Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın iclasında giriş və yekun sözü - 5 noyabr 1995-ci il

Bu gün biz Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlamaq üçün təşkil olunmuş komissiyanın növbəti iclasını, ola bilər ki, son iclasını keçiririk. Komissiyanın noyabrın 2-də keçirdiyimiz iclasında biz ümumxalq müzakirəsindən sonra konstitusiya layihəsinin bir maddəsini müzakirə etdik. Bu gün isə biz konstitusiya layihəsi dərc ediləndən və onun ümumxalq müzakirəsindən sonra ictimaiyyət, əhali, mətbuat tərəfindən konstitusiya komissiyasına daxil olmuş təkliflərə, əlavələrə, dəyişikliklərə baxmalıyıq, onlar haqqında müəyyən fikrə gəlməliyik, onlardan hansıları qəbul oluna bilərsə, qəbul edib bu layihəni daha da təkmilləşdirməliyik.

Komissiyanın işçi qrupunun üzvləri daxil olmuş bütün təklifləri təhlil ediblər, baxıblar və işçi qrupunun bu barədə müəyyən fikirləri var. Ona görə də komissiyanın işini elə qurmaq olar ki, işçi qrupu bu təkliflər haqqında bizə öz fikirlərini təqdim edər və biz, komissiya üzvləri həmin təkliflərdən hansının qəbul edilib-edilməməsini müəyyənləşdirərik. Hesab edirəm ki, biz bu işi mütləq başa çatdırmalıyıq və nəhayət, layihənin son variantı hazır olub dərc edilməlidir.

Bütün bu təkliflər haqqında işçi qrupunun məlumatını dinləməzdən əvvəl, hesab edirəm ki, konstitusiyanın 23-cü maddəsi haqqında aparılan müzakirələri yekunlaşdırmaq lazımdır. Həmin maddə xüsusi əhəmiyyət kəsb etdiyinə və bu barədə bəzi fikirlər olduğuna görə bilirsiniz ki, bu maddə geniş müzakirə olunubdur. Ümumxalq müzakirəsindən sonra bu maddə bir dəfə bizim elm müəssisələrinin, yaradıcılıq təşkilatlarının, universitetlərin nümayəndələrinin, ictimaiyyətin başqa təbəqələrinin – ziyalıların iştirakı ilə Elmlər Akademiyasında müzakirə edilibdir. Ondan sonra noyabrın 2-də bu maddə konstitusiya komissiyasında bir çox əlavə şəxslərin iştirakı ilə müzakirə olunubdur. Həmin müzakirə təxminən beş saat davam etdi. O vaxt biz bütün təklifləri dinlədik və xatirinizdədir ki, qərar qəbul olunmadı. Bu qərarı biz bu gün qəbul etməliyik. Ona görə də işçi qrupunun bütün başqa təkliflər haqqında məlumatını dinləməzdən əvvəl hesab edirəm ki, bu maddə haqqında müzakirələrimizi tamamlamalıyıq və bu barədə son fikrimizi müəyyənləşdirməliyik, bundan sonra isə başqa maddələrə aid təkliflərə baxmalıyıq.

Ona görə də mən Ramiz Mehdiyevə söz verirəm ki, o, komissiyanın noyabrın 2-də keçirilən iclasındakı müzakirənin yekunları haqqında məlumat versin...

* * *

Demək, alimlərimiz, yazıçılarımız, mütəxəssislərimiz iki böyük müzakirədə öz sözlərini deyə biliblər. Ancaq bundan əvvəl, konstitusiyanın layihəsi mətbuatda dərc ediləndən sonra əhali, xalq arasında müzakirə olunubdur. Keçən dəfə dedim və bu gün yeni məlumat almışam, – işçi qrupu məlumat verir ki, komissiyanın ayrı-ayrı maddələrinə dair 3 minə yaxın təklif gəlib. Bunların içərisində Azərbaycanın dövlət dilinə aid 23 təklif vardır, onların müəllifləri dövlət dilini türk dili, yaxud Azərbaycan türkcəsi adlandırmaq istəyirlər. Noyabrın 2- də konstitusiya komissiyasının iclasında bu komissiyanın üzvlərinin bir qismi çıxış etdi, – onların adları burada deyildi, – hər biri öz mövqeyini bildirdi. Konstitusiya komissiyasının başqa üzvləri bu barədə nə demək istəyirlər?

