Xəzər şelfində yataqların birgə işlənməsi haqqında Bakıda Azərbaycan dövlət neft şirkəti ilə xarici neft şirkətlərinin konsorsiumu arasında müqavilənin (Əsrin kontraktı) imzalanması mərasimində nitqi - 20 sentyabr 1994-cü il

Xanımlar və cənablar, hörmətli qonaqlar!

Bu gün Azərbaycan Respublikasının həyatında tarixi bir hadisə baş verir. Xəzərin Azərbaycan Respublikasına aid sektorunda "Azəri", "Çıraq" neft yataqlarının və "Günəşli" neft yatağının bir hissəsinin müştərək işlənməsi haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici ölkələrin neft şirkətləri arasında üç il davam edən danışıqlar sona çatmış və müştərək işlər aparılması üçün müqavilənin layihəsi hazırlanıb təqdim edilmişdir.

Bu gün biz Azərbaycanın paytaxtında, Bakıda, bu gözəl "Gülüstan" sarayında müqavilənin imzalanması mərasiminə toplaşmışıq. Müqavilənin imzalanması ilə əlaqədar olaraq Bakıya xarici ölkələrdən dövlət nümayəndələri, qonaqlar gəlmişlər. Bakıya, bu mərasimdə iştirak etməyə gələn qonaqlarımızın hamısını ürəkdən salamlayır, onlara "Xoş gəlmisiniz" deyirəm.

Azərbaycan Dövlət Neft Şirkətinin xarici ölkələrin neft şirkətləri ilə apardığı danışıqlar bu ölkələrin dövlət və hökumətlərinin himayəsi altında olmuş və onlar tərəfindən dəstəklənmişdir. Müqavilənin imzalanması mərasiminə xarici ölkələrin nümayəndə heyətləri gəlmişlər. Bu mərasimdə iştirak edən Amerika Birləşmiş Ştatlarının, Rusiya Federasiyasının, Böyük Britaniya Krallığının, Türkiyə Cümhuriyyətinin, Norveçin nümayəndə heyətlərini ürəkdən salamlayır, onlara "Xoş gəlmisiniz!" deyirəm.

Bu tarixi mərasimdə iştirak edən Türkiyə Cümhuriyyətinin dövlət naziri hörmətli Nəcməddin Cövhərini salamlayıram. Böyük Britaniya Krallığının energetika naziri hörmətli cənab Timoti Eqqarı salamlayıram. ABŞ energetika nazirinin müavini hörmətli cənab Uilyam Uaytı salamlayıram. Norveç dövləti sənaye və energetika nazirinin birinci müavini hörmətli cənab Qunnar Mirvantı salamlayıram. Rusiya Federasiyasının Yanacaq və Energetika Nazirliyi Baş İdarəsinin rəisi hörmətli cənab Stanislav Puqaçı salamlayıram. Bu mərasimdə iştirak etmək üçün zəhmət çəkib Bakıya gələn və bizim sıralarımızda olan Böyük Britaniya parlamentinin üzvlərini, İngiltərə-Azərbaycan Dostluğu Cəmiyyətinin nümayəndə heyətini salamlayıram. Bizim mərasimdə iştirak edən İslam İnkişaf Bankının prezidenti hörmətli cənab Osam Cəfər Fakihi salamlayıram. Azərbaycandakı diplomatik korpusun nümayəndələrini, hörmətli səfirləri, beynəlxalq təşkilatların nümayəndələrini və rəhbərlərini salamlayıram.

Azərbaycan Dövlət Neft Şirkəti xarici ölkələrin neft şirkətləri ilə və onların sonradan birləşdikləri konsorsium ilə üç il müddətində danışıqlar aparmış, müqavilənin layihəsini birlikdə hazırlamışlar. Bu böyük neft şirkətlərinin nümayəndə heyətləri bizim bugünkü mərasimdə iştirak edirlər. Mən onları ürəkdən salamlayıram. "AMOKO" şirkətinin prezidenti cənab Uilyam Laurini salamlayıram. "Bi-Pi" şirkətinin nümayəndə heyətini, onun başçısı, şirkətin prezidenti cənab Con Braunu salamlayıram. "Statoyl" şirkətinin nümayəndə heyətini, onun başçısı cənab Yohan Nik Voldu salamlayıram. "LUKoyl" şirkətinin nümayəndə heyətini, onun başçısı, şirkətin prezidenti cənab Vahid Ələkbərovu salamlayıram. "Mak Dermott" şirkətinin nümayəndə heyətini, onun başçısı cənab Uilyam Vitnisi salamlayıram. «Pennzoyl» şirkətinin nümayəndə heyətini, onun başçısı, şirkətin prezidenti cənab Tomas Hamiltonu salamlayıram. "Remko" şirkətinin nümayəndə heyətini, onun başçısı, şirkətin prezidenti Stiven Remponu salamlayıram. "Türkiyə Petrolleri" şirkətinin nümayəndə heyətini, onun başçısı cənab Sidqi Səncəri salamlayıram. «Yunokal» şirkətinin nümayəndə heyətini, onun başçısı, şirkətin prezidenti cənab Con Ameli salamlayıram. "Delta intənəşnl" şirkətinin nümayəndə heyətini, onun başçısı, şirkətin prezidenti cənab Fateh əl-Albanı salamlayıram.

Hörmətli xanımlar və cənablar!

