Prezident Sarayı qarşısında toplaşmış Azərbaycan vətəndaşlarının mitinqində çıxışı - 4 oktyabr 1994-cü il

Əziz bacılar, qardaşlar, əziz həmvətənlər, əziz bakılılar!

Bu gecə vaxtı, yuxunuza haram qataraq, istirahətinizi pozaraq Azərbaycan dövlətçiliyinin qorunması naminə mənim çağırışımla buraya, Prezident sarayının qarşısına toplaşdığınıza görə sizə səmimi-qəlbdən təşəkkür edirəm, çox sağ olun. Siz, Azərbaycan vətəndaşları bir il bundan öncə – oktyabrın 3-də mənə böyük etimad göstərdiniz, məni müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdiniz. Bir ildir ki, sizin etimadınızı doğrultmağa çalışaraq, Azərbaycan Respublikasının müstəqilliyini möhkəmləndirmək, xalqımızın vəziyyətini yaxşılaşdırmaq, Azərbaycanın torpaqlarını qorumaq üçün əlimdən gələni etmişəm. Bunu özümə şərəfli borc bilirəm və Azərbaycan xalqına xidmət göstərməyə imkanım olduğuna görə özümü xoşbəxt sayıram.

Respublikamız öz tarixinin ağır dövrünü yaşayır. Torpaqlarımızın bir qismi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Bir milyondan artıq vətəndaşımız qaçqın vəziyyətindədir. İqtisadi, sosial vəziyyət ağırdır. Dövlət başçısı kimi mən bilirəm ki, Azərbaycan vətəndaşları çətin vəziyyətdə yaşayırlar. Belə bir vəziyyətdən çıxmaq üçün, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyünü təmin etmək üçün bu bir il ərzində çox addımlar atılmışdır. Ancaq istədiyimizə hələ nail ola bilməmişik. Belə ağır vəziyyətdə yaşayan xalqımız vətənpərvərliyini, Vətənə sədaqətini daim nümayiş etdirmiş və bütün bu əzab-əziyyətə, çətinliklərə dözərək yalnız və yalnız Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qorumağa çalışmışdır. Bu gecə vaxtı sizin buraya toplaşmağınız da onu göstərir ki, həyatımız nə qədər çətin olsa da, nə qədər əziyyət içində yaşasaq da qəddimizi əymirik, başımızı aşağı dikmirik. Biz hamımız birik, hamımız birlikdə Azərbaycanı bu vəziyyətdən çıxarmağa çalışırıq, onun dövlət müstəqilliyini qoruyuruq.

Çox məmnunam ki, mənim çıxışıma səs verdiniz, şəhərin müxtəlif yerlərindən buraya toplaşdınız. Burada alovlu nitqlər səslənir, insanlar həyəcana gəlib, coşub. Azərbaycanın hər yerində insanlar küçələrə, meydanlara çıxaraq öz mənliyini, milli qürurunu, öz dövlətçiliyini, müstəqilliyini qoruyur. Çox sağ olun, minnətdaram.

Atalardan qalmış müdrik məsəl var: el gücü sel gücüdür. El gücünün qarşısında heç kəs, heç bir qüvvə dayana bilməz. Mənim də dayağım, güvəndiyim xalqımdır, sizsiniz, əziz Azərbaycan vətəndaşlarıdır. Sağ olun.

Dünən və bu gün, respublika çətin vəziyyətə düşdüyü vaxtda mən televiziya ilə sizə, bütün Azərbaycan vətəndaşlarına müraciət etdim. Həmin müraciətlərimdə yaranmış vəziyyəti təhlil etdim, sizə çatdırdım və dövlət başçısı kimi atdığım addımları, gördüyüm tədbirləri bildirdim. Doğrudan da, son günlər Azərbaycanda gərgin vəziyyət, qarşıdurma yaranmışdır. Ancaq mən dünən də, bu gün də sizə dedim və indi də sizin qarşınızda çıxış edərək deyirəm ki, bütün imkanlarımdan, təcrübəmdən, biliyimdən istifadə edərək bu vəziyyətdən yalnız və yalnız dinc yolla, danışıqlar, qarşılıqlı anlaşma yolu ilə çıxmaq xətti götürmüşdüm. Çox məmnunam ki, bu tədbirlər öz nəticəsini verdi və biz bu gərginliyi aradan götürdük.

Respublikamız vətəndaş müharibəsi həddinə gəlib çatmışdı, qan tökülə bilərdi, mən artıq bunu görürdüm, dərk edirdim, bu, məni narahat edirdi, incidirdi və çalışırdım ki, belə ağır problemləri qan tökülmədən, sülh yolu ilə həll edim. Buna nail olmaq üçün sizə güvənirdim, arxalanırdım. Sizin gücünüzlə, mənə göstərdiyiniz həmrəyliyinizlə bu məsələləri həll etdik.