YEKUN SÖZÜ

Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasını qəbul etmək çox məsuliyyətli, eyni zamanda çox şərəfli bir vəzifədir. Xoşbəxt adamlarıq ki, bu vəzifə bizim üzərimizə düşübdür. Eyni zamanda məsuliyyətimizi də dərk etməliyik və düşünməliyik ki, biz tarix qarşısında, gələcək nəsillər qarşısında bu işimizə görə daim cavabdeh olacağıq. Ona görə də bu məsələyə, bu işə fövqəladə diqqət yetirməliyik, bu məsələyə obyektiv, çox səbrlə və məsuliyyətlə yanaşmalıyıq. Mən bu gün bəyan etmək istəyirəm ki, konstitusiya komissiyası təşkil olunandan indiyə qədər bu komissiyada belə bir mühit yaranıb: konstitusiya komissiyasının üzvləri, o cümlədən komissiyanın sədri kimi mən də məhz bu prinsiplər əsasında öz üzərimizə düşən vəzifənin həll olunmasına çalışırıq.

İş sona çatır. Biz bu gün layihəni axıra qədər müzakirə edib, ümumxalq müzakirəsindən sonra daxil olmuş təklifləri təhlil edib, konstitusiya layihəsinin son variantını hazırlayıb dərc etdirməliyik. Bu proseslər içində siz – konstitusiya komissiyasının üzvləri də görürlər, bütün ictimaiyyət də bunun şahididir ki, mən dövlət dili ilə əlaqədar olan maddənin hərtərəfli müzakirə edilməsinə cəhd göstərirəm və nə qədər vaxt sərf olunsa da bunu çox lazımlı hesab edirəm. Görürəm, bəzilərinin hövsələsi çatmır, bəziləri düşünürlər ki, məsələ aydındır, qərar qəbul etmək lazımdır. Ancaq mən belə hesab edirəm ki, bu məsələdə tam aydınlıq hasil olmalıdır. Əgər mən şəxsən bu işə ümumi nöqteyi-nəzərdən yanaşsaydım, biz bu məsələni indiyədək bir neçə dəfə müzakirə etmişik və komissiya üzvlərinin əksəriyyətinin fikri birdir.

Birincisi, komissiyada layihə hazırlanarkən bu məsələ işçi qrupunda müzakirə olunub. Layihəyə bir neçə dəfə baxılıb. Sonra oktyabrın 14-də bu məsələ müzakirə edilərkən biz bu maddə barədə fikir mübadiləsi apardıq. Mən bunu bir neçə dəfə demişəm, komissiya üzvlərindən üç nəfər bu barədə, yəni Azərbaycan dövlətinin konstitusiyasında olan maddədən fərqli söylədi ki, indiyədək Azərbaycan dili dövlət dili yazılıb, indi isə bu ya Azərbaycan türkcəsi, ya Azərbaycan türk dili, ya da sonradan deyildiyi kimi, Azərbaycan (türk) dili yazılsın. Komissiyanın qalan üzvləri bu fikri dəstəkləmədilər. Onların hamısı Azərbaycan dili tərəfdarı oldu. Bu gün çıxış edən komissiyanın üzvü Etibar Məmmədov da o vaxt başqa fikir söyləmədi; o, ümumiyyətlə fikir söyləmədi. Belə olan halda, əgər mən, komissiyanın sədri kimi, bu məsələlərə ümumi prinsip nöqteyi-nəzərindən yanaşsaydım (üç nəfər deyir ki, belə olsun, amma qalanları deyir ki, belə olsun), məsələni bununla da qurtarmaq olardı. Ancaq mən hesab edirəm ki, üç nəfər komissiyanın üzvləri arasında sayca çox azlıq təşkil edirsə də, birincisi, komissiyanın hər bir üzvünün fikrinə diqqət vermək və onu nəzərə almaq lazımdır; ikincisi də, bu fikri söyləyən adamlar bizim ziyalılarımızdır – mədəniyyət, elm, ədəbiyyat sahəsində tanınmış və böyük fəaliyyət göstərmiş adamlardır. Demək, bunların fikirlərini daha da geniş müzakirə etmək lazımdır. Ancaq eyni zamanda 1978-ci ildə qəbul edilmiş konstitusiyada Azərbaycanın dövlət dili Azərbaycan dili yazıldığına görə və on illər müddətində Azərbaycan dili həyatımızın hər yerində bərqərar olunduğuna görə biz layihənin 23-cü maddəsində yazdıq ki, "Azərbaycanın dövlət dili Azərbaycan dilidir". Bunu da ümumxalq müzakirəsinə verdik.

