20 Yanvar faciəsinin dördüncü ildönümü münasibətilə xalqa müraciəti - 19 yanvar 1994-cü il

Mənim əzizlərim!

Bu gün, tariximizə qızıl qanla yazılmış 20 Yanvar faciəsinin 4-cü ildönümündə Qanlı Yanvarın günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edib, hələ qanı alınmamış şəhidlərimizin ruhu qarşısında baş əyirəm.

Mən azadlığımız uğrunda mübarizədə ölməzliyə qovuşmuş oğul və qızlarımızın ailələrinə, yaxınlarına və əzizlərinə, bir sözlə, Azərbaycan xalqına başsağlığı verir və bu hüznlü çağlarımızda şəhidlərimizin ruhu naminə hamını birləşməyə çağırıram.

Bu gün özümüz özümüz uğrunda, mənəvi dünyamızın paklığı uğrunda ayağa qalxmalıyıq. Faciələr burulğanından xilas olmaq üçün inamımıza sarılıb gələcəyə boylanmalıyıq.

Prezident kimi mənə müraciət edən şəhid ailələri, Azərbaycanın bütün vətəndaşları haqqın, ədalətin tezliklə bərqərar olmasını tələb edirlər. Şəhidlik zirvəsinə ucalmış övladlarımızın Vətən torpağına bəxş etdiyi müqəddəsliyə, gözləri buludlanmış ağsaçlı ana və bacılarımızın əyilməz vüqarına and içərək deyirəm: inanın, bu gün üzərində qara buludların cövlan etdiyi ana torpağımızın düçar olduğu müsibət və fəlakətə son qoyulacaqdır. Qalx, ey müqəddəs xalqımız!

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez