Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında nitqi - 24 noyabr 1995-ci il

Hörmətli deputatlar, hörmətli qonaqlar, səfirlər,

xanımlar və cənablar!

Müstəqil Azərbaycan Respublikasının ilk parlamentinin – Milli Məclisinin işə başlaması münasibətilə sizi səmim-qəlbdən təbrik edirəm, Milli Məclisə, sizə bu şərəfli işinizdə uğurlar arzulayıram.

Biz tarixi hadisələrin şahidiyik, tarixi proseslərin iştirakçısıyıq. Azərbaycan dörd il bundan öncə dövlət müstəqilliyini əldə edib, xalqımız milli azadlığa nail olubdur. Ötən dörd il ərzində Azərbaycan xalqının, Azərbaycan Respublikasının həyalında ağır, çətin ictimai-siyasi proseslər gedib və nəhayət, respublikamızın dövlət müstəqilliyi möhkəmlənib dönməz olubdur, ictimai-siyasi vəziyyət sabitləşibdir və müstəqil Azərbaycan Respublikası özünün ali qanununu – Konstitusiyasını qəbul etməyə imkan əldə edib, ilk parlamentini – Milli Məclisini seçibdir.

Bunlar böyük nailiyyətdir, tarixi nailiyyətdir. Bunlar onu sübut edir ki, artıq Azərbaycan xalqı müstəqillik yolu ilə cəsarətlə, əzmlə, uğurla irəliləyir və dövlət hakimiyyətinin bütünlüklə təşkilini təmin etmək üçün lazımi sənədlər qəbul edir. Azərbaycan Respublikasının, müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul olunubdur. Bu konstitusiya xalqımızın keçdiyi tarixi yolun məntiqi nəticəsidir. Xalqımızın böyük tarixi var. XX əsrdə tariximiz xüsusən böyük bir yol keçibdir və keçdiyimiz yolda bizim konstitusiya təcrübəmiz də var. Azərbaycanın indi qəbul olunmuş konstitusiyası onun dördüncü konstitusiyasıdır. 1921-ci ildə birinci konstitusiya, 1937-ci ildə ikinci konstitusiya, 1978-ci ildə üçüncü konstitusiya qəbul edilib və nəhayət, on il, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi referendum nəticəsində dördüncü konstitusiya qəbul olunubdur. Ancaq bu konstitusiya keçmiş konstitusiyalardan tamamilə fərqli konstitusiyadır, yeni konstitusiyadır, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır, Azərbaycanın hər bir vətəndaşının doğma konstitusiyasıdır.

Biz bu gün tarixi keçmişimizə hörmət edərək, keçdiyimiz yolun nə qədər əzab-əziyyətli olduğunu qeyd edərək, eyni zamanda xalqımızın müstəqillik yolunda inamla irəli getməsindən məmnun olduğumuzu bildirərək, buna görə fəxr etdiyimizi bildirərək yeni konstitusiyamızın qəbul olunmasını tarixi bir hadisə kimi, böyük bir bayram kimi qeyd etməyə haqqımız var, ixtiyarımız var. Mən sizi, bütün Azərbaycan xalqını müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasının ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunması münasibətilə ürəkdən təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, bu konstitusiya Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, insanların, vətəndaşların hüquq və azadlıqlarının qorunması, Azərbaycanda demokratik hüquqi dövlətin qurulması və inkişaf etməsi üçün öz xidmətlərini göstərəcəkdir.

Biz yeni bir mərhələdəyik və bundan sonra çox ciddi, cəsarətli addımlar atmağa imkanımız var. Çünki bunun üçün qanuni əsaslar yaranıbdır. Yeni qəbul olunmuş konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən konstitusiyadır və əminəm ki, bu, daimi olacaqdır, xalqımız bu konstitusiyanın müddəalarından daim istifadə edərək Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir. Yeni konstitusiya Azərbaycanda demokratik hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsasları yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir.