Ancaq bilirsiniz, – bunu keçən görüşlərimizdə demişəm, – mən çalışırdım ki, başqa fikir söyləyənlərin fikirlərinin, dəlillərinin nə qədər əsaslı olduğunu, tarixi, elmi nöqteyi-nəzərdən nə qədər münasib olduğunu araşdıraq. Mən bütün bu müddətdə çalışmışam şərait yaradım ki, insanlar sərbəst danışsınlar, hərənin sözü sərbəst meydana çıxsın. İkinci tərəfdən də bu müzakirələrdə, mübahisələrdə məsələni mən şəxsən özüm üçün daha da aydınlaşdırmaq istəyirdim. Baxmayaraq ki, bu məsələnin tarixi də mənə məlumdur, xalqımızın tarixini də, dilimizi də pis bilmirəm və dilimizin tarix boyu keçdiyi yollar da başqaları kimi mənə də məlumdur, bəlkə bir çoxlarından da az məlum deyil. Ona görə də ola bilərdi ki, mən dərhal bir mövqe tutum. Ancaq mən bunu etmədim. Hesab edirəm ki, belə də lazım idi, bu da həmin sahəyə maraq göstərənlərin, mütəxəssislərin fikirlərinin açılmasına şərait yaradacaqdır. Ona görə də layihə mətbuatda dərc olunandan sonra biz bu məsələnin yenidən müzakirə edilməsini lazım bildik.

Oktyabrın 31-də Elmlər Akademiyasında bütün ziyalıların nümayəndələri bu məsələni müzakirə etdilər. 25- dən çox adam çıxış etdi. Mən bununla qane olmadım. Noyabrın 2-də konstitusiya komissiyasının iclasını tamamilə buna həsr etdim. Biz beş saata qədər müzakirə apardıq. O müzakirədən sonra bəlkə də qərar qəbul etmək olardı. Görürsünüz ki, mən bu gün konstitusiya komissiyasının və işçi qrupunun üzvlərinin burada iştirakı ilə müzakirəni yenə də davam etdirirəm. Bütün bu müzakirələrin nəticəsində mən də öz fikrimi demək istəyirəm.

Dil, millət fəlsəfi məfhumdur, tarixi anlayışdır. İnsanlar dünyada mövcud olandan onlar hansısa dillərdə danışıblar. Bir halda ki, insanlar olub, demək, onların bir-biri ilə əlaqəsi üçün dil də olubdur. İnsanlar dünyada mövcud olandan müəyyən tayfalar, qruplar yaranıbdır, bundan sonra onlar genişlənib, millət şəklinə gəlib çıxıblar. Ona görə həm millət anlayışı, həm dil anlayışı, yenə deyirəm, fəlsəfi məfhumdur, fəlsəfi, tarixi anlayışdır. Dialektikanın qanununa görə, bu iki anlayış daim inkişafda, dəyişiklikdə olubdur.

Güman edirəm tarixçilərimiz, filosoflarımız elmi nöqteyi-nəzərdən mənim bu dediyim sözlərlə razı olarlar. Beləliklə, heç kəs deyə bilməz ki, XII əsrdə kim nə deyibsə, o bu gün bizim üçün ehkamdır. Heç kəs deyə bilməz ki, XV əsrdə kim nə deyibsə, o da bizim üçün ehkamdır. Bunu nəzərə almaq lazımdır və bunu unutmaq lazım deyil. Bu gün biz dövlət dilimiz haqqında məsələni müzakirə edərkən heç bir konyunkturaya yol verməməliyik. Hansısa bir qərarı qəbul edəcəyiksə, – bu kimin xoşuna gələcək, ya gəlməyəcək, – bu bizi narahat etməməlidir. Biz bunu həqiqət əsasında qəbul etməliyik və kimdənsə üzrxahlıq da etməməliyik: bağışlayın, biz sizinlə qardaşıq, amma biz dilimizi belə etmək istəyirik. Mən bununla da razı deyiləm.

