Hörmətli xalq nümayəndələri!
Əziz həmvətənlər!
Bacılar və qardaşlar!
Azərbaycan xalqı öz tarixinin ən ağır, ən çətin, keşməkeşli və eyni zamanda şərəfli mərhələsini yaşayır. 1988-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmaq üçün, onun ərazisinin bir hissəsini ələ keçirmək üçün Ermənistan tərəfindən, erməni millətçiləri və Dağlıq Qarabağda olan separatçı qüvvələr tərəfindən Azərbaycana qarşı təxribat, təcavüz hərəkətləri başlayıbdır və bu, Azərbaycanın həyatında böyük dəyişikliklər əmələ gətiribdir. O vaxtdan Azərbaycan xalqı bu dəhşətli hadisəyə görə daim narahatlıq hissi keçirir və ərazisini, torpaqlarını qorumaq, öz mənliyini, şərəfini qorumaq əzmində olubdur.
Həmin dövrün tarixi xalqımıza və bu salona toplaşanlara məlumdur, onu indi təhlil etməyə ehtiyac yoxdur. Ancaq qısaca bunu demək olar ki, müəyyən obyektiv səbəblərə görə, o vaxt Sovetlər İttifaqının hakim dairələrində olan bəzi qüvvələrin Azərbaycan xalqına qarşı, Azərbaycan Respublikasına qarşı ədalətsiz mövqeyinə görə, eyni zamanda Azərbaycanın hakim qüvvələrinin, hakim strukturlarının, hakim orqanlarının xalqın mənafeyini, millətin, dövlətin, torpağın mənafeyini qorumaq əzmində olmadıqlarına görə, yaxud qorumaq istəmədiklərinə görə, bəziləri də xəyanətkar, satqın olduqlarına görə bu məsələ ilə əlaqədar Azərbaycanın mövqeləri aybaay, ilbəil zəifləmişdir. Nəticədə Azərbaycan indiki vəziyyətə gəlib çıxmışdır.
Eyni zamanda xalq daim öz torpaqlarını, ərazisini, sərhədlərini, milli mənliyini və şərəfini, milli tarixini, ənənələrini qorumaq əzmində olubdur. Məhz bunlara görə də xalq "Dağlıq Qarabağ problemi" deyilən problemin ortaya atılması münasibətilə və Azərbaycan ərazisinin bir qisminin Ermənistan tərəfindən ələ keçirilməsi ilə əlaqədar gedən proseslərə öz münasibətini, etirazını bildirib, meydanlara çıxıb, mitinqlər edibdir, o vaxtkı Sovetlər İttifaqının rəhbərliyi tərəfindən Azərbaycana qarşı olan ədalətsizliyə, haqsızlığa öz münasibətini bildirib və mübarizə aparıb. Həm də Azərbaycanın hakim dairələrinə, dövlət başçılarına, o vaxtkı partiya başçılarına öz etirazlarını bildirib, fəal mübarizə aparıbdır.
Bunlar hamısı bizim tariximizdir, tariximizin səhifələridir. Biz bunları həmişə yadımızda saxlamalıyıq. Bugünkü məsələləri həll etmək üçün də bunu bilmək lazımdır.
Bu dövrdə Azərbaycan xalqının sağlam qüvvələri, milli azadlıq uğrunda mübarizə aparan vətənpərvər qüvvələri ilə yanaşı, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, canından keçərək, şəhid olaraq torpaqlarını qorumaq əzmində olan insanlarla yanaşı, bu hadisələrdən öz şəxsi məqsədləri, şəxsi mənafeləri naminə istifadə etmək üçün meydana çıxmış insanlar, qruplar da var, mövcud olubdur. Bunlar da keçmiş dövrün xarakterik cəhətləridir və xalqımıza, ictimaiyyətimizə məlumdur. Məhz belə cinayətkar qüvvələrin meydana çıxması, ayrı- ayrı qüvvələrin, o cümlədən dövlət başında olan qrupların belə cinayətkar qüvvələrdən öz hakimiyyətini saxlamaq üçün istifadə etməsi Azərbaycanın daxili həyatında mürəkkəb, qarışıq bir vəziyyətlə bağlıdır. Azərbaycanda həqiqi vətənpərvərlik hissi ilə yaşayan, torpaqlarımızı qorumaq əzmində olan insanların milli azadlıq uğrunda, Azərbaycanı qoruyub saxlamaq uğrunda mübarizəsi ilə yanaşı olaraq, ayrı-ayrı cinayətkar qüvvələrin bu hadisələrdən istifadə etməsi və o dövrlərdə olan hakim dairələrin, dövlət başçılarının bu cinayətkar qrupları əllərinə keçirib nəyin bahasına olursa-olsun öz mövqelərini, öz hakimiyyətlərini saxlaması prosesləri mövcud olubdur.
Bunların hamısı məlumdur. Güman edirəm ki, tədqiqatçılarımız, tarixçilərimiz, siyasətçilərimiz bütün bunlara doğru-düzgün, obyektiv, dəqiq təhlil və qiymət verəcəklər. Məhz bunların nəticəsində ola bilər ki, Azərbaycan xalqı – öz tarixində milli qəhrəmanlıq nümunələri göstərmiş və bu gün də qəhrəmanlıq əhval- ruhiyyəsi ilə yaşayan Azərbaycan xalqı erməni qəsbkarlarının, erməni işğalçılarının təcavüzkar hərəkətlərinə lazımi cavab verə bilməyib və torpaqlarımızın bir qismi işğal olunub, insanlarımızın bir qismi həlak olubdur, öz yerlərindən, obalarından, yurdlarından didərgin düşübdür. Ərazimizin 20 faizi erməni silahlı qüvvələrinin işğalı altındadır, bir milyondan artıq soydaşımız, Azərbaycan vətəndaşı öz ölkəsində qaçqın vəziyyətində yaşayır.
Belə bir zamanda, belə günlərdə cinayətkar dəstələrin, cinayətkar qrupların – bu fürsətlərdən öz şəxsi mənafeləri üçün istifadə etmək istəyənlərin fəaliyyəti Azərbaycana çox zərbələr vurubdur. Bu, bəlkə də erməni Bu siqnallar, bu məlumatlar bizə gəlirdi, çatırdı. Bunlar cürbəcür istiqamətdə gedirdi. Son aylarda Moskva mətbuatında, başqa xarici ölkələrin – Türkiyənin, Qərb ölkələrinin mətbuatında, hətta Azərbaycanın müxalifət qəzetlərində də Azərbaycanda dövlət çevrilişinin hazırlanması, ayrı-ayrı qüvvələrin birləşməsi haqqında məlumatlar verilirdi. Əgər bir tərəfdən bunu keçmiş baş nazir Surət Hüseynov xəlvətcə hazırlayırdısa, ikinci tərəfdən də ona ruh verən, bu işə qızışdıran, ona həmrəylik göstərən qüvvələr, adamlar var idi.
Belə məlumatlar bizə gəlirdi, çatırdı. Mən şəxsən bir prezident kimi, Azərbaycanda həm daxili ictimai- siyasi sabitliyin olması, həm də ki, ölkəmizin ərazi bütövlüyünün qorunması vəzifəsini üzərimə götürmüşəm. Ona görə də bu məlumatlar məni narahat etməyə bilməzdi. Eyni zamanda mən ölçüb-biçib nəticəyə gəlirdim ki, bu qüvvələr nə qədər çalışsalar da, Azərbaycanda artıq formalaşmış ümumi həmrəylik əzmini, xalqın ümumi fikrini korlaya bilməzlər, poza bilməzlər. Odur ki, bəzi adamlar hətta gəlib çox qorxu ilə, təhlükə ilə mənə deyəndə ki, dövlət çevrilişi hazırlanır, filankəslər hazırlayır, şübhəsiz ki, mən bunları nəzərə alırdım, bu barədə müəyyən yoxlamalar aparırdım. Ancaq eyni zamanda heç vaxt ehtiyat etmirdim. Keçmiş baş nazir Surət Hüseynov bəlkə də onun haqqında bu qədər danışılmağa layiq olan adam deyil. Mən dedim ki, son illərdə gedən proseslərdə belə adamlar meydana çıxdı – Surət Hüseynov kimi, Rəhim Qazıyev kimi, Əlikram Hümbətov kimi adamlar. Başqaları da var. Onların adlarını çəkmək istəmirəm, – hamısı bir-bir üzə çıxacaqdır, onlara əl altından kömək etmək istəyən adamlar da. Surət Hüseynovu kim idi meydana çıxaran, kim idi ona Milli Qəhrəman adı verən, kim idi onun – bu cinayətkar adamın ətrafında belə əhval-ruhiyyə yaradanlar? Onların özləri də bu cinayətkarın qurbanı oldular.
Ancaq mən son vaxtların hadisələri haqqında danışmaq istəyirəm. Bu Surət Hüseynov kimi adam baş nazir vəzifəsi ilə məşğul olmaq əvəzinə – baxmayaraq ki, onun bu vəzifə ilə məşğul olmağa o qədər də potensialı, imkanı yox idi, amma əgər istəsəydi, bir şey öyrənə bilərdi, – ancaq altdan-altdan çirkin işlərlə məşğul olurdu, başqa işlərlə məşğul olmağa vaxtı yox idi.
Təəssüf ki, bizim bəzi vəzifəli, rəhbər işçilər, bəzi qruplar da yenə keçmişləri yada salaraq – yəni kimsə hansı zorakılıq əməli ilə nə isə edə bilərsə, ona yıxılmaq, ona yaxınlaşmaq, – onunla əlbir olmağa, birləşməyə çalışdılar. Beləliklə də cürbəcür qüvvələrin dövlət çevrilişi hazırlaması prosesi gücləndi. Xatirinizdədir, qəzetlərdə yazırdılar, hətta mən sentyabrın 24-də Amerikaya səfər edərkən İstanbulda təyyarə meydanında mənə bir neçə qəzet göstərdilər. Bildirdilər ki, çevriliş hazırlanır. Surət Hüseynov çevriliş hazırlayır, – bunu qəzetlərdə yazmışdılar. Bunları mən özümdən demirəm, – çevrilişi Əbülfəz Elçibəy hazırlayır, Rövşən Cavadov hazırlayır, çevrilişi Ayaz Mütəllibov hazırlayır, filankəs hazırlayır. Müxbirlər bunu çox təlaşla, narahatlıqla mənə dedilər. Mən bildirdim ki, narahat olmayın. Azərbaycan xalqı artıq belə şeylərə yol verməz, imkan verməz.
Ancaq eyni zamanda bu adamlar, görünür ki, xalqın indi nə qədər yetkin olduğunu dərk etməmişlər. Onlar köhnə əhval-ruhiyyə ilə, köhnə fikirlərlə yaşayırlar.