Neft Azərbaycan Respublikasının və Azərbaycan xalqının ən böyük milli sərvətidir. Azərbaycan qədim dövrlərdən neft diyarıdır, neft və qaz kimi təbii sərvətlərə malikdir. Buna görə də Azərbaycanı Odlar diyarı adlandırırlar. Azərbaycanda neft çıxarılması, ondan istifadə edilməsi, neftin emal olunması böyük tarixə malikdir. 1847-ci ildə Azərbaycanda-Bakıda, Bibiheybətdə ilk dəfə olaraq neft fontan vurmuşdur. Azərbaycanda neftin sənaye üsulu ilə çıxarılması prosesi də o vaxtdan başlanmışdır. 1872-ci ildə Nobel qardaşları Bakıda ilk neft şirkəti yaratmışlar və bununla da Azərbaycan neftindən istifadə etmək üçün, xarici ölkələrin firmaları, xarici kapital ölkəmizə gəlməyə başlamışdır.

Beləliklə, XIX əsrin ikinci yarısında bir sıra dünya ölkələri, inkişaf etmiş dövlətlərin firmaları Azərbaycanda, Bakıda neft çıxarılmasına böyük maraq göstərmişlər. Həmin əsrin sonundan etibarən Bakı neftinin çıxarılması üçün bir çox xarici ölkələrin şirkətləri fəaliyyətə başlamışlar. 1872-ci ildə Azərbaycanda 26 min ton neft çıxarılmışdır. Cari əsrin əvvəlində, 1900-cü ildə Azərbaycanda artıq 10 milyon ton neft hasil olunmuşdur ki, bu da Rusiyada çıxarılan neftin 95 faizini, dünyada çıxarılan neftin isə 50 faizini təşkil etmişdir. XX əsrin birinci 20 ilində də Azərbaycanda xarici ölkələrin neft şirkətləri və yerli sahibkarlar Bakı neftinin çıxarılması, emalı üçün çox böyük fəaliyyət göstərmişlər və Azərbaycanda neft sənayesi inkişaf etmişdir.

Bu dövrü şərti olaraq Azərbaycanda neft sənayesi tarixinin birinci mərhələsi adlandırmaq olar. Həmin dövrdə Bakı neftindən bütün dünyada istifadə edilmişdir. Azərbaycan nefti xarici ölkələrin şirkətlərinə böyük mənfəət gətirmişdir. Azərbaycanda böyük sahibkarlar meydana çıxmış, onlar külli miqdarda mənfəət əldə etmişlər. Həmin dövrdə Azərbaycan neft sənayesinin inkişafı Bakının, ümumiyyətlə, Azərbaycanın inkişafına böyük təkan vermişdir. Azərbaycanın paytaxtı Bakı böyük sənaye şəhərinə çevrilmiş və o vaxtlar Rusiya imperatorluğunun ərazisində ən iri sənaye mərkəzlərindən biri olmuşdur. Qədim tarixə malik olan Bakımız həmin dövrdə yeni sima kəsb etmiş, genişlənmiş, gözəlləşmişdir və burada o vaxtın tələblərinə uyğun müasir binalar, istehsal müəssisələri, zavodlar, digər sənaye obyektləri tikilmişdir. Bu gün biz həmin mərhələdə görülmüş işləri layiqincə qiymətləndirməli və Azərbaycanın, Bakının inkişafında neftimizin böyük rol oynadığını qeyd etməliyik.

1918-ci ildə ölkəmizdə demokratik dövlət yaradılmış, Azərbaycan öz müstəqilliyini əldə etmiş, iki ilə yaxın müddətdə müstəqil dövlət kimi yaşamış, bu dövlət xalqımıza mənsub olan sərvətlərdən onun rifahı naminə istifadə edilməsi üçün səylər göstərmişdir. Lakin təəssüflər olsun ki, bu səylər istənilən nəticəni verməmişdir. Çünki 1920-ci ildə Azərbaycan demokratik dövləti süquta uğramışdır.

Həmin il Azərbaycanda sovet sosialist hakimiyyəti qurulmuşdur. Bundan sonra 70 il ərzində Azərbaycan həmin quruluş şəraitində, Sovet İttifaqının tərkibində olmuşdur. Azərbaycan xalqının ən böyük sərvəti olan neftdən Sovet İttifaqının mənafeyi naminə istifadə edilmişdir. Həmin dövrü neft sənayesinin həyatında ikinci dövr adlandırmaq olar. Bu dövrdə Azərbaycanın neft sənayesi sürətlə inkişaf etmişdir. Sovet İttifaqının sənayesinin və iqtisadi qüdrətinin, sənaye potensialının inkişafı üçün Azərbaycanın neft sənayesi çox lazımlı olduğuna görə buraya böyük səylər yönəldilmişdir. Odur ki, Azərbaycanda neft sənayesinin inkişafında mühüm nailiyyətlər qazanılmışdır.

O dövrdə Azərbaycan neftçilərinin böyük ordusu yaranmışdır. Azərbaycan neft və qaz sənayesi sürətlə inkişaf etmiş, böyük müəssisələr inşa olunmuşdur. Neft sahəsində böyük elm ocaqları, elmi-tədqiqat institutları yaradılmışdır. Neft sənayesi üçün yüksək səviyyəli mütəxəssislər hazırlamaq məqsədi ilə institut, indi Neft Akademiyası adlandırılan institut açılmışdır. Azərbaycan neftçiləri, mütəxəssisləri, alimləri, bir sözlə neft sahəsində çalışan bütün adamlar respublikanın neft sənayesinin inkişafı üçün fədakarcasına işləmiş, Azərbaycanın tarixinə şanlı səhifələr yazmışlar.

