Respublikada dövlət çevrilişi cəhdi nəticəsində yaranmış vəziyyətlə əlaqədar respublika milli televiziyası və radiosu ilə xalqa müraciəti - 4 oktyabr 1994-cü il

Hörmətli həmvətənlər, əziz bacılar, qardaşlar!

Azərbaycan vətəndaşları!

Bu axşam vaxtı mən yaranmış vəziyyətlə əlaqədar olaraq, televiziya vasitəsilə sizə birbaşa müraciət etmək məcburiyyətindəyəm. Dünən televiziya ilə xalqa müraciət edərək son günlər Azərbaycanda yaranmış gərgin vəziyyət haqqında məlumat verdim, öz mülahizələrimi bildirdim və Azərbaycan xalqını bu vəziyyətdən çıxmaq üçün fəaliyyət göstərməyə dəvət etdim.

Televiziya ilə dünənki çıxışımda mən yaranmış vəziyyət, Azərbaycanda gərginlik törədən son hadisə haqqında, Xüsusi Təyinatlı Polis Dəstəsinin bir qrupunun Rövşən və Mahir Cavadovların rəhbərliyi altında Prokurorluğun binasında törətdiyi cinayətlər haqqında danışdım. Bundan sonra həmin məsələnin sülh yolu ilə həll olunması üçün görülən tədbirlər barədə sizə məlumat verdim. Bildirdim ki, törədilən hərəkətlər qanuna nə qədər zidd olsa da, biz yaranmış vəziyyəti sülh yolu ilə, danışıqlar yolu ilə aradan qaldırmaq istəyirik. Buna görə də mən Xüsusi Təyinatlı Polis Dəstəsindən olan vətəndaşlarımıza, Rövşən Cavadova müraciət etdim və bildirdim ki, bu yoldan çəkinmək lazımdır. Danışdığımız kimi, silahları təhvil verib kənara çəkilmək lazımdır və Azərbaycanda vəziyyəti gərginləşdirmək lazım deyil. Mən Rövşən Cavadovun atasına – Bəxtiyar kişiyə müraciət etdim və ondan xahiş etdim ki, bu məsələnin həll olunmasında öz xidmətini göstərsin.

Mən Azərbaycanın hörmətli adamlarına, partiyalara, ictimai təşkilatlara, bütün Azərbaycan xalqına müraciət etdim. Mənim dünənki müraciətimdən sonra minlərlə teleqram gəlib, telefon zəngləri olub. Mənim müraciətim əhali tərəfindən hörmət və ehtiramla qəbul olunub. Teleqramlarda, telefon zənglərində bildirilir ki, vətəndaşlar Azərbaycanın bu vəziyyətdən çıxması üçün öz xidmətlərini göstərməyə hazırdırlar.

Dünən Rövşən Cavadovun atası Bəxtiyar kişi gedib oğlanları ilə görüşmüş, sonra mənim yanıma gəlmişdi. O, xalq şairi Bəxtiyar Vahabzadə ilə bərabər apardığı danışıqlar haqqında mənə məlumat verdi. Mənə dedilər, Rövşən Cavadovun xahişi bundan ibarətdir ki, onların 8-ci Kilometr qəsəbəsində Xüsusi Təyinatlı Polis Dəstəsinin bazasından sərbəst getmələrinə şərait yaradılsın, həmin dəstənin üzvləri oradan çıxıb getsinlər, silahları təhvil versinlər.

Mən bu təklifləri qəbul etdim, bu işləri təmin etmək üçün müdafiə nazirinin birinci müavini general Nəcməddin Sadıqovu onlara qoşdum və həmin bazaya göndərdim. Bildirdim ki, orada onların təhlükəsizliyi təmin ediləcək, xüsusi təyinatlı polisin üzvlərinin hamısı sərbəst surətdə öz evlərinə gedə bilərlər. Bu məsələlər sonra araşdırılacaqdır. Yaranmış ağır vəziyyəti bununla da tamamilə həll etməyə nail olmağa çalışdım.