Mənim bu gün televiziya ilə xalqa müraciətim ürəklərə yol tapdı, insanlara təsir etdi, onları oyatdı və hamı başa düşdü ki, respublikamızın indi bir problemi var: xalqımızı Ermənistanın təcavüzündən qurtarmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, qaçqınları öz yerlərinə qaytarmaq, Azərbaycanın müstəqilliyini qorumaq. Bu gün, bu axşam bunu artıq hamı dərk etdi və Xüsusi Təyinatlı Polis Dəstəsindən olan, yolunu azmış, səhv etmiş gənclərimiz də bunu anladılar, başa düşdülər. Rövşən Cavadov mənim televiziya ilə çıxışımdan sonra özü buraya gələrək bizimlə birlikdə olduğunu göstərdi və bəyan etdi ki, Azərbaycanın müstəqilliyi yolunda çalışmış, vuruşmuşdur, bundan sonra da Azərbaycanın dövlətçiliyi uğrunda səylərini əsirgəməyəcəkdir və bu gün bizimlədir, Azərbaycanın Prezidenti ilədir.

Mən dünən də, bu gün də televiziya ilə müraciətimdə bildirdim ki, Azərbaycanın xaricində və daxilində olan qara qüvvələr yaranmış vəziyyətdən dərhal istifadə etməyə başlamışlar. Çox təəssüf ki, aramızda belə qüvvələr, belə qruplar var. Onlar bu münaqişədən istifadə edərək öz xeyirləri üçün müəyyən tədbirlər gördülər, aranı daha da qarışdırdılar, daha da qızışdırmağa, adamları bir-biri ilə toqquşdurmağa çalışdılar. Beləliklə, Azərbaycanda sabitliyin pozulması, dövlətçiliyimizin təhlükə altına alınması real vəziyyətə çevrilmişdi. Ona görə də mən sizə müraciət etdim. Güman edirəm ki, həmin o qara qüvvələr, belə çirkin əməllərlə yaşayan adamlar və xaricdən ölkəmizi dağıtmağa çalışanlar bu gün xalqımızın həmrəyliyini, onun birliyini görərək özləri üçün nəticə çıxaracaqlar. Mən xalqa inanıram, xalqa güvənirəm, sağ olun ki, siz bu gün buradasınız.

Mən dünən Azərbaycan xalqını xəbərdar etdim ki, bu hadisə bizə çox bəlalar gətirə bilər. Dediyim bu sözlər, təəssüf ki, bu gün təsdiq olundu. Gəncədə ayrı-ayrı şəxslər tərəfindən idarə edilən silahlı qüvvələr, daxildən, bəlkə də xaricdən idarə olunan qüvvələr dövlət çevrilişi etdilər. Gəncədə şəhərin, rayonların icra hakimiyyətlərini, hava limanını, dəmir yol vağzalını, Milli Təhlükəsizlik Nazirliyinin idarəsini zəbt edərək dövlət çevrilişini reallaşdırdılar. Ancaq onlar da çox böyük səhv etdilər, xalq qarşısında, dövlət qarşısında günah etdilər, onlara himayədarlıq edən də günah etdi. O, anlamalıdır ki, Azərbaycanın bu ağır günündə belə yol tutmaq olmazdı. O, indiyədək ona göstərilən hörməti başa düşmədi, anlamadı və belə pis yol tutdu.

Ancaq mən sizə xəbər verə bilərəm ki, Gəncədə sağlam qüvvələr ayağa qalxmışlar. Azərbaycanın dövlətçiliyinə qəsd edənləri cilovlayır, yaxalayır, onları aradan qaldırırlar. Yəqin ki, indi Gəncə əhalisi televiziya qarşısında məni dinləyir. Mən onları buradan, Bakıdan, Azərbaycanın paytaxtından salamlayır, gəncəlilərə hörmət və ehtiramımı bildirirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, onlar düşmən qüvvələrin öhdəsindən gələcəklər, Gəncədə əmin-amanlıq yaranacaq, orada Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin hakimiyyəti bərqərar olacaqdır.

Həmin o qüvvələr Gəncənin yaxınlığında olan Yevlax şəhərində də aranı qarışdırmaq istədilər, orada da bəzi cəhdlər göstərdilər. Lakin bu əməllər baş tutmadı, oranın əhalisi, dövlət orqanları sinə gərərək bu hərəkətlərin qarşısını aldılar. Mən Azərbaycanın dövlətçiliyinə təcavüz edən, ona qarşı təxribat törədən qüvvələrə bu gün xəbərdarlıq edirəm: bütün bunlar baş tutmayacaq, heç kəs buna ümid bəsləməsin!

