Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsində dövlət dili haqqında maddənin geniş müzakirəsində nitqi - 31 oktyabr 1995-ci il

Hörmətli xanımlar və cənablar, hörmətli ziyalılar!

Əvvəlcə bildirmək istəyirəm ki, sizinlə yenidən görüşməkdən çox məmnunam. Sizə və sizin simanızda Azərbaycanın bütün ziyalılarına işlərində uğurlar, səadət və xoşbəxtlik arzu edirəm.

Ölkəmiz tarixinin çox mühüm bir mərhələsini yaşayır. Respublikamızda böyük iqtisadi, ictimai-siyasi proseslər gedir və bir çox mühüm məsələlər həll olunur. Dövlət quruculuğu sahəsində aparılan işlər sırasında müstəqil Azərbaycan Respublikasının parlamentinə seçkilər və müstəqil dövlətimizin ilk konstitusiyasının qəbul olunması çox böyük əhəmiyyət kəsb edir.

Bildiyiniz kimi, bir neçə aydır ki, biz və respublikanın bütün ictimaiyyəti, dövlət orqanları çox ciddi məşğul olurlar. Nəticədə demək olar ki, biz mühüm tədbirlər ərəfəsindəyik. Təəssüf ki, bu mərhələdə respublikamıza böyük faciə üz verdi. Qəza nəticəsində metro stansiyasında insanlarımız tələf oldu. Biz ağır itkilərə məruz qaldıq, çoxlu soydaşımızı itirdik. Respublikamız matəm keçirdi və indi də bu ağır yaranın əzab-əziyyətini çəkirik. Ancaq şübhəsiz ki, bu hadisə bizim işlərimizi, gedən proseslərin inkişafını dayandıra bilməz. Qarşımıza qoyduğumuz vəzifələri vaxtında həyata keçirməyə qadirik və həyata keçirəcəyik.

Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasının qəbul edilməsi tarixi hadisə olacaqdır. Bildiyiniz kimi, bizim indi qüvvədə olan konstitusiyamız da var. Konstitusiya tariximiz böyükdür. Azərbaycanın ilk konstitusiyası 1921-ci ildə qəbul olunubdur. 1920-ci ildə Azərbaycanda sosialist respublikası qurulandan sonra o vaxt respublikamız özünün ilk konstitusiyasını qəbul etmişdir. Ondan qabaq isə – 1919-cu ildə ilk Azərbaycan Demokratik Respublikası yaranandan sonra konstitusiya aktı qəbul olunmuşdu. Ancaq o zaman konstitusiya qəbul edilməmişdi. Dediyim kimi, ilk konstitusiya 1921-ci ildə qəbul olundu. O vaxt Azərbaycan Sovet Sosialist Respublikası idi. Ancaq biz hələ İttifaqa daxil deyildik.

1922-ci ilin dekabrında Sovetlər İttifaqı yarandı və Azərbaycan Respublikası da Sovetlər İttifaqının tərkibinə daxil oldu. Bundan sonra Sovetlər İttifaqının konstitusiyası qəbul edildi. Həmin konstitusiyaya uyğun olaraq Azərbaycanın 1921-ci ildə qəbul olunmuş konstitusiyasında müəyyən dəyişikliklər aparıldı. Ancaq yeni konstitusiya qəbul edilmədi. Azərbaycan Respublikası həmin konstitusiya ilə Sovetlər İttifaqının tərkibində yaşadı.

1937-ci ildə respublikamızın yeni konstitusiyası qəbul edildi. Bu, 1936-cı ildə qəbul olunmuş Sovetlər İttifaqı konstitusiyasına uyğun olan konstitusiya idi. Sonra isə – 1977-ci ildə Sovetlər İttifaqının yeni konstitusiyası qəbul olundu. Ona uyğun olaraq 1978-ci ildə Azərbaycan Respublikasının konstitusiyası qəbul edildi. Həmin konstitusiya indiyədək qüvvədədir.

Şübhəsiz ki, ondan sonrakı dövrdə respublikamızda baş vermiş böyük dəyişikliklərlə, Azərbaycanın müstəqil dövlət olması ilə əlaqədar həmin konstitusiyaya müəyyən dəyişikliklər edilibdir. Lakin bizim üçün əsas sənəd 1991-ci il oktyabrın 18-də qəbul olunmuş Konstitusiya Aktıdır.

Beləliklə, biz bu konstitusiya ilə yaşamışıq. Ancaq indi müstəqil Azərbaycan Respublikasının yeni konstitusiyasını qəbul edirik. Bir də qeyd edirəm, bu, çox böyük tarixi hadisədir və bizim, indiki nəsillərin üzərinə çox böyük məsuliyyət qoyur.

Konstitusiya elə bir sənəddir ki, o gərək uzun müddət yaşasın. Onun ömrü uzun olmalıdır. Konstitusiya tez- tez dəyişilə bilməz. Əgər konstitusiya doğrudan da həm bu günü, həm də gələcəyi tamamilə əks etdirə bilirsə, o, uzunömürlü ola bilər, gələcəkdə ona dəyişikliklər etməyə ehtiyac olmaz və ya çox cüzi dəyişikliklər aparıla bilər. Ona görə də bu işə həddindən artıq məsuliyyətlə yanaşmaq lazımdır. Biz belə də yanaşırıq. Yəni öz məsuliyyətimizi dərk edirik və bu mühüm sənədin qəbul olunması üçün gələcək nəsillərin qarşısında nə qədər cavabdeh olacağımızı da dərk edirik.

Mən konstitusiya komissiyasının sədri kimi konstitusiya layihəsinin hazırlanması dövründə, bu günə qədər çalışmışam ki, layihənin hazırlanmasında bu sahədə biliyi, elmi, təcrübəsi olan bütün alimlər, mütəxəssislər, hüquqşünaslar, dövlət xadimləri, ictimai-siyasi xadimlər, mədəniyyət xadimləri iştirak etsinlər.