Güman etdim ki, ağsaqqal, hörmətli bir adam olan Bəxtiyar Cavadovun bu təşəbbüsü öz nəticəsini verəcəkdir. Təəssüflər olsun ki, gecədən xeyli keçmiş mənə məlumat gəldi ki, bu danışıqlar bir nəticə verməmişdir, onlar atalarının təklifinə də, xalq şairi Bəxtiyar Vahabzadənin təklifinə də qulaq asmamışlar, demişlər ki, sabah, yəni bu gün Rövşən Cavadov mənimlə – Azərbaycan Prezidenti ilə görüşmək istəyir. Görüşüb danışdıqdan sonra bu məsələləri həll edəcəklər.

Mən dünən axşam Bəxtiyar Cavadova da bildirdim ki, televiziya ilə elan etmişəm, Rövşən Cavadovu qəbul etməyə, danışıqlar aparmağa hazıram. Bu gün onunla görüş təyin etdim. Mən onunla telefon əlaqəsinə girdim. Rövşən Cavadova bildirdim ki, bu məsələləri həll etmək üçün o, görüş istəyirsə, mən də görüşməyə hazıram. Gəlsin, görüşək, danışaq, məsələlər həll olunsun və gərginlik aradan götürülsün.

Mənə bildirdi ki, ola bilər ki, gəlməsi onun üçün müəyyən qədər təhlükəli olsun, yoldaşları təhlükəsizlik baxımından onun gəlməsini məsləhət görmürlər. Özü xahiş etdi ki, Prezident Aparatının İşlər İdarəsinin müdiri Akif Muradverdiyev onun yanına göndərilsin və onu müşayiət etsin. Mən Akif Muradverdiyevi oraya göndərdim və tapşırıq verdim ki, onun buraya gəlməsi üçün bütün şərait yaradılsın.

Bir müddətdən sonra Akif Muradverdiyev mənə telefonla zəng edərək bildirdi ki, guya bazanın ətrafında bəzi hərbi qüvvələr olduğuna görə Rövşən Cavadov narahatdır. Mən yenə də dedim ki, onun sərbəst, təhlükəsiz gəlməsi təmin olunur, əgər bir narahatçılıq varsa, mən müdafiə nazirinin birinci müavini general Sadıqovu əlavə ora göndərirəm.

General Sadıqov mənim əmrimlə ora getdi. Danışıqlar aparıldı. Təəssüflər olsun ki, axşam saat 7-dək mən gözlədim. Saat 7-də general Nəcməddin Sadıqov və Akif Muradverdiyev mənim yanıma gələrək bildirdilər ki, Rövşən Cavadov yenə də görüşmək istədiyini bildirir. Ancaq deyir ki, o, bu gün artıq yorulub, Prezidentlə görüşmək üçün çətinlik çəkir. Ona görə də sabah saat 12-də görüşə gələcəkdir. Mən də buna inandım və dedim ki, ola bilər, sabah görüşək. Çünki mən təmkinlilik göstərirəm, bu işə səbirlə yanaşıram və çalışıram ki, bu iş barışıq yolu ilə, danışıqlar yolu ilə həll olunsun və heç bir xəta çıxmasın.

Sonrakı saatlarda gələn məlumatlar onu göstərdi ki, bu, belə deyil. Çünki iki gün bundan qabaq baş vermiş hadisə ilə əlaqədar Bakı şəhərində və Azərbaycanın bir neçə məntəqəsində ayrı-ayrı qüvvələr baş qaldıraraq sabitliyi pozmağa çalışırlar. Mən Rövşən Cavadovun atası ilə danışanda da dedim ki, bu vəziyyətdən ayrı-ayrı qüvvələr istifadə edə bilərlər, ona görə də bu məsələni tez qurtarmaq lazımdır.