Bir neçə təxribat hadisəsi həyata keçirildi. Bunlar sentyabrın 21-dən başlayaraq, oktyabrın 4-nə qədər oldu. Nəhayət, oktyabrın 3-4-də dövlət çevrilişi prosesi son həddə çatdı. Gəncədə, bir neçə rayonda dövlət hakimiyyət orqanları artıq ələ keçirilmişdi və Bakıda da dövlət çevrilişi aparmaq üçün lazımi tədbirlər görülmüşdü.
Biz bu dövlət çevrilişi cəhdinin qarşısını aldıq. Bunun qarşısını silah gücünə yox, qan tökülməsi ilə yox, dava ilə yox, ancaq və ancaq xalqımızın, Azərbaycan vətəndaşlarının milli həmrəyliyi ilə, xalqın artıq belə cinayətkar ünsürləri tanıyaraq, onlara bundan sonra imkan verməmək əzmi ilə aldıq.
Oktyabrın 4-dən 5-nə keçən gecə vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq mən xalqa müraciət etdim. Əmin idim ki, xalq mənim səsimə səs verəcəkdir. Çünki xalqın əksəriyyəti ədalət istəyir, rahatlıq istəyir. Xalqın əksəriyyəti artıq bu çəkişmələrdən, bu cinayətkar ünsürlərin cürbəcür fırıldaqlarından doyubdur. Əmin idim ki, əgər xalq 1993-cü ilin oktyabr ayında ümumxalq səsverməsində mənə etibar göstəribsə, məni prezident seçibsə, demək, belə bir böhranlı vəziyyətdə də xalq öz dövlətçiliyini qoruyacaqdır, xalq bunu edərkən dövlətçiliyinin başında duran Azərbaycan prezidentini qoruyacaqdır.
Buna görə də mən tam cəsarətlə xalqa müraciət etdim. Xalq bu müraciətə səs verdi. O gecə vaxtı Bakıda prezident sarayının qarşısına yüz minlərlə adam toplaşdı. Azərbaycanın, demək olar ki, bütün rayonlarında, bütün şəhərlərində insanlar o gecə ayağa qalxdılar, həmin o qiyamçılara, o cinayətkarlara və Azərbaycan dövlətini devirməyə çalışanlara lazımi cavab verdilər. Sabahısı gün – oktyabrın 5-də Azadlıq meydanında keçirilən mitinqə toplaşmış bir milyondan artıq Azərbaycan vətəndaşı – həm Bakıdan, həm də başqa şəhərlərdən, rayonlardan gəlmiş adamlar Azərbaycan xalqının, millətinin, vətəndaşlarının milli həmrəyliyini bir daha nümayiş etdirdilər. Həm o cinayətkarlara, həm də ki, bütün dünyaya bildirdilər ki, artıq Azərbaycan xalqı öz müstəqilliyini və öz respublikasının daxili ictimai-siyasi vəziyyətini qorumağa qadirdir və bundan sonra da qoruyacaqdır!
Mən bu gün bir daha o anları, o dəqiqələri, o saatları, o gərgin gecəni və oktyabrın o işıqlı günəş şüaları ilə işıqlanmış Bakını yadıma salıram. Bir daha həm sizin qarşınızda, həm də respublikamızın bütün vətəndaşları qarşısında Azərbaycan xalqına, bütün Azərbaycan vətəndaşlarına vətənpərvərliklərinə görə, cəsurluqlarına, qəhrəmanlıqlarına görə, Azərbaycanın dövlətçiliyini qorumaq əzmində olduqlarına görə və cinayətkarlara layiqli zərbələr vurduqlarına görə, Azərbaycanın dövlətçiliyini, Azərbaycanın prezidentini qoruduqlarına görə öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.
O gün, yəni oktyabrın 4-dən 5-nə keçən gecə, oktyabrın 5-də mən öz çıxışlarımda hadisələrə məhz o günə bəlli olan məlumatlar əsasında qiymət verdim, fikirlərimi bildirdim. Ancaq indi artıq iki aya yaxın vaxt keçibdir. Bu müddətdə xalqımız bu məsələləri daha ətraflı təhlil etməyə imkan tapıbdır. Hər bir insan o günləri də və ondan sonra keçən günləri də təhlil etməyə imkan tapıbdır. Bununla yanaşı, bizim istintaq orqanları, hüquq-mühafizə orqanları o cinayətkarların bəd əməllərini meydana çıxarmaq üçün lazımi işlər, lazımi tədbirlər görüblər və bunları nəzərə alaraq, həmin o günlərdən keçən dövrdə aparılmış işləri müəyyən qədər təhlil etmək, eyni zamanda sizə və respublikanın ictimaiyyətinə daha geniş məlumat vermək məqsədi ilə bu gün ümumxalq nümayəndələrinin toplantısını keçirməyi lazım bilmişəm.
Bu gün bu salonda xalqın nümayəndələri toplaşıb. Xalqın bütün təbəqələrinin nümayəndələri buraya dəvət olunubdur. Bu, dövlət müşavirəsi deyil, ötən dövrlərdə keçirilən fəallar yığıncağı deyil. Bu, oktyabrın 4- dən 5-nə keçən gecə prezident sarayının qarşısına toplaşmış adamların mitinqinin bir hissəsidir. Oktyabrın 5-də Azadlıq meydanına toplaşmış vətəndaşlarımızın keçirdikləri mitinqin bir hissəsidir. Şübhəsiz ki, bu salona indi oradakı qədər adam toplaşa bilməz. Ancaq istəsəydik, bundan da çox adam bizim möhtəşəm Azadlıq meydanına toplaşardı. Buna indi ehtiyac yoxdur. Biz sadəcə olaraq bu məsələləri, yenə də deyirəm, təhlil etmək üçün, çevriliş cəhdi ilə əlaqədar məsələlərdən irəli gələn vəzifələri aydınlaşdırmaq üçün ümumxalq nümayəndələrinin indiki toplantısını keçirməyi lazım bilmişik və toplantıya yığışmışıq.
Bu gün burada sərbəst, səmimi və demokratik əsaslarla söhbət gedəcəkdir. Ancaq məsələləri açmaq üçün, müzakirə etmək üçün, həmin məsələlərin Azərbaycan üçün nə qədər təhlükəli olduğunu bir daha dərk etmək üçün və eyni zamanda, xüsusən, bundan sonra belə cinayətkar qrupların, adamların, təşkilatların cinayətkar hərəkətlərinin qarşısını almaq üçün burada müəyyən söhbət, danışıqlar, müzakirə aparmalıyıq. Bu müzakirələrin istənilən səviyyədə keçməsi üçün və ümumi söhbət şəklində deyil, konkret faktlar əsasında keçməsi üçün yəqin ki, bizim hüquq-mühafizə orqanları rəhbərlərinin məlumatını dinləmək lazım olardı. Onlar bizi məlumatlandırarlar. Sonra isə kim çıxış etmək istəyirsə, buna imkanı vardır.
Toplantı bu gün bütün gün ərzində keçiriləcəkdir. Yəni respublikanın bu ağır vəziyyətdən çıxması üçün, həm iqtisadi, həm sosial vəziyyəti, həm də daxili ictimai-siyasi vəziyyəti daha dərindən dərk etmək üçün burada sərbəst söz deməyə hər kəsin imkanı vardır.
Beləliklə, mən ümumxalq nümayəndələri toplantısını açıq elan edirəm.
YEKUN SÖZÜ
Hörmətli xalq nümayəndələri!
Hörmətli xanımlar, cənablar, hörmətli qonaqlar!
Bu gün bu salonda Azərbaycan xalqının, Azərbaycan vətəndaşlarının bütün təbəqələrinin nümayəndələrinin toplanması və Azərbaycan Respublikasının dövlətçiliyi ilə, müstəqilliyi ilə əlaqədar olan mühüm məsələnin müzakirə edilməsi respublikamızın həyatında əlamətdar bir haldır. Azərbaycanda dövlət çevrilişi etmək cəhdindən iki ay keçir. Bu müddətdə xalqımızın, millətimizin, respublikamızın vətəndaşlarının həm sentyabrın sonu – oktyabrın əvvəlində baş vermiş hadisələri daha dərindən təhlil etməyə, həm də onları qiymətləndirməyə imkanları var idi. Bugünkü toplantıdan, eləcə də əhalidən, ayrı-ayrı vətəndaşlardan, kollektivlərdən, təşkilatlardan Azərbaycan Prezidentinin ünvanına, başqa dövlət orqanlarına, mətbuat, informasiya orqanlarına gələn məktublardan belə bir nəticə çıxır ki, xalqımız, Azərbaycan vətəndaşları o hadisələri, doğrudan da, dövlət çevrilişinə cəhd kimi qiymətləndirir, o hadisələri izləyir və Azərbaycan dövlətçiliyini qorumaq əzmində olduqlarını bir daha bəyan edirlər.
Bu gün burada hüquq-mühafizə orqanlarının, inzibati orqanların rəhbərləri məlumat verdilər. Bunlar və nümayəndələrin çıxışlarındakı məlumatlar hamısı birlikdə bir daha sübut edir ki, Azərbaycanın müstəqilliyinə qarşı, dövlətçiliyinə qarşı uzun müddət hazırlanmış çevriliş planı var imiş və həmin planı həyata keçirmək cəhdi olmuşdur, bu cəhdin qarşısı alınmışdır. Cinayətkarların bir qismi yaxalanıb, digərləri isə qaçıblar, respublikanı tərk ediblər, başqa ölkələrdə gizləniblər. Ancaq yenə də sakit durmurlar, yenə də öz bəd əməllərini həyata keçirmək istəyirlər, cinayətkar fəaliyyətlərini davam etdirirlər.
Ona görə də bu gün belə bir toplantının keçirilməsinin zəruriliyini bu tədbir artıq sona çatarkən mən daha çox hiss edirəm. Hiss edirəm ki, əgər oktyabrın əvvəlində – 4-də, 5-də o mitinqlərdə, ondan sonra şəhərlərdə, rayonlarda, qəsəbələrdə, təşkilatlarda, müəssisələrdə olmuş yığıncaqlarda, mitinqlərdə bu məsələlər haqqında çox sözlər deyilmişdisə, indi, o hadisələrdən təxminən iki ay keçəndən sonra bu məsələlər haqqında daha ciddiyyətlə danışmaq olar, bu məsələlərin, bu hadisələrin Azərbaycan üçün nə qədər böyük təhlükə olduğunu demək olar və vətəndaşlarımızı, xalqımızı bir daha sayıqlığa dəvət etmək olar.
