Respublikada dövlət çevrilişi cəhdi və onun qarşısının alınması ilə bağlı keçirilən müşavirədə giriş və yekun sözü - 19 mart 1995-ci il

Martın 17-də çağırılan müşavirədə biz ayın 16-dan 17-nə keçən gecə respublikamızda dövlət çevrilişi cəhdi və bu cəhdin qarşısının alınması haqqında ətraflı danışdıq, həmin müşavirədə məsələlər həm onun iştirakçıları üçün, həm də respublika ictimaiyyəti üçün aşkar oldu. Ayın 18-də bu dövlət çevrilişi cəhdinin qarşısını alan əsas qüvvələr – Müdafiə Nazirliyi və hərbi hissələr, hüquq-mühafizə orqanları – Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Xüsusi İdarə və başqa orqanlar lazımi tədbirlər görmüşlər. Artıq bu gün bir çox məsələlərə aydınlıq gəlir və dövlət çevrilişinin necə hazırlanması, həyata keçirilməsi haqqında da sənədlər əldə edilməkdədir.

Görülmüş tədbirlər barəsində məlumat vermək üçün, habelə bəzi tədbirlərə dair lazımi qərarlar qəbul etmək üçün mən bu müşavirəni labüd bilmişəm. İstərdim ki, birinci növbədə Müdafiə Nazirliyinin rəhbərləri, bu dövlət çevrilişi cəhdinin qarşısını alan komandirlərimiz qısa məlumat versinlər. Baş prokurorun vəzifəsini icra edən Eldar Həsənovun rəhbərliyi ilə istintaq işinə başlanmışdır. Onu da, daxili işlər nazirini də dinləmək olar. Başqa da kimin sözü olsa, onları da dinləyə bilərik.

Bu hadisə respublikamızın həyatında çox ağır, ciddi və faciəli hadisədir, həm də indi respublikanın həyatında böyük bir dönüş yaradan hadisədir. Ona görə də bu gün müəyyən məsələləri müzakirə etmək lazımdır.

YEKUN SÖZÜ

Bugünkü müşavirədən nə kimi nəticə çıxarılmalıdır? Birincisi, heç kəs hesab etməsin ki, hər şey bitmişdir. Azərbaycanın dövlətçiliyinə qəsd edən qüvvələr təkcə XTPD-nin bazasında olan adamlar deyil. Onları istiqamətləndirən, onlara havadarlıq edən, onları maliyyələşdirən, cinayətkar yola sövq edənlər var. Bunlar həm Azərbaycanda, həm də onun xaricindədirlər.

Ona görə də Vətəninə sadiq olan hər bir vətəndaş bilməlidir ki, bu gün Azərbaycanın həyatında çox gərgin vəziyyət yaranmışdır və bu gərginlik hələ aradan qalxmamışdır. Doğrudur, Azərbaycanda təxribat etmək istəyən, təcavüz etmək istəyən, onun dövlətçiliyini dağıtmaq istəyən qüvvələrin istinad etdiyi, istifadə etdiyi ən qorxulu hərbi hissə dağıdılmışdır. Ancaq yenə deyirəm, onları bu işə istiqamətləndirən qüvvələrin hamısı öz yerindədir. Şübhəsiz ki, indi onlar böyük zərbə almışlar, lakin öz çirkin niyyətlərindən əl çəkmirlər.

Ona görə də bütün vətəndaşlar həm sayıq olmalı, həm də cəmiyyətimiz, vətəndaşlarımız sıx birləşməlidir. Azərbaycanın dövlətçiliyini qorumaq üçün hər kəs öz xidmətini göstərməlidir. Səhv yola düşən adamları bir daha doğru yola dəvət edirəm. Rövşən Cavadovun yanına gedərək onu qızışdıranlar, onu maliyyələşdirənlər, faciəli vəziyyətə salanlar artıq gördülər ki, belə əməllərin nəticəsi yoxdur. Bu gün burada bizim generallar, zabitlər çıxış etdilər. Dövlətçiliyimizi qorumaq üçün Azərbaycanın silahlı qüvvələrinin, dövlətin gücü var, bu güc də nümayiş etdirildi.

Ancaq özlərini guya müxalifət hesab edərək cinayətlə məşğul olanlar müxalifət deyil. Müxalifət siyasi müxalifət olmalıdır, amma onlar cinayətkarlardır. Bir yerdə cinayət etdilər – bağışlandı. İkinci yerdə cinayət törətdilər – bağışlandı. Görün, indi nələrə əl atırlar! Əgər biz bu gün soruşsaq ki, "Kimdir tökülən qanların günahkarları?", deyə bilərik ki, onlardır və onlardır! Həmin cinayəti həyata keçirən adamlarla haqq-ədalət məhkəməsində birlikdə cavab verəcəklər. Mən buna əminəm. İnanıram ki, istintaq ədalətli gedəcək və onların hamısının iç üzü açılacaqdır.