İnsan, vətəndaş hüquqlarının, azadlıqlarının qorunmasına konstitusiyanın çox hissəsi, demək olar ki, üçdə bir hissəsi həsr olunubdur. Bu da təbiidir. Biz keçmişdən, totalitar sistemdən yeni bir sistemə keçirik. Biz demokratiyanı inkişaf etdirməliyik, xalqımızı demokratiya yolu ilə aparmalıyıq, insanların hüquqlarının qorunmasının hər yerdə, hər sahədə təmin olunması üçün əsaslar yaratmalıyıq. Bütün bu əsasları da yeni qəbul olunmuş konstitusiya verir və bütün təminatları biz konstitusiyanın maddələrindən almışıq. Konstitusiya Azərbaycanda dövlət hakimiyyətinin təşkil olunmasını tam demokratik prinsiplər əsasında təsdiq edibdir.

Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və hər bir hakimiyyət ancaq xalqın iradəsi əsasında əldə oluna bilər. Hakimiyyətin təşkil olunması konstitusiyada hakimiyyətin səlahiyyət bölgüləri əsasında nəzərdə tutulubdur: qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə hakimiyyəti. Bu prinsip XVIII əsrdə fransız filosofları Jan Jak Russo, Monteskye, Didro və digərləri tərəfindən sübut olunub, əsrlərin sınağından keçib, dünyanın demokratiya sahəsində inkişaf etmiş ölkələrində hökm sürür və biz də bu prinsipi demokratik hüquqi dövlət yaratmaq üçün və respublikamızda demokratiyanı inkişaf etdirmək üçün, vətəndaşların, insanların hüquqlarını qoruyub təmin etmək üçün əsas götürmüşük. Konstitusiyamızda bu prinsip əsasında hakimiyyət bölgüsü tam demokratik olaraq öz əksini tapıbdır və bizim də vəzifəmiz, borcumuz konstitusiyaya riayət etmək və konstitusiyanın müddəaları əsasında hakimiyyətin təşkilini bundan sonra da təmin etməkdən ibarət olacaqdır.

Konstitusiya insan, vətəndaş hüquqlarının, azadlıqlarının təminatı ilə əlaqədar vətəndaşların qarşısında olan böyük vəzifələri də çox gözəl, ətraflı əks etdiribdir. Hər bir vətəndaşın hüququ var, o hüquqlar qorunmalıdır və bir də qeyd edirəm, konstitusiyamız buna çox gözəl əsaslar yaradıbdır. Ancaq hər bir vətəndaşın vətəndaşlıq vəzifəsi var, borcu var. Vətən qarşısında borcu var, vəzifəsi var. Bunlar da konstitusiyada öz əksini tapıbdır.

Konstitusiyanın müddəaları haqqında, onun nə qədər dəyərli olması haqqında biz konstitusiyanı hazırlayarkən geniş məlumatlar vermişik. Ancaq indi, konstitusiya qəbul olunandan sonra hesab edirəm ki, konstitusiyanın hər bir vətəndaş tərəfindən mənimsənməsi üçün və konstitusiyanın hər bir vətəndaş üçün yeganə meyar, yeganə qanun olması üçün onun təbliğinə, onun maddələrinin izahına çox böyük ehtiyac var. Güman edirəm ki, bizim müvafiq orqanlarımız bundan sonra konstitusiyanın təbliği, onun maddələrinin izahı ilə, şərhi ilə çox ciddi məşğul olmalıdırlar.

Bu gün Milli Məclisin ilk iclasının başlandığı dəqiqələrdə də mənim müşahidələrim bunu göstərdi ki, konstitusiyanı hamımız yaxşı öyrənməliyik. Əgər Milli Məclis üzvlərinin bəziləri konstitusiyanın maddələrini unudurlarsa, yaxud onlara riayət etmək istəmirlərsə, demək, belə nəticə çıxarmaq olar ki, biz hələ uzun müddət işləməliyik, çalışmalıyıq ki, hər bir vətəndaşımız bu konstitusiyanı bilsin və ondan istifadə edə bilsin. Həm özü üçün, həm də ölkəmizi, dövlətimizi qorumaq, yaşatmaq üçün. Buna çox böyük ehtiyac var və güman edirəm ki, bu iş bizim qarşımızda duran əsas vəzifələrdən biridir.