Azərbaycan müstəqilliyini əldə edən gündən indiyə qədər, təəssüf ki, çox ağır bir şəraitdə yaşamışdır. Mən bu gün toplantını açarkən qeyd etdim ki, 1988-ci ildən indiyə qədər Azərbaycanın həyatında bir çox mərhələlər, bir çox dəyişikliklər olmuş və bunlar hamısı da aybaay, günbəgün, ilbəil xalqımızın, vətəndaşların, respublikanın vəziyyətini ağırlaşdırmış, çətinləşdirmişdir. Bu gün biz bir daha qeyd etməliyik ki, Azərbaycan xalqı üçün, Azərbaycan Respublikası üçün ən ağır bəla ölkəmizin hərbi təcavüzə məruz qalmasıdır, müharibə şəraitində olmasıdır, altı ildən artıq gedən müharibədə Azərbaycanın böyük itkiləri, torpaqlarının işğal olunmasıdır, bir milyondan çox əhalisinin qaçqın vəziyyətinə düşməsidir. Bu, bizim ümumi problemimizdir. Azərbaycan xalqının, Azərbaycan Respublikasının və Vətəni, torpağı haqqında düşünən hər bir azərbaycanlının başına gələn bəladır. Bu, bizim dərdimizdir, faciəmizdir.
Bu illər ərzində Azərbaycan faciəli günlər, faciəli illər yaşayıb. Bu gün də biz faciəli günlər yaşayırıq. Ona görə də düşmənin Azərbaycanı parçalamaq, dağıtmaq, torpaqlarımızın bir qismini ələ keçirmək planlarının qarşısını almaq üçün, buna sinə gərmək üçün, bu planları pozmaq, Azərbaycanı qorumaq üçün hamının bir məqsədi olmalı idi: o vaxt da, 1988-ci ildə də, ondan sonrakı illərdə də birləşib xalqımızı bu vəziyyətdən çıxarmaq, ümumi düşmənin, təcavüzkarın, Azərbaycanı parçalamaq istəyən düşmənlərin qarşısına çıxmaq, onların qarşısını almaq. Xalqın əksəriyyəti, – bu gün mən bunu ürəyimdə olan sözlər kimi demək istəyirəm, çünki həmin bu illərin bir hissəsini öz doğma torpağında olmasam da, bu dərdlərlə yaşamışam. Digər hissəsini isə xalqımla bir yerdəyəm, – xalqın tam əksəriyyəti həmişə bu hisslərlə, bu duyğularla yaşamışdır, yəni başqa bir məqsədi, fikri olmamışdır. Ancaq təəssüflər olsun ki, 1988-ci ildə başlanmış proseslərdə – xalqın əksər hissəsinin sağlam əhval-ruhiyyədə, Vətənini, torpağını qorumaq əzmində olduğu bir vaxtda xalqın içərisində bu dövrün, şəraitin, proseslərin imkanlarından istifadə edərək öz şəxsi məqsədlərinə nail olmaq istəyənlər vardır. Onlar o vaxt da olmuşlar, təəssüf ki, indi də var. Məhz onlara görə Azərbaycan məğlubiyyətlərə uğramışdır, məhz onlara görə Azərbaycanın başına belə bəlalar gəlmişdir.
Bu gün toplantının başlanğıcında dediyim sözləri bir daha təkrar etmək istəyirəm. 1988-ci ildən Azərbaycanda hakimiyyətin ədalətsizliyinə görə, tərkibində olduğumuz Sovetlər İttifaqının rəhbərləri Azərbaycan Respublikasına, Azərbaycan xalqına ədalətli münasibət göstərmədiyinə görə və Azərbaycanda hakim olan şəxslər, orqanlar Azərbaycan xalqının, millətinin qayğısına lazımi qədər qalmadığına görə, hələ 1988-ci ildə bu günləri görən adamlar Azərbaycanın müdafiəsinə qalxmış, onun torpaqlarını müdafiə etmək üçün fəaliyyət göstərməyə çalışmışlar. Bunlar hamısı Azərbaycanda milli ruhun, vətənpərvərlik ruhunun oyanmasına, yüksəlməsinə, formalaşmasına kömək etmiş, milli azadlıq hərəkatı meydana çıxmış və bu proseslər nəhayət, Azərbaycanda başqa proseslərlə yanaşı, müstəqilliyin əldə olunmasına gətirib çıxarmışdır.
Biz bu il noyabrın 17-də Azərbaycanın Milli Dirçəliş gününü qeyd etdik. Bəli, bu, doğrudan da tarixə düşmüş bir gündür. O vaxt Azərbaycanın gəncləri, milli şüurla, vətənpərvərlik şüuru ilə yaşayan insanları Azərbaycana qarşı ədalətsizliyə etiraz əlaməti olaraq meydanlara çıxdılar, böyük mitinqlər keçirildi. Azərbaycanda milli azadlıq hərəkatı formalaşdı. O vaxtlar bu mitinqlərə ayrı-ayrı adamlar yox, Azərbaycanın yüz minlərlə vətəndaşı toplaşırdı. Noyabrın 17-də Azadlıq meydanında xüsusən Nemət Pənahovun rəhbərliyi altında başlanan mitinqlər – bunlar hamısı Azərbaycanın ağır vəziyyətdə olması ilə əlaqədar meydana gələn müsbət hadisələr idi. Bu hadisələr sonra inkişaf etdi və şübhəsiz ki, Azərbaycanda milli ruhun artmasına kömək etdi, öz müsbət nəticələrini göstərdi. Bunları biz qiymətləndirməliyik, unutmamalıyıq. Ondan sonra gedən müsbət prosesləri də həmişə qiymətləndirməliyik. Bunları da unutmamalıyıq.
Ancaq eyni zamanda, bu proseslər Azərbaycanın belə ağır vəziyyətindən öz şəxsi məqsədləri üçün istifadə etmək yoluna düşmüş ayrı-ayrı insanları da üzə çıxardı. O vaxt Azərbaycanın hakim dairələri xalqa pis münasibət bəsləyirdilər. Vətəni, torpağı qoruya bilmədilər. Qarabağ məsələsi başlayarkən onun qarşısını ala bilmədilər. Məhz ona görə də xalq Azərbaycanın kommunist rəhbərliyinin əleyhinə qalxdı və 1990-cı il 20 Yanvar hadisələri baş verdi.
20 Yanvar hadisələri Azərbaycan xalqının milli şüurunun daha da yüksəldiyini göstərdi. Eyni zamanda bu hadisələr milli hərəkatın, milli şüurun imperiya qüvvələri tərəfindən boğulduğunu göstərdi. Azərbaycan xalqı şəhidlər verdi. Onların xatirəsi bizim üçün daim əziz olacaqdır. Ancaq eyni zamanda Azərbaycan xalqı sübut etdi ki, onun mənliyi var, milli qüruru var. O, şəhidlər vermiş olsa da, artıq bu ədalətsizliyə dözmür.
Hakimiyyət dəyişildi. Ancaq yeni hakimiyyət özü üçün nəticə çıxarmadı. Ayrı-ayrı qüvvələr bütün bu proseslərdən Vətəni, torpağı, milləti qorumaq üçün yox, – bir tərəfdən, hakimiyyətdə olan adamlar özlərini qorumaq üçün, digər tərəfdən isə ayrı-ayrı adamlar, qruplar, təşkilatlar şəxsi məqsədlərinə nail olmaq üçün istifadə edirdilər.
Beləliklə, Ermənistanda ordu, silahlı qüvvələr yarandı, Qarabağı ardıcıl olaraq öz əllərinə keçirməyə başladılar. Azərbaycanda isə ordu yaratmaqla məşğul olmadılar. Ayrı-ayrı silahlı dəstələr bu fürsətdən istifadə edib öz şəxsi məqsədlərinə nail olmağa çalışdı. Belə olan halda, o vaxt Azərbaycanın rəhbəri Mütəllibov özü üçün də "Qardaşlıq" adlı silahlı dəstə yaratdı. Bu, xatirinizdədir. Müxalifətdə olan adamlar cəbhədə döyüşmək əvəzinə, torpağımızı qorumaq əvəzinə öz müxalifət fikirlərini həyata keçirmək üçün silahlı dəstələr yaratdılar. Belə silahlı dəstələrin yaranması, şübhəsiz ki, qanuna sığmayan şeydir. Ölkədə dövlət strukturu var, ordu, hüquq-mühafizə orqanları var. Lakin hakimiyyətdə olan adamların bunlara inanmayaraq özlərinə silahlı qüvvə yaratması ayrı-ayrı nalayiq şəxslərin meydana çıxıb Azərbaycanın hörmətli, nüfuzlu adamlarının, necə deyək, kənara çəkilməsinə şərait yaratdı. Mən bunu geniş təhlil etmək istəmirəm. Bax, bu proseslər nəticəsində Rəhim Qazıyev kimi, Surət Hüseynov, Əlikram Hümbətov kimi və onlara bənzər adamlar meydana çıxdı. Vəzirov xalqına xəyanət etdi, qaçdı. Mütəllibov xalqına xəyanət etdi, qaçdı.
Nəhayət, dörd ildən sonra, bu ilin əvvəlində Milli Məclis yanvar hadisələrinə qiymət verdi. O vaxt Azərbaycan xalqına xəyanət edən adamların adları Milli Məclisin qərarında öz əksini tapdı. O adamlar qaçıb gizləndilər. Amma Azərbaycanda yaranmış bu silahlı dəstələr yenə də hakimiyyət əldə etmək, vəzifə ələ keçirmək əhval-ruhiyyəsindən çəkinməmişlər. Onlar bunu davam etdirdilər və 1993-cü ilin iyun hadisələri baş verdi.
1993-cü ilin iyununda Azərbaycan artıq parçalanmışdı. Mən toplantının əvvəlində dedim, bir də təkrar etmək istəyirəm, – 1993-cü ilin əvvəlindən Azərbaycanda artıq parçalanma prosesi gedirdi. Azərbaycanın bəzi bölgələrində etnik qrupları qızışdırmaq, bir-birinə qarşı qoymaq istəyirdilər. Milli məsələdə buraxılan bəzi səhvlər Azərbaycanın bölgələrində etnik qruplar arasında cürbəcür proseslər yaratdı. Rəhim Qazıyev, Əlikram Hümbətov və Surət Hüseynov kimi adamlar da bu proseslərdən öz siyasi məqsədləri üçün istifadə etməkdən ötrü müəyyən fəaliyyətə başladılar.
