20 Yanvar faciəsinin dördüncü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üzrə Dövlət Komissiyasının iclasında çıxışı - 12 yanvar 1994-cü il

20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə qara bir səhifə kimi həkk olub. Bu faciədən artıq dörd il keçir. 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar lazımi tədbirlərin keçirilməsi və bu faciəyə dörd ildən sonra bir daha nəzər salınması ilə bağlı yanvarın 5-də mən xüsusi fərman vermişəm. Bu fərman iki hissədən ibarətdir. Birinci hissəsi ildönümü ilə əlaqədar lazımi tədbirlərin hazırlanması və keçirilməsi, ikinci hissəsi isə yanvar faciəsinə, yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi barədədir. Fərmanda tövsiyə etmişəm ki, yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi məsələsinə Milli Məclis bir də baxsın və öz qiymətini versin.

Mənim fikrimcə, indiyə qədər belə bir qiymət verilməyib, Azərbaycan xalqının başına dörd il bundan qabaq böyük bəlalar gəlib və təəssüf ki, dörd il keçəndən sonra da biz bu bəlanın baş verməsi səbəblərini və günahkarlarını indiyə qədər dəqiq aydınlaşdıra bilməmişik.

Tədbirlərin hazırlanması və keçirilməsi üçün komissiya təşkil olunubdur. Komissiyanın sədri, baş nazirin müavini Elçin Əfəndiyev mənə məlumat verib ki, komissiya toplaşıb, müəyyən tədbirlər hazırlayıbdır. Mən bu gün komissiyanın iclasını şəxsən özüm, həm də geniş tərkibdə keçirməyi qərara almışam. Əvvələn, istəyirəm ki, bu tədbirlərin keçirilməsi məsələsinə birlikdə baxaq, ikincisi isə bununla əlaqədar mənim də bəzi fikirlərim var, onları da bildirmək istəyirəm.

... Ötən dörd il müddətində Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməyib. Bilirsiniz ki, mən bu dörd il ərzində burada olmamışam. İndi bu məsələ haqqında fərman hazırlanarkən xahiş etdim ki, Yanvar faciəsi ilə bağlı hansı qərarlar qəbul olunubsa, bu haqda nə kimi işlər görülübsə həmin sənədləri mənə təqdim etsinlər. Mənə Milli Şuranın (indi ona Milli Məclis deyirik) 1992-ci il 19 yanvar tarixli qərarı təqdim edildi. Bu, həmin faciədən iki il sonra qəbul olunmuş qərardır. Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım. Düşündüm ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə, bu hadisəyə indiyə qədər siyasi qiymət verilməyib. Ona görə də mən bu məsələyə Milli Məclisdə baxılmasını tövsiyə etdim. Bu barədə Milli Məclisin iclası müəyyən obyektiv səbəblərə görə indiyə qədər keçirilməyib. Ancaq güman edirəm ki, keçiriləcək, bu barədə mən öz fikirlərimi deyəcəyəm. İndi komissiya üzvləri, buraya dəvət olunmuş adamlar üçün bu məsələnin aşkar olması məqsədilə (bəlkə çoxları bunları xatirindən çıxarıb) xahiş edirəm Milli Şuranın həmin qərarı oxunsun.

... Güman edirəm ki, bu qərarın oxunması indi çox zəruri idi və buraya toplaşanlar yəqin ki, iki il öncə qəbul olunmuş qərara vaxt məsafəsinə görə daha dərindən qiymət verə bilərlər. Bir prezident kimi mənim tövsiyəm budur ki, məsələyə Milli Məclisdə baxılsın. Ancaq bir halda ki, biz bu faciənin dördüncü ildönümünü qeyd edirik, məsələ Milli Məclisdə baxılana qədər hərə öz fikrini deyə bilər. Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi Azərbaycan xalqına bəlkə də 20 yanvar 1990-cı ildə olan faciə kimi böyük bir xəyanətdir. İki il keçəndən sonra deputat istintaq komissiyasının ortaya heç bir şey çıxarmaması, boş-boş sözlərlə camaatı aldatması, qərarda bu komissiyanın işinin qənaətbəxş hesab edilməsi, yenə də deyirəm, xəyanətdir.