Dediyim kimi, Azərbaycan neftindən onun özünün deyil, bütün Sovet İttifaqının inkişaf etməsi üçün istifadə olunmuşdur. 1941-1945-ci illərin ikinci dünya müharibəsi dövründə Azərbaycan nefti bütün ölkədə çıxarılan neftin 75 faizini təşkil etmişdir. Həm də Azərbaycanın neft sənayesi, bizim neftçilərimiz bütün dünya üçün təhlükəli olan alman faşizminin məğlubiyyətə uğradılmasında, məhv edilməsində böyük xidmət göstərmişlər.

Sovet İttifaqının hər yerində yeni neft yataqlarının aşkara çıxarılmasında, onların istismar edilməsində Azərbaycanın neft sahəsində çalışan alimlərinin, mütəxəssislərinin, neftçilərimizin güclü fəaliyyəti olmuşdur.

Təsadüfi deyildir ki, onların səyləri və əməyi sayəsində Sovet İttifaqı ərazisində aşkara çıxarılan yeni neft yataqları "İkinci Bakı", "Üçüncü Bakı" və "Dördüncü Bakı" adlandırılmışdır. Rusiyanın ən böyük neft yataqları olan Sibir, Tümen yataqlarının kəşf və istismar olunmasında, orada böyük neft və qaz komplekslərinin yaradılmasında Azərbaycan neftçilərinin əvəzsiz xidmətləri var və indiyədək də onlar həmin bölgələrdə çalışan neftçilərin əksəriyyətini təşkil edirlər.

Bu gün mən bütün bu məlumatları qonaqlarımıza çatdırmağı, Azərbaycan xalqına bir daha xatırlatmağı lazım bilirəm. Çünki bunların hamısı Azərbaycan xalqının fəxridir, şöhrətidir, xalqımızın, neftçilərimizin dünya iqtisadiyyatına göstərdikləri böyük xidmətlərdən xəbər verir.

Azərbaycan neftçilərinin böyük nailiyyətlərindən biri də ondan ibarətdir ki, onlar Xəzərdə neft çıxarılması üçün çox çalışmışlar. Bu sahədə istər 1920-ci illərin əvvəllərində, istərsə də 1930-cu illərdə bir çox addımlar atılmış, lakin Xəzər dənizində bol neft çıxarılmasına 1949-cu il noyabrın 7-dən başlanmışdır. Həmin gün Xəzərin indi Neft Daşları adlandırdığımız sahəsində neft quyusu ilk dəfə fontan vurmuşdur.

Azərbaycanın dəniz neftçilərinin təcrübəsi ötən 45 il ərzində istər keçmiş Sovet İttifaqında, istərsə də dünyanın bir çox ölkələrində dənizin dərin qatlarından neft çıxarılması üçün örnək olmuşdur. Azərbaycan alimlərinin, neftçilərinin bu sahədə xidmətləri böyükdür. Bildiyiniz kimi, üç il bundan qabaq xalqımız öz azadlığını əldə etmiş, Azərbaycan müstəqil respublika olmuşdur. Azərbaycan xalqı öz taleyinin sahibinə çevrilmişdir. Xalqımız öz təbii sərvətlərindən özü istədiyi kimi istifadə etmək imkanları qazanmışdır. Beləliklə, Azərbaycanın həyatında yeni dövr başlanmışdır. Neft sənayemizin tarixində də şərti olaraq üçüncü mərhələnin bünövrəsi qoyulmuşdur. İndi biz yeni mərhələdə müstəqil Azərbaycan Respublikasının iradəsini ifadə edərək, onun öz təbii sərvətlərindən istifadə etməsi üçün lazımi tədbirlər görürük. Son üç il ərzində xarici ölkələrin neft şirkətləri ilə danışıqlar aparılmış və sazişlər əldə edilmişdir.

Bu gün, bu tarixi gündə, Azərbaycanda neftin sənaye üsulu ilə hasil və emal edilməsinə başlandığı dövrdən təxminən 150 il sonra, mən Azərbaycan neftçilərinin bütün nəsillərinə, respublikamızın neft sahəsində çalışan alimlərinin, mütəxəssislərinin, mühəndislərinin və fəhlələrinin hamısına bu dövrdə təbii sərvətlərimizi çıxarıb xalqımızın rifahının müəyyən qədər yaxşılaşmasına səy göstərdiklərinə görə, fədakar əməklərinə görə, böyük elmi kəşflərinə görə təşəkkürümü bildirirəm və onları indiyədək qazandıqları nailiyyətlər münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycanda neftin sənaye üsulu ilə istehsalına başlandığı vaxtdan indiyədək ölkəmizin ərazisində yerin təkindən – quruda və suda 1 milyard 325 milyon ton neft çıxarılmışdır. Xəzərin Azərbaycana aid hissəsində 45 ildə 400 milyon ton neft hasil edilmişdir. Bu müddətdə eyni zamanda 400 milyard kubmetrədək qaz çıxarılmışdır. Bütün bunlar böyük nailiyyətlərdir və gələcəkdə Azərbaycan Respublikasının iqtisadiyyatının, neft sənayesinin inkişafı üçün böyük əsas və təməldir.

Biz ötən dövrlərdə nə qədər çox neft çıxarsaq da, nə qədər böyük nailiyyətlər əldə etsək də, bir həqiqəti nəzərə çarpdırmalıyıq ki, son vaxtlaradək, yəni Azərbaycanın müstəqilliyi əldə olunan dövrədək xalqımız heç vaxt öz təbii sərvətlərinin sahibi olmamışdır. 1920-ci ilə qədər neftimiz həm xarici neft şirkətləri tərəfindən, həm də Azərbaycanın öz sahibkarları tərəfindən hasil edilsə də, Azərbaycanın, xüsusən Bakının inkişafı üçün böyük işlər görülsə də, xalq bu sərvətin sahibi deyildi.