Noyabrın 2-də keçirilən müzakirədə dilçi alimlərdən biri dedi, mən də onun dediyinə istinad edirəm ki, keçmiş Sovetlər İttifaqının ərazisində türkdilli 23 xalq məskun olubdur. Yəni türkdilli xalqlar çoxsaylıdır və millətcə, dilcə türk kökündən olan xalqlar çoxsaylıdır. Əgər keçmiş Sovetlər İttifaqının ərazisində türkdilli 23 xalq olubsa, onun hüdudlarından kənarda da var. Bu da təbiidir, çünki dünyada olan dillər ayrı-ayrı dil qruplarına bölünüblər və bu dil qrupları tarix boyu, əsrlər boyu formalaşıblar, sonra şaxələniblər və hər bir şaxə müəyyən proseslər nəticəsində öz istiqamətində inkişaf edib və gəlib indiki səviyyəyə çatıbdır.

Şübhəsiz ki, dünyada olan dillərin bugünkü səviyyəsi də son hədd deyil. Bəşəriyyət, insan cəmiyyəti daimidir, hər şey inkişafdadır, yüz, iki yüz, beş yüz ildən sonra nə olacaqdır, – bunu biz indi deyə bilmərik. Ancaq şübhəsiz ki, nə dünya belə olacaqdır, nə də dünyanın mənzərəsi bu şəkildə qalacaqdır. Hər şey inkişafdadır. Belə olan halda, şübhəsiz ki, bizim mənsub olduğumuz türkdilli xalqlar da şaxələniblər, məskun olduqları yerin, ərazinin təsiri altında, qonşularının, başqa amillərin təsiri altında hərəsi öz istiqamətində inkişaf ediblər.

Ancaq bu dillərin, yəni bizim bu türk dili qrupuna mənsub dillərin gəlib dövlət dili səviyyəsinə çatması XX əsrdə baş veribdir. Mən başqa Avropa dillərini demirəm. Dövlət dili statusu alınması da, şübhəsiz ki, hər bir dövlətin dövlət kimi formalaşması ilə bilavasitə əlaqədardır. Osmanlı imperatorluğu və Osmanlı dili bu müzakirələr zamanı tez-tez yada salınır. Amma məlumdur ki, osmanlı imperatorluğunun dövlət dili XIX əsrədək türk dili deyildi, tarixçilərimiz bunu yaxşı bilirlər. İmperatorluq Osmanlı imperatorluğu idi, amma dövlət dili türk dili deyildi. Götürün arxivlərdə onların kitablarına baxın, həmin padşahların, sultanların fərmanlarına baxın, onlar türk dilində yazılmayıb. Bütün bunlar ərəb-fars dillərində yazılıb. Gedin İstanbuldakı muzeylərə baxın, yəqin çoxları baxıblar, kim baxmayıbsa, gedib baxa bilər. Mən bundan Türkiyənin dövlət başçıları ilə danışıqlarımda da söhbət açmışam. Onlar da deyirlər ki, bəli, belə olub. Onlar da Türkiyə Cümhuriyyəti yaranandan sonra indiki türk dilini formalaşdırıb, dövlət dili ediblər. O, orada inkişaf edibdir, o ərazidə yaşayan türklər, türkdilli xalqlar həmin dili dövlət dili ediblər. Bizim üçün dost, qardaş olan Türkiyə Cümhuriyyətinin böyük Atatürkdən sonra onun fəaliyyəti nəticəsində bir cümhuriyyət kimi meydana gəlməsi, dünya birliyində öz yerini tutması və özünün dövlət dili olması bizi sevindirən bir haldır. Bir qardaş, dost ölkə kimi biz bunu böyük bir nailiyyət hesab edirik.