Mən çox təəssüf edirəm ki, Azərbaycanın hörmətli Milli Şurası belə bir qərar qəbul edibdir. Anlayıram, bu qərarın qəbul olunması o vaxt Azərbaycana rəhbərlik edən adamlar üçün lazım idi. İki il Azərbaycan xalqını aldadıb, o faciənin üstünü örtüb-basdırmağa çalışanlar müəyyən qədər bu işə son qoymalı idilər. Ancaq mən təəccüblənirəm ki, Milli Şuranın yarısı (Milli Şura o vaxt belə yaranmışdı) hakimiyyətə müxalifətdə duran qüvvələrdən ibarət olduğu halda, onlar belə bir qərarın qəbul edilməsinə nə cür razı olublar? Mən bilmirəm, bəlkə də səhv edirəm, əgər belədirsə, qoy bunu açıq desinlər. Mən Milli Məclisin iclasında da gəlib çıxış etməyə hazıram. Necə olur ki, xalqa hərbi təcavüz edilir, Azərbaycan Ali Sovetinin deputat-istintaq komissiyası iki il işləyir, axırda bu nəticəyə gəlir ki, neçə sorğu olunub, ballistik ekspertiza keçirilib, günahkarlar isə məlum deyil, faciənin səbəbi də məlum deyil, ona heç bir qiymət də verilməyib.

Mənim vicdanım təmizdir. Mən Naxçıvan Muxtar Respublikasında olarkən, 1990-cı ilin sonunda deputat kimi muxtar respublikanın Ali Sovetində çıxış edərkən bunların hamısını demişəm. Ondan sonra da Azərbaycan Respublikasının xalq deputatı kimi Respublika Ali Sovetinin sessiyalarında çıxış edərkən öz fikirlərimi söyləmişəm. Demişəm ki, 20 Yanvar faciəsinin günahkarları aşkara çıxarılmalı və bu faciəyə siyasi qiymət verilməlidir. Bəzilərinin bəlkə də xatirindədir, mən bunu deyəndə rəhmətlik Elmira Qafarova və onun yanında oturan Tamerlan Qarayev mənə replika verdilər ki, bunlar hamısı olubdur. Mən onlara dedim ki, düz demirsiniz, olmayıb.

Faciədən iki il keçəndən sonra, hadisənin ikinci ildönümü ərəfəsində, yanvarın 19-da Milli Şura belə bir qərar qəbul edib ki, bu məsələnin üstü tamamilə örtülsün, basdırılsın və ləğv olunsun. Necə ola bilər ki, iki il ərzində bu deputat-istintaq komissiyası guya araşdırma, istintaq aparıb, amma heç kimin adını çəkməyib? Qərarda tapşırılır ki, istintaq gedəndə keçmiş Sovet İttifaqının və Azərbaycanın rəhbərlərindən bu məsələ üzrə günahkar olan adamların araşdırılmasına xüsusi diqqət verilsin. Bunlar məni dəhşətə gətirir.

Mənə elə gəlir ki, 20 Yanvar faciəsi Vətənini, xalqını sevən hər bir adamın bağlanmamış yarasıdır. Ona görə də mən bu məsələ barədə belə həyəcanla danışıram. Sizə, habelə bütün Azərbaycan ictimaiyyətinə nümayiş etdirmək istəyirəm ki, əgər ə vaxtlar kommunist rejiminin, hakimiyyətdə olan adamların vəzifələrindən sui- istifadə etmələri nəticəsində belə bir qərarın qəbul olunmasına imkan yaranmışdısa, indi biz gərək buna qiymət verək. Əgər biz indi buna qiymət verməsək, bizdən sonrakılar qiymət verəcəklər.

Faciədən sonra Azərbaycanda rəhbərlər dəyişdilər, bu cinayətdə iştirak edən adamlar kənarlaşdılar. Azərbaycanın rəhbərliyinə yeni adamlar gəldilər. Həmin adamların əksəriyyəti vaxtilə, 20 Yanvar faciəsi baş verən dövrdə hakimiyyətdə olanları ittiham edənlər, günahlandıranlar idi. Bəs görəsən nə üçün onlar bu məsələyə yenidən baxmadılar, bu məsələni qaldırmadılar, bu hadisəyə lazımi qiymət vermək istəmədilər? Bu da çox təəccüblüdür. Ona görə ki, həmin bu qərarı qəbul etmiş Milli Şuranın 50 faizi müxalifətdə olan adamlar idi. Bəlkə belə bir qərarın qəbul edilməsi onların özləri üçün də faydalı idi?