Konstitusiya komissiyasının tərkibi bu dediyim fikirləri əks etdirir. Eyni zamanda mən hesab edirəm ki, bu böyük məsuliyyəti yalnız konstitusiya komissiyasının üzvlərinin öhdəsinə qoymaq olmaz. Bu məsuliyyəti hamımız, bütün xalqımız daşımalıdır. Hər bir vətəndaş həm bu gün üçün, həm də gələcək nəsillər üçün konstitusiyanın hazırlanmasında iştirak etməyə çalışmalıdır, öz səylərini və xidmətlərini göstərməlidir. Şübhəsiz ki, kim nəyə qadirdirsə, kim nəyi bacarırsa, kim nə edə bilərsə, etməlidir.

Azərbaycanda bu sahədə bilikli, təcrübəli, bacarıqlı adamlar çoxdur. Lazımdır ki, bu işdə heç kəs biganə qalmasın. Lazımdır ki, hər bir kəs, hər bir vətəndaş konstitusiyanın hazırlanmasını və qəbul olunmasını öz şəxsi işi kimi, taleyi kimi qəbul etsin. Belə olan halda biz Azərbaycanın müstəqilliyini təmin edən, vətəndaşlarımızın hüquqlarını qoruya bilən, ölkəmizin dövlətçiliyini möhkəmləndirən və respublikamızın müstəqil bir dövlət kimi yaşaması üçün əsas olan qanun, konstitusiya qəbul edə bilərik.

Hesab edirəm ki, bu sahədə çox iş görülübdür. Konstitusiya layihəsinin hazırlanmasına biz çox vaxt sərf etdik. Bu iş çoxdan başlanıbdır – bizim mütəxəssislər bu işə bir il bundan öncə başlayıblar. Ancaq biz bu işə mütəşəkkil olaraq iyun ayından başladıq və çox intensiv iş getdi.

Konstitusiya komissiyası yaranarkən yeni konstitusiya layihəsinin bir çox müddəaları demək olar ki, işlənib hazırlanmışdı. Konstitusiya komissiyası yarandı, onun işçi qrupu təşkil edildi. Həmin qrup gərgin işlədi və layihə konstitusiya komissiyasında bir neçə dəfə müzakirə ediləndən sonra ümumxalq müzakirəsinə verildi.

İndi müzakirələr sona çatır. Biz gərək ümumxalq müzakirəsi zamanı verilmiş təklifləri, düzəlişləri iki-üç gün içərisində təhlil edək, konstitusiya komissiyasında baxaq və onların dəyərlilərindən, xeyirlilərindən istifadə edək, beləliklə də layihəni təkmilləşdirək. Şəxsən mənim məqsədim bundan ibarətdir.

Mən bu işə çox məsuliyyətlə yanaşıram. Çünki həm Azərbaycanın konstitusiya tarixini bilirəm və onu böyük diqqətlə təhlil etmişəm, həm də indiyədək Azərbaycanda dövlət quruculuğu sahəsində aparılan işlərin çoxunun iştirakçısıyam.

1977-ci ildə Sovetlər İttifaqında yeni konstitusiya qəbul olundu. O konstitusiyanın hazırlanması dövrü çox böyük idi. Konstitusiya komissiyası təşkil olunmuşdu. O vaxtlar Sovetlər İttifaqında, hər bir müttəfiq respublikada geniş işlər aparılırdı. Mən həmin konstitusiya komissiyasının üzvü idim və 1977-ci ildə qəbul olunmuş konstitusiyanın hazırlanmasında iştirak etmişəm. Hətta həmin konstitusiya qəbul olunarkən Sovetlər İttifaqı Ali Sovetinin sessiyasında çıxış etmişəm. Sonra isə bir il biz öz respublikamızın – Azərbaycan Respublikasının konstitusiyasını hazırlamaqla məşğul olduq. Biz də komissiya yaratdıq. Mən respublikanın rəhbəri kimi konstitusiya komissiyasının sədri idim. Xatirimdədir, biz o vaxt nə qədər çox iş gördük.

Doğrudur, qeyd etdiyim kimi, bizim qəbul etdiyimiz konstitusiya Sovetlər İttifaqı konstitusiyasının müddəalarına uyğun olmalı idi, ona münasib yazılmalı idi və eyni zamanda respublikamızın bəzi xarakterik cəhətlərini özündə əks etdirməli idi. Hesab edirəm ki, o vaxt biz buna nail ola bildik. O dövrün, o zamanın şərtləri daxilində biz Azərbaycanın konstitusiyasını qəbul etdik.

Beləliklə, mən bu məsələlərin tarixini öyrəndiyimə görə, həm də bir çox hissəsində bilavasitə iştirak etdiyimə görə indi müstəqil Azərbaycan Respublikasının konstitusiyasını tam müstəqil, heç bir dövlətdən, heç bir mərkəzdən, heç bir kəsdən asılı olmayaraq özümüzün sərbəst qəbul etməyimizin nə qədər məsuliyyətli və şərəfli olduğunu dərk edirəm. Ona görə də indiyədək çalışmışam ki, bu konstitusiyanın hazırlanmasında hamı çox yaxından, ürəkdən iştirak etsin. Çalışsın, maksimum səy göstərsin ki, bizim konstitusiyamız mükəmməl olsun. Buna nə qədər nail olduğumuzu şübhəsiz ki, xalq qiymətləndirməlidir. Çünki layihə dərc olunubdur, müzakirədən keçibdir. Aparılan müzakirələr və konstitusiya komissiyasına daxil olan təkliflər onu göstərir ki, xalq, ictimaiyyət, vətəndaşlar bu layihəni ümumən qəbul edirlər. Layihənin əleyhinə birbaşa çıxan yoxdur. Ancaq onu təkmilləşdirmək üçün təkliflər, əlavələr, dəyişikliklər irəli sürülür. Mən dünən işçi qrupu ilə görüşmüşəm. Onların mənə verdiyi məlumatdan aydın olur ki, konstitusiya komissiyasına 1400 təklif, dəyişiklik daxil olubdur. Bu təkliflər cürbəcürdür və konstitusiyanın müxtəlif maddələrinə aiddir. Onlar təhlil olunur. İşçi qrupu onların təhlili və qiymətləndirilməsi ilə məşğuldur və o təkliflərdən hansının qəbul olunub- olunmaması barədə konstitusiya komissiyasına öz fikrini söyləyəcəkdir. Nəhayət bunlar konstitusiya komissiyasında həll olunacaqdır.