Bildiyiniz kimi, konstitusiya komissiyası layihəni hazırlamaq üçün çox iş görmüşdür. İyun ayından noyabrın 12-nə qədər, altı ay müddətində konstitusiya komissiyası və onun yaratdığı işçi qrupu ardıcıl surətdə, çox səmərəli, məhsuldar işləmiş və məhz bunun nəticəsində biz ictimaiyyətə, xalqa layiqli konstitusiya layihəsi təqdim edə bilmişik. Ona görə də mən bu gün konstitusiya komissiyasının üzvlərinə, konstitusiya komissiyasının işçi qrupunun üzvlərinə və layihənin hazırlanması prosesində konstitusiya komissiyası tərəfindən cəlb olunmuş və xidmət göstərmiş bütün vətəndaşlarımıza təşəkkür edirəm. Hesab edirəm ki, konstitusiya komissiyası böyük iş görübdür və komissiya üzvlərinin işi yüksək qiymətə layiqdir. Mən sizə təşəkkür edirəm, sağ olun.

Konstitusiya layihəsi dərc olunandan sonra ümumxalq müzakirəsi keçirilibdir. Hesab edirəm ki, müzakirə çox geniş, səmərəli, ətraflı olubdur və şübhəsiz ki, bu müzakirə avtomatik şəkildə keçirilməyibdir, xaotik olmayıbdır. Bu müzakirə eyni zamanda müvafiq orqanlar tərəfindən təşkil olunubdur və müzakirə prosesi həyata keçirilibdir. Müzakirədə bizim vətəndaşlarımızın əksəriyyəti iştirak edibdir. Konstitusiya haqqında minlərlə fikir söylənilib, konstitusiya komissiyasına konstitusiyanın maddələrinə aid üç mindən artıq təklif, düzəliş göndərilibdir. Bunlar hamısı respublikamızın vətəndaşlarının konstitusiya hazırlanmasına olan böyük marağını, münasibətini göstəribdir. Nəhayət, konstitusiya ümumxalq səsverməsi yolu ilə qəbul olunubdur. 1995- ci il noyabrın 12-də konstitusiyanın qəbul olunması üçün referendum, ümumxalq səsverməsi keçirilibdir. Referendum komissiyası səlahiyyətlərini həyata keçirən Mərkəzi seçki komissiyasının məlumatından görünür ki, konstitusiyanın qəbul olunması üçün referendumda seçicilərin 86 faizi iştirak edibdir və referendumda iştirak edən seçicilərin 91,9 faizi konstitusiyanın layihəsini bəyənib, beləliklə də seçicilərin, xalqımızın əksəriyyəti tərəfindən konstitusiya qəbul edilib və ümumxalq konstitusiyası olubdur.

Bu da çox əlamətdar hadisədir. Biz ilk dəfə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etmişik və bu konstitusiya xalqın ümumxalq səsverməsi yolu ilə – referendum yolu ilə qəbul olunubdur. Demək, bu, xalqın konstitusiyasıdır, hər bir vətəndaşın konstitusiyasıdır. Ona görə də mən konstitusiya layihəsinin müzakirəsində fəaliyyət göstərmiş bütün orqanlara, təşkilatlara, kütləvi informasiya vasitələrinə, yerli icra hakimiyyəti orqanlarına, ictimai təşkilatlara və bütün bu prosesdə iştirak etmiş təşkilatlara, orqanlara və konstitusiyanın qəbul olunması üçün ona səs vermiş bütün vətəndaşlara minnətdarlığımı və təşəkkürümü bildirirəm. Bir daha qeyd etmək istəyirəm ki, bizim konstitusiyamız, xalqın konstitusiyasıdır, hər bir vətəndaşın konstitusiyasıdır.

Əminəm ki, konstitusiyanın qəbul olunması gələcək işlərimizin daha da mütəşəkkil aparılması üçün gözəl şərait yaradıbdır və bizim vəzifəmiz bu şəraitdən bütün sahələrdə səmərəli istifadə etməkdir. Ən əsası isə, yeni qəbul edilmiş konstitusiya Azərbaycanda çox ehtiyac olan daxili ictimai-siyasi sabitliyin təminatıdır.