1920-ci ildən başlayaraq, Azərbaycanın həyatında çox böyük dəyişikliklər baş vermişdir. Azərbaycan iqtisadiyyatı inkişaf etdirilmiş, respublikada nəhəng sənaye potensialı, elmi potensial yaradılmış, neft sənayemiz böyük tarixi yol keçmişdir. Ancaq yenə də Azərbaycan öz neftinin yeganə və tam sahibi olmamışdır. Bütün bu sərvətlərimiz özümüzə yox, sovet dövlətinə məxsus olmuşdur. İndi isə biz yeni bir mərhələdə yaşayırıq. Azərbaycan Respublikası müstəqil dövlətdir. Azərbaycan xalqı öz təbii sərvətlərinin sahibidir. Bu sərvətlərdən necə istifadə edilməsini xalqımızın özü sərbəst surətdə müəyyənləşdirir.

Neft yataqlarımızın müştərək işlənməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici ölkələrin aparıcı neft şirkətləri arasında danışıqlar üç il ərzində məhz bu prinsiplər əsasında aparılmışdır. Şübhəsiz, danışıqlar hamar yolla getməmişdir. Burada çətinliklər də olmuşdur, enişlər və yoxuşlar da. Lakin danışıqlar, nəhayət, başa çatdırılmışdır. Xarici ölkələrin zəngin təcrübəli böyük neft şirkətlərinin Azərbaycan neftinə marağı təbii haldır və biz bunu məmnuniyyətlə qəbul etmişik. Elə özümüz də buna böyük maraq göstərmişik və göstəririk.

Keçmiş dövrlərdən fərqli olaraq, indi bu məsələlər barədə Azərbaycan Respublikası hər bir ölkə ilə, o cümlədən bu neft şirkətlərinin mənsub olduqları ölkələrlə, xarici dövlətlərin neft şirkətləri ilə müstəqil surətdə danışıqlar aparır və danışıqlarda öz prinsiplərinin qəbul edilməsinə çalışır. Xəzərin Azərbaycana aid sektorundakı "Azəri" və "Çıraq" neft yataqlarının, "Günəşli" neft yatağının bir hissəsinin müştərək işlənməsi haqqında müqavilə Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici ölkələrin neft şirkətləri arasında danışıqlar nəticəsində, nəhayət, hazırlanıb başa çatdırılmışdır. Bu müqavilə mənə, Azərbaycan prezidentinə təqdim edilmişdir. Sizə məlum olduğu kimi, sentyabrın 14-də müqavilənin layihəsi təhlil edildikdən sonra mən onun Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən imzalanması haqqında fərman vermişəm. Xarici ölkələrin neft şirkətləri də layihənin imzalanması haqqında qərar qəbul etmişlər. Bu şirkətlərin mənsub olduqları ölkələrin dövlət rəhbərləri də xeyir-dua vermişlər. Bütün bunların nəticəsində indi biz buraya, müqavilənin imzalanması mərasiminə toplaşmışıq.

Açıq demək istəyirəm, müqavilədə Azərbaycan tərəfinin istək və arzularının heç də hamısı öz əksini tapmamışdır. Lakin biz başa düşürük ki, hər hansı bir müqavilə hər iki tərəfin mənafelərini təmin etməlidir. Qərb neft şirkətlərinin konsorsiumu öz mənafelərini təmin etməyə çalışmış, Azərbaycan Dövlət Neft Şirkəti isə Azərbaycan Respublikasının milli mənafelərini təmin etməyə səy göstərmişdir. Deyə bilərəm ki, görülən böyük və gərgin işin nəticəsində, tərəflərin məsələyə yüksək məsuliyyətlə yanaşması nəticəsində, nəhayət, hər iki tərəfin mənafelərinə cavab verən layihə hazırlanmışdır. Ona görə də mən bu gün imzalanacaq müqaviləni Azərbaycan Respublikasının indisi və gələcəyi üçün iqtisadi baxımdan mənfəətli hesab edirəm və onun imzalanmasına qərar vermişəm.

Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir. Azərbaycanda demokratik prinsiplərin bərqərar olması və inkişaf etməsi üçün geniş meydan açılmışdır. Azərbaycan Respublikası bazar iqtisadiyyatı yolu ilə getmək əzmindədir. Bu müqavilənin imzalanması bazar iqtisadiyyatının Azərbaycanda həyata keçirilməsi üçün ilk böyük addımdır. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər sahələrdə çalışan şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq, müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatında və ictimai-siyasi həyatında hökm sürən sabitliyi dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla müqavilədə iştirak edən şirkətlərin mənsub olduqları böyük ölkələrlə – Amerika Birləşmiş Ştatları, Rusiya, İngiltərə, Türkiyə, Norveç kimi dövlətlərlə dostluq əlaqələrinin, iqtisadi əməkdaşlığın və ümumiyyətlə, bütün sahələrdə əlaqələrin möhkəmlənəcəyinə ümid bəsləyirik.