Güman edirəm ki, müzakirə nəticəsində alınan təkliflər konstitusiya layihəsini daha da təkmilləşdirəcək və biz bu günlərdə konstitusiyanın son layihəsini bir daha mətbuatda dərc edəcəyik ki, vətəndaşlarımız noyabr ayının 12-də parlament seçkiləri zamanı eyni zamanda ümumxalq səsverməsi, referendum yolu ilə konstitusiya layihəsinə öz münasibətlərini bildirsinlər. Referendumun nəticəsinə görə də konstitusiyanın qəbul edilməsi məsələsi həll olunacaqdır.

Vətəndaşlardan daxil olan təkliflərdən başqa, layihə ayrı-ayrı təşkilatlarda, birliklərdə, müəssisələrdə, idarələrdə, elm ocaqlarında, yaradıcılıq təşkilatlarında, mədəniyyət birliklərində müzakirə edilibdir. Burada deyildi ki, layihəni Elmlər Akademiyası da müzakirə edib və öz fikrini bildiribdir. Ancaq mən konstitusiyanın bir maddəsinin xüsusi müzakirə olunmasını lazım hesab edirəm. Bu, Azərbaycanın dövlət dili haqqında olan 23- cü maddədir.

Konstitusiya komissiyasında layihə müzakirə olunarkən komissiyanın üzvlərindən üç nəfər – şair Bəxtiyar Vahabzadə, yazıçılar Anar və Elçin Əfəndiyev belə fikir söylədilər ki, "dövlət dili Azərbaycan türk dilidir" yazılsın. Biz bu məsələni müzakirə etdik. Son layihəni dərc olunmağa göndərərkən belə qərara gəldik ki, bu layihədə indiyədək konstitusiyada olduğu kimi yazaq. Bu barədə sizə qısa tarixi arayış vermək istəyirəm.

1921-ci ildə qəbul olunmuş ilk Azərbaycan konstitusiyasında dövlət dili haqqında heç bir maddə yoxdur.

1937-ci ildə qəbul edilmiş Azərbaycan konstitusiyasında da dövlət dili haqqında heç bir maddə olmayıbdır.

1956-cı ildə Azərbaycan Respublikasının Ali Soveti 1937-ci ildə qəbul olunmuş konstitusiyaya əlavə edibdir. Konstitusiya Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması barədə maddə əlavə edilibdir. O vaxt işləyən adamlarımız bunu xatırlayırlar. Həmin dövrdə bu maddənin qəbul edilməsi respublikada müəyyən mübahisələr doğurdu. Mən də onun şahidiyəm. Bu maddənin qəbul olunmasından sonra həyata keçirilən bəzi tədbirlər daha çox mübahisələr və narazılıqlar doğurdu. Bu, deyə bilərəm ki, o vaxt respublikamızı çətin vəziyyətə saldı. Çünki belə bir maddə qəbul edilən kimi o vaxt – bəzən belə də olur, bəzi adamlar özlərini həddindən çox vətənpərvər, millətə həddindən artıq yaxın göstərmək istəyirdilər – dərhal göstərişlər verildi ki, bütün idarələrdə, təşkilatlarda yazışmaların hamısı ancaq Azərbaycan dilində getsin. Makinalar dəyişdirilməyə başlandı. Şübhəsiz ki, o vaxt bizim kargüzarlıq işlərində, katiblikdə, yazışmalarda rus dili üstünlük təşkil edib. Çünki əsas işlər rus dilində gedirdi. Ona görə işçilərin çoxu da rusdilli idi – ya rus, ya da erməni millətindən, yaxud rusdilli azərbaycanlılardan ibarət idi. Onların bəzilərini işdən çıxarmağa başladılar. Bu, Azərbaycanda böyük narazılıq doğurdu. Bundan da o vaxt Azərbaycana pis münasibət, bəlkə də düşmən münasibəti göstərən qüvvələr istifadə etdilər. Xatirinizdədir ki, 1959-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi Azərbaycanda millətçilik olması barədə qərar qəbul etdi. O vaxt Azərbaycan rəhbərliyi dəyişildi, bəzi vəzifəli şəxslər bundan istifadə edib öz şəxsi məqsədlərinə nail oldular. Hər halda, bu tarix məlumdur. Ondan sonra bu məsələ müəyyən qədər sakitləşdi.

1977-78-ci illərdə biz yeni konstitusiyanı qəbul edərkən bu məsələ, şübhəsiz ki, əsas məsələlərdən biri idi. Biz yeni konstitusiyada Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması barədə maddə hazırladıq. Qeyd etdiyim kimi, mən həmin konstitusiyanı hazırlayan komissiyanın sədri idim və bu işlərə rəhbərlik edirdim.

Ancaq bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur. Mən indi sizin vaxtınızı alıb bunların hamısını geniş danışmağa ehtiyac duymuram. Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu öz konstitusiyamıza yazmalıyıq və yazacağıq.