Eyni zamanda XTPD-dən kənarda qalaraq könüllü surətdə gətirib silahları təhvil verənlərə, hökumətə təslim olanlara da təklif edirəm ki, xalqa xəyanət, cinayət hərəkətlərindən əl çəksinlər. Kim siyasi müxalifətdə dayanır-dayansın, ancaq cinayətlə məşğul olmasın. İnsanları silahlı dəstələrdə birləşib cinayət törətməyə sövq etməsinlər. Onlar – həmin o Tofiq bəylər, Fərman bəylər – bu cinayəti törədənlərdən də artıq cinayətkardırlar. Güman edirəm ki, onlar ən böyük düşmənlərdir, bu qanın ən böyük günahkarlarıdır. Bu fikri biz başqa yerdən götürmədik. Rövşən Cavadovun atası Bəxtiyar Cavadovun məktubundan götürdük. Bu sənəddir, elə-belə söz, şayiə deyildir. Çox sənədlər var. Hamısı açılacaqdır.

Amma eyni zamanda mən martın 17-də dediyim kimi, bu gün də deyirəm: milli həmrəyliyi, vətəndaş həmrəyliyini təmin etmək üçün hər kəs ayılsın, başa düşsün. Bəxtiyar Cavadovun oğluna yazdığı məktubda dediyi kimi, ziyanın yarısından qayıtmaq da böyük işdir. Tamamilə müdrik sözlərdir, ata sözləridir. Əsrlərdən- əsrlərə keçən bir ifadədir. Mən indi o sözləri həmin bu işlərə qoşulmuş adamlara deyirəm: ziyanın yarısından qayıtmaq da qazancdır, qayıdın!

Eyni zamanda hüquq-mühafizə orqanlarına bir daha tapşırıram ki, ciddi tədbirlər görsünlər. Daxili İşlər Nazirliyinin polis orqanlarının işi zəifdir. Onlar öz vəzifələrini layiqincə yerinə yetirə bilmirlər, qaçan adamları tuta bilmirlər. Aralarında xəyanət edənlər, satqınlar da var. Güman edirəm ki, əgər bunlar tam xəyanətkar deyildirsə, sadəcə olaraq həm o tərəfə, həm də bu tərəfə baxanlardırsa, onlar da özləri üçün nəticə çıxarsınlar. Ancaq mən daxili işlər naziri Usubova tapşırıram ki, bütün bu deyilənlərdən nəticə çıxarsın. Nazirlikdəki xəyanətkar adamlar tezliklə ifşa edilib kənarlaşdırılmalıdır. Daxili İşlər Nazirliyinin tam əksəriyyəti sağlam qüvvə kimi bu tədbirlərin həyata keçirilməsinə səfərbər edilməlidir. Mən bu tapşırığı bütün hüquq-mühafizə orqanlarına verirəm. Ciddi axtarışlar aparılmalıdır. Baş prokuror vəzifəsini icra edən Eldar Həsənov məsələləri tamamilə düzgün qoyur. Bunları təcili olaraq və ciddi həll etmək lazımdır. Ona görə ki, kənarda qalan hər bir cinayətkar yeni cinayət törədə bilər. Nə qədər ki, belələrinin hamısı tutulmamışdır, cəmiyyətdən təcrid olunmamışdır, cinayət etmək təhlükəsi göz qabağındadır. Bu, bizim polis orqanlarının ümdə vəzifəsidir və onu həyata keçirmək lazımdır.

Nəhayət, bir daha bildirmək istəyirəm ki, Azərbaycan dövlətinin özünü qoruya bilməsi, Azərbaycan dövlətinin iradəsi nümayiş etdirildi. Biz haqq yolundayıq, ədalət yolundayıq. Biz müstəqil dövlətimizi qoruyuruq, onun inkişafını təmin edirik və bu yolda kim bizə mane olacaqsa, öz cəzasını alacaqdır. Buna xalqımız da, işlərimizə mane olan ünsürlər, qüvvələr də əmin ola bilərlər.

Xalqımıza bəyan edirəm ki, heç kimdə çaşqınlıq yaranmasın. Dövlət Azərbaycan xalqının hüquqlarının qorunması üçün əlindən gələni edəcəkdir. Bunu bəyan edir və xalqı buna əmin edirəm.

iacca
iap
business ready
eplc
Ən Tez