Bu gün bizə məlumatlar gəlir ki, 8-ci Kilometrdəki həmin bazaya – Xüsusi Təyinatlı Polis Dəstəsinin yerləşdiyi bazaya çoxlu kənar adamlar gəlirlər, orada qızışdırıcı danışıqlar aparırlar. Ayrı-ayrı adamlar bundan sui-istifadə etməyə, onları qızışdırıb pis yollara salmağa çalışırlar. Ona görə də bunların hamısını müşahidə edərək mən tez danışıqlar aparıb, bu məsələnin qurtarmasına çalışıram.

Ancaq yenə də deyirəm, son saatlarda alınan məlumatlar onu göstərir ki, həm o bazada olan bəzi qüvvələr sabitliyi pozmağa çalışır, həm də bu şəraitdən istifadə edib bəzi məntəqələrdə bizim daxili ictimai siyasətimizi pozmağa cəhd göstərən ayrı-ayrı qüvvələr fəaliyyətə başlayıblar.

İki saat bundan öncə xəbər gəldi ki, Gəncədə hərbi geyimli bir dəstə adam şəhər icra hakimiyyətini, oradakı bəzi dövlət orqanlarını, hava limanını zəbt ediblər və öz hakimiyyətlərini qurmağa çalışırlar. Bu dəstələrin kimə mənsub olduğu hələ məlum deyil. Mən Baş nazir Surət Hüseynovla əlaqə saxladım, dedim ki, Gəncə şəhərində şəxsən ona mənsub olan bəzi hərbi qüvvələr var. Bu nə məsələdir? Çünki oradan gələn məlumatlarda bildirilir ki, bu işləri törədənlərin içərisində Surət Hüseynova mənsub olan qüvvələrdən də var. Ona görə də mən ondan xahiş etdim ki, məsələni araşdırsın və lazımi tədbir görsün. Bir azdan sonra o, mənə telefonla zəng etdi və bildirdi ki, guya orada doğrudan da bəzi qüvvələr var, onlar Xüsusi Təyinatlı Polis Dəstəsinə mənsub olan adamlardır. Onlar orada doğrudan da qanunsuz hərəkətlər ediblər. O, mənə bildirdi ki, öz adamlarına göstəriş verib, onlarla əlaqəyə girib ki, bu məsələni həll etsinlər və bu vəziyyəti aradan qaldırsınlar. Ancaq Gəncə ilə əlaqəyə girəndən sonra məlum oldu ki, o qüvvələrin hamısı birləşib. Gəncə polisinin də, hərbi polisin də bir hissəsi o qüvvələrlə birləşib. Onlar orada qeyri-qanuni hərəkətlər edirlər, dövlət orqanlarını zəbt etməyə başlayıblar. Beləliklə də, Bakıda yaranmış dövlət çevrilişi cəhdi artıq Gəncədə özünü büruzə verir.

Mən yenə də Surət Hüseynovu axtardım. Ancaq bundan sonra onu tapa bilmədim. İndi onun yeri də mənə məlum deyil. Burada, Bakıda bizə daxil olan bir neçə siqnallar onu göstərir ki, ayrı-ayrı təxribatçı qüvvələr Bakıda və Azərbaycanın bəzi şəhərlərindi, rayonlarında sabitliyi pozmaq istəyirlər. Demək, əvvəlcədən hazırlanmış, qurulmuş, dövlət çevrilişinə yönəldilmiş hərəkətlər artıq sürətlə həyata keçirilir.

Ona görə də mən bu gün, bu dəqiqə, gecənin bu vaxtında birinci növbədə Rövşən Cavadova və onun ətrafında olan xüsusi Təyinatlı polislərə bir daha müraciət edirəm. Müraciət edirəm ki, onlar ağıllarını başlarına yığsınlar, hərəkətlərindən əl çəksinlər. Bilsinlər ki, Azərbaycan xalqı qarşısında nə qədər tarixi məsuliyyət daşıyırlar. Onların bu hərəkətləri birbaşa Azərbaycan dövlətçiliyinin əleyhinədir. Eyni zamanda bu hərəkətlər Azərbaycanın ayrı-ayrı məntəqələrində, o cümlədən Bakı şəhərində sabitliyi pozmağa çalışan təxribatçı qüvvələrin fəallaşmasına kömək edir və beləliklə, onlar özləri istəsə də, istəməsə də bu hərəkətlərin baş verməsində günahkar olacaqlar.