Moskvada bir neçə dəfə müzakirələr oldu. Cürbəcür fikirlər səsləndi və həmin fikirlərin əksəriyyəti ondan ibarət idi ki, belə olmamalıdır. Ancaq biz buna nail olduq və 1978-ci ildə, səhv etmirəmsə, aprel ayında biz konstitusiyanı qəbul etdik. Həmin konstitusiyada yazıldı ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Xatirimdədir, o vaxt başqa respublikanın rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım xatirimdədir. O buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda gərək onda biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, sizə heç kəs mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin xüsusi çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz bunu yaza bilərsiniz. Ancaq siz nə üçün bizə mane olursunuz? Mübahisəmiz çox gərgin oldu.

Hər halda biz bunu etdik. Deyə bilərəm ki, o vaxt on beş müttəfiq respublikadan yalnız üç respublikanın – Azərbaycan, Gürcüstan və Ermənistanın konstitusiyalarında dövlət dili haqqında maddə var idi. Qalan respublikaların heç birinin konstitusiyasında dövlət dili haqqında maddə yox idi. Mən 1978-ci ildə qəbul edilmiş konstitusiyanı nəzərdə tuturam. Qeyd etmək istəyirəm ki, o cümlədən Baltikyanı respublikalar da – onlar öz milli ənənələrini başqalarına nisbətən daha çox qoruyub saxlamağa çalışırdılar. O vaxt onları ümumiyyətlə, millətçi respublikalar hesab edirdilər, – buna baxmayaraq onlar öz konstitusiyalarında dövlət dilini yazmamışdılar.

Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində çox böyük hadisə oldu. İndiyə qədər konstitusiyamızın 73-cü maddəsi – "Azərbaycanın dövlət dili Azərbaycan dilidir" maddəsi qüvvədədir. Bunu, yəni "Azərbaycan konstitusiyasının 73-cü maddəsi qüvvədədir" fikrini nəzərə alaraq yeni konstitusiyanın son layihəsini dərc edərkən yazdıq ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir.

Ancaq sizə məlumdur ki, 1992-ci ildə başqa proseslər olmuşdur. 1992-ci ilin dekabrında Azərbaycanın Milli Məclisində dövlət dili haqqında məsələ müzakirə edilmişdir. Bu müzakirə nəticəsində qərar qəbul olunub ki, Azərbaycanın dövlət dili türk dilidir. O vaxt mən Bakıda yaşamırdım, Naxçıvanda idim. Eşitdiklərimdən, bildiklərimdən belə hiss etdim ki, bu qərar respublikada birmənalı qarşılanmayıbdır. Bu qərardan çox narazı olanlar var idi, onu çox bəyənənlər də var idi.

Sonra, konstitusiya layihəsini hazırlayarkən mən bunu araşdırdım. Bu barədə mənə əvvəl də demişdilər. Ancaq bir var ki, bir şeyi ordan-burdan eşidəsən, bir də var ki, özün araşdırasan. Mən bunu şəxsən özüm üçün araşdırdım və məlum oldu ki, bildiyiniz kimi, burada özbaşınalığa, volyuntarizmə yol verilibdir. Mən bunu deyərkən əvvəlcədən xahiş və xəbərdarlıq edirəm ki, fikirlərim heç kəsə öz sözlərini demək üçün təsir etməsin. Mən sizə olmuş şeylərin xronologiyasını danışdım. İstəyirəm ki, burada sərbəst müzakirələr getsin.

Dövlət dili haqqında maddə konstitusiya qanunudur. Yəni bu, ya konstitusiyada olmalıdır, ya da, ona dəyişiklik edilərsə hüquqa görə, konstitusiya təcrübəsinə, qanunların qəbul edilməsi təcrübəsinə görə bu, konstitusiya qanunu kimi qəbul olunmalıdır. Ancaq bu məsələnin həllinə çox məsuliyyətsiz, səthi yanaşılmışdır. Qəbul olunmuş qərar haqqında mən hər hansı fikir söyləmək istəmirəm. Çünki əgər fikir desəm, siz belə başa düşərsiniz ki, mən hansısa tərəfi saxlayıram. Mən heç bir tərəf saxlamıram. Ona görə də bura, sizin görüşünüzə şəxsən özüm gəlmişəm ki, fikrimi bilavasitə özüm sizə çatdırım. Ancaq hər bir şey gərək özünə layiq qayda- qanunla edilsin.

Məsələn, mən sizə dedim ki, 1978-ci ildə bu maddəni konstitusiyaya yazmaq üçün üç-dörd ay müzakirə apardıq. Bu o demək deyildi ki, bizim aramızda "dövlət dilimiz Azərbaycan dili olmalıdır" fikrinə şübhə edənlər olmuşdur. Ancaq o zaman biz müstəqil deyildik. Sovetlər İttifaqının tərkibində idik və Sovetlər İttifaqının, Kommunist Partiyasının rəhbərliyindən asılı idik. Ona görə də həm öz istəyimizi həyata keçirməli idik, həm də buna razılıq almalıydıq. Biz bundan ötrü müharibə etməyəcəydik, üsyan qaldırmayacaqdıq. Əgər kimsə hesab edir ki, üsyan qaldırmaq olardı – bu, ağılsız fikirdir.

Yəni mən onu demək istəyirəm ki, bu məsələlərin həlli zarafatyana, səthi ola bilməz. Bu, tarixi bir hadisədir. Biz müəyyən edirik ki, dövlət dilimiz hansı dildir. Bunun da səbəbi ondan ibarətdir ki, bizim dilimizə tarixdə müxtəlif cür münasibət olub və cürbəcür ad veriblər.

Ona görə də mən Milli Məclisin qərarının nəticəsinə toxunmayaraq və o barədə öz münasibətimi bildirməyərək yalnız həmin qərarın qəbul olunması prosedurası haqqında danışmaq istəyirəm. Belə bir mühüm qərar üç-dörd günün içərisində kiçik qrup adamın iradəsi, istəyi nəticəsində qəbul olunubdur. Bax, mən bunu heç bir vəchlə qanuni hesab etmirəm. Mən hesab edə bilmərəm ki, bu işə ciddi münasibət göstərilibdir.