Bunların qarşısı alına bilərdi. Necə ki, mən bu gün də hesab edirəm ki, əgər 1987-ci ilin axırında, 1988- ci ilin əvvəlində o vaxtkı Sovetlər İttifaqı Qarabağ probleminin yaranmasını istəməsəydi, onun qarşısını alardı. Nə Ermənistanla Azərbaycan arasında müharibə başlanardı, nə də Qarabağ problemi bu səviyyəyə çatardı. Ancaq onlar bunu istəmədilər, bu problemi süni surətdə özləri yaratdılar. Eyni şəkildə, əgər kiçik miqyasda götürsək, Azərbaycan Respublikasında 1993-cü ilin əvvəlində bu proseslərin qarşısı alına bilərdi. Ancaq hakimiyyətdə olan şəxslər, təşkilatlar, xüsusən o vaxt hakimiyyətdə olan Xalq Cəbhəsi bunun qarşısını ala bilmədilər və ala da bilməzdilər. Çünki artıq onlar xalq qarşısında hörmətdən düşmüşdülər. Əgər hörmətdən düşməsəydilər, Surət Hüseynov kimi adam başına bir elə dəstə yığıb ordunun bir hissəsini öz əlinə keçirə bilməzdi. Əgər dövlət, onun başında duran adamlar hörmətdən düşməsəydilər, xalqın onlara inamı itməsəydi, Əlikram Hümbətov kimi adam, – burada çıxış edən müəllim onun haqqında karikatura şəklində bir söz dedi, həqiqətən belə idi, – Azərbaycanın cənubunda yeddi rayonu əlinə keçirməzdi. Axı, Əlikram Hümbətov təkcə iyun ayında deyil, ondan əvvəl də bunu etmişdi.
Artıq fevral ayından başlayaraq həmin rayonlar onun əlində idi. Ordunun bir hissəsini də, tankları, topları da – hamısını ələ keçirmişdi.
Azərbaycanın o vaxtkı rəhbərliyi aciz qaldı. Nə üçün? Çünki dövlətçiliyi qurmaq əvəzinə, dövlətin strukturlarına istinad etmək əvəzinə, o vaxt Xalq Cəbhəsi də özünə silahlı qüvvə saxlayırdı. Mən o zaman təəccüb edirdim ki, necə ola bilər, sən dövlətin başında olasan, dövlətə rəhbərlik edəsən, dövlət strukturlarından savayı, onlarla yanaşı Xalq Cəbhəsinin silahlı dəstələri də olsun? Mən bunu Naxçıvanda gördüm. Amma bu, təkcə orada deyildi. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi var idi. O vaxtlar biz Rusiyaya mənsub olan diviziyanı çıxardıq, orada bir hərbi briqada yarandı. Amma eyni zamanda Xalq Cəbhəsinin böyük silahlı dəstələri vardı. Onların bir qismi indiyədək qalır. Üç gün bundan əvvəl oradan nə qədər silah tapıldı. Bu gün milli təhlükəsizlik naziri vəzifəsini icra edən Namiq Abbasov həmin silahlar barədə danışdı. Amma son aylarda orada ayrı-ayrı yerlərdə gizlədilmiş nə qədər silah tapıldı. Bunlar nəyə lazımdır? Əgər dövlətə lazımdırsa, dövlətin əlində olmalıdır. Amma dövlətin başında dura-dura eyni zamanda gizli silahlı dəstə saxlayırsansa, demək, ya sən dövlətə başçılıq etməyə yaramırsan, yaxud da qəsdən bunu edirsən ki, aranı qızışdırasan.
Bax, bunların nəticəsində 1993-cü ilin əvvəlində bu hadisələr baş verdi, Surət Hüseynov kimi adamı meydana çıxaranlar Azərbaycan xalqı qarşısında cavabdehdirlər. Çünki Surət Hüseynov artıq böyük vəzifələr sahibi idi. Prezidentin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, baş nazirin birinci müavini, korpus komandiri idi və Milli Qəhrəman adı almışdı. Bunların hamısını ona Azərbaycanın dövlət başçıları vermişdi. Rəhim Qazıyev kimi adamın – mən bunu dəfələrlə demişəm, Azərbaycan xalqına onun vurduğu zərbəni, ola bilər heç kəs vurmamışdır – bir tərəfdən guya Xalq Cəbhəsinin rəhbərlərindən, liderlərindən idi, Xalq Cəbhəsinin liderlərindən biri kimi müdafiə naziri idi, guya ki, Azərbaycanın torpaqlarını müdafiə edirdi, eyni zamanda Azərbaycanı içəridən dağıdırdı. Nə üçün? Aşkar oldu, 1993-cü ilin iyun – iyul aylarında Milli Məclisdə gedən müzakirələr onun iç üzünü tamamilə açdı. Halbuki bunu etmək o qədər də çətin bir şey deyildi. Onun iç üzünü 1991-ci ildə də, 1992-ci ildə də və 1993-cü ilin əvvəllərində də acmaq olardı, ifşa etmək olardı ki, Azərbaycanı gətirib bu vəziyyətə salmasın. Bunların hamısının nəticəsində belə layiqsiz adamlar üzə çıxdılar, özlərinə yeni silahlı dəstələr düzəltdilər və 1993-cü ilin iyununda Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdılar.
Vətəndaş müharibəsi başladı. Gəncədə qan töküldü. Fərqi yoxdur, kim kimə atəş açdı, nə təhər oldu, – həlak olan, ölən azərbaycanlılar oldu. Azərbaycanlı azərbaycanlı ilə vuruşdu. Bakının yaxınlığında qan töküldü. Bunun qarşısını almaq, Azərbaycanı belə vəziyyətdən çıxarmaq lazım idi. Ona görə də Surət Hüseynov meydana çıxdı. Əlbəttə, indi şübhə etmək olar ki, Surət Hüseynov kimi adam nə cür gəlib baş nazir oldu. Çünki onu baş nazir vəzifəsinə gətirən adamlar əvvəldən onu bu səviyyəyə çatdıranlar idi. Ona görə də belə oldu.
Əlikram Hümbətovun qurduğu işlər sentyabr ayına qədər hələ davam edirdi. Biz orada da istəmirdik ki, qan tökülsün. Ancaq yeddi rayon onun əlində idi. Nəhayət, xalq ayağa qalxdı. Əlikram Hümbətovun quldur dəstəsi adamlara atəş açdı, orada da dörd nəfər həlak oldu. Əlikram Hümbətova havadarlıq edən adamlar onu qaçırdılar. Sonra biz nə qədər əzab-əziyyətlə onu tapıb həbs etdik. Rəhim Qazıyev də həbs olundu. Məhkəmə başlandı. Görəndə ki, hər şey açılacaq, bəli, yenidən dövlət çevrilişinə başladılar. Mən bu gün dedim, o vaxtdan yayılan şayiələr, bizə gələn məlumatlar, istintaqda əldə edilən sübutlar, xarici mətbuatın və Azərbaycandakı qeyri-formal, müxalifət qəzetlərinin yazıları – hamısı onu göstərirdi ki, doğrudan da Azərbaycanda ayrı-ayrı qüvvələr dövlət çevrilişi hazırlayırlar. İş burasındadır ki, – mən bu gün bunu deməliyəm, – Surət Hüseynov özü də bir neçə dəfə gəlib mənə deyirdi ki, onlar bizi devirmək, yıxmaq istəyirlər, bizim əleyhimizə çıxmaq istəyirlər. Mən bununla demək istəmirəm ki, onun sözlərinin hamısı doğrudur. Ancaq o, dəfələrlə mənə demişdi ki, onun yanına Xalq Cəbhəsinin də, Müsavat Partiyasının da nümayəndələri gəlir, nə bilim, Rövşən Cavadov da gəlir, o birisi, bu birisi də gəlir, hamısı deyir ki, gəlin birləşək, Heydər Əliyevi yıxaq, amma mən deyirəm ki, yox, Heydər Əliyev bizə çox lazımdır, ağsaqqaldır, belə şey olmaz.
Mən onu dinləyirdim və deyirdim ki, axı nə təhər olur, bunlar hamısı sənin yanına gəlir? Niyə belə olur. Nədən ötrü sənin yanına gəlirlər? Əgər sən hesab edirsənsə ki, bunlar dövlət çevrilişi etmək istəyirlər deməli, onda sənin kimi adamı özlərinə müttəfiq etmək istəyirlər.
Yaxud da sən yalan deyirsənsə, bunları özünə müttəfiq etmək istəyirsən. Mən bu sözləri ona dəfələrlə demişəm. Son zamanlar, hadisələr qızışan vaxtda da deyirdi ki, mənim yanıma hamısı gəlir və bildirirlər ki, bizimlə işin olmasın, bizim də səninlə işimiz yoxdur. Biz ancaq Heydər Əliyevi yıxacağıq, sonra sizinlə birlikdə olacağıq. Dedim ki, yaxşı, get onlarla birləş, əgər yıxa bilirsənsə, yıx.
Demək istəyirəm ki, bu qaynaşma respublikamızda may ayından da əvvəl başlanmışdı və təəssüf ki, – mən indi konkret heç bir şey demək istəmirəm, – vəzifə hərisi olan ayrı-ayrı adamlar, bu fürsətdən bəhrələnərək özlərinə məqam seçmək istəyən adamlar bunların hamısından istifadə edirdilər. Surət Hüseynovun mənə dediyi sözlərdə də müəyyən həqiqət var idi. Çünki yoxlamalar göstərirdi ki, həmin qəbildən olan ayrı-ayrı qüvvələr Surət Hüseynovla görüşür, danışır, əlaqə saxlayırdılar.
Ancaq, bu, təkcə onların işi deyildi. Şübhəsiz ki, xaricdən idarə olunan Mütəllibov, onun havadarları, başqaları – bunlar hamısı birləşmişdi. Bu proseslər nə üçün sentyabrda başlandı? Çünki biz neft müqaviləsini imzalatdıqdan sonra bu qüvvələr fikirləşdi ki, indi bundan sonra çevriliş etmək lazımdır. Rusiyanın bir diplomatı mənə deyir ki, Surət Hüseynov onunla görüşərkən bildirib ki, o, neft müqaviləsinin əleyhinədir, buna yol verməyəcək, Rusiyaya tərəfdardır və s. Belə sözlərlə guya onlardan kömək almaq istəyirdi. Şübhəsiz ki, mən bunu dövlətə şamil etmirəm, xahiş edirəm düzgün başa düşəsiniz. Həmin diplomat da bunu mənə Surət Hüseynovun çirkin əməllərini açmaq mənasında dedi. Görürsünüz, nə qədər çirkin yollara əl atırlar!