Beləliklə, müqavilənin imzalanması üçün gözəl şərait yaranmışdır və biz bu gün böyük bir hadisənin şahidiyik. Müqavilənin imzalanması Azərbaycan Respublikasının həyatında, iqtisadiyyatında və xüsusən neft sənayesində yeni bir mərhələ açır. Müqavilə 30 il müddətinə bağlanır. Deməli, qarşımızda uzun bir yol var və böyük işlər, böyük vəzifələr durur. Müqaviləni hazırlayanlar yaxşı bilirlər, lakin mən buraya toplaşanlara, bütün Azərbaycan xalqına bəyan etmək istəyirəm ki, bu müqavilənin bağlanması nə qədər çətin idisə, onun həyata keçirilməsi ondan da çətin olacaqdır. Müqavilənin hər iki tərəf üçün, o cümlədən Azərbaycan xalqı üçün, müstəqil Azərbaycan Respublikası üçün mənfəəti və müsbət nəticələri onun ardıcıl surətdə icrasından asılıdır. Müqavilə ikitərəfli hərəkət olan yola bənzəyir: gərək hər iki tərəf eyni sürətlə hərəkət etsin. Şübhəsiz ki, burada xarici neft şirkətlərinin üzərinə çox böyük vəzifələr düşür. Ümidvar olduğumu bildirmək istəyirəm ki, həmin şirkətlər və onların mənsub olduqları ölkələrin dövlət orqanları bu müqavilənin həyata keçirilməsi üçün vaxtında lazımi tədbirlər görəcəklər.

Azərbaycan Respublikasının üzərinə düşən vəzifələr daha çətin, daha ağırdır. Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatı ağır böhran içərisindədir. Neft sənayesində də böyük çətinliklər yaranmışdır. Məhz bu böhrandan çıxmaq, Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək, xalqımızın rifahını qısa müddətdə lazımi səviyyəyə qaldırmaq üçün hamı əl-ələ verib müqavilənin həyata keçirilməsinə çalışmalıdır. Ümidvaram ki, Azərbaycanın qəhrəman və təcrübəli neftçiləri, alimləri, mütəxəssisləri, iqtisadiyyatımızda bu sahə ilə məşğul olan şəxslər, bir sözlə, hamı bu vəzifəni ən böyük, ən şərəfi vəzifə kimi qəbul edib, onun həyata keçirilməsinə çalışacaqdır. Mən Azərbaycan prezidenti kimi, bu müqavilənin imzalanmasına qərar verərək öz məsuliyyətimi hiss edirəm, sizə söz verirəm ki, onun həyata keçirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Bu gün bu təntənəli və möhtəşəm mərasimdə mən Azərbaycan neftçilərini, Azərbaycan xalqını, bütün Azərbaycan vətəndaşlarını bu əlamətdar tarixi hadisə münasibətilə təbrik edirəm. Azərbaycan Dövlət Neft Şirkətinin bu sahədə çalışan nümayəndə heyətinin əməyini, ümumiyyətlə, şirkətin bu sahədə gördüyü işləri qiymətləndirirəm və onları nail olduqları müvəffəqiyyətlər münasibətilə təbrik edirəm. Bu müqavilənin hazırlanıb başa çatdırılması üçün böyük işlər görmüş olan xarici ölkələrin neft şirkətləri konsorsiumunun rəhbərlərini, həmin şirkətlərin işçilərinin hamısını ürəkdən təbrik edir, onlara xoş arzularımı yetirir və əmin olduğumu bildirmək istəyirəm ki, əməkdaşlığımız uğurlu olacaqdır.

Xarici neft şirkətlərinin mənsub olduqları ölkələrin – ABŞ-ın, Rusiyanın, Böyük Britaniyanın, Türkiyənin, Norveçin dövlət və hökumət başçılarını bu hadisə münasibətilə ürəkdən təbrik edirəm.

Biz bu müqavilə əsasında sıx birləşir, böyük əməkdaşlığa başlayırıq və mən şübhə etmirəm ki, əməkdaşlığımız uğurlu olacaqdır, buna maneçilik törədən bütün qüvvələr dəf ediləcəkdir, müstəqil Azərbaycan Respublikası öz taleyinin, öz sərvətlərinin sahibi kimi, bu əməkdaşlıq sayəsində dünya birliyində, dünya iqtisadi birliyində öz layiqli yerini tutacaqdır.

Sizi, bu mərasimə toplaşanları, bütün bu məsələlərə müsbət maraq göstərənlərin hamısını bir daha ürəkdən təbrik edir, müqavilənin imzalanması uçun xeyir-dua verirəm. Xeyirli olsun, uğurlu olsun. Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə bu müqavilənin bu gün burada imzalanmasını ürəkdən təbrik edirəm. Sağ olun.

MÜQAVİLƏ İMZALANDIQDAN SONRA TƏBRİK SÖZÜ

Hörmətli xanımlar, cənablar, qonaqlar!

Müqaviləyə imza atıldı, müqavilə imzalandı. Müqaviləni bütün şirkətlərin – həm xarici ölkələrin şirkətlərinin rəhbərləri, həm də Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərləri imzaladılar. Eyni zamanda, müqaviləyə bizim mərasimdə iştirak edən xarici ölkələrin dövlət nümayəndə heyətlərinin başçıları da imza atdılar.

Artıq yolun çox hissəsini keçdik, bu yolun son nöqtəsinə çatdıq. Müqavilə imzalandı. Bu münasibətlə mən sizi, Azərbaycan Respublikasının bütün vətəndaşlarmı təbrik edirəm.

MÜQAVİLƏNİN İMZALANMASI MƏRASİMİNDƏ

YEKUN NİTQİ

Hörmətli xanımlar, cənablar!

Hörmətli qonaqlar!

Üç il müddətində hazırlanan müqavilənin imzalanma mərasimi sona çatır. Müqavilə artıq imzalanıbdır. Mən müqavilə imzalanmamışdan əvvəl çıxış etmişəm. Ona görə də müqavilənin imzalanması münasibətilə sizi, Azərbaycan xalqını, bu müqavilənin digər tərəfi olan xarici ölkələrin şirkətlərini, bu müqaviləyə qoşulan xarici ölkələrin dövlət başçılarını, nümayəndə heyətlərini, hamınızı səmimi-qəlbdən təbrik edirəm.