Məsələ belə olmuşdur. Milli Məclisdə Azərbaycanın dövlət dili məsələsi müzakirə olunarkən Məclis üzvlərindən biri deyib ki, gəlin yazaq "Azərbaycanın dövlət dili Azərbaycan türk dilidir", başqa birisi deyib ki, niyə belə yazırıq. Yazaq ki, "türk dilidir". Mübahisə gedibdir – mən bütün stenoqrama baxmışam. Kim necə çıxış edibsə, hamısı məlumdur. Mən sadəcə olaraq demək istəyirəm, indi buna heç ehtiyac da yoxdur, bunun indi əhəmiyyəti yoxdur. Bəlkə kimsə bununla maraqlanır, amma mən hesab edirəm ki, o qədər də maraqlı deyil.

Bəli, mübahisə gedibdir. Bir qismi buna etiraz edibdir, bir qismi isə əvvəlki təklifdən də qabağa gedərək deyib ki, yazaq "bizim dilimiz türk dilidir".

Məsələ Milli Məclisdə səsə qoyularkən həmin iclasda Milli Məclisin 50 üzvündən 39-u iştirak edibdir. Onların 26-sı dilimizin türk dili kimi qəbul olunmasına səs verib, 7-si, ya 8-i əleyhinə səs verib, qalanları isə bitərəf olubdur. Beləliklə də dövlət dilimizin adı dəyişilibdir. Hər bir şey etmək olar, əgər doğrudan da o, həqiqətə və bizim məqsədlərimizə uyğundursa. Ancaq belə məsuliyyətli işləri çox ağıllı, bacarıqlı, eyni zamanda xalqın iradəsinə əsaslanaraq görmək lazımdır.

1978-ci ildə qəbul olunmuş konstitusiya ümumxalq müzakirəsindən keçibdir. Deyilə bilər ki, o vaxt sovet dövrü idi, müzakirələr formal keçirdi. Bəli, bu sözü demək olar. Ancaq müzakirələr olubdur. O konstitusiya dərc edilibdir, onun barəsində xalqın məlumatı olubdur. Nəhayət, Ali Sovetin sessiyasında həmin konstitusiya yekdilliklə qəbul edilibdir.

İndi bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan 26 nəfər tərəfindən qəbul olunubdur. Burada da böyük bir səhv buraxılıbdır. Həmin səhv ondan ibarətdir ki, əgər Milli Məclis doğrudan da belə bir qərar qəbul etməli olsaydı, həmin qərar qanuna, konstitusiyaya görə Məclis üzvlərinin üçdə ikisi tərəfindən səs verildiyi halda qəbul olunmalı idi. Yəni konstitusiya qanunu sadə səs çoxluğu ilə yox, üçdə iki səs çoxluğu ilə qəbul olunmalıdır. Milli Məclisdə bu təklif səslərin üçdə ikisini toplaya bilməyib. 50 deputatdan 26- sı, yəni sadə səs çoxluğu ilə, bir səs üstünlüyünə görə qəbul olunubdur. Burada da konstitusiya qanunu pozularaq, volyuntarizm, özbaşınalıq edilərək belə bir qanunun qəbul olunduğu hesab edilmişdir.

Təəssüflər olsun ki, bu işi Milli Məclisin o vaxtkı sədri İsa Qəmbərov və o qrupa məxsus olan deputatlar ediblər. O dövrdə Azərbaycanın prezidenti olan Elçibəy də bu qanunu imzalayıbdır. Mən yenə deyirəm, bu qanunun məna və nəticəsini kənara qoyaraq sadəcə qanunvericilik nöqteyi-nəzərindən, dövlət məsuliyyəti nöqteyi-nəzərindən bu mühüm məsələyə nə qədər məsuliyyətsiz yanaşdıqlarını qeyd etmək istəyirəm.

Bilirsiniz ki, 1993-cü ilin iyun ayının ortalarından Ali Sovetə, Milli Məclisə mən sədrlik etməyə başladım. Mən dörd ay Milli Məclisə sədrlik etdim. O vaxt Milli Məclisin bəzi üzvləri bir neçə dəfə məsələ qaldırdılar ki, həmin qanun düzgün qəbul edilməmişdir. Yəni o, konstitusiya qanunu kimi qəbul olunmayıbdır – imzalanmasına baxmayaraq bu qanun saxta qanundur. Dedilər ki, gəlin buna yenidən baxaq. Mən buna imkan vermədim. Çünki əgər bir səhv buraxılıbsa, o vaxt buna cürbəcür münasibətlər olubdur və müəyyən gərginlik yaranıbdır. İndi bu səhvi biz tələsik düzəltməyə başlasaq və ya hesab etsək ki, bunu düzəltmək lazımdır – bu, yeni çətinlik yaradacaqdır. Mən buna imkan vermədim.