Ona görə də bu hadisələr başlandı. Tarixdə hələ görünməyib ki, Milli Təhlükəsizlik Nazirliyindən – keçmiş NKVD desək, onun ənənələri hələ orada yaşayır – oradan insanlar qaça bilsin. İndi mən qəti söz demirəm, bunların hamısına istintaq cavab verəcəkdir. Ancaq heç şübhə etmirəm ki, onların oradan qaçırılması çevrilişin başlanğıcı idi. Onları qaçıran və çevrilişi edən qüvvələr eyni idi. Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun terrorçuluq vasitəsilə öldürülməsi ikinci həlqədir. Üçüncü həlqə Xüsusi Təyinatlı Polis Dəstələrinin yolunu azmış bəzi qüvvələrinin başqa istiqamətə yönəldilməsi idi: prokurorluqla münaqişə və s. Nəhayət, Gəncədəki hadisə. Bunların hamısı planlaşdırılmış proseslər idi. Onlar Azərbaycanda dövləti devirmək istəyirdilər. Burada deyilən məlumatlar da bunu göstərdi, sübut etdi.
May ayında da, iyun ayında da, ondan əvvəl də adamlar narahatlıqla mənim yanıma gəlirdilər ki, belə danışıqlar gedir, şayiələr yayılır, ola bilər, dövlət çevrilişi olsun. Mən bu adamlara, – şübhəsiz, ürəyi yanan adamlara, çünki görürdüm onlar, doğrudan da, millətin, xalqın dərdinə yanan adamlardır, dəfələrlə demişdim və indi də deyirəm: əgər kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, mən son damla qanıma qədər onunla mübarizə aparacağam. Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də, bir prezident kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram. Ona görə bu söz-söhbət, bu danışıqlar məni nə o vaxt qorxudurdu, nə də bu gün qorxudur.
Mən sizə bir dəfə demişəm, təkrar da edə bilərəm ki, mən Amerikaya yola düşərkən Azərbaycanda vəziyyət gərgin idi. Ancaq oraya getmək, Birləşmiş Millətlər Təşkilatında Azərbaycanın sözünü demək lazım idi. Onu da bilirsiniz ki, Azərbaycan müstəqillik qazanandan bəri onun dövlət başçısı BMT-də olmamışdı. Müstəqillik əldə edildikdən sonra keçən üç il ərzində ilk dəfə idi ki, Azərbaycanın dövlət başçısı Birləşmiş Millətlər Təşkilatında olmalı idi. Bu, əvvəllər də ola bilərdi, amma olmamışdı. Ona görə mən bunu etməli idim. Mən oraya gedərkən İstanbulun hava limanında müxbirlər məni əhatə etdilər, qəzetləri göstərdilər. Qəzetlərdə iri hərflərlə yazılmışdı ki, Azərbaycana zərbə vurmaq, çevriliş etmək istəyirlər. Men hamısına dedim ki, narahat olmayın. Birincisi, zərbə olmayacaq, ikincisi, əgər olarsa, mən Azərbaycanda olsam da, olmasam da xalq bunun qarşısını alacaqdır.
Ancaq cinayətkarlar çirkin planlarmı yerinə yetirdilər. Demək istəyirəm ki, bu, heç vaxt məni qorxutmamışdır və bu gün də qorxutmur, sabah da qorxutmur, heç vaxt da qorxutmayacaq. Ona görə ki, mən öz saf vicdanıma inanıram. Mən buraya vəzifə üçün gəlməmişəm, mənsəb üçün gəlməmişəm. Mən böyük yükü ancaq ona görə çiynimə götürmüşəm ki, xalqın həyatının ən çətin dövründə ona xidmət göstərim. Mənim başqa fikrim, başqa məqsədim yoxdur. İkincisi də, əgər belə cinayətkar qüvvələr, doğrudan da, Azərbaycan xalqına güc gələrsə, onda elə mən də həlak olaram, başqaları da həlak olar. Lakin əminəm ki, bu cinayətkar qüvvələr heç vaxt Azərbaycan xalqına, onun iradəsinə güc gələ bilməz. Əgər keçmişdə bəzi hadisələrdə onlar istədiklərinə nail ola bilmişdilərsə, bundan sonra artıq nail ola bilməzlər. Belə olmasaydı, Surət Hüseynov və onun əlaltıları qoyub qaçmazdılar, burada qalardılar. Əgər mübarizə aparacaqdılarsa, aparaydılar, qaçmayaydılar. Hamısı qaçdı. Tutulan tutuldu, qalanları qaçdı. Əvvəlkilər də qaçdılar, Moskvada yerləşdilər, o birilər də qaçdılar. İndi bir qismi Moskvadadır, biri Kələkidədir, biri nə bilim, haradadır.
Ancaq mən bir müddət Azərbaycandan kənarda olmuşam. İndi Azərbaycana ömürlük gəlmişəm, bura mənim doğma Vətənimdir, doğma torpağımdır. Məni buradan heç bir qüvvə tərpədə bilməz. Mən bu işi ya başa çatdırmalıyam, ya da, əgər bunu edə bilməsəm, Azərbaycanın dövlətçiliyi, müstəqilliyi, ərazi bütövlüyü yolunda həlak olacağam.
Ancaq siz də bilin, xalq da bilsin, bütün Azərbaycan vətəndaşları da bilsin: mən nikbinəm, hesab edirəm ki, xalq, millət, Azərbaycanın vətəndaşları – biz hamımız birlikdə bu çətinliklərin öhdəsindən gələcəyik. Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz, bundan sonra heç bir qüvvə Azərbaycanın dövlətçiliyini məhv edə bilməz. Bunä arxayın ola bilərsiniz!
Şübhəsiz ki, bu hadisələrdən nəticə çıxarmaq lazımdır. Birinci nəticə ondan ibarət olmalıdır ki, cinayətkarların hamısı cəzalanmalıdır. Bu gün burada çox ədalətli sözlər deyildi ki, cəzasızlıq çox vaxt belə hallara gətirib çıxarır. Biz artıq bunu tam dərk etməliyik. Bütün təbəqələrdə hər bir Azərbaycan vətəndaşı, hər bir vəzifəli şəxs gərək bilsin ki, Azərbaycanı bu vəziyyətdən çıxarmaq üçün qayda-qanun möhkəmləndirilməlidir, qanun tətbiq olunmalı, hər bir cinayətkar cəzasını almalıdır. Cəzasız heç bir şey qalmamalıdır.
Biz humanistik, demokratik dövlət qururuq, demokratik prinsiplər əsasında yaşamaq istəyirik. İnsan hüquqlarının, insan şəxsiyyətinin qorunmasına çalışacağıq. Ancaq gərək insan da dövlətin qanunlarına riayət etsin. Dövlətin qanunlarına əməl etməyən insan dövlətin qanunları əsasında cəzalanmalıdır. Başqa yol yoxdur. Biz özbaşınalığa, hərc-mərcliyə yol verə bilmərik. Bu müddətdə keçdiyimiz dövrdə, təəssüf ki, belə hallara yol verilmişdir. Oktyabr hadisələri göstərdi ki, bunlara yol vermək mümkün deyildir. Şəxsiyyətindən, keçmiş xidmətlərindən, adından-sanından asılı olmayaraq hər kəs qanuna tabe olmalıdır. Qanunun aliliyi hamı üçün eyni olmalıdır – adi vətəndaş üçün də, vəzifəli şəxs üçün də, prezident üçün də. Mən də qanunun aliliyinin keşiyində duracağam. Bu hadisələrdən çıxaracağımız birinci nəticə və qanunun keşiyində duran bütün adamlardan mənim tələbim ondan ibarətdir ki, qanunu qorumaq, onu tətbiq etmək, cinayət törətmiş adamların hamısını məsuliyyətə cəlb etmək, cəzalandırmaq lazımdır.
Çevriliş cəhdi ilə əlaqədar bir qisim adam həbs olunmuşdur. İstintaq orqanları qısa müddətdə öz işini görməlidir. Hörmətli şairimiz Qabil burada doğru dedi, bunu uzatmaq olmaz, istintaq gedir, uzanır, məsələni öldürürlər. İndi məhkəmə orqanlarında o qədər natəmiz adamlar peyda olublar ki, onlar məhkəmədə bu işləri tamamilə öldürürlər və beləliklə, cinayətkar cəzasız qalır. Ona görə birinci nəticə və istintaq orqanlarından, hüquq-mühafizə orqanlarından bizim birinci tələbimiz ondan ibarətdir ki, bütün istintaq qısa müddətdə getməlidir, keyfiyyətli getməlidir, cinayətkarlar aşkara çıxarılmalı və tezliklə məhkəmə qarşısında dayanmalıdırlar. Məhkəmə öz sözünü deməlidir. Qaçmış və ya Azərbaycan ərazisində gizlənən, yaxud da Azərbaycandan kənarda olan adamları axtarıb tapmaq lazımdır. Bu, bizim hüquq-mühafizə orqanlarının, xüsusən Daxili İşlər Nazirliyinin borcudur və bu vəzifə yerinə yetirilməlidir.
Eyni zamanda, həm o cinayət fikirli adamlar, həm də bütün başqaları bilməlidirlər ki, bundan sonra belə hadisələrə yol verilməyəcək. Hamı bilməlidir ki, bu hadisələr Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Bundan hərə özü üçün nəticə çıxarsın. İndi orada-burada danışıq, söz-söhbət gedir ki, yenə haradasa qruplaşıblar, yenə kimsə aranı qarışdırmaq istəyir, Moskvada guya onlar yığışır, görüşürlər, planlar qururlar, haradasa hansı qüvvələrini isə işə salmaq istəyirlər və s. Bilirsiniz, bu məlumatların müəyyən əsası da var, müəyyən mənada bunları bəlkə şişirdirlər də, ancaq həqiqət bundan ibarətdir ki, respublikamızda ayrı-ayrı pullu, vəsait ələ keçirmiş adamlar həmin o cinayətkarlarla əlaqədədirlər, onları maliyyələşdirirlər, maddi yardım göstərirlər. Burada çıxış edənlərdən biri dedi, onlar yenə də fikirləşirlər ki, bəlkə də yenə ara qarışdı, bir şey oldu və onlar yenə də bir mövqe tuta bilərlər.
Ona görə də hüquq-mühafizə orqanlarının və bütün ictimaiyyətin ikinci vəzifəsi budur ki, belə adamlar aşkara çıxarılmalıdır. Burada çox danışıqlar oldu ki, elə adamlar var, iki stulda oturmuşlar – o tərəfə də baxırlar, bu tərəfə də. İndi hər şey aydın oldu, gəlin o adamları aşkara çıxaraq. Əgər gözləyirsinizsə ki, o adamların hamısını mən tapmalıyam, onda sizin mənə yazığınız gəlmir. Bunu sizə açıq deyirəm. O adamlar bizim aramızdadır. Onlar aşkar olunmalı, kənarlaşdırılmalıdırlar. Ancaq eyni zamanda, mən dəfələrlə demişəm, heç kəsə damğa vurmaq olmaz. Əgər bir adam dünən səhv etmişdisə, başa düşməmişdisə, yolunu azmışdısa və bu gün düz yolla gedirsə, xalqla birlikdədirsə, qanuna riayət edirsə, – buna söz yoxdur. Lakin adamlar var ki, üzdə bu deyilən sözlərə riayət edirlər, arxada isə çirkin işlər görürlər, xalqına xəyanət edirlər, yenə də aranı qarışdırmaq istəyirlər.