Ona görə də onlara təklif edirəm ki, bu hərəkətlərindən əl çəksinlər, qısa müddətdə silahlarını təhvil verib yerləşdikləri bazadan çıxsınlar. Onların oradan sərbəst, təhlükəsiz çıxması üçün bütün şərait var. Onsuz da bu gün şəhərə çıxmış, sərbəst gedib-gəlmişlər. Onlara heç kim mane olmamışdır. Ancaq əgər oradan çıxıb getmələri üçün xüsusi şərait lazımdırsa, o da yaradılmışdır və bu şəraitdən istifadə edərək öz əməllərindən əl çəkməlidirlər. Əgər əməllərindən əl çəkməsələr, bundan sonra Bakıda, bütün Azərbaycanda yarana biləcək cinayət hərəkətlərini, təxribatları, dövlət çevrilişinə yönəldilmiş hərəkətləri istiqamətləndirmələri kimi qiymətləndiriləcək və onlar bunun üçün günahkar olacaqlar.

Ona görə də, onlara bir daha sülh yolu, doğru yol göstərirəm, məsləhət verir və tələb edirəm ki, yaranmış bu ağır vəziyyətdə özlərinin vətənpərvərliyini, vətəndaşlığını başa düşsünlər. Əgər onlar, doğrudan da, müstəqil Azərbaycanın dövlətçiliyinə sadiqdirlərsə, müstəqil Azərbaycan uğrunda çalışmaq istəyirlərsə, düz yola gəlsinlər. Mən bunu təklif edirəm və onlardan bunu tələb edirəm. Çünki indi yaranmış vəziyyət məni, Azərbaycan dövlətinin başçısını buna vadar edir.

Mən eyni zamanda Bakının sakinlərinə müraciət edirəm. İndi bizə gəlib çatan siqnallar göstərir ki, Bakı şəhərində Azərbaycanın dövlətçiliyi artıq təhlükə altındadır. Ayrı-ayrı düşmən qüvvələr, silahlı qüvvələr dövlət çevrilişinə başlamışlar. Ona görə də, nə qədər gec olsa da, nə qədər çətin olsa da mən sizi ayağa qalxmağa dəvət edirəm. Əziz bakılılar, əziz Bakı sakinləri! Sizin hamınızı bizim bu gərəkli işimizə qoşulmağa çağırıram. Xahiş edirəm, zəhmət çəkəsiniz, nə qədər çətin olsa da Prezident Aparatının qarşısına toplaşasınız. Bu gün kim Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qorumaq istəyirsə, mən onu Azərbaycan Respublikası Prezidenti Aparatının önünə dəvət edirəm.

İndi bizim üçün çox həlledici məqamdır, həlledici dəqiqələrdir. Kim Azərbaycana doğrudan da ürək yandırırsa, bu həlledici dəqiqələrdə bizimlə olmalıdır, Azərbaycanın müstəqil dövləti ilə birlikdə olmalıdır. Bunun üçün Azərbaycan Prezidentinin ətrafında toplaşmalıdır. Mən sizi buraya, Prezident Aparatının qarşısına dəvət edirəm. Sizinlə görüşmək istəyirəm, sizdən kömək gözləyirəm. Sizdən xahiş edirəm ki, Azərbaycan dövlətçiliyinin başı üstünü almış qara buludları dağıtmaq üçün birləşəsiniz, əlbir olasınız, buraya gələsiniz.

Mən bütün Azərbaycan xalqına müraciət edirəm. İndi, bu dəqiqələrdə sizi buraya gəlməyə dəvət edirəm, sizi gözləyirəm. Azərbaycanın müstəqilliyini qorumaq üçün hərə öz evində-eşiyində, öz şəhərində, qəsəbəsində, kəndində ayağa qalxsın, fəaliyyət göstərsin. Yaşadığınız yerlərdə Azərbaycanın dövlət orqanlarını qoruyun, onları saxlayın, təxribatçı qüvvələrin qarşısını alın. Eyni zamanda Azərbaycanın şəhərlərindən, rayonlarından Bakıya gəlib bizimlə birlikdə olmaq istəyən vətənpərvər adamların buraya gəlməsini razılıqla qarşılayardım. Kimin buna imkanı varsa, gəlin, sizi Bakıya dəvət edirəm.