Ali Sovetin sədri Rəsul Quliyev məlumat verir ki, bu il də Məclisin üzvlərindən bir neçəsi bu məsələni yenidən qaldırıb. Yenə də buna imkan verilməyibdir. Ancaq indi, yeni konstitusiya qəbul etdiyimiz zaman bu məsələdə mövqelərimiz müəyyənləşdirilməlidir. Aydınlaşdırmalıyıq ki, hansı formanı qəbul edək. Biz ya bu layihədə olan ifadəni, ya komissiya üzvlərindən bir neçəsinin təklif etdiyi "dövlət dilimiz Azərbaycan türk dilidir" fikrini, yaxud da Milli Məclisin bir qrup üzvü tərəfindən qeyri-qanuni qəbul olunmuş formanı qəbul etməliyik. Həmin o qeyri-qanuni qanun icra olunur. İndi mənə deyirlər ki, bizim dərsliklərdə ana dilini türk dili kimi yazırlar. Mən soruşdum ki, bəs niyə belə yazırlar? Dedilər ki, bu cür qanun qəbul olunubdur. Ancaq qanunun özü də qeyri-qanuni yolla qəbul edilmişdir. Yəni o qanunun gücü yoxdur. Mən sizə bunu açıq deyirəm. Amma eyni zamanda mən hansı fikri qəbul edəcəyimiz barədə sizə öz mövqeyimi demirəm. Sadəcə olaraq anlatmaq istəyirəm ki, bu qanunun gücü yoxdur. Bildirmək istəyirəm ki, Azərbaycanın müstəqillik dövründə bu taleyüklü tarixi məsələlərə bu qədər məsuliyyətsiz yanaşan insanlar hesab edirəm ki, xalq qarşısında xəyanət edirlər. Doğrudan da, əgər belə bir qanun lazım idisə, o, xalqın iradəsi ilə qəbul edilməli idi. Bunun üçün referendum keçirmək lazımdır. Həmin referendum sayəsində əgər bu nəticə əldə olunarsa, deməli, xalqın əksəriyyəti bunu istəyir. Yaxud da əgər referendum keçirmək istəmirlərsə, heç olmasa parlament çərçivəsində qanunu pozmayaydılar. Zorakılıq, volyuntarizm, vəzifəsindən sui-istifadə etmək – bax, dəhşətlisi budur. Təəssüf ki, bu, bizim həyatımızda çox vaxtlar olub. Ayrı-ayrı vəzifəli şəxslər vəzifə tutandan sonra hesab edirdilər ki, xalqın taleyi də onların əlindədir, tarix də onların əlindədir – nə istəsələr onu edə bilərlər. Bax, dərd burasındadır. Bunları nəzərə alıb mən konstitusiya komissiyasında bu məsələ qalxan kimi belə bir təklif verdim: bu məsələyə səthi yanaşmaq olmaz. Bu məsələ xüsusi müzakirə olunmalıdır. Bu, birinci növbədə o dairələrdə xüsusi müzakirə olunmalıdır ki, həmin dairələr bu məsələdə səriştəlidir – yəni bu məsələdə onların biliyi, təcrübəsi var və onlar bu işin mütəxəssisləridir.

Mən sizə dedim ki, indi ümumxalq müzakirəsinə 1400 təklif verilibdir. Bunlar konstitusiyanın ayrı-ayrı maddələri haqqındadır. Onların 18-də təklif olunur ki, bizim dövlət dilimiz Azərbaycan dili yox, türk dili yazılsın. 1400 təklifin içərisində 18 təklif bir şey deyildir. Ancaq mən təkcə 18 təklifə görə yox, sadəcə belə bir halın yarandığına görə, belə bir hadisənin mövcud olduğuna görə və bəzi ziyalılarımızın bu fikirdə olduğuna görə bu məsələnin dərindən araşdırılmasını lüzumlu hesab edirəm.

Ona görə də komissiyanın son iclasında layihəni ümumxalq müzakirəsinə verərkən mən Ramiz Mehdiyevə tapşırdım ki, bu məsələ xüsusi müzakirə olunsun. Şübhəsiz ki, fabrikdə, zavodda, yaxud da kolxoz və ya sovxozda bunu xüsusi müzakirə etməyə ehtiyac yoxdur. Əlbəttə, oralardan da müəyyən fikir almaq olar. Bu məsələ xüsusi marağı olan dairələrdə xüsusi müzakirə edilməlidir. Yəni bizim elmi müəssisələrdə, Elmlər Akademiyasında – burada dilçilik, ədəbiyyat, tarix, fəlsəfə, hüquq, şərqşünaslıq institutları var, görürsünüz ki, nə qədər elmi institutlarımız var, böyük təcrübəli, bilikli adamlarımız var, – sonra, universitetlərimizdə, məsələn, Bakı Dövlət Universitetində Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan ədəbiyyatı tarixi və sair kafedralar var, keçmiş pedaqoji institutumuzda – indi N. Tusi adına Pedaqoji Universitetdir – orada da dilçiliklə məşğul olan çoxlu kafedralarımız var. Yəni bizim elm və tədris ocaqlarımızda xüsusi olaraq dilçiliklə məşğul olurlar. Yaradıcılıq ittifaqlarında, ilk növbədə Yazıçılar Birliyində – bu məsələni, yəni dili yazıçılar daha yaxşı bilirlər, həm tarix nöqteyi-nəzərindən, həm də onun tətbiqi nöqteyi-nəzərindən, – digər yaradıcılıq birliklərində bu məsələ müzakirə olunsun. Mən xahiş etdim ki, hər bir birlikdə, hər bir elmi idarədə olan müzakirələrin nəticələrini gətirin, biz onlara konstitusiya komissiyasında baxaq. Çox təəssüf edirəm ki, mənim bu göstərişim yerinə yetirilməyibdir. Mən bu göstərişi verəndən sonra şübhəsiz ki, başqa işlərlə məşğul idim. Bilirsiniz ki, oktyabrın 20-də mən Amerikaya getdim və 25-də axşam oradan qayıtdım, ondan sonra ayın 28-də metroda faciə baş verdi. Yəni mənim bu 15 gündəki fəaliyyətim, iş cədvəlim sizə məlumdur. Mən dünən bu işlə məşğul olmağa başladım və işçi qrupu ilə görüşərkən soruşdum ki, bu məsələni necə müzakirə etmisiniz, nə nəticəyə gəlmisiniz. Çünki layihədə Azərbaycan dilinin yazılması o demək deyildir ki, bu mütləq Azərbaycan dili olmalıdır.