Əmin olduğumu bildirmək istəyirəm ki, bu konstitusiya qəbul ediləndən sonra və konstitusiyaya uyğun seçki qanunu əsasında Azərbaycanın yeni parlamenti, müstəqil respublikamızın ilk parlamenti – Milli Məclisi seçiləndən, işə başlayandan sonra artıq Azərbaycanda son illərdə mövcud olan hərc-mərcliyə, ayrı-ayrı qrupların hakimiyyət iddiasına, cürbəcür təxribat niyyətlərinə və ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələrin niyyətlərinə son qoyulacaq və xalqımız, ölkəmiz bundan sonra əmin-amanlıq, ictimai-siyasi sabitlik şəraitində yaşayacaqdır.

Konstitusiya bunun üçün bütün şəraitləri yaradır və hamımızın borcu konstitusiyadan istifadə edərək bunu təmin etməkdən ibarətdir.

Konstitusiya komissiyası konstitusiyanın layihəsini hazırlayarkən eyni zamanda və öncə Milli Məclisə – parlamentə seçkilər üçün qanun hazırladı və həmin qanun Milli Məclisdə qəbul olundu, onun əsasında seçkilər keçirildi. Bilirsiniz ki, seçkilərin keçirilməsi ilə əlaqədar cürbəcür fikirlər var. Konstitusiyanın müzakirəsində də onun bəzi maddələrinə aid ayrı-ayrı tənqidi fikirlər söylənilmişdir. Ancaq bu gün mən məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu tənqidi fikirlərin təbii olduğunu nəzərə alaraq, eyni zamanda həm seçkilərin keçirilməsi barədə qanun haqqında, həm də konstitusiyanın layihəsi haqqında prinsipial xarakter daşıyan etirazlar, tənqidi fikirlər olmamışdır və həm seçki qanunu, həm də konstitusiya layihəsi layihə müzakirə olunarkən ümumən yüksək qiymətləndirilmişdir. Konstitusiyanın qəbul olunması, seçkilərin keçirilməsi və Milli Məclisin deputatlarının seçilməsi onu göstərir ki, həqiqətən bizim konstitusiyamız da, seçki qanunumuz da tam demokratik prinsiplər əsasında qurulmuşdur, yaranmışdır. Buna görə də mən hesab edirəm ki, biz böyük nailiyyətlər əldə etmişik. Qəbul olunan konstitusiya və bu gün işə başlayan qanunverici orqan – parlament, Milli Məclis Azərbaycanda bundan sonra demokratik hüquqi dövlət quruculuğu prosesini inkişaf etdirmək üçün, respublikamızda iqtisadi islahatları, özəlləşdirmə proqramını həyata keçirmək üçün və sosial-iqtisadi sahədə böhranın aradan qaldırılması üçün, vətəndaşlarımızın rifahının yaxşılaşdırılması üçün gözəl əsaslar yaradır.

Bir cəhəti də qeyd etməyi lüzumlu hesab edirəm. Azərbaycan Respublikası yeddi ildir ki, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıbdır. Nəticədə respublikamızın ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal olunmuş ərazilərdən, torpaqlardan bir milyondan artıq vətəndaşımız qaçqın düşübdür, öz yerlərini tərk edibdir, didərgin düşübdür, respublikanın başqa regionlarında ağır vəziyyətdə, əksəriyyəti çadırlarda yaşayır. Belə bir vəziyyətdə, belə bir şəraitdə, 7 milyon əhalisinin bir milyonu yerindən didərgin düşüb əksəriyyəti çadırlarda yaşadığı bir zamanda, ağır həyat tərzi keçirdiyi bir zamanda və ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edildiyi bir zamanda yeni konstitusiyanın qəbul olunması, seçkilər aparılması, yeni parlamentin, Milli Məclisin seçilməsi, hesab edirəm ki, böyük nailiyyətdir və bu tədbirlərin keçirilməsi sahəsində başqa ölkələrə nisbətən ciddi fərqimizi göstərir. Əgər biz belə bir şəraitdə konstitusiya qəbul edə bilmişiksə və seçicilərin 86 faizi referendumda iştirak edib ondan 91,9 faizi bu konstitusiyaya səs veribsə, demək, bu, böyük nailiyyətdir. Əgər biz belə bir şəraitdə yeni parlament yaratmaq üçün seçkilər keçirə bilmişiksə və artıq 96 deputat seçilibsə, bu, böyük nailiyyətdir. Biz bunlarla fəxr edə bilərik.