Men fikrimi deyirəm. Hesab edirəm ki, bu məsələ Milli Məclisdə çox ətraflı müzakirə olunmalıdır. Mən yanvarın 5-də fərman verərkən bunu tövsiyə etmişəm.

Bilirsiniz ki, indi cəbhə bölgələrində vəziyyət çox gərgindir. Mən iş günümün tam əksəriyyətini Azərbaycanın müdafiəsi ilə bağlı məsələlərə həsr edirəm. Bəzi şəxsləri kömək üçün yerlərə göndərirəm. Ali Sovetin sədri Rəsul Quliyevi tapşırıq verib göndərmişəm. O, bir həftədən çoxdur ki, cəbhə bölgələrindədir. Başqa rəhbər işçiləri, nazirləri də göndərmişəm. Onlara tapşırıq vermişəm ki, yerli hakimiyyət orqanları ilə hərbi hissələrin əlaqələrini tənzimləsinlər. Ali Sovetin sədri burada olsaydı, bu məsələ bu günlərdə müzakirə edilərdi. Güman edirəm ki, bu məsələ ayın 20-dək müzakirə olunmalıdır.

20 Yanvar faciəsinin dördüncü ildönümü münasibətilə komissiyanın hazırladığı tədbirləri prezident kimi qəbul edirəm. Bizim vəzifəmiz həmin günü sadəcə qeyd etməklə, şəhidlərin məzarlarını ziyarət etməklə, başqa tədbirlər keçirməklə kifayətlənmək deyil. Biz bu günlər o faciənin yaranma səbəblərini, Azərbaycan xalqına nə qədər zərbə vurduğunu bütün vasitələrlə açmalıyıq. Mən təəccüb edirəm, televiziya indiyədək bununla əlaqədar rubrika açmalı, bu barədə çıxışlar verməli idi. Bizim qəzetlər, o cümlədən müxalifət mövqeyində olan ayrı-ayrı qəzetlər yaxşı olardı ki, başqa məsələlərlə məşğul olmaq əvəzinə, bu məsələlərə xüsusi fikir versinlər. Ancaq mən bunların heç birini görmürəm. Belə çıxır ki, biz artıq hər şeyi unutduq. Belə ola bilməz. Faciənin ildönümünün qeyd olunmasını mən belə təsəvvür etmirəm. Azərbaycan xalqına vurulan zərbə, edilmiş təcavüz örtülüb basdırılmışdır. Bu, açılmalıdır və bunu gələcək nəsillər yox, biz açmalıyıq.

İndi oxunan qərar bir daha onu göstərir ki, bu qərarı qəbul edən adamlar xalqa necə böyük xəyanət ediblər. Bəs o komissiya kimlərdən ibarət idi, nə iş görmüşdü? Əgər ümumxalq mənafeyi varsa, hər bir adam öz mövqeyini də, öz həyatını da gərək qurban versin. Ola bilməz ki, bəzi adamları müdafiə edib saxlamaq, onların cinayətlərini ört-basdır etmək üçün xalqa xəyanət edəsən. Mən bununla razılaşa bilmərəm. Mənə elə gəlir ki, 20 Yanvar gününə qədər qalan müddətdə və ondan sonra bu mövzu ictimai-siyasi həyatımızda geniş təhlil olunmalıdır, bütün fəaliyyətimizdə öz əksini tapmalıdır.

Bu faciənin üstünün örtülüb basdırılması fikri bütün kütləvi informasiya vasitələrində də öz əksini tapmalıdır. Mən o vaxt Ali Sovetin sessiyasında çıxış edəndə də demişəm və bu gün də deyə bilərəm: əgər bu qoşunları Azərbaycan rəhbərlərinin razılığı olmadan Sovet İttifaqının rəhbərləri yeritmişdilərsə, Azərbaycanın rəhbərləri həmin qoşunları dərhal çıxara bilərdilər. İki il ondan sonra, 1992-ci ilin 19 yanvarında qərar qəbul olundu ki, qoşunların buradan çıxması üçün lazımi tədbirlər görülsün. Onda artıq Sovet İttifaqı dağılmışdı. Bundan sonra hansı qoşunlar çıxacaqdı ki?