Mən bir daha qeyd edirəm, biz layihədə Azərbaycan dilini ona görə yazmışıq ki, bu, bizim konstitusiyada yazılıbdır. Ondan sonra Milli Məclisdə qəbul olunmuş qərar qeyri-konstitusion qərardır. Bir halda ki, biz indi yeni konstitusiya qəbul edirik, cəmiyyətimizdə cürbəcür fikirlər var – bu fikirləri araşdırmaq, təhlil etmək lazımdır. Onlardan tarixilik nöqteyi-nəzərindən, bu günümüz və gələcəyimiz nöqteyi-nəzərindən doğru olanını qəbul etmək lazımdır. Yəni bu işdə xalqın iradəsini nəzərə almaq lazımdır. Bu sahədə xalqın iradəsini ən yüksək səviyyədə bizim alimlərimiz, ziyalılarımız, xüsusən də ictimai elmlər sahəsində çalışan mütəxəssislərimiz, yazıçılarımız, şairlərimiz deyə bilərlər.

Ona görə də mən yenə çox narahat oldum. Göstərişlərimi yerinə yetirmədiklərinə görə əməkdaşlarımızı tənqid etdim. Onlar mənə belə izahat verdilər ki, guya sonra mənim göstərişimi müzakirə edərkən belə fikirləşiblər ki, bu cür müzakirə etmək lazım deyil, çünki bu, ajiotaj yaradacaqdır. Ona görə də belə hesab ediblər ki, gəlin bunu elə ümumi müzakirədən keçirək və xüsusi müzakirə etməyək. Mən bundan narazı oldum və ona görə də dünən göstəriş verdim ki, bütün dediyim sahələrin nümayəndələri və ümumiyyətlə kim istəyirsə bura dəvət olunsunlar. Mən dedim ki, Yazıçılar Birliyi üzvlərinin hamısını çağırın. Dünən axşam dedilər ki, orada 500 nəfər adam var. Mən dedim ki, onların 500-nü də çağırın. Biri dedi ki, orada bəzi adamlar belə də deyə bilər, elə də deyə bilər. Mən dedim ki, onları da çağırın. Qoy onlar nə deyirlərsə, gəlib burada desinlər. Hər deyilən sözdən bir məna çıxır. Biz bundan niyə qaçmalıyıq ki. Mən dedim ki, siyasi partiyaların nümayəndələrini də çağırın. Eşitdim ki, müxalifət qəzetlərində bu maddəni tənqid edirlər və onlar Milli Məclisin qəbul etdiyi qərarın tərəfdarlarıdırlar. Dedim ki, qoy onlar da gəlsin. Bura hamı gəlməlidir. Çünki bu bizim elə bir işimizdir ki, bunu gərək aşkar, açıq, heç kəsdən çəkinmədən müzakirə edək. Ona görə ki, ən düzgün, ən optimal fikrə gəlməliyik.

Son vaxtlar, deyəsən bu layihə dərc olunandan sonra hansısa bir müxalifət qəzetində oxudum ki, "bizim dilimizi vaxtilə Stalin və Mikoyan dəyişiblər, dilimizi Azərbaycan dili onlar adlandırıblar, indi də onların yolu ilə getmək istəyirik". Mən dünən onlara dedim ki, bilirsiniz, bax bunu yazan adamlar – əgər siz bu müzakirədən qaçmısınızsa və hesab edirsinizsə ki, bu, ajiotaj yaradacaq, hesab edirsinizsə elə bu yazılan qəbul olunmalıdır – üç ildən sonra, beş ildən sonra, xüsusən də Heydər Əliyev dünyadan gedəndən sonra götürüb yazacaqlar ki, "Heydər Əliyev Stalin və Mikoyanla birlikdə bizi bu yola gətirdi, yoxsa biz başqa yolla gedəcəydik". Mən bu tarixi məsuliyyətdən qorxmuram. Ancaq mən də araşdırıram. İstəyirəm ki, həqiqəti aydınlaşdıraq. Ona görə də xahiş edirəm ki, mənim bu çıxışımı vəziyyəti aydınlaşdırmaq niyyəti ilə qəbul edəsiniz. Mən bu barədə heç bir fikir söyləmirəm və heç söyləməyəcəyəm də. Mən bu fikri sizin sərəncamınıza verəcəyəm.

Buna görə də mən dedim ki, sizi dəvət etsinlər. Əvvəlcə fikirləşdim ki, müzakirəni özünüz aparasınız. Sonra qərara gəldim ki, yaxşı olar, buraya özüm də gəlim və bu fikirləri izah edim. Çünki özüm izah etməyəndə bəzən yenə də məsələni qarışdıracaqlar və fikirləri düzgün çatdırmayacaqlar. Mən sizə fikrimi özüm çatdırıram. Buraya televiziyanı da dəvət etmişəm. Burada nə deyilirsə, hamısını qoy yazsınlar və xalqa çatdırsınlar, hər şeyi aydınlaşdıraq. Məsələ bundan ibarətdir. Ona görə mən istəyirəm ki, siz məsuliyyəti dərindən dərk edərək müzakirə edəsiniz, bu məsələyə səthi yanaşmayasınız. Bu, çox mühüm məsələdir. Məsələn, bizim bəzi ziyalılar deyirlər ki, əgər indi biz Azərbaycan dili yazsaq, onda bəs Füzuli nə dilində yazıbdır, Cəlil Məmmədquluzadə nə dilində yazıbdır Belə sözlər deyirlər.

Eyni zamanda deyirlər ki, guya 1935-36-cı illərdə bizim dilimiz türk dili adlanıbdır və dilimizin adı o vaxt dəyişilibdir. Amma şəxsən məndə bu barədə tarixi bir sənəd yoxdur. Bu, hansı fərmanla, hansı qərarla, hansı sənədlə dəyişdirilibdir – bu, məndə yoxdur. Bilmirəm, bəlkə kimdəsə var.

