Bakı metrosunda törədilmiş təxribatla əlaqədar hadisə yerinə toplaşanlar qarşısında çıxışı - 3 iyul 1994-cü il

Bu gün Bakı metrosu xəttində bədbəxt hadisə baş vermişdir. "28 May" stansiyası ilə "Gənclik" stansiyası arasında hərəkət edən qatarda partlayış olmuşdur. Şübhə yoxdur ki, bu partlayış ölkəmizə, xalqımıza və millətimizə düşmən olan qüvvələr tərəfindən törədilmişdir. Mən faciənin səbəblərinin araşdırılması, təxribatçıların aşkara çıxarılması üçün xüsusi komissiya təyin etmişəm.

Həyatımızda çətinliklər çoxdur. Bildiyiniz kimi, Azərbaycan Respublikası müharibə alovları içərisindədir. Lakin daxildə də təxribatla məşğul olan qüvvələr var. Şübhə yoxdur ki, komissiya hər şeyi aydınlaşdıracaq, cinayətkarlar tapılacaq və cəzalarını alacaqlar. Odur ki, bəri başdan heç bir fikir söyləmək istəmirəm. Hər halda bu təxribat hər kim tərəfindən törədilsə də, xüsusi olaraq təşkil edilmiş cinayətdir, özü də bir adama qarşı deyil, bütün Azərbaycan xalqına qarşı, respublikamıza qarşı cinayətdir. Şübhə etmirəm ki, Azərbaycanın bütün vətənpərvər sakinləri bu cinayəti də, onu törədən cinayətkarları da pisləyəcəklər. Sizi əmin edirəm ki, bu cinayətkarlar aşkara çıxarılacaqdır (yerdən səslər; bu, ədavət, düşmənçilikdir). Bəli, siz haqlısınız. Əgər kimin kiməsə ədavəti varsa, qoy gedib onunla haqq-hesab çəksin. Amma metroda partlayış, təxribat törətmək ən böyük cinayətdir. Çünki cinayətkarlar bilirlər ki, metro yerin altı ilə gedən nəqliyyat xəttidir. Hər qatarda beş vaqon olur. Bir vaqonda partlayış nəticəsində qatardakı vaqonların beşi də sıradan çıxmış, adamlar tələf olmuşlar.

Bu, acıq-aşkar vəhşilikdir. Şübhəsiz ki, respublikamızın daxilində də, xaricində də belə vəhşilər – bizə düşmən olan, Azərbaycan Respublikasının müstəqilliyinə düşmən kəsilən, onun əleyhinə çıxan qüvvələr var. Lakin qoy onların hamısı bilsin ki, belə vəhşiliklərlə, təxribatlarla heç kəs Azərbaycan Respublikasının müstəqilliyini, onun siyasətini sarsıtmağa, bizi bu yoldan döndərməyə müvəffəq olmayacaqdır. Biz bütün bu ünsürlərin öhdəsindən gələcəyik.

Mən buraya hadisə yerinə baxmaq üçün gəlmişdim. Bir halda ki, siz buraya toplaşmısınız, mən bunu sizin qarşınızda acıq bildirirəm. Həlak olanların ailələrinə başsağlığı verirəm. Həlak olanlara sizinlə birlikdə Allah-təaladan rəhmət diləyirəm. Onların ailələrinə Allah səbir versin. Xalqımıza Allah səbir versin ki, biz belə düşmənlərə qarşı bundan sonra daha kəskin mübarizə apara bilək.

Bu cinayəti törədən ya bizim içərimizdə olan, ya da kənardan düşmənlərimiz tərəfindən göndərilmiş adamdır. Şübhəsiz ki, inzibati orqanlar müvafiq təşkilatlar bu işlərlə ciddi məşğul olmalı, nəzarət etməlidirlər. Amma gərək xalqımız, camaat özü də sayıq olsun. Martın 19-da partlayış törədildi, adamlar tələf oldular. Düzdür, o zaman metronun işi tez bərpa edildi. Di gəl ki, cinayətkarlar indiyədək aşkara çıxarılmayıb. Budur, bu gün yenə partlayış baş vermişdir. Bunu edən kimdir? Bu faciəni törədənlər ya öz aramızda olan, Azərbaycan ərazisində yaşayan adamlardır, ya da respublikamızda sabitliyi pozmaq, ona, xalqımıza, millətimizə zərər, zərbə vurmaq üçün göndərilmiş təxribatçılardır.

Şübhəsiz ki, bütün bu hallar bizim hamımızı hiddətləndirir. Bu gün mən hüquq-mühafizə orqanlarının nümayəndələrini yanıma toplamışdım. Əvvəlki faciənin üstü açılmadığına görə onlarla ciddi söhbət getdi. Onlara qəti şəkildə tapşırdım ki, bu hadisə tezliklə araşdırılmalı, diqqətlə, ətraflı istintaq aparılmalı, cinayətkarlar tapılmalıdır. Lakin vətəndaşlarımız da öz məsuliyyətini – vətəndaşlıq məsuliyyətini dərk etməlidirlər. İçərimizdə olan bu müzür, düşmən ünsürlər, xalqımıza zidd olan tör-töküntülər aşkara çıxarılmalıdır. Əgər xaricdən, ölkəmizin hüdudlarının kənarından hansısa bir qüvvə bu təxribatı törətmək üçün buraya gəlibsə, yəqin ki, kimsə ona kömək etmişdir, o, buraya kiminsə vasitəsilə gəlib çıxmışdır. Əgər kömək, vasitəçilik edən bu adam azərbaycanlıdırsa, deməli, o, Vətən xainidir. Əgər başqa bir millətin nümayəndəsidirsə, onun Azərbaycanla əlaqəsi var. Əlaqəsi olmasaydı, o nə buraya gələr, şəhərdə özünə yer tapardı, nə də metroya girərdi. Partlayıcı qurğunu haradansa gətirmək, vaqona qoymaq, onu partlatmaq – bütün bunlar bir adamın işi deyildir.

Bu, təxribat xalqa, millətə qarşı, bütün ölkəyə, Bakı şəhərinə qarşı dəhşətli cinayət, böyük bir xəyanətdir. Buna görə də mən hüquq-mühafizə orqanlarımızdan tələb edirəm ki, bu işlə ciddi məşğul olsunlar. Eyni zamanda Azərbaycan vətəndaşlarına, Bakı şəhərinin sakinlərinə müraciət edirəm ki, öz vətəndaşlıq borclarını yerinə yetirsinlər. İçərinizdə olan, xalqımıza zərbə vurmaq, onu sarsıtmaq istəyən, öz şəxsi mənafeyinə görə respublikamızı, xalqımızı daha ağır vəziyyətə salmaq məqsədi güdən adamları aşkara çıxarmaq lazımdır. Belə cinayətkarlar içərimizdə də var. şübhəsiz ki, var.

iacca
iap
business ready
eplc
Ən Tez