Azərbaycanın bu ağır dövründə öz şəxsi mənafelərini güdərək şəxsi məqsədlərinə nail olmaq üçün, vəzifə, hakimiyyət uğrunda mübarizə apararaq respublikamıza zərər vuranlar xalqımıza, Azərbaycan dövlətinə xəyanət edirlər. Biz bu xəyanətkarların çirkin əməllərinin həyata keçməsinə heç vaxt yol verməyəcəyik. Sizin həmrəyliyiniz, Azərbaycan xalqının həmrəyliyi buna zəmin və təminatdır.

Dünən də, bu gün də mən xalqa müraciət edərək vətəndaşlarımızın bütün təbəqələrini, hamını birliyə, həmrəyliyə dəvət etdim. Bütün siyasi partiyaları, ictimai-siyasi təşkilatları, hər bir vətənpərvər insanı birliyə, vətəndaş həmrəyliyinə çağırdım. Çox məmnunam ki, bu çağırışım əks-səda tapdı. Buraya, bu meydana, Azərbaycan Prezidentinin iqamətgahı qarşısına toplaşanlar respublikamızın çoxrəngli ictimai-siyasi mənzərəsinin, demək olar, bütün təbəqələrini əks etdirirlər. Bu, çox gözəl hadisədir, çox böyük nailiyyətdir. Mən buna sevinirəm və əmin ola bilərsiniz ki, müstəqilliyimizi təmin etmək naminə bundan sonra da Azərbaycan xalqının bütün təbəqələrini, bütün təşkilatlarını, bütün qüvvələrini birləşdirmək üçün, yaxınlaşdırmaq üçün əlimdən gələni edəcəyəm.

Bu gün xalqa müraciət edərkən üzümü xüsusi olaraq qadınlara – ana və bacılara, qız və gəlinlərə tutdum. Qadınlar cəmiyyətimizdə həmişə çox fəal olmuşlar. Həyatımızın çox ağır vaxtlarında qadınların nə qədər cəsarətli, nə qədər mətin olduqlarını dəfələrlə görmüşəm. Bu gün də, gecənin bu vədəsində qadınların burada olmasını, hətta qucağında körpə ilə buraya gəlmələrini görəndə xalqımızın necə yüksək keyfiyyətlərə malik olduğunu bir daha hiss edirəm. Eşq olsun bizim qadınlara, eşq olsun bizim analara, bacılara! Eşq olsun bizim ağsaqqallara, hörmətli adamlarımıza, gənclərə! Eşq olsun Azərbaycan xalqına!

Bu gün bakılıların, bütün Azərbaycan xalqının öz qüdrətini nümayiş etdirməsi doğrudan da bizim mətinliyimizi göstərir. Ancaq əziz bacılar və qardaşlar, əziz həmvətənlər, bilin ki, qarşıda bizi hələ böyük sınaqlar, böyük imtahanlar gözləyir. Hələ Azərbaycanın müstəqilliyinə həm daxildən, həm də xaricdən təcavüz etmək istəyən qüvvələr var. Bugünkü mütəşəkkilliyinizə, coşqunluğunuza, vətənpərvərliyinizə görə təşəkkür edirəm. Ancaq bu gün sizi bir daha sayıq olmağa, həyatımıza zidd olan qüvvələrin qarşısını vaxtında almağa, Azərbaycanın daxili ictimai-siyasi sabitliyini təmin etməkdə iştirak etməyə çağırıram. Bu, Azərbaycanın ən böyük probleminin – onun müharibədən çıxması, müstəqilliyinin, ərazi bütövlüyünün təmin olunması probleminin həlli üçün əsas yaradacaqdır. Əmin olduğumu bildirmək istəyirəm ki, siz bu işdə bizimlə, mənimlə çiyin-çiyinə gedəcəksiniz.

Əziz həmvətənlər! Mən bu gecə vaxtı bu böyük meydanda, müqəddəs bir yerdə toplaşan azərbaycanlıları, respublikamızın vətəndaşlarını, bakılıları, hamınızı qucaqlayır, hər birinizi ürəkdən öpürəm, bağrıma basıram. Sizə hörmət və ehtiramımı, məhəbbətimi bildirirəm. Hər birinizə həyatınızda səadət, işinizdə uğurlar arzulayıram.

Məğrur və qüdrətli Azərbaycan xalqına eşq olsun!

Yaşasın müstəqil, əyilməz Azərbaycan Respublikası!

Bu görüş üçün hamınıza bir daha təşəkkür edir, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

iacca
iap
business ready
eplc
Ən Tez