Ancaq tariximiz elə olubdur ki, vaxtilə bizə "azərbaycanlı" da deməyiblər. İndi əgər biz Cəlil Məmmədquluzadəyə, Mirzə Ələkbər Sabirə, Nəriman Nərimanova və ya başqalarına istinad ediriksə, elə onların əsərlərində deyirlər ki, biz müsəlmanıq. Bəli, o vaxt deyirdilər ki, biz müsəlmanıq. Yazıların əksəriyyətində belədir. Bizə "azərbaycanlılar" da demirdilər, bəlkə türklər deyirdilər. Amma çox vaxt deyirdilər ki, biz müsəlmanıq. Nəhayət, XX əsrin axırlarında biz bu məsələləri tam aydınlaşdırmalıyıq və bu məsələyə nöqtə qoymalıyıq ki, bütün söz-söhbətə son qoyulsun.

Siz hansı qərarı qəbul etsəniz, həmin qərarı biz konstitusiyaya yazarıq.

Mən bununla da sözümü qurtarıram. Ancaq iki kəlmə onu demək istəyirəm ki, mən bu danışdığımız dili – buna hansı dil deyirsiniz-deyin – çox gözəl dil hesab edirəm. Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür. Qrammatika sahəsində həddindən artıq böyük nailiyyətlərimiz var. Şəxsən mən bu dili sevirəm.

Bilirsiniz ki, keçmişə qara yaxmaq istəyənlər bunu bir müddət etdilər. Ancaq bu, əhəmiyyətsizdir. Tarixi dəyişdirmək olmaz. Bizim dilçilərin, alimlərin xatirində olmalıdır ki, – deyəsən, – 70-ci illərin axırı idi – dövlət mükafatları verilirdi. Biz xüsusən Azərbaycan dili haqqında kitab yazmış böyük bir kollektivə dövlət mükafatı verdik. Bu mükafatı onun müəllifinə görə yox, əsərin özünə və bu kitabın dilimizin təhlilinə həsr olunmasına görə verdik. Adətən biz mükafatları bir romana, bir şeirə, bir poemaya, bir teatr tamaşasına, bir rəsm əsərinə görə veririk. Amma bu mükafatı mən xüsusi mükafat hesab edirəm. Burada mənim şəxsi təşəbbüsüm, şəxsi məqsədim o olubdur ki, ictimaiyyət bir daha bilsin ki, biz dilimizin inkişafına nə qədər fikir veririk.

Bu müddətdə dilimizin böyük qrammatikası yaranıbdır. Böyük dərsliklər, əsərlər var. Respublikamızda böyük dilçilik institutu mövcuddur. Bizim böyük dilçilərimiz var, – yadımdadır, akademik Şirəliyev, Dəmirçizadə, – mən o vaxtkı adamları deyirəm, indi yaşayan alimlər adlarını demədiyimə görə məndən inciməsinlər. Bəli, bizim böyük alimlərimiz vardır.

Azərbaycanda türkologiya da çox inkişaf edibdir. Keçmiş Sovetlər İttifaqının ərazisində türkologiyaya demək olar ki, Azərbaycan qədər fikir verən olmayıbdır. Təsadüfi deyildir ki, Sovetlər İttifaqında buraxılan yeganə "Türkologiya" jurnalı Azərbaycanda nəşr edilirdi. İndi də nəşr olunur. Yəni bu sahədə bizim böyük nailiyyətlərimiz var. Alimlərimiz, bilikli adamlarımız və belə zəngin dilimiz var.

Dilimizin 30-cu illərdəki vəziyyətini təsəvvür edin. Götürün, oxuyun 20-ci ildə yazılan kitabları. İndiki dilimizi götürün. Dilimiz nə qədər zənginləşib, nə qədər gözəlləşibdir, nə qədər cazibədar olubdur, nə qədər də şirindir. Bu bizim dilimizdir. Amma adını nə qoyacaqsınız – o, sizin işinizdir.

Mən dediyim bir-iki tənqidi sizin daha düz qəbul etməyiniz üçün Şahin Əliyevə söz verirəm. O, Milli Məclisin qəbul etdiyi həmin qərarı sizə oxusun...

Azərbaycan Respublikasının 1978-ci ildə qəbul olunmuş konstitusiyasının dövlət dili haqqında 73-cü maddəsi Milli Məclisin məlum qərarı ilə ləğv olunmur, o, qüvvədədir. Milli Məclisin qəbul etdiyi bu qərar da qüvvədədir. Bax, respublikamızda belə qarışıqlıq yaranıbdır. O vaxt dövlət və hökumət başçıları, bu böyük məsuliyyəti üzərinə götürən adamlar belə qərarı, qanunu qəbul edərkən sizinlə məsləhətləşiblərmi? Onlar Elmlər Akademiyası, Yazıçılar Birliyi ilə, bizim bu alimlərimizlə, dilçilərimizlə məsləhətləşiblərmi? Əgər məsləhətləşməyiblərsə, əgər İsa Qəmbərov, İbrahim İbrahimov, İsgəndər Həmidov Azərbaycan xalqının dili haqqında da qərar qəbul edirlərsə, onlar çox böyük səhv edirlər.

Mən sizdən xahiş edirəm ki, bugünkü məsələni sərbəst müzakirə edəsiniz. Dözümlü olun, hərə öz fikrini desin. Heç kəs kənarda qalmasın, heç nədən çəkinməsin və heç kəs də narahat olmasın ki, onun dediyinə görə ya mənfi, ya da müsbət münasibət bəslənəcəkdir.

Mən sizi tərk edirəm. İstəmirəm ki, burada iştirakımla məsələnin müzakirəsi zamanı ya o tərəfə, ya bu tərəfə təsir edəm. Mən gəlmişdim ki, sizə sadəcə olaraq məlumat verim və məqsədimizi sizə çatdırım.

Güman edirəm ki, siz bu məsələni ətraflı müzakirə edib öz qərarınızı bizə çatdıracaqsınız. Mən sizin qərarınızı gözləyəcəyəm. Sağ olun.

iacca
iap
business ready
eplc
Ən Tez