Hesab edirəm ki, qəbul olunmuş qanun əsasında respublikamızda ilk parlament seçkiləri demokratik prinsiplərə əsaslanaraq keçirilibdir, demokratik prinsiplərə riayət olunubdur və Mərkəzi seçki komissiyası səmərəli, çox gərgin iş görübdür. Nəticədə həm referendum keçirilib, həm də parlament seçilibdir.

Doğrudur, Milli Məclisin deputatlarının seçilməsi ilə əlaqədar ayrı-ayrı şikayətlər var, beynəlxalq müşahidəçilər tərəfindən nöqsanlar, qüsurlar göstərilibdir. Bunlar həqiqətdir və heç birimiz həqiqəti inkar etməməliyik. Eyni zamanda bunlar təbiidir. Biz heç vaxt belə fikirdə deyildik ki, ağır, çətin bir şəraitdə keçirilən bu ümumxalq tədbiri çox hamar keçəcək, çəhrayı rənglərlə boyalı nəticələr verəcək və hamısı tam müsbət olacaqdır. Biz heç vaxt belə fikirdə olmamışıq. Çünki, yenə də deyirəm, biz Azərbaycanda demokratik prinsipləri tətbiq edirik, onların bərqərar olmasına çalışırıq, insanları demokratiyaya öyrədirik. Bizim respublikamız demokratiya dərsi keçir, demokratiya təlimi keçir. Demokratiya yolu ilə getmək üçün böyük bir yola, geniş bir yola çıxıbdır. Bu ağır və çətin yolda, şübhəsiz ki, səhvlər də olacaqdır, nöqsanlar da, qüsurlar da olacaqdır, qanun pozuntuları da olacaqdır. Bunlar təbiidir və mən hesab etmirəm ki, buraxılmış səhvlər, nöqsanlar əldə etdiyimiz ümumi nailiyyətləri hörmətdən salır, yaxud ləkələyir. Xeyr! Əgər kim hesab edirsə ki, hər şey qüsursuz olacaqdır, onlar yəqin köhnə əhval-ruhiyyə ilə yaşayırlar.

Xüsusən mən görürəm ki, bu nöqsanların olmasını bir ittiham kimi irəli sürən bəzi müxalifət dairələridir. Əgər onlar doğrudan da, həqiqətən demokratiya yolu ilə gedirlərsə, keçmiş adət-ənənələri unutmalıdırlar. Bəli, keçmişdə hər şey yaxşı idi, hər şey əla idi. Heç bir halda heç bir qanun pozuntusu olmurdu, heç bir yerdə heç bir qusur olmurdu. Bu, keçmiş adət-ənənələrdir. Biz bunlardan xilas olmalıyıq, bu fikirlərdən xilas olmalıyıq. Bugünkü Milli Məclisin iclasının da aparılmasında artıq keçmiş reqlamenti də unutmalıyıq, keçmiş adət-ənənələri də unutmalıyıq, yəni parlamentdə mövcud olmuş ənənələri deyirəm, – onları unutmalıyıq və hər bir şeyi həqiqi, demokratik prinsiplər əsasında qurmalıyıq.

Ona görə də mən hesab edirəm ki, beynəlxalq təşkilatların, xaricdən gələn müşahidəçilərin tənqidləri də ədalətlidir və ayrı-ayrı vətəndaşlar tərəfindən edilən tənqidlər də ədalətlidir. Bizim özümüz də dərk edirik ki, görülən işlərdə səhvlər, nöqsanlar da var, qüsurlar da var. Amma bunlar ümumi işin müsbət nəticəsinə heç bir təsir etmir. Bütün xarici, beynəlxalq təşkilatların, müşahidəçilərin qeyd etdiyi kimi, parlament seçkilərinin nəticəsi Azərbaycanda demokratiya yolunda atılan ilk addımdır və hesab edirəm ki, çox böyük addımdır. Bir də qeyd edirəm, biz demokratiyanın uzun yoluna indi qədəm qoyuruq. Əgər atdığımız addım demokratiya yolunda atılan addımdırsa, bu, artıq nailiyyətdir.