Bakı şəhəri, Azərbaycanın bir neçə rayonu iki il fövqəladə vəziyyət şəraitində yaşadı. Təkcə 20 Yanvar faciəsinə görəmi? Yox, o vaxt bu məsələnin üstünü örtüb basdırmaq, xalqı əzmək üçün Azərbaycanın paytaxtında iki il fövqəladə vəziyyət şəraiti saxlanıldı. Buna heç bir əsas yox idi. Fövqəladə vəziyyət də həmin bu 19 yanvar qərarı ilə götürüldü.

Vətənini sevən adamların hamısı o vaxt deyirdi ki, fövqəladə vəziyyət götürülməlidir. Mənim xatirimdədir ki, sessiyaların birində bir neçə deputat soruşdu, o cümlədən mən də dedim ki, axı bu fövqəladə vəziyyət nəyə lazımdır? Azərbaycanın o vaxtkı rəhbərləri isə cavab verdilər ki, fövqəladə vəziyyət götürülsə vətəndaş müharibəsi baş verəcək. Mən başa düşmürəm, niyə vətəndaş müharibəsi olmalı idi? Vətəndaş müharibəsi kimlə kim arasında olmalı idi?

Mən bu məsələyə vaxtilə bir vətəndaş kimi, Ali Sovetin deputatı kimi öz münasibətimi bildirmişəm. İndi də prezident kimi öz münasibətimi bildirirəm ki, faciənin dördüncü ildönümü sadəcə tədbirlərlə qeyd edilməməli, ictimai-siyasi həyatda geniş təhlil olunmalıdır. Məhz bununla əlaqədar öz fikirlərimi bu gün sizə çatdırıram.

* * *

Bir də qeyd etmək istəyirəm ki, bugünkü iclasdan əsas məqsəd mənim 5 yanvar tarixli fərmanımla yaradılmış komissiyanın işi haqqında hesabatı dinləmək və bu tədbirlərin həyata keçirilməsi barədə öz fikrimi bildirməkdir. Elçin Əfəndiyev bu tədbirlərdən danışdı. Hesab edirəm ki, bu tədbirlər qəbul oluna bilər və həyata keçirilməlidir. Lakin bunlar yalnız 20 Yanvar gününün qeyd edilməsi ilə bağlıdır, yəni həmin günə aid olan tədbirlərdir. Ona görə də mənə elə gəlir ki, komissiya bu işə birtərəfli baxıbdır. Gərək komissiya bu fərmanın ikinci bəndinin müddəalarına da fikir verəydi. Mən Milli Məclisə tövsiyə etmişəm ki, bu məsələyə baxılsın. Fərmanda göstərmişdim ki, bu dörd il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməyibdir. Deməli, bunun üçün müəyyən iş görülməlidir. Təəssüf ki, komissiya bu məsələlərə toxunmayıbdır. Ona görə də mən bugünkü iclasda buraya toplaşanlar qarşısında həmin məsələni bir vəzifə kimi qoyuram.

Burada çıxışlar və fikir mübadiləsi onu göstərdi və sənədlərlə hamımız birlikdə tanış olduqdan sonra şəxsən mən belə qənaətə gəlirəm ki, 20 Yanvar faciəsi bu dörd il müddətində ört-basdır edilib, bu faciənin günahkarları ondan sonra da Azərbaycanda rəhbər vəzifələrdə olublar və həmin faciəni ört-basdır etmək üçün bir komissiya yaradıblar. Bu komissiya Azərbaycan xalqı qarşısında cavabdehdir. Zənnimcə, biz Milli Məclisdə komissiyanın üzvlərindən soruşmalıyıq ki, Azərbaycan xalqının başına gətirilmiş müsibətə nə üçün bu cür münasibət göstəriblər. Onlar buna cavab verməlidirlər.