Ona görə belə adamlar aşkara çıxarılmalıdır. Ayrı-ayrı mafioz qüvvələr, hansılar ki, respublikadan kənarda və ya daxildə aranı qarışdırmaq istəyən, yenə də dövlətçiliyimizə, müstəqilliyimizə qəsd etmək istəyən adamlara kömək edirlər, onları maliyyələşdirirlər, silahlandırırlar – belələri aşkara çıxarılmalıdır. Bu, bizim hüquq-mühafizə orqanlarının vəzifəsidir, eyni zamanda ictimaiyyətin vəzifəsidir, hər bir vətəndaşın vəzifəsidir. Düzdür, son illər belə cinayətkarlar insanları o qədər qorxudublar ki, bəziləri öz canlarından, ailələrindən, uşaqlarından qorxurlar. Ona görə də cinayəti görəndə göz yumurlar, yaxud üzlərini yana çevirirlər. Belə hallar var, belə hallar çoxdur.
Elə götürün Gencə şəhərinin özünü, böyük abidələr, tarixi ənənələr şəhəri, böyük Nizami Gəncəvi şəhəri, görkəmli şəxsiyyətlər yetişdirmiş şəhər Surət Hüseynovun, indi burada adını çəkdilər – Kəramət Kərimovun və bu cür quldurların əlində yesir qalmışdı. Gəncədə adamlar küçəyə çıxa bilmirdilər. İndi bəs nə oldu – quldurlar qaçandan sonra Gəncədə hamı rahat nəfəs alır. Gəncəlilər artıq rahatlaşıblar. Əgər təkcə Surət Hüseynovun evinin bir divarından 30 avtomat, pulemyot, qumbaraatan, qumbara çıxıbsa, buna nə ad vermək olar? Həm də o, tək deyildir, başqaları da var. Əlbəttə, onlar bu silahlarla, sursatlarla adamları həm qorxudurdular, həm də incidirdilər.
Üçtəpə haqqında söz gedir. Bu Üçtəpə nədir? Vaxtilə orada olan diviziyanın komandirinin iqamətgahı idi, yəni bağ evi idi. Bundan sonra həmin bağ evini Surət Hüseynov əlinə keçirdi. Mənim bundan xəbərim yox idi. Mən biləndə, müdafiə nazirinə göstəriş verdim ki, bu, hərbi hissənin əmlakıdır və onu gedin alın. Surət Hüseynov buna müqavimət göstərmişdi. Müdafiə naziri də bir şey edə bilməmişdi. Surət Hüseynov orada cürbəcür çirkin işlər görürdü. Respublika daxili işlər naziri bir dəfə Gəncədə idi. Mənə dedilər ki, orada hadisələr var. Mən ona dedim ki, gedin baxın, görün orada nə olub? Getdi, orada onu təhqir etdilər, ona qarşı çox hörmətsizlik göstərdilər.
Kəramət deyilən bu adam kimdir? Heç adını da çəkməli adam deyil. Gəncə kimi ziyalılar şəhərini, böyük şəxsiyyətlər şəhərini bu cür quldurlar əlinə keçirib insanlara nə qədər əziyyət, mənəvi əzab veriblər. Ona görə də mən belə hesab edirəm ki, bəzi adamlar qorxurlar, çəkinirlər. Ancaq gəlin, vətəndaşlıq hissini, bizim ümummilli hissimizi hər şeydən üstün tutaq. Əgər Surət Hüseynovun, onun Gəncədəki dəstəsinin qarşısından biz də başqaları kimi ora-bura qaçsaydıq, onlar yenə də hakim olacaqdılar. Amma qaçmadıq.
Burada sizin qarşınızda şahidlər çıxış etdilər. Mən bu zabitə həmin gecəki hadisələrdə igidlik göstərdiyinə görə Milli Qəhrəman adı verdim. O, gənc Azərbaycan övladıdır, döyüşlərdə cəsarətlə iştirak edib. Haralarda döyüşdüyü barədə özü burada söhbət acdı. Mən Füzuli rayonunun ərazisində, döyüş yerində onu görmüşdüm, görüşmüşdüm. Xatirimdədir, vaxtilə Naxçıvana da gəlmişdi. Sədərəkdə də olmuşdu. Bu da xatirimdədir ki, Naxçıvanski adına məktəbi oxuyub qurtaranlardan biridir. Yəni, mənim qəlbimdə o vaxtilə hazırladığım gənclərdən biridir. Gənc, Vətəninə sadiq, təmiz, saf insandır. Həm döyüşür, həm də gözəl qəhrəmanlığı ilə cinayətkarların qarşısını aldı. Onunla bərabər briqada komandiri Cəbrayılov da cinayətkarların qarşısını aldı.
Amma Gəncənin icra hakimiyyəti başçısı Elsevər İbrahimovu üç dəfə tutub aparmış, onların o şəxsi həbsxanasında saatlarla saxlamışdılar. İndi buna baxın, – bu gənc, cavan oğlana. Elsevəri görmüsünüzmü? Bu da onun kişiliyi. Ona o boyda vəzifə verilmişdi. Oktyabrın 2-də onu tutub aparmışdılar, orada saxlamışdılar. Sabahısı günü, ayın 3-də elan edib ki, heç bir şey olmayıb. Məlumat verib ki, orada heç bir şey yoxdur. Məgər sən görmürdün ki, orada dövlət çevrilişi hazırlanır? Demək, canından qorxurdun? Əgər o da, bu da canından qorxsa, cinayətkarlar gəlib bütün millətimizi dağıdar axı! Buna imkan vermək olarmı? Məgər Rövşən Əkbərovun canı can deyilmi? Cəbrayılovun canı can deyilmi?
Gəncə hadisələrində bizim üç nəfər gənc əsgərimiz həlak oldu. Bəli, cinayətkarların qəddarlığının həddi-hüdudu yoxdur – orada üç nəfər əsgəri öldürdülər. Onlar həlak oldular, amma bəzi şəxslər qaçıb evdə gizlənirlər. Əsgərlər xalqın yolunda, Azərbaycanın müstəqilliyi yolunda, Azərbaycanın dövlətçiliyini qoruyaraq həlak oldular. Lakin onlar dünyalarını dəyişdilərsə də, Milli Qəhrəman kimi Azərbaycan xalqının qəlbində daim yaşayacaqlar. Ona görə də gərək bizim hamımızda cəsarət olsun. Cinayətkarları üzə çıxaraq və indən sonra bunlara yol verilməsin.
Bu hadisələrdən sonrakı təxminən iki ay müddətində əhalidə olan silahların bir qismi yığılıb. Silahların bir qismini əhali gətirib könüllü təhvil verir, bir hissəsini hüquq-mühafizə orqanları alırlar. Bilirsiniz, bu müddətdə yığılan silahların sayına baxanda görürsən ki, əhalidə nə qədər silah var. Bizə, ordumuza silah lazımdır. Bizə silah lazımdır – erməni işğalçılarının qarşısını almaq üçün. Bizə silah lazımdır – Vətənimizi, torpaqlarımızı qorumaq üçün. Amma hər evdə silah saxlayıb, bir-birinə atəş açıb, bir-birini öldürüb, bir-biri ilə ədavət kəsmək, necə deyərlər, bizi içərimizdən dağıtmaqdır. Buna yol vermək olmaz.
Ona görə də bir daha deyirəm, bütün bu cinayətkarların aşkar olunması, meydana çıxarılması həm hüquq-mühafizə orqanlarının, həm ictimaiyyətin işidir, həm də hər bir vətənpərvər insanın işidir. Mən hamınıza müraciət edirəm. Bütün Azərbaycan xalqına, Azərbaycan vətəndaşlarına müraciət edirəm ki, gəlin hamımız birlikdə bu vəzifənin yerinə yetirilməsinə çalışaq, qarşıda qoyulan məqsədə nail olaq, respublikamızda əmin- amanlıq yaranması, cinayətkarlığın qarşısının alınması üçün lazımi işlər görək.
Ancaq bunu bir də qeyd etmək lazımdır: baxmayaraq ki, dövlət çevrilişinin qarşısı alındı, ayrı-ayrı cinayətkar adamlar öz fikirlərindən əl çəkmirlər. Yenə də deyirəm, onlar Moskvada, başqa yerlərdə toplaşıblar, cürbəcür işlər görürlər. Ona görə də hüquq-mühafizə orqanları çox ciddi işlər görməli, bütün bu kanallar aşkara çıxarılmalıdır.
Burada tələblər oldu. Hüquq-mühafizə orqanlarının rəhbərləri də bu məsələləri qaldırdılar. Mən hesab edirəm ki, bizim Baş Prokurorluq da, Daxili İşlər Nazirliyi də, Milli Təhlükəsizlik Nazirliyi də öz səviyyələrində bu məsələləri başqa ölkələrin lazımi orqanları qarşısında qoya bilərlər, qoymalıdırlar və buna nail olmalıdırlar. Cinayət etmiş bütün şəxslər – başqa ölkələrdə yaşayan bu adamların hamısı Azərbaycana qaytarılmalı, burada məhkəmə, ədalət, xalq qarşısında cavab verməli və cəzalarını almalıdırlar. Öz tərəfimizdən biz lazımi tədbirlər görəcəyik, ancaq hüquq-mühafizə orqanları rəhbərlərinin bu məsələdə həm imkanları, həm də səlahiyyətləri vardır. Bu gün burada səslənən təkliflərin hamısını nəzərə alaraq onlar bu işi də görməlidirlər.
Bu gün bu toplantının keçirilməsinin məqsədi keçmiş dövrə müəyyən qədər yekun vurmaq, o hadisələrə qiymət vermək, eyni zamanda xalqı bir daha birliyə, həmrəyliyə dəvət etmək, xalqı birləşdirməkdir.
Azərbaycanda demokratik prinsiplər bundan sonra da bərqərar olacaqdır. Respublikamızda fikir, söz, insan azadlığı var və bunların hamısı bundan sonra da qorunub saxlanılacaqdır. Respublikamızda çoxpartiyalı sistem var və biz bundan sonra da onun davam etməsinə şərait yaradacağıq. Ancaq bunların hamısı sağlam məfkurə əsasında, sağlam prinsiplər əsasında, Azərbaycanın dövlətçiliyinin, qanunlarının qorunması prinsipləri əsasında olmalıdır. Təəssüf ki, müxalifətdə olan bəzi qüvvələr, adlarını partiya və ya təşkilat qoyurlar – öz işləridir, belə fürsətlərdən istifadə edib istədiklərinə nail olmağa çalışırlar.