Xarici ölkələrdən gəlmiş nümayəndə heyətlərinin başçıları, şirkətlərin rəhbərləri müqavilə imzalanandan sonra çıxış etdilər, müqavilənin məzmunu, mahiyyəti və gələcək əhəmiyyəti haqqında gözəl fikirlər söylədilər. Bütün çıxışlarda eyni fikir bəyan edildi ki, müqavilə həm Azərbaycan Respublikası üçün, həm də sənədə imza atmış xarici ölkələrin şirkətləri üçün mənfəətlidir.

Çıxışlarda Azərbaycan xalqının, müstəqil Azərbaycan Respublikasının ünvanına xoş sözlər deyildi, xoş arzular bildirildi. Mən bu sözlərə görə minnətdaram və mərasimin sona çatdığı anda bir daha demək istəyirəm ki, bu müqavilə Azərbaycan Respublikasının Dünya Birliyində layiqli yer tutmasına kömək edəcək, ölkəmizin iqtisadiyyatını dünya iqtisadiyyatı, sərbəst bazar iqtisadiyyatı ilə sıx bağlayır. Ən ümdəsi isə ondan ibarətdir ki, bu müqavilə Azərbaycan xalqının bu gününə, gələcəyinə böyük mənfəətlər verəcək, onun rifah halının yüksəlməsi üçün zəmin yaradacaqdır.

Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər.

Sizi bir daha təbrik edirəm. Bununla da müqavilənin imzalanma mərasiminin birinci hissəsini bitmiş hesab edirəm. Sizin hamınıza, bütün Azərbaycan xalqına xoşbəxtlik, səadət, bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun. Xeyirli, uğurlu olsun.

MÜQAVİLƏNİN İMZALANMASI MƏRASİMİ

BAŞA ÇATDIQDAN SONRA MƏTBUAT

KONFRANSINDA BƏYANATI1

Hörmətli qonaqlar, mətbuat işçiləri!

Bu gün biz sizinlə birlikdə tarixi bir hadisənin şahidiyik. Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici ölkələrin neft şirkətlərinin uzun müddət birlikdə hazırladıqları müqavilə imzalandı. Bu müqavilənin məzmunu, mahiyyəti və onun imzalanması üçün əsaslar haqqında bir neçə gün öncə mən mətbuat nümayəndələri qarşısında məlumat verdim və bu barədə ətraflı danışdım. Müqavilənin imzalanması üçün sentyabrın 14-də fərman vermişəm. Bu fərmanda da müqavilənin əsas məzmun və mənasını, istər Azərbaycan üçün, istərsə də xarici neft şirkətləri üçün əhəmiyyətini qeyd etmişəm. Fərman qəzetdə dərc olunmuş və onun rus və ingilis dillərində mətni bu gün burada paylanmışdır. Mən bu barədə bu gün müqavilənin imzalanması mərasimində də müəyyən fikirlər söylədim. Buna görə də təkrar etməyə ehtiyac yoxdur.

Xarici ölkələrin nümayəndə heyətlərinin başçıları da buradadırlar. Onlar da mərasimdə çıxış edərək öz fikirlərini söyləmişlər. Zənnimcə, bütün bunları nəzərə alaraq, yenidən məlumat verməyə ehtiyac yoxdur. Mətbuat konfransı üçün yarım saat vaxt ayrılmışdır. Bu müddət ərzində mən və mənim qonaqlarım sizin suallarınıza cavab verməyə hazırıq.

Sual : Bu müqavilənin imzalanması Azərbaycana nə kimi siyasi fayda verəcək?

H. Əliyev : Bilirsinizmi, müqavilə iqtisadi xarakter daşıyır. Mən onun iqtisadi cəhətdən səmərəliliyi barədə bir neçə dəfə danışmışam. Bunu 14 sentyabr tarixli fərmanımda da qeyd etmişəm. Müqavilədə nəzərdə tutulan iqtisadi göstəricilər də məlumdur. Mən bugünkü çıxışımda da qeyd etdim ki, müqavilə Azərbaycan Respublikası ilə xarici şirkətlərin mənsub olduqları dövlətlər arasında əlaqələrin inkişafına, şübhəsiz, xeyli təkan verəcəkdir. Elə bunun özü böyük bir nailiyyətdir. Lakin bir halda ki, 30 il müddətində müştərək fəaliyyət göstəriləcək, ölkələrimiz inkişaf edəcəksə, şübhəsiz, bunun siyasi nəticələri də olacaqdır. Hər bir iqtisadi müqavilə eyni zamanda siyasi nəticələr verir.

Sual: Məlum olduğu kimi Rusiyanın istər xarici işlər naziri, istərsə də yanacaq və energetika naziri dəfələrlə bildirmişlər ki, Xəzərin statusu müəyyənləşdirilməyincə, buradakı neft yataqlarının birgə işlənməsi sahəsində xarici şirkətlərin fəaliyyətini Rusiya tanımayacaqdır. Lakin bu gün müqavilə artıq imzalanmışdır. İndi Rusiyanın müqavilə ilə əlaqədar mövqeyi necə olacaq?