Nəzərə almaq lazımdır ki, – mən qeyd etdim, – cəmiyyətdə və dövlət quruculuğunda demokratiyanın əsasını qoyanlar fransız filosofları XVIII əsrin ikinci yarısında bu prinsipləri meydana atıblar. Neçə əsr keçibdir. Bəzi ölkələr illər boyu, on illər boyu o prinsiplərdən istifadə edərək demokratiya sahəsində yüksək nailiyyətlər əldə edirlər. Ancaq Azərbaycan isə bu addımları indi atmağa başlayır. Hesab edirəm, ən böyük uğurumuz ondan ibarətdir ki, biz bu addımları atırıq, inamla atırıq, qətiyyətlə atırıq və bundan sonra da bu yolla gedəcəyik. Bizim qəbul etdiyimiz konstitusiya və seçilmiş parlament demokratiya yolu ilə gedəcəkdir. Mən buna əminəm və bir prezident kimi konstitusiya ilə mənim üzərimə qoyulan vəzifələri həyata keçirərkən hər saniyə, hər dəqiqə, hər gün yalnız və yalnız demokratik prinsiplərə əsaslanacağam, qəbul olunmuş konstitusiyanın bütün maddələrinə, bütün müddəalarına, bütün fikirlərinə əsaslanacağam.

İlk parlamentə 96 deputat seçilibdir. Biz keçən parlament seçkilərindən indiyə qədər ötən beş ilə nəzər salmalıyıq. Şübhəsiz ki, sonra, güman edirəm, bu beş il təhlil olunacaqdır, onun müsbət və mənfi tərəfləri göstəriləcəkdir. Mən indi bu məsələ ilə məşğul olmaq fikrində deyiləm, ancaq bir neçə kəlmə qeyd etmək istəyirəm. 1990-cı ildə seçilmiş parlament sovet hakimiyyəti dövründə seçilmiş parlament idi. Bakıda Yanvar faciəsinin, tökülmüş qanların əsasında yaranan hakimiyyət tərəfindən təşkil edilmiş və seçilmiş parlament idi. O parlament beş il müddətində müəyyən dəyişikliklərlə işlədi və nəhayət, bu gün öz fəaliyyətinə xitam verir.

Bu müddətdə parlamentin fəaliyyətində müsbət tərəflər də çoxdur, ancaq mənfi, dəhşətli tərəflər də çoxdur. Müsbət cəhətlər ondan ibarətdir ki, bütün bu dövrün mürəkkəbliyinə və qarmaqarışıqlığına baxmayaraq, bu parlament fəaliyyət göstərmiş və bu günə qədər ölkəmizdə qanunvericilik fəaliyyəti funksiyasını həyata keçirmişdir. Müsbət cəhət bir də ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsinə xalqın istəyi nəticəsində parlament də qərar vermiş və 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuşdur. Başqa müsbət cəhətləri də var. Ancaq mənfi cəhətləri də çoxdur. Mənfi cəhətlər ondan ibarətdir ki, birincisi, parlament Bakıda fövqəladə vəziyyət şəraitində seçilmiş və xalqın, parlamentin üzvlərinin dəfələrlə tələb etməsinə baxmayaraq, bu fövqəladə vəziyyət, 1990-cı il 20 Yanvar faciəsindən sonra yaranmış fövqəladə vəziyyət uzun müddət davam etmiş və insanlar həmin şəraitdə yaşamışlar. Şübhəsiz ki, burada hüquqdan da o qədər geniş söhbət gedə bilməzdi. Mənfi cəhət həm də bundan ibarətdir ki, parlamentin və o vaxtkı hakimiyyətin qorunub saxlanmasını təmin edə bilməmişdir. Bu müddətdə respublikada üç dəfə hakimiyyət dəyişikliyi baş vermişdir. Parlament burada gücsüzlük göstərmiş və bəzi hallarda hətta xalqa xəyanətkar mövqedə də durmuşdur.

Parlamentin mənfi cəhətlərindən onu da qeyd etmək istəyirəm ki, 1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş müharibəsi başlanmasının qarşısını ala bilməmişdir. Şübhəsiz ki, bu, təkcə parlamentin işi deyildi, amma mən parlamentin üzərinə düşən vəzifə nöqteyi-nəzərindən bunu deyirəm, Azərbaycanda vətəndaş müharibəsi başlamış, Azərbaycan Respublikası artıq parçalanmağa başlamış, ölkənin ayrı-ayrı regionlarında hakimiyyət müxtəlif qrupların əlinə keçmiş və nəhayət, dövlət çevrilişi baş vermişdi. Eyni zamanda onu qeyd etmək istəyirəm ki, həmin vaxt bütün bu hadisələrin ağırlığına, çətinliyinə baxmayaraq, parlament 1993-cü il iyun hadisələrindən sonra bu məsələləri təhlil etmək və vəziyyəti normallaşdırmaq üçün xeyli fəaliyyət göstərə bilmişdir. Şübhəsiz ki, onun bu fəaliyyətini müsbət qiymətləndirməyə bizim tam əsasımız var.