Lakin məni ən çox təəccübləndirən bir də odur ki, bu qərar 1992-ci il yanvarın 19-da qəbul edilib, həmin ilin mart ayında rəhbərliyin bir qismi hakimiyyətdən gedibdir. 92-ci ilin ortalarında hakimiyyətə yeni şəxslər, əvvəlki hakimiyyətə müxalifətdə olan adamlar gəliblər. Yanvar faciəsinin 1993-cü ildə üçüncü ildönümü olub. Bəs nə üçün bu məsələyə, komissiyanın qərarına münasibət göstərilməyib? Onlar, o vaxtkı hakimiyyətə müxalifətdə olan qüvvələr bu məsələni nə üçün qaldırmayıblar? Mən Xalq Cəbhəsinin nümayəndələrini nəzərdə tuturam. Halbuki, onlardan biri prezident, biri Ali Sovetin sədri, biri Nazirlər Kabinetinin sədri idi, digərləri də rəhbər vəzifələrdə idilər. Tutaq ki, onlar müxalifətdə olanda Yanvar faciəsinin səbəblərini açmağa imkanları olmayıbdır, lakin istəsəydilər imkan tapardılar, çünki komissiyanın tərkibində onların üç nümayəndəsi vardı. O vaxtlar Sabir Rüstəmxanlının AXC-də olub-olmadığı yadımda deyildir. Amma iki nəfər – Xalq Cəbhəsi Məclisinin sədri Tamerlan Qarayev və AXC-nin rəhbərlərindən biri olan Tofiq Qasımov bu komissiyanın tərkibinə daxil edilmişdi. O, bəlkə elə bu komissiyada xidmətlərinə görə deputat seçilibdir. Bəlkə Tamerlan Qarayev də bu komissiyada xidmətlərinə görə Ali Sovetin sədr müavini seçilib. Bəlkə də.

Mən demirəm ki, Xalq Cəbhəsi yalnız bu adamlardan ibarətdir. Yox, AXC böyük bir təşkilatdır. Bu təşkilat 92-ci ilin martından 93-cü ilin iyun ayınadək hakimiyyətdə olmuşdur. Belə isə nə üçün onlar Azərbaycan xalqının başına gətirilmiş bu müsibətin səbəblərini açmadılar? Məgər bu məsələni heç olmasa üç ildən sonra, 93-cü ilin yanvarında açmaq olmazdımı? Bu məsələyə qayıtmaq olmazdımı? Bəs nə üçün etmədilər? Bu, məni həm dəhşətə gətirir, həm də hiddətləndirir. Hətta təəccübləndirir də.

Buna görə də hesab edirəm ki, bu, adi məsələ deyildir. Axı 130-dan artıq adam həlak, şəhid olubdur. 700 nəfər yaralanıbdır, Bakıda neçə-necə bina dağıdılıbdır, şəhərə böyük ziyan vurulubdur. Bunlar məsələnin yalnız bir tərəfidir. Amma ikinci tərəfi ondan ibarətdir ki, Azərbaycan xalqına qarşı təcavüz edilibdir. Təcavüzü də edən Sovet İttifaqının rəhbərliyi və Azərbaycanın rəhbərliyi olubdur. Bu, mənim qəti fikrimdir. Burada "Rusiyanın qoşunları", "rus qoşunları" kəlmələrini işlətmək lazım deyildir. Mən buna etiraz edirəm. O vaxtlar Sovet İttifaqı vardı, onun rəhbərliyi vardı. Sovet İttifaqının başında Qorbaçov və onun ətrafında olan adamlar dururdular. Azərbaycan Kommunist Partiyasının başında Vəzirov, Mütəllibov və onların ətrafındakı adamlar dururdular. Məhz bunlardır. Burada millətin təqsiri yoxdur. İstər rus olsun, istərsə də azərbaycanlı. Bəli, o vaxtkı sovet kommunist rejiminin rəhbərliyi ilə Azərbaycandakı kommunist rejiminin rəhbərliyi Azərbaycan xalqına qarşı birlikdə təcavüz ediblər! Bu, mənim qəti fikrimdir.