Gəncə şəhərinin sakinlərinə müraciət edirəm. Keçən ilin iyununda Gəncə şəhəri bir dəfə ağır vəziyyətə düşdü. Orada qan töküldü, çox dəhşətli hadisələr baş verdi. Gəncə şəhərinin sakinləri həmin günləri görmüşlər və bilirlər ki, bu hadisələr təkcə gəncəlilər üçün yox, bütün Azərbaycan üçün necə baha başa gəldi. İndi təxribatçı qüvvələr yenə də Gəncədə aranı qarışdırmışlar, dövlət orqanlarının binalarını zəbt etmişlər. Ona görə də gəncəlilərin hamısını ayağa qalxmağa, küçəyə çıxmağa, təxribatçı qrupları dəf etməyə, onların qarşısını almağa, Azərbaycanın ikinci böyük şəhəri, tarixi şəhəri olan Gəncədə Azərbaycanın dövlətçiliyini qorumağa çağırıram. Mən gəncəlilərə ümid bəsləyirəm, onlara inanıram və güman edirəm ki, gəncəlilər özlərinin namusunu, qeyrətini göstərəcəklər, mənliklərini qoruyacaqlar və baş vermiş bu hadisənin öhdəsindən gələcəklər.

Əziz həmvətənlər, Azərbaycanın vətəndaşları! Bu ağır dəqiqələrdə bir daha sizə müraciət edirəm. Sizi əmin edirəm ki, Azərbaycanın dövlətçiliyini qorumaq üçün son nəfəsimə qədər, son damla qanıma qədər öz yerimdəyəm. Xalqla birlikdəyəm. Xalqın təhlükəsizliyini qorumağa çalışacağam. Bundan ötrü lazımi imkanlardan istifadə edəcəyəm. Eyni zamanda, əziz həmvətənlər, mən sizə güvənirəm, sizə arxalanıram. İstəmirəm ki, indi, bu günlər qan tökülsün. Mən bunu istəmirəm. Ona görə də sizi sülh məramı ilə küçələrə çıxmağa, mənim ətrafımda toplaşmağa dəvət edirəm.

Bakının 8-ci Kilometr qəsəbəsində çoxlu adam yaşayır. Əziz həmvətənlərimiz, sizdən rica edirəm, evlərinizdən çıxın, Xüsusi Təyinatlı Polis Dəstəsinin bazasının ətrafında toplaşın, onları başa salın, onlara təsir edin. Onlara anladın ki, ata-analarına, bacı-qardaşlarına atəş açmamalıdırlar, güllə atmamalıdırlar, cinayət etməməlidirlər. Mən hesab edirəm ki, 8-ci Kilometr qəsəbəsinin əhalisi, sakinləri özlərini müdafiə etməyə qadirdirlər və onlar həmrəy olub Xüsusi Təyinatlı Polis Dəstəsinin bazasının ətrafına toplaşaraq oradakı polisləri başa sala biləcəklər.

Mən üzümü Azərbaycanın ağsaqqallarına tuturam. Bu gün hörmətli adamların, ağsaqqalların sözünə böyük ehtiyac var. Mən sizə müraciət edirəm, öz müdrikliyinizi, cəsarətinizi, vətənpərvərliyinizi göstərin.