Bizim ərazimizdə, yəni Azərbaycanda yaşayan insanlar, İranda yaşayan və bizim dilə mənsub olan insanlar Türkiyənin Şərq hissəsində yaşayan və azəri adlanan insanlar keçmişdə də, elə XX əsrdə də biz danışdığımız dildə danışıblar. Ona görə də dilimizin dövlət dili statusu alması yalnız və yalnız 1978-ci ildə qəbul edilmiş konstitusiyada olubdur. O vaxta qədər bizim dilimiz dövlət dili statusu almayıbdır. Hamı bu həqiqəti bilməlidir.

Biz öz əcdadlarımıza daim minnətdar olmalıyıq, ona görə ki, torpaqlarımız, ərazimiz cürbəcür şahlıqların, sultanlıqların, xəlifələrin, dövlətlərin əlinə keçdiyi vaxtlarda da, dilimiz itməyib, yaşayıb. Onu xalq yaşadıbdır, eyni zamanda onu xalqımızın böyük şəxsiyyətləri yaşadıblar. Böyük şairimiz, filosofumuz, mütəfəkkirimiz Nizami Gəncəvi əsərlərinin hamısını fars dilində yazmağına baxmayaraq, yenə də türk dili haqqında öz sözünü deyibdir. Böyük Füzuli əsərlərinin əksəriyyətini ərəb dilində yazmağına baxmayaraq, türk dilində də yazıbdır və dilimizi yaşadıbdır. Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, XX əsrdə dünyaya gəlmiş böyük şəxsiyyətlər – yazıçılar, o cümlədən Cəlil Məmmədquluzadə, şairlər, dövlət xadimləri və mütəfəkkir insanlar – Həsənbəy Zərdabi, Əhmədbəy Ağayev, Əlibəy Hüseynzadə, Fətəlixan Xoyski, Məmmədəmin Rəsulzadə, Nəriman Nərimanov, Dadaş Bünyadzadə və başqaları öz əsərləri ilə, verdikləri qərarlarla, dekretlərlə, sənədlərlə bizim dilimizi yaşadıblar. Ancaq dilimiz dövlət dili statusu almayıb.

Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, bunların hamısına baxmayaraq, dilimiz yaşayıb və ilbəil zənginləşibdir. Mən bunu bir dəfə demişəm və bu gün bir daha deməyi lüzumlu hesab edirəm ki, 1920-ci ildə dilimiz bu qədər zəngin, eyni zamanda bu qədər sadə, səlis, bu qədər təmiz və cazibədar olmayıbdır. 30-cu ildə də, 40-cı ildə də belə olmayıbdır. Demək, həyat inkişaf etdikcə, xalqımız mədəniyyət yolu ilə, elm yolu ilə inkişaf etdikcə, irəliyə getdikcə, dünya mədəniyyətindən bəhrələndikcə öz dilini də ilbəil inkişaf etdiribdir. Əgər XX əsri götürsək, xüsusən 20-ci ildən indiyədək Azərbaycanda böyük dilçi alimlər ordusu, böyük ədəbiyyatçılar, şairlər, yazıçılar, jurnalistlər ordusu yaranıbdır. Məhz bu dövrdə biz Nizami Gəncəvini qaldırıb dünyaya tanıda bilmişik, Məhəmməd Füzulini də, Nəsimini də qaldırıb dünyaya tanıtmışıq, Vaqifi də, Mirzə Fətəli Axundovu da, Sabiri də, Seyid Əzim Şirvanini də, Abbasqulu Ağa Bakıxanovu da tanıtmışıq və bütün bunların hamısını o dövrdə etmişik. Bu şəxsiyyətlər keçən əsrlərdə, dövrlərdə məgər dünyada bu qədər məşhur olublarmı? Yox, heç vaxt. Bu, bizim dövrümüzün bəhrəsidir və bunların hamısı da Azərbaycan adı ilə, dili ilə bağlı olubdur.