Təəssüf ki, xalqın öndə gedən adamları, vəzifədə olanları onun şərəfini, namusunu, mənliyini tapdaladıqları halda, xalq bu dörd ildə buna dözmüşdür. Lakin mən dözə bilmirəm. Bir vətəndaş kimi, mən bu dörd il müddətində bu barədə dəfələrlə səsimi qaldırmışam. O vaxtlar mənim səsimə fikir vermirdilər. Amma indi imkanım var. Hesab edirəm ki, yanvarın 20-dək televiziya və radiomuzda, mətbuat orqanlarında 20 Yanvar faciəsinin səbəbləri, onun günahkarları haqqında və bu faciəni ört-basdır edənlər haqqında, indi ayrı-ayrı yerlərdə cinayət törədib Azərbaycana qarşı təxribat hazırlayanlar haqqında məlumat verilməli, fikirlər söylənilməli, söhbətlər aparılmalıdır və xalq öz sözünü deməlidir.

Burada bəziləri dedilər ki, bu barədə fikir söyləmək qadağan idi. Arif Məlikov dedi ki, nə qədər çalışırdımsa, nəinki ittifaq mətbuatında, hətta respublika mətbuatında bir şey dərc etdirə bilmirdim. İndi hər şey dərc etdirə bilərsiniz. İndi tam azadlıq var, nə istəyirsiniz dərc etdirin. Heç vaxt qorxmayın. Hər şeyi öz adı ilə demək lazımdır: kim, nə üçün, nəyə görə. Adlar da məlumdur, cinayəti edənlər də, onu ört-basdır edən komissiya üzvləri də məlumdur. Odur ki, xalq hər şeyi bilməlidir. Burada mən heç bir məqsəd güdmürəm. Məqsədim budur ki, iclasın əvvəlində dediyim kimi, bizim dövrümüzdə Azərbaycan xalqının başına gətirilmiş bu faciənin səbəblərini açmalıyıq və bunu gələcək nəsillərin üzərinə qoymamalıyıq.

Bu günlərdə Moskva televiziyası belə bir xəbər verdi ki, 21-ci ildə bolşeviklərin etdiyi faciələrin üstü indi, 94-cü ildə açılır. İndi biz gözləyək ki, bu faciənin üstü 70 ildən sonra açılsın? Bəs biz burada nəyik, kimik? Əgər bu gün biz bu məsələ ilə məşğul olmasaq, biz də günahkar olacağıq. Odur ki, qoy heç kəs heç nədən çəkinməsin. Nə özü üçün qorxsun, nə də başqasından. Heç kəs günahını gizlədə bilməz. Mən onu demək istəmirəm ki, bu dəqiqə kimsə cəzaya məhkum edilməlidir. Lakin hər şey bilinməlidir, məsələnin üstü açılmalıdır. Belə də biabırçılıq olarmı ki, Milli Şura qərar çıxarır, amma qərarda bir nəfərin belə adı yoxdur. Milli Şura qərar çıxarır ki, bu, yalnız Moskvanın işidir. O ki qaldı Azərbaycana, rəhbər vəzifələrdə olanlardan kimin günahı varsa, qoy prokurorluq aydınlaşdırsın. Məgər məlum deyilmi ki, bunu Əbdürrəhman Vəzirov edib, məlum deyilmi ki, bunu Mütəllibov edib. Məlum deyilmi ki, bunu başqa adamlar ediblər. Bu, məlumdur.

Hesab edirəm ki, ziyalılarımız çox fəaliyyət göstəriblər, xüsusən yanvarın 20-də, 21-də, 22-də. Amma sonra susublar. Çünki onların bəziləri deputatdır, bəziləri Milli Məclisin üzvüdür. Nə isə, susublar, nədən ötrü susublar? Vəzifəli adamı vəzifədən çıxarırlar, artistin artistliyini, şairin şairliyini ki, əlindən almırlar Yaxud da ki, alimi alimlikdən məhrum etməyəcəklər ki! Qoy alsınlar, qoy məhrum etsinlər. Nə olar?! Xalqımız, nəhayət, həqiqəti bilməlidir, xalqın milli mənliyi, milli iftixarı özünü göstərməlidir! Heç elə şey əla bilərmi ki, xalqımız həmişə təpik altında qalsın! Xalqımız ayağa qalxmalı, dirçəlməlidir.