H. Əliyev : Əvvəla, Rusiyanın "LUKoyl" şirkəti konsorsiumun iştirakçısıdır. İkincisi, Rusiya Yanacaq və Energetika Nazirliyinin nümayəndəsi, bu nazirliyin Baş İdarəsinin rəisi Stanislav Puqaç bizim mərasimdə iştirak edir. O, sənədin imzalanması mərasimində çıxış etmişdir. Əgər siz cənab Stanislav Puqaçın çıxışına diqqətlə qulaq assaydınız, öz sualınıza cavab almış olardınız. O bildirdi ki, keçən ilin oktyabrında Azərbaycan ilə Rusiya arasında bu barədə müqavilə imzalanmışdır.

Sual : Hörmətli prezident, bir neçə gündən sonra Sizin ABŞ-a səfəriniz gözlənilir. Siz bugünkü tarixi müqavilənin imzalanmasından sonra Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması məsələsində Qərb ölkələrinin, ən əvvəl, ABŞ və İngiltərənin daha fəal mövqe tutacağına ümid bəsləyirsinizmi? Ümumiyyətlə, Amerikaya Sizin səfərinizdən nə gözləmək olar?

H. Əliyev: Azərbaycanla Ermənistan arasında münaqişənin, Ermənistanın Azərbaycana etdiyi təcavüzün qarşısının alınmasında Qərb dövlətlərinin, ən əvvəl beynəlxalq təşkilatlarda böyük nüfuzu olan ölkələrin səy göstərəcəklərinə mən həmişə ümid bəsləyirəm. Mən indi də bu ümidlə yaşayıram. Bu ümidlər məndə qarşıdakı səfər ərəfəsində də qalır.

Sual : Heydər bəy, Siz sentyabrın 16-da keçirdiyiniz brifinqdə verdiyiniz bəyanatda bildirdiniz ki, bağlanan müqavilə Azərbaycanı heç də tam qane edən şəkildə deyildir. Buna baxmayaraq, Siz bu addımı atır və müqaviləni imzalayırsınız. Lütfən, bu fikrinizi açıqlayın və yeni müqavilənin Elçibəy dövründə hazırlanmış müqavilədən nə kimi üstün cəhətləri olduğunu göstərin. Heydər bəy, ikinci sualım belədir: Müxalif qüvvələr bu müqavilənin imzalanmasını prinsipcə müsbət qiymətləndirirlər. Sizin bu xəbərlərə münasibətiniz necədir?

H. Əliyev : Əvvəla, deməliyəm ki, hər bir müqavilə, saziş bağlandıqda tərəflərdən hər biri çalışır ki, daha çox mənfəət götürsün. Dəfələrlə demişəm ki, neft Azərbaycanın ən böyük milli sərvətidir. Mən də, Azərbaycanın prezidenti kimi, bu sərvətdən istifadə edərək daha çox mənfəət götürülməsinə çalışmışam. Danışıqların İstanbulda və Hyustonda aparılmış son mərhələlərində bunun üçün göstərdiyimiz səylər müsbət nəticə vermişdir. Amma müqavilə hər iki tərəfin razılığı əsasında olmalıdır. Odur ki, hər bir şərtimizi əks tərəf qəbul etməsə, onda müqavilə də baş tutmaz. Hər halda istədiklərimizin çoxuna nail olmuşuq. Amma hər iki tərəf üçün bunun da bir həddi var. O həddi keçdikdə müqavilə də pozula bilər. Buna görə də biz bu həddə razılığa gəlmişik.

O ki qaldı ikinci sualınıza, əvvəlki layihə ilə indiki layihənin fərqi çoxdur. Mənim bu il 4 fevral tarixli fərmanımdan sonra Bakıda, İstanbulda və Hyustonda aparılan danışıqlar nəticəsində əvvəlki layihədən fərqli olaraq Azərbaycan üçün çox mənfəətli göstəricilər əldə edilmişdir. Keçən il müqaviləyə dair danışıqlar dayandırıldıqdan sonra aparılan danışıqlar, zənnimcə, çox uğurlu olmuşdur. Bunu xarici ölkələrin neft şirkətlərinin nümayəndələri də etiraf edirlər. Əgər konkret məlumat almaq istəyirsinizsə layihəni götürüb nəzərdən keçirə bilərsiniz.

Mən belə başa düşdüm ki, siz müxalifətin adından çıxış edir və deyirsiniz ki, müxalifət müqaviləni bəyənir. Mən Azərbaycan xalqının milli mənafeləri mövqeyində duran adamam. Buna görə də Azərbaycan Respublikası vətəndaşlarının hər bir qrupu, hər bir təbəqəsi mənim üçün Azərbaycan vətəndaşları kimi qiymətlidir. Əgər sizin dediyiniz müxalifət bunu bəyənirsə, bu, şübhəsiz, onu göstərir ki, bu məsələlərə onlar da dövlətçilik mövqeyindən yanaşırlar. Bu, müsbət haldır.

Sual : Cənab prezident, çıxışınızda qeyd etdiniz ki, neft müqaviləsinin imzalanması xarici dövlətlərə Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olduğunu nümayiş etdirir. Bilmək istərdim, bu gün cəbhədə atəşin dayandırılması ilə neft müqaviləsinin imzalanması arasında nə kimi bağlılıq var? İkinci sualım xarici şirkətlərin nümayəndələrinədir. Əgər gələcəkdə bu müqavilənin taleyi üçün hər hansı təhlükə yaranarsa, onların mənsub olduqları dövlətlər buna necə münasibət göstərəcəklər?

H. Əliyev : Atəşin dayandırılması ilə bu müqavilənin imzalanması arasında elə bir əlaqə yoxdur. Atəş bundan dörd ay əvvəl dayandırılmışdır. Atəşkəs indi də davam edir. Bu, Ermənistanla Azərbaycan arasında gedən müharibəyə son qoymaq, münaqişəni sülh yolu ilə aradan qaldırmaq üçün atdığımız addımdır.