Biz Nizami Gəncəvinin əsərlərini, bütün poemalarını, "Xəmsə"sini ilk dəfə 1948-ci ildən sonra öz dilimizə, yəni indi danışdığımız Azərbaycan dilinə tərcümə etdirmişik və xalqımıza çatdırmışıq. Siz bunu da bilməlisiniz ki, mən Nizami Gəncəvinin "Xəmsə"sinin ilk dəfə rus dilinə tərcümə edilib Moskvada nəşr edilməsinə nail olmuşam. Siz də, bütün ictimaiyyət də bilməlidir ki, mən Nizami Gəncəvinin "Xəmsə"sinin, beş poemasının rus dilində Moskvada, "Xudojestvennaya literatura" nəşriyyatında yenidən çap edilməsinə nail olmuşam. Mən bununla bir neçə il məşğul olmuşam. Nizami Gəncəvinin poemaları rus dilində tamamilə nəşr edilməmişdi. Hətta sonra həyat mənə möhlət vermədi, o vaxt Moskvada bu işlərlə məşğul olarkən aydınlaşdırdım ki, Nizami Gəncəvinin əsərlərinin rus dilinə tərcüməsi tamam təkmil deyil. Mən o zaman belə bir fikrə düşdüm və onu həyata keçirməyə çalışdım ki, yenidən tərcüməçilər qrupu yaradıb Nizami Gəncəvinin əsərlərini orijinaldan rus dilinə tərcümə etdirim – tək Rusiya üçün yox, çünki rus dilini Rusiyadan savayı başqa ölkələrdə də çox bilirlər. Bunlar hamısı bu dövrün bəhrəsidir.

O cümlədən biz Nəsiminin 600 illik yubileyini keçirərkən Nəsiminin əsərlərini ilk dəfə Azərbaycan dilinə tərcümə etdirib xalqımıza çatdırdıq.

Beləliklə, bu dövr bizim üçün, ədəbiyyatımız, tariximiz üçün böyük bəhrəli, məhsuldar bir dövrdür və bu dövrdə dilimiz inkişaf edibdir. Dövlət dili statusu almaq üçün gərək dövlət olsun. Əgər bir dil bir dövləti təmsil etmirsə, o dilə nə deyirsən de, o, dövlət dili ola bilməz. Hüquqi, fəlsəfi nöqteyi-nəzərdən bunu da bilmək lazımdır. Biz Sovetlər İttifaqının tərkibində müstəqil dövlət olmasaq da, onun tərkibində respublika idik, dövlət idik, özümüzün himnimiz, gerbimiz, bayrağımız var idi. Doğrudur, bunlar hamısı Ümumittifaq tərkibində idi, amma hamısı var idi. Bax, belə olan vaxtda da biz dilimizi dövlət dili etmək üçün nə qədər çətinliklər çəkdik, nə qədər əzab-əziyyətə düşdük.

Amma eyni zamanda bir şey də sizin üçün yəqin maraqlı olar ki, – mən bunu bilirdim, ancaq indi xahiş etdim gətirdilər. Sovetlər İttifaqının 1977-ci ildə qəbul olunmuş konstitusiyası buradadır, kim istəyir götürüb oxuya bilər, - burada dövlət dili maddəsi yoxdur.

Noyabrın 2-də keçirilən müzakirədə Baş Arxiv İdarəsinin rəisi arayış verdi və məlum oldu ki, 1936-cı ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən lahiyədə yazılmışdı ki, dövlət dili türk dili olsun. Ancaq bizim nümayəndələr Moskvaya gedib qayıdandan sonra 1937-ci ildə konstitusiya qəbul ediləndə dövlət dili maddəsi yazılmayıb. 1936-cı ildə Sovetlər İttifaqının konstitusiyasında da dövlət dili maddəsi yoxdur. 1977- ci ildə qəbul olunmuş Sovetlər İttifaqı konstitusiyasında dövlət dili barədə maddə yoxdur. Bunun səbəbi o deyildir ki, Sovetlər İttifaqı bir dövlət deyildi, yox. Yəqin dövlət dilini yazmayan adamlar istəmirdilər ki, dillər parçalansın. Bir də bilirdilər ki, onsuz da rus dili hakim dildir və bunu konstitusiyaya yazmağa da ehtiyac yoxdur. Mən belə düşünürəm. Ancaq bilin, bu məsələ müzakirə olunmamışdı. Mən bunu da bildirmək istəyirəm ki, biz 1977-1978-ci ildə Azərbaycan Konstitusiyasına "Azərbaycanın dövlət dili Azərbaycan dilidir" yazmağa çalışanda bizə Moskvadan deyirdilər ki, axı SSRİ konstitusiyasında bu yoxdur və siz nə üçün yazırsınız? Deyirdilər ki, bizdə də yoxdur, sizdə də olmamalıdır.