Birincisi, mən onları bir daha xəbərdar etmək istəyirəm ki, belə hərəkətlərdən əl çəksinlər. İkincisi də bilsinlər ki, həmin oktyabr hadisələrinə elə oktyabrın 4-dən 5-nə keçən gecə cavab verən xalq Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, qanunlarına qarşı hər bir belə cinayətə cavab verməyə qadirdir. Ona görə də hərə özü üçün nəticə çıxarsın. Şübhəsiz ki, hər bir partiya, hər bir ictimai-siyasi təşkilat fəaliyyət göstərə bilər, – əgər o, qanunidirsə. Ancaq bu "Nicat" təşkilatı kimisi yox. Şübhəsiz ki, gərək ədliyyə naziri cavab versin, necə ola bilir ki, bu cür quldurlar, cinayətkarlar dəstəsini dörd gün içərisində heç bir əsas olmadan qeydiyyata alıb onlara bir ad verir? Nə cür olur ki, bu quldur dəstəsinə özlərini eyni zamanda demokrat adlandıran Sosial-Demokrat Partiyasının üzvləri daxil olurlar? Bu nə cür olur? Bunlar anlaşılmazdır. Şübhəsiz ki, Ədliyyə Nazirliyi cavab verəcək. Ancaq o birisilər də özləri üçün nəticə çıxarmalıdırlar.
Yenə də deyirəm, hər bir partiya, hər bir təşkilat fəaliyyət göstərir və fəaliyyət göstərə bilər. Ancaq gəlin açıq danışaq. Bu partiyaların-filanların məqsədi nədir? Azərbaycanın müstəqil dövlət olması? Azərbaycan müstəqil dövlətdir. Dəfələrlə demişəm, Azərbaycanın müstəqilliyini qorumaq Prezident kimi mənim və mənim rəhbərliyim altında olan strukturların hamısının birinci vəzifəmizdir və onu qoruyuruq, qoruyacağıq. Müharibənin qurtarması məsələsi?
Bu barədə nə işlər görüldüyünü bilirsiniz. Ərazimizin bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad olunması, qaçqınların öz yerlərinə qayıtması? Bu məsələlərlə də məşğul oluruq. Yəni, dövlətin götürdüyü prinsipial xətlə bu partiyaların, təşkilatların prinsipial xətləri arasında fərq nədən ibarətdir?
Azərbaycan müstəqil dövlətdir, müstəqil dövlət kimi yaşayacaqdır. Azərbaycanda demokratik prinsiplər var, – yaşayacaqdır. İnsan, söz azadlığı var və yaşayacaqdır. Azərbaycan iqtisadiyyatı bazar yolu ilə gedir, – gedəcəkdir. Özəlləşdirmə prinsipləri tətbiq olunur, – olunacaqdır. Bu barədə yaxınlarda qanunlar qəbul ediləcəkdir. 1995-ci ildə Azərbaycanda demokratik əsasda parlament seçkiləri keçiriləcəkdir. Bunlar hamısı olacaqdır. Əgər bunlar dövlətin siyasətinin və əməli fəaliyyətinin də əsas prinsipləridirsə, partiya və təşkilatların da prinsipləri bundan ibarətdirsə, onda fərq nədədir? Bu vuruşma, söyüşmə nədən ötrüdür? Əgər bu prinsiplər bizim hamımız üçün eynidirsə, hamı bu prinsiplər ətrafında birləşsin. Mən demirəm hamı bir partiyada olsun, yox. Ayrı-ayrı partiyalar da olsun. Lakin bu partiyalar, bu təşkilatlar ancaq həmin prinsiplərin həyata keçirilməsi ilə məşğul olsunlar, nəyin bahasına olursa-olsun vəzifə tutmaqla, hakimiyyətə gəlməklə yox. İndi hakimiyyətə gəlmək mümkün deyil.
Burada dedilər ki, mən Surət Hüseynovu bir il üç ay, – mən saymamışam nə qədərdir, əgər deyirlərsə, deməli, bu qədərdir, – tərbiyə etmək istədim, amma tərbiyə edə bilmədim. Sizə acıq deyirəm, – mən dəfələrlə, saatlarla onunla söhbətlər aparmışam. Mən istəyirəm ki, hər bir insanı azdığı yoldan çəkindirəm. Ona dəfələrlə demişəm ki, sən cavan adamsan, bu vəzifəni tutmağa sənin nə savadın, nə təcrübən, nə də biliyin çatır – bunlar səndə yoxdur. Ancaq şərait elə gətirib ki, sən bu vəzifəyə gəlib çıxmısan. Səbəbləri də məlumdur, bunu açmağa ehtiyac yoxdur. Bir halda ki, gəlib düşmüsən, bir şey öyrən. Əgər, doğrudan da, düz yolla getmək istəyirsənsə, gəl bir təcrübə topla. Gəl, bu dövlətçilik prinsiplərini öyrən, iqtisadiyyatı öyrən, digər şeyləri öyrən, başqa işlərlə məşğul olma. Mən bunun üçün çox səylər etdim, ancaq nail ola bilmədim. Çünki, o mənə hər dəfə "baş üstə, baş üstə" dedi, ancaq sonradan quldur dəstəsini başına yığıb öz işləri ilə məşğul oldu.
O, bu vəzifəni tutaraq, bir çox adamları əlinə keçirmişdi. Məsələn, milli təhlükəsizlik naziri, kənd təsərrüfatı naziri onun əlində idi, bir çox başqa adamlar ona yaltaqlıq edirdilər, ikiüzlülük edirdilər. Bəzilərini mən nə üçün işdən çıxardım? Məsələn, Əsgər Məmmədovu, Əli Təhməzovu dərhal işdən götürdüm. Çünki ona yaltaqlıq edirdilər, ikiüzlülük edirdilər. Əlbəttə ki, baş nazirin tapşırığını yerinə yetirmək lazım idi. Ancaq əgər görürsənsə ki, bu baş nazir qeyri-qanuni iş görür, sən onu başa sal ki, bunu etmək olmaz. Amma Əli Təhməzov bir yerdə gedirdi və deyirdi – hörmətli Prezidentimiz, hörmətli Ali Sovetin sədri, hörmətli Baş nazir belə dedi, elə dedi. Bu cür işləmək olmaz. Ancaq belələri var idi. Belələri olan halda, əgər bu Surət Hüseynov dövlət çevrilişi edə bilmədisə, başqaları necə çevriliş edib hakimiyyətə gələ bilərlər? Mən başa düşə bilmirəm, bunu nə cür etmək istəyirlər?
Hakimiyyətə gəlməyin qanuni yolu var. Birincisi, parlament seçkilərində qalib gəlib parlamentdə yer tutmaq olar. Ancaq bu, hakimiyyətə gəlmək demək deyil. Hakimiyyət Prezidentdədir. Prezidenti xalq seçibdir. Prezidentin hələ qabaqda dörd il vaxtı var. Mən bir ildən çox çalışdım ki, Surəti öyrədim, öyrədə bilmədim. Ona görə də mən o adamların hamısına məsləhət görərdim ki, onlar heç olmasa, özləri öz üzərlərində işləsinlər, gələcəkdə – dörd il sonra prezident seçkilərində özlərini bir yoxlasınlar ki, ola bilər, bəlkə onlardan bir şey çıxar. Mən bunu məsləhət bilirəm. Amma ara qarışdırmaq, cürbəcür işlər görmək lazım deyil. Respublikamız ağır vəziyyətdədir. Onu bu ağır vəziyyətdən çıxarmaq lazımdır.
Altı aydan çoxdur, bir neçə gündən sonra yeddi ay olacaq ki, cəbhədə atəş kəsilib. Siz təsəvvür edin, bunu indi acıq demək istəmirəm, bu yeddi ay müddətində o gün olmayıb ki, biz bu məsələlərdən, müharibədən çıxış yolu axtarmayaq. Biz müharibənin yenidən başlanmasını istəmirik. Elə dövlət, elə beynəlxalq təşkilat yoxdur ki, bu məsələlərdən çıxış yolunu onlarla müzakirə etməyək. Bütün imkanlardan istifadə etməyə çalışırıq.
Müharibəni qurtarmaq, camaatı yerinə-yurduna qaytarmaq, işğal olunmuş torpaqlarımızı azad etmək lazımdır. Bunlar bizim əsas vəzifəmizdir. Kim bu vəzifəyə qulluq etmək istəyirsə, gəlsin bərabər edək. Bu barədə kim ağıllı məsləhət verə bilərsə, gəlsin. Amma təxribatla məşğul olmaq lazım deyil.
İqtisadiyyatda çətinliklər var. Bu, son illərin proseslərinin nəticəsidir. Vəziyyət ağırdır. Müəssisələrin bir çoxu ya işləmir, yaxud da ki, istehsal gücünün 20-30-35-40 faizi səviyyəsində işləyir. Camaatın çoxu işsizdir, məvacibləri azdır, çatmır. Bunlar məlumdur. Mən sizə, bütün xalqa deyirəm ki, bizim insanların maddi vəziyyətinin aşağı olmasına görə qəlbim hər gün ağrıyır.
Bir qisim şəxslər bu şəraitdən istifadə edib çox gözəl yaşayırlar. Ancaq əksəriyyət ağır maddi vəziyyətdədir, çətinlik çəkir. Çadırlar altında yaşayan adamlar, qaçqın vəziyyətində olan adamlar ən çətin vəziyyətdədirlər. Mən şəxsən bunların hamısını görürəm, bilirəm. Respublikanı bu vəziyyətdən çıxarmaq üçün lazımi tədbirlər görürəm və bir Prezident kimi bundan sonra da görəcəyəm. Biz bu məsələlərlə məşğul oluruq, olacağıq. Ancaq respublikanın vəziyyətindən istifadə edib yenə ara qarışdırmaq lazım deyil.
Televizorda baxırsınız, – dünən də, srağagün də Gürcüstanda, Ermənistanda olan vəziyyəti Moskva televiziyası ilə verirdilər. Vəziyyəti görürsünüz – cəmisi bir saat işıq verirlər. Qaz yoxdur. Onlar o qədər də qaz almırlar – Türkmənistandan bir az alırlar, onu da kəsiblər. Çörək, başqa şeylər yoxdur. Gürcüstanda da, Ermənistanda da maddi vəziyyət həddən artıq ağırdır. Şübhəsiz ki, bu, bizə təskinlik verə bilməz. Hər xalqın öz işi var. Deyə bilmərik ki, orada vəziyyət pisdir, bizdə də pis olsun. Ancaq bizdə elektrik də, qaz da var. Aparılan işlərin nəticəsində Amerikanın "Penzoyl" şirkəti bizim böyük bir qaz mənbəyindən qazın Bakıya gətirilməsinə kömək etdi. Bunun hesabına bizim qaz təminatımız artıb. Elektrik enerjisi də var.