Mən Azərbaycanın qadınlarına müraciət edirəm. Analar, bacılar cəmiyyətdə sülh yaranması üçün həmişə böyük vasitəçi olmuşlar. Ağbirçək analar həmişə öz övladlarına öyüd-nəsihət verməklə onları düz yola dəvət etmiş, bu yolla getmələrinə çalışmışlar. Hörmətli analar, bacılar, hörmətli gəlinlər, qızlar! Mən sizə müraciət edirəm. Bu ağır dəqiqələrdə ayağa qalxın, fəaliyyət göstərin, küçələrə çıxın, Prezident Aparatının qarşısına gəlin. Öz cəsarətinizlə, qadınlıq qeyrətinizlə bu vəziyyətdən çıxmağa kömək edin.

Mən Azərbaycanın gənclərinə müraciət edirəm. Azərbaycanın ağır anlarında gənclər həmişə özlərinin qəhrəmanlığını, cəsarətini göstərmişlər, bu gün də göstərməlidirlər. Əziz övladlarımız, sizə müraciət edirəm, güman edirəm ki, mənim səsimə səs verərək ayağa qalxacaqsınız, Azərbaycanın dövlətçiliyini, müstəqilliyini qorumaq üçün fəaliyyət göstərəcəksiniz. Əminəm ki, bu yolla gedəcək, düzgün mövqe tutacaqsınız.

Mən bu müraciəti edərək, eyni zamanda Azərbaycan dövlətinin qüdrətli olduğunu bildirmək istəyirəm. Mən Azərbaycan dövlətinin qüdrətinə güvənirəm və bu vəziyyətdən çıxmaq üçün onun bütün imkanlarından istifadə etməyə çalışacağam. Ancaq yenə de deyirəm: mənim yolum sülh yoludur, əmin-amanlıq yoludur. Bunun naminə sizə müraciət edərək ayağa qalxmağa dəvət edirəm. Əmin ola bilərsiniz ki, Azərbaycan Respublikasının müstəqilliyini qorumaq üçün özümdə həmişə qüdrət hiss etmişəm və bu gün də hiss edirəm. Bilin ki, indi Azərbaycanın sərhədlərində bizim qəhrəman ordumuz, cəsur oğlanlarımız, övladlarımız torpaqlarımızın keşiyində durduğu bir vaxtda, Azərbaycan torpaqlarını təcavüzdən qoruduğu bir vaxtda ölkəmizin daxilində belə bir vəziyyətin yaranması Azərbaycanın torpaqlarına olan təcavüzə köməkdir, respublikamızın ərazi bütövlüyünə, müstəqilliyinə xəyanətdir. Ona görə də ordumuza müraciət edərək bir daha bildirirəm ki, əsgər və zabitlərimiz öz səngərlərində, öz postlarında cəsarətlə dayanmalı, torpaqlarımızı müdafiə etməlidirlər, bu ağır dəqiqələrdə, ağır saatlarda Azərbaycanın torpaqlarına qarşı təcavüz olunmasına yol verməməlidirlər. Eyni zamanda onlar da öz qeyrətləri, namusları, cəsarətləri ilə bu ağır dəqiqələrdə həmrəyliklərini bildirməlidirlər.

Mən Azərbaycanın bütün siyasi partiyalarına müraciət edirəm. Dünən onların bir qrupunun nümayəndələri ilə görüşdüm, danışdım. Onlar dövlətimizlə, dövlətçiliyimizlə həmrəy olduqlarını bildirdilər. Onlar bu gün ayağa qalxaraq küçəyə çıxmalıdırlar. Mən onları Prezident Aparatının qarşısına dəvət edirəm. Bütün ictimai-siyasi təşkilatlara, cəmiyyətlərə müraciət edirəm, onların üzvlərini buraya dəvət edirəm.

Bir sözlə, hamıya müraciət edirəm və bu ağır gündə hamıdan mətanət, dəyanət, cəsarət, qəhrəmanlıq, namus, qeyrət gözləyirəm. Azərbaycan xalqı qeyrətli xalqdır, mətin xalqdır. Əminəm ki, bu ağır sınaqlardan çıxacağıq. Mən sizə inanıram və siz də əmin ola bilərsiniz ki, Azərbaycanın dövlətçiliyinin keşiyində daim dayanmışam və dayanacağam. Sağ olun.

iacca
iap
business ready
eplc
Ən Tez