Dilimizin inkişafı bax, belə mərhələlərdən keçib və nəhayət, bizim bugünkü dilimiz – zəngin dilimiz var. Əgər biz o tarixi nöqtələri bir də yadımıza salsaq, 1936-cı ildən indiyədək Azərbaycanda bizim dilimiz Azərbaycan dili adlanmışdır. Bütün sənədlərdə Azərbaycan dili adlanır. Bütün yerlərdə Azərbaycan dili adlanır. 1978-ci ildəki konstitusiyada "Azərbaycan dili dövlət dilidir" yazılmışdır. Bu gün də hamımız deyirik ki, bizim dilimiz Azərbaycan dilidir.

Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramımızı bildirərək, eyni zamanda bu gün deməliyik və mənəvi haqqımız var deyək ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb, özünəməxsus adını götürüb və gəlib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad qoymaq heç bir nöqteyi-nəzərdən düzgün deyil – həm tarixi nöqteyi-nəzərdən, həm fəlsəfi nöqteyi-nəzərdən, həm Azərbaycanın dövlətçiliyi nöqteyi-nəzərindən, ölkəmizin bu günü və gələcəyi nöqteyi-nəzərindən düzgün deyil.

Mən bir dəfə dedim ki, biz gərək öz milli mənliyimizi heç vaxt itirməyək. Xalqların hər biri tarixi yol keçib, hər birinin də özünəməxsus nailiyyəti var. Bizim ərazimizdə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş hüdudlar çərçivəsində Azərbaycan Respublikasında yaşayanlar azərbaycanlılardır. Bizim keçmişimiz məlumdur, biz onu inkar etmirik, – yenə də deyirəm, biz türk mənşəli bir xalqıq. Bizim dilimiz türk dilləri qrupuna məxsus dildir. Ancaq o 23 dil kimi, bizim də öz dilimiz var. Biz öz dilimizi gedib heç bir başqa dilə nə qarışdırmalıyıq, nə də ona yapışdırmalı, qoşmalıyıq. Bizim özümüzün dilimiz var. Bu dil də bizim dilimizdir. Mən bunu demişəm, yenə də deyirəm, – türk dilləri qrupuna məxsus olan digər dillər, ola bilər, həsəd apara bilərlər ki, bizim dilimiz nə qədər zəngindir.

Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb. Bu reallıqdır. Mən keçən dövrü kənara qoyuram, – 60 il ərzində bu, mövcud olmuş reallıqdır. Gün-gündən, aybaay inkişaf etmiş reallıqdır.

Azərbaycanda rus dili nə qədər hakim oldusa da, vaxtilə Azərbaycanda nə qədər çalışdılar ki, Azərbaycan dilini sıxışdırıb çıxarsınlar, rus dilini geniş yaysınlar, amma biz dilimizi qoruduq, saxladıq. Biz dilimizi itirmədik. İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri öz dilimizdə ifadə etməyə qadirik. Bu, böyük nailiyyətdir. Bu, iqtisadi, başqa nailiyyətlərin hamısından üstün bir nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var və o da o qədər zəngindir ki, dünyanın hər bir hadisəsini biz öz dilimizdə ifadə edə bilirik.

Ona görə də bir də deyirəm – tarixi keçmişimizə, əcdadlarımıza böyük hörmət və ehtiram hissini bildirərək, bu gün biz tarixi bir addım atmalıyıq: müstəqil Azərbaycan Respublikasının dövlət dilini qəbul etməliyik. Müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.

Mən hesab edirəm ki, biz bu layihəni bu gün hazırlayarkən 23-cü maddəyə baxıb onu bəlkə də bir az təkmilləşdirmək, genişləndirmək olar. Hər halda bunu qəbul edirik, referenduma veririk. Bəli, qoy xalq öz sözünü desin. Ancaq biz də xalqın nümayəndəsi, cəmiyyətin üzvü kimi, eyni zamanda xalq tərəfindən böyük səlahiyyətlərə malik olan şəxslər kimi bu gün öz fikrimizi deyirik. Əgər etiraz yoxdursa, bununla da bu məsələnin müzakirəsini bitirək.

iacca
iap
business ready
eplc
Ən Tez