədə, Azərbaycan Respublikasının müstəqilliyinə, dünya birliyində tutduğu yerə verilən qiymət kimi qəbul edirəm. Təbrik məktubları göndərmiş dövlət başçılarına, xarici ölkələrin bu salonda olan təmsilçilərinə minnətdarlığımı bildirirəm və onları əmin etmək istəyirəm ki, Azərbaycan Respublikası bir müstəqil dövlət kimi gələcəkdə bütün bu dövlətlərlə və başqa ölkələrlə səmərəli əlaqələr yaratmağa və respublikamızı bu ağır vəziyyətdən çıxarmaq üçün onların imkanlarından istifadə etməyə çalışacaqdır. Çox sağ olun, təşəkkür edirəm və eyni zamanda dövlətlərinizin başçılarına və xalqlarınıza səadət, xoşbəxtlik və bütün işlərinizdə müvəffəqiyyətlər diləyirəm.
Azərbaycan Respublikasının ağır böhran vəziyyətindən çıxması üçün sosial-iqtisadi sahədə böyük işlər görülməlidir. Təsəvvür edin ki, müstəqilliyimizin əldə edilməsi bizim üçün tarixi bir hadisədirsə, iqtisadiyyatımızın belə vəziyyətdə olması ağır və çətin bir haldır. Təəssüf ki, son illərdə respublikanın böhran vəziyyətində olması iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstərmişdir
İqtisadiyyat, demək olar, tamamilə dağılmış və bu da respublika vətəndaşlarının rifahının aşağı düşməsinə gətirib çıxarmışdır. Eyni zamanda qeyd etmək istəyirəm ki, respublikanın böyük iqtisadi-sosial, elmi-texniki potensialı vardır. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Bu baxımdan biz gələcək işimizdə bir tərəfdən yaranmış potensialdan səmərəli istifadə etmək, digər tərəfdən isə yeni iqtisadi islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik.
Bu yol çətin, ağır yoldur. On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın.
Bu sahədə demokratik islahatlar keçirmək, ağıllı hərəkət etmək bizim borcumuzdur və əmin ola bilərsiniz ki, biz bu yolla gedəcəyik. Bununla əlaqədar olaraq mən Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə daxil olmasını xüsusi qeyd etmək istəyirəm. Respublikada uzun müddət bu barədə müzakirələr getmiş və nəhayət, Azərbaycan Müstəqil Dövlətlər Birliyinə daxil olmuşdur. Biz əminik ki, Azərbaycanın MDB-yə daxil olması respublikanın iqtisadiyyatının inkişaf etməsi üçün yaxşı şərait yaradacaq və biz bu imkanlardan səmərəli istifadə etməliyik.
Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın MDB-yə daxil olmasını təhlükəli bir hal kimi qələmə verməyə çalışırlar. Bu, səhv fikirdir. Azərbaycan MDB-də öz müstəqilliyini daim qoruyacaq və MDB-də iştirak etmək Azərbaycanın müstəqilliyinə qətiyyən xələl gətirməyəcəkdir. Azərbaycan müstəqil bir dövlət kimi demokratik yolla gedəcək, beynəlxalq demokratiya normalarına riayət edəcəkdir. Azərbaycanda kommunist ideologiyası, kommunist rejimi bir daha bərpa olmayacaqdır. Güman edirəm ki, Azərbaycan vətəndaşlarının əksəriyyətinin də fikri belədir. Azərbaycan Respublikası bundan sonra heç vaxt başqa bir dövlətin tərkibinə daxil olmayacaq, başqa bir dövlətin tabeliyinə düşməyəcək, öz müstəqilliyini daim qoruyacaqdır.
Bizim daxili siyasətimiz, xarici siyasətimiz dünya demokratiyasının açdığı yolla, demokratik prinsiplər əsasında gedəcəkdir. Biz Azərbaycanın daxilində demokratik prinsipləri bərqərar edərək respublikanın xarici siyasətində Azərbaycanın müstəqilliyini daim qoruyacağıq. Mən bir Prezident kimi, xalqım qarşısında öz fikirlərimi açıq bəyan edir və əmin etmək istəyirəm ki, bu fikirlərə, bu prinsiplərə daim sadiq olacağam.
Əziz və hörmətli həmvətənlər!
Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına bir daha dərin minnətdarlığımı, hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.
Əlimi Azərbaycan Respublikasının Konstitusiyasına basaraq and içirəm ki, biliyimi, təcrübəmi, qüvvəmi Azərbaycan xalqının, Azərbaycan Respublikasının rifahına həsr edəcəyəm.
And içirəm ki, Prezident vəzifəsini ali məqsədlər, amallar naminə yerinə yetirəcək, Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm.
And içirəm ki, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarının həyata keçirilməsinin təminatçısı olacaq, milliyyətindən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının hüquqlarının və azadlıqlarının qorunmasının, müdafiə edilməsinin təminatçısı olacağam. Azərbaycan Respublikasında azadlığın, demokratik dəyişikliklərin, Azərbaycan Respublikasının demokratik hüquqi dövlət kimi inkişaf etdirilməsinin təminatçısı olacağam.
And içirəm ki, Azərbaycan Respublikasına, Azərbaycan xalqına ləyaqətlə xidmət edəcəyəm, müstəqil dövlətimizin sivilizasiyalı dünya dövlətləri arasında, dünya birliyində ləyaqətli yer tutmasına çalışacağam.
Əlimi Qurani-Kərimə basaraq and içirəm ki, Azərbaycan xalqının milli və mənəvi ənənələrinə daim sadiq olacaq və bu ənənələrin müstəqil dövlətimizdə bərqərar olmasını, yaşamasını və inkişaf etməsini təmin edəcəyəm.