İndi təsəvvür edin, məsələn, Azərbaycanın elektrik enerjisi özünü bütünlüklə təmin edir, hətta Gürcüstan bizdən enerji istəyir. Bəzən onlara da enerji veririk. Ancaq nə Ermənistan, nə də Gürcüstan özünü öz enerjisi ilə təmin edə bilmir. Mən bunu sizə deməklə özümə şöhrət qazandırmaq istəmirəm. O qaragüruhçu adamlara isə heç cavab vermək istəmirəm. Ümumiyyətlə, demək istəyirəm ki, əgər biz 70-80-ci illərdə Mingəçevirdə o elektrik stansiyalarını tikməsəydik, – orada 8 blok tikilib, – indi Azərbaycan Gürcüstandan da, Ermənistandan da pis vəziyyətdə idi. O vaxtlar bu bloklar tikildi. Hər blok bir zavoddur – onları almaq da çətin idi, çünki Leninqradda hazırlayırdılar və o vaxtlar Sovetlər İttifaqının hər yerinə lazım idi. Biz onları nə çətinliklərlə alırdıq, gətirirdik, tikirdik, yaradırdıq. Düzdür, indi onların da çoxu köhnəlib. Əgər təmir olunmasa, bəziləri bərpa edilməsə, ola bilər, bir-iki ildən sonra elektrik enerjisi ilə təminatımız pis olsun. Ancaq vaxtilə biz onları yaratmışıq. Onları bu hay-küyçülər yox, cinayətkarlar yox, orda-burda qışqıranlar yox, Azərbaycan xalqı, Azərbaycanın zəhmət adamları yaradıb və mənim də orada xüsusi xidmətlərim olub.
Ancaq bunlar o demək deyil ki, yenə də deyirəm, bizdə elektrik enerjisi, qaz və başqa şeylər var və onlarda yoxdursa, özümüzə təskinlik verməliyik. Yox. Biz narahatıq, çox narahatıq. Məsələn, məni ən çox narahat edən çörək məsələsidir. Siz təsəvvür edin. 2-3 ay bundan qabaq alınan buğdanın qiyməti ilə indi alınan buğdanın qiyməti arasında həddindən artıq böyük fərq vardır. Bu buğdanı biz xaricdən dollara alırıq. Alıb gətirmək də çətindir. Şimali Qafqazdan yol bağlanıbdır. Biz buğdanı Volqoqraddan, Həştərxandan gəmilərlə gətirmək üçün nə qədər çətinliklə yollar açdıq. Mən Aşqabatda olanda İranın Prezidenti Rəfsəncanidən xahiş etdim, oradan da çətinliklə taxıl gətiririk. Mən sizə deyim ki, bu, baha qiymətə gəlir. Biz Qazaxıstandan da çətin yolla buğda gətiririk. İndi Avropa İqtisadi Şurasının bizə köməyi gəlməlidir. Biz gecə-gündüz bu işlərlə məşğuluq.
Mən başa düşürəm ki, çörəyin qiymətinin qalxması gərginlik yaradır. Mən bunu bilirəm, Ancaq baxın görün, başqa yerlərdə çörəyin qiyməti neçəyədir. Baxın görün ki, çörəyin hər kiloqramının maya dəyəri nə qədərdir, satış qiyməti nə qədərdir.
Bizdə başqa etnik qruplar da var. Bəziləri bu etnik qrupları bir-birinə qarşı qoymaq istəyirlər. Ola bilər ki, keçmiş illərdə buraxılan səhvlər də buna müəyyən qədər şərait yaradır. Ancaq mən dəfələrlə demişəm, bu gün bir daha deyirəm: milli mənsubiyyətindən, milli köklərindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının hamısı eynihüquqludur. Heç kəs çalışmasın ki, ayrı-ayrı bölgələrdə olan, ayrı-ayrı köklərə mənsub olan Azərbaycan vətəndaşlarını bir-birinə qarşı qoysunlar, bir-biri ilə vuruşdurmağa çalışsınlar. Birincisi, mən tam əminəm ki, bizim ayrı-ayrı bölgələrdə belə fikirlərlə yaşayan adamlar azdır. Ola bilər ki, olanlar da Əlikram Hümbətov kimiləri və başqalarıdır. İkincisi də illər, əsrlər boyu bizim bir yerdə yaşayıb bir yerdə olmağımız və bütün bu millətlərin hamısının bir dinə – İslam dininə mənsub olması hamımızın birliyini təşkil edir. Eyni zamanda, Azərbaycan dili bizi bir-birimizə birləşdirib. Burada bizim bir çox etnik köklü millətlərə mənsub olan adamların hamısı Azərbaycan dilini öz ana dili kimi qəbul edib. Azərbaycan dili bizi keçmişdə də, gələcəkdə də birləşdirəcəkdir.
Bu amillərdən, bu məqamlardan istifadə etmək istəyən qruplara xəbərdarlıq edirəm ki, bunu etməsinlər. Onlar buna nail ola bilməyəcəklər. Birincisi, bu imkanı xalqlar özü onlara verməyəcək, ikincisi də biz verməyəcəyik. Azərbaycan vahid respublikadır. Azərbaycan Respublikasında yaşayan vətəndaşların hamısı dilindən, dinindən, yaxud milli köklərindən asılı olmayaraq, eyni hüquqlara malikdirlər, onların hər biri eyni səviyyədə təmsil olunur və təmsil olunacaqdır. Bu birliyi biz bundan sonra da qorumalıyıq, saxlamalıyıq.
Yəni, demək istəyirəm ki, erməni işğalçılarının bizə qarşı təcavüzündən başqa, respublikamızda milli münasibətlər problemi olmamalıdır. Əgər haradasa hansı bir hadisə baş verirsə, biz ağılla, kamalla onun qarşısını almalı, ona cavab verməli, onu həll etməliyik və belə kiçik məsələlərin şişib böyük bir hadisəyə çevrilməsinə imkan verməməliyik.
Mən bir daha qeyd etmək istəyirəm ki, bugünkü görüşümüz çox əhəmiyyətli toplantıdır. Mən bu gün sizin qarşınızda, Azərbaycan Respublikasının bütün vətəndaşlarının qarşısında çıxış edərkən oktyabrın 3-də, 4- də, 5-də baş verən hadisələri bir daha xatırlayaraq, yenə də demək istəyirəm ki, xalqımızın həmrəyliyi, birliyi hər şeyi: Azərbaycan Respublikasının müharibədən çıxmasını da, Azərbaycanın ərazi bütövlüyünü də, müstəqil respublikamızın gələcəkdə firavan həyat sürməsini də həll edəcəkdir.
Oktyabrın 4-də, 5-də Azərbaycan xalqının, Azərbaycan vətəndaşlarının öz milli həmrəyliyini, vətəndaş həmrəyliyini nümayiş etdirməsini, cinayətkar qüvvələrə qarşı çıxmasını yüksək bir nailiyyət kimi qeyd edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, əldə olunan bu nailiyyət bundan sonra da yaşayacaq, inkişaf edəcək, biz hamımız bu birliyi göz bəbəyimiz kimi qoruyub saxlayacağıq.
Oktyabrın 4-dən 5-nə keçən gecə mənim müraciətimə səs verən Azərbaycan vətəndaşlarına və o günlərdə Azərbaycanın dövlətçiliyini qorumaq üçün ayağa qalxan xalqımıza, vətəndaşlara və cinayətkar qüvvələrin layiqli cavabını verən, onlara zərbə vuran Azərbaycanın qəhrəman, cəsur oğullarına öz hörmət və ehtiramımı bildirirəm. Keçirdiyimiz o günlərdə Azərbaycanın dövlətçiliyini qoruduğunuza görə, Azərbaycanın Prezidentinə dayaq olduğunuza görə, Azərbaycanın Prezidentini müdafiə etdiyinizə görə hamınıza, bütün Azərbaycan xalqına, bütün Azərbaycan vətəndaşlarına bir daha öz hörmətimi, ehtiramımı, minnətdarlığımı bildirirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, mən daim bu etibara, bu etimada layiq olacağam.
Burada çıxış edənlər mənim ünvanıma xoş sözlər dedilər. Təşəkkür edirəm. Burada deyildi ki, 17 mindən artıq məktub, teleqram gəlib. Bunların hamısında da Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin qorunmasından bəhs edilir. Azərbaycan Prezidentinə bir daha etimad göstərilir. Buna görə də məktub yazanların, teleqram göndərənlərin, müraciət edənlərin hamısına təşəkkürümü bildirirəm. Əlinə qələm alıb məktub yazmaq, teleqram vurmaq, əziyyət çəkmək – bunun özü də bir vətənpərvərlikdir, bunun özü də bir şücaətdir. Ona görə də bu vətəndaşların hamısına öz xüsusi təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Bu məktubların bir çoxunda belə təkliflər var – həmin təkliflər bu gün burada da səsləndi ki, Heydər Əliyevə Milli Qəhrəman adı verilsin, Heydər Əliyevə filan fəxri ad verilsin. Məsələn, bu yaxınlarda mənə xəbər verdilər ki, BDU-da mənə universitetin fəxri doktoru adı verilməsi barədə qərar qəbul olunub. Mən sizə səmimi demək istəyirəm, bütün bu xoş arzulara, xoş niyyətlərə görə hamıya minnətdaram, hamıya təşəkkür edirəm. Ancaq hamı da bilsin, mənim üçün xalqın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur. Başçılıq etdiyim dövlətdə mən özüm üçün başqa bir mükafat görmürəm, Ona görə də xahiş edirəm məni düzgün başa düşəsiniz, mən bu dövlətin başçısı kimi ən yüksək mükafat almışam. Bu, xalqın mənə verdiyi yüksək mükafatdır. Qalan mükafatları prezident verir. Prezident özü-özünə mükafat verməz. Ona görə də bu arzulara, bu sözlərə görə təşəkkür edirəm. Əmin ola bilərsiniz ki, bu vəzifəni həyata keçirdiyim müddətdə axıradək mənim belə şeyə ehtiyacım olmayacaq və bundan sonra heç kəs bu barədə özünü narahat etməsin.
Sizin hamınıza bir daha öz hörmət və məhəbbətimi, sevgimi bildirirəm, bütün Azərbaycan xalqını mənə göstərilən etimada görə qucaqlayıram, bağrıma basıram və əmin olduğumu bildirmək istəyirəm ki, biz bundan sonra daha cəsarətli addımlarla irəliyə gedəcəyik. Sağ olun.