Bildiyiniz kimi, müqavilə ilə əlaqədar üç ildir danışıqlar aparılır. Qeyd etdim ki, mən bu işin daha da sürətləndirilməsi üçün fevralın 4-də fərman vermişəm. Son 45 gündə Hyustonda danışıqlar getmişdir. Hər iki tərəfi qane edən bu razılaşma sadəcə olaraq indi əldə edilmişdir və buna görə də müqavilə indi bağlanır. Əgər razılıq altı ay bundan əvvəl əldə edilsəydi, müqavilə də onda imzalanardı.

İkinci sualınıza qonaqlardan birisi cavab verəcəkdir.

Uilyam Uayt (ABŞ energetika nazirinin müavini): Bu müqavilənin həyata keçirilməsini təmin etmək üçün ABŞ hökuməti ilə Azərbaycan hökuməti birgə çalışacaqlar. Müqavilənin həyata keçirilməsi sayəsində neft hasilatının artırılması hər iki tərəfin mənafeyinə uyğundur. Təhlükəsizlik və ətraf mühitin çirklənməsi məsələlərinə də xüsusi diqqət yetiriləcəkdir.

Sual : Müqavilə artıq imzalandı, çox güman ki, hasil ediləcək neftin xarici bazara çıxarılması məsələsi də tezliklə qarşıda duracaqdır. Bununla əlaqədar olaraq təklif edilən marşrutlardan hansına üstünlük veriləcəkdir?

H. Əliyev : Bilirsinizmi, müqavilədə üç məsələ qeyd edilmişdir. İlk 18 ayda neft hasilatına başlanacaq. 48 ay müddətində neftin çıxarılması tam şəkildə təmin ediləcək. Çıxarılan neftin xarici şirkətlər tərəfindən ixrac edİlməsi üçün boru kəməri 54 aydan gec olmayaraq çəkiləcəkdir. Boru kəmərinin çəkilişi haqqında əlavə danışıqlar aparılacaq. Şübhəsiz ki, bütün mövcud variantlar təhlil ediləcək və hansı daha əlverişli olsa, biz də onun barəsində razılığa gələcəyik. Nəcməddin bəy, Siz nə deyə bilərsiniz?

Nəcməddin Cövhəri (Türkiyənin dövlət naziri) Mən onu əlavə edə bilərəm ki, Anadoludan keçəcək boru kəməri yalnız Azərbaycan nefti üçün deyildir. Bu kəmər Qazaxıstan neftinin də Aralıq dənizi sahilinə, Qərbə nəql edilməsi üçün nəzərdə tutulmuşdur. Çünki 1936-cı il Montrö müqaviləsinə görə boğazlardan (Türkiyənin Bosfor və Dardanel boğazları nəzərdə tutulur – AzərTAC) keçmək hüququna malik gəmilər boğazların mənsub olduğu ölkənin təhlükəsizlik və gömrük qaydalarına riayət etməlidir. Montrö müqaviləsinin imzalandığı dövrdə dünyanın ən böyük tankerlərinin subasımı 20-30 min ton idi. Bu gün 200-300 min tonluq tankerlərin İstanbuldan keçməsi mümkün deyildir. Çünki boğazların sahilində 12 milyon əhalisi olan bir şəhər yerləşir. Buna görə də Anadoludan keçəcək neft kəmərlərinə ehtiyac var. İstər Azərbaycandan olsun, istərsə də Qazaxıstandan – fərqi yoxdur. Hörmətli cümhurbaşkanının bəyanatına əlavə olaraq demək istədiklərim bunlardır.

Sual : Cənab prezident, çıxışlarda bildirildi ki, həll edilməli olan hələ bir sıra məsələlər, problemlər, bəzi maneələr aradan qaldırılmalıdır. Xahiş edirəm, bu fikri açıqlayasınız. Maneələri hansı müddətlərdə aradan qaldırmaq niyyətindəsiniz?

H. Əliyev : Zənnimcə, müqavilənin həyata keçirilməsi üçün elə bir maneə yoxdur. Qarşıya çıxan xırda və cari məsələləri həll edəcəyik. Qoy heç kəs elə güman etməsin ki, Azərbaycan parlamenti müqavilənin nəzərdən keçirilməsini uzadacaqdır. Ümidvaram ki, parlament onu təsdiqləyəcək və burada göstərildiyi kimi, müqavilə elə həmin gündən də qüvvəyə minəcəkdir.

Timoti Eqqar (Böyük Britaniyanın energetika naziri): Mənə elə gəlir ki, neft şirkətləri nümayəndələrinin də çıxışlarında qeyd edildiyi kimi, ən mühüm məsələ odur ki, bu müqavilə Azərbaycanın neft yataqlarının birgə işlənməsinə, Azərbaycanda neft hasilatının daha da artırılmasına doğru aparan yolun başlanğıcıdır. İngiltərənin Şimal dənizindəkİ təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, burada qarşıya çıxacaq bir sıra problemləri aradan qaldırmaq mümkün olacaqdır. Azərbaycan Respublikası ilə konsorsiumdakı neft şirkətlərinin mənsub olduqları ölkələr arasında yüksək səviyyəli əlaqələr, habelə Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətlərinin konsorsiumu arasında yaranmış qarşılıqlı anlaşma məndə heç bir şübhə yeri qoymur ki, ortaya çıxan bütün problemlər tezliklə və asanlıqla həll ediləcəkdir.

H. Əliyev: Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.

iacca
iap
business ready
eplc
Ən Tez