İndi özünüz gördüyünüz kimi, cəbhələrdə nə qədər cəsur adamlarımız vuruşurlar. Bir təsəvvür edin, əgər bir ay bundan qabaq fərarilik bir problem idisə, indi belə bir problem yoxdur. Hərə bir söz deyirdi: "Fərariləri asıb- kəsək, fərari ora getdi, bura qaçdı". Sizə dediyim kimi, günümün bəlkə də çox hissəsində müdafiə məsələləri ilə məşğulam. İndi müdafiə naziri, baş qərargah rəisi mənə zəng vurub deyirlər ki, qəbul məntəqələrinə, hazırlıq keçilən məntəqələrə o qədər fərarilər gəlirlər ki, onları yerləşdirməyə imkan yoxdur. Bunlar həmin adamlardır, həmin gənclərdir. Deməli, bunlar öz vətəndaşlıq borcunu anlayıblar, onların milli hissləri oyanıbdır. Halbuki bu milli hisslər boğulmuş, əzilmiş, tapdalanmışdı. Elə tapdalandığına görədir ki, ermənilər gəlib torpaqlarımızı işğal etdilər. Bu necə işdir ki, bu böyüklükdə xalqın torpağını bir ovuc erməni gəlib işğal etmişdir? Ona görə ki, milli qürur hissi, milli iftixar hissi, milli mənlik hissi boğulmuşdur. Özü də o adamlar boğmuşdular ki, öz vəzifəsi naminə, öz mənsəbi naminə, öz şəxsi mənfəəti naminə xalqı sıxma-boğmaya salmışdılar.

Mən məmnuniyyət hissi ilə deyə bilərəm ki, indi xalqımız oyanır, ayağa qalxır. Cəbhədə vuruşan gəncləri, komandirləri xüsusi qeyd etmək istəyirəm. Deməliyəm ki, çox bacarıqlı komandirlərimiz var. Mən onlarla daim telefon əlaqəsi saxlayıram. Cəbhə bölgələrində, Beyləqanda, Ağcabədidə, Gəncədə və başqa yerlərdə onlarla görüşdüm. Dəyərli adamlardır, cəsarətlə vuruşurlar. Hər gün şəhid olanlar, həlak olanlar var. Bu da təbiidir, – axı müharibə gedir. İndi Azərbaycanın qəhrəman oğulları erməni silahlı qüvvələrinə layiqli müqavimət göstərirlər. Halbuki, onlar boğulmasaydılar, tapdalanmasaydılar, öz cəsarətini, öz qəhrəmanlığını bir il, iki il, üç il bundan qabaq da göstərə bilərdilər.

Buna görə də hesab edirəm ki, bu mövzu ictimaiyyət tərəfindən geniş müzakirə olunmalıdır, ətraflı fikir mübadiləsi getməlidir. İnformasiya orqanlarımız ciddi iş aparmalıdır, özü də həm yanvarın 20-nə qədər, həm də ondan sonra.

Güman edirəm ki, Milli Məclis yaxın vaxtlarda toplanmalı, orada bu məsələ, yəni 20 Yanvar faciəsi və ondan sonrakı dövr, həmin komissiyanın işi, onun verdiyi qərara qiymət və 20 Yanvar faciəsinə həqiqi qiymət müzakirə olunmalıdır. 1990-cı il yanvarın 22-də qəbul edilmiş qərar müəyyən qədər siyasi qiymət verir, amma çox məhdud xarakter daşıyır. Bu, emosional şəraitdə qəbul edilmiş bir qərardır. 92-ci ildə qəbul olunmuş qərar əvvəlki qərarı, demək olar, alt-üst edir, onun üstündən xətt çəkir. Müxtəsəri, siyasi sənəd qəbul olunmalı və günahkarlar, səbəbkarlar aşkara çıxarılmalıdır.

Mənim deyəcəyim bu qədər. Güman edirəm ki, mənim sözlərimə etiraz yoxdur. Əgər yoxdursa, onda gəlin işə başlayaq. Komissiyanın verdiyi təkliflər qəbul olunur, siz bütün tədbirlərinizi həyata keçirin. Lakin burada irəli sürülən təkliflər əlavə edilsin. Sağ olun.

iacca
iap
business ready
eplc
Ən Tez