Ondan sonrakı dövrdə parlament əsasən səmərəli işləmiş bir çox qanunlar qəbul etmiş və parlamentin fəaliyyəti nəticəsində biz indiki vəziyyətə gəlib çatmışıq ki, seçki qanunu qəbul etmək, yeni seçkilər keçirmək və yeni konstitusiyanın qəbul olunması üçün şərait yaranmışdır. Bu sahədə də parlamentin xidmətlərini qeyd etmək lazımdır.

Düzdür, seçkilər 90-cı ilin sentyabrında keçirilib, amma parlament öz fəaliyyətinə 91-ci ilin fevral ayında başlayıbdır. Güman edirəm, bunu da qeyd etmək yerinə düşərdi ki, o vaxt parlament seçkiləri – o zaman Ali Sovet deyirdilər – Ali Sovet seçkiləri 1990-cı ilin sentyabrında başladı, amma parlamentin ilk iclası 91-ci il fevralın 5-də keçirildi. İndi isə, – bəlkə bu müqayisəyə ehtiyac yoxdur, ancaq sadəcə olaraq bunu qeyd etmək istəyirəm, – parlament seçkiləri noyabrın 12-də başlandı, qurtardı və bu gün – noyabrın 24-də, 12 gündən sonra parlament öz işinə başlayır. Bu da keçmişə nisbətən çox böyük bir fərqi nümayiş etdirir.

Beş il fəaliyyət göstərən parlamentin işinə bu gün xitam verilir. Ona görə də fəaliyyətində olan qüsurları, mənfi cəhətləri də qeyd edərək, fəaliyyətindəki nailiyyətləri, müsbət cəhətləri də qeyd edərək, mən hesab edirəm ki, biz öz tariximizə daim hörmət etməliyik və beş il fəaliyyət göstərən parlamentə, onun üzvlərinə bu gün öz təşəkkürümüzü və minnətdarlığımızı bildirməliyik.

Konstitusiyanın qəbul olunması üçün referendumun və seçkilərin keçirilməsində, qeyd etdiyim kimi, Mərkəzi seçki komissiyasının çox gərgin işi və böyük xidməti olubdur. Onların işi hələ bu gün də qurtarmır, davam edir. Mərkəzi seçki komissiyasının sədri Cəfər Vəliyev bu gün məlumat verdi ki, ayın 26-da 20 dairədə təkrar səsvermə olacaqdır, 8 dairədə isə sonra yenidən seçkilər keçiriləcəkdir. Elə bu faktın özü də Azərbaycanda seçkilərin nə qədər demokratik keçirildiyini göstərir. 100 dairədən, – onların birində seçkilər keçirilməməlidir – 99 dairədən ancaq 71-də seçkilər tamamlanıb, deputatlar seçilib. 20-sində yenidən, təkrar səsvermə olacaqdır. 8-də isə seçkilər yenidən keçiriləcəkdir. Bu, demokratiyanın parlaq nümunəsidir. Bizim seçkilər doğrudan da demokratik şəraitdə keçirilibdir. Yenə deyirəm, Mərkəzi seçki komissiyası gərgin işləyib, çox iş görübdür. Onun fəaliyyətindəki nöqsanları tənqid etmək olar, qüsurlardan da danışmaq olar, onun buraxdığı səhvlərlə əlaqədar şikayətlər də etmək olar. Ali Məhkəmə bu şikayətlərə baxmalıdır. Ancaq bütün bunlarla yanaşı, mən hesab edirəm ki, Mərkəzi seçki komissiyası çox böyük iş görübdür. Bu gün mən, güman edirəm, sizin – deputatların iradəsini ifadə edərək, eyni zamanda Azərbaycan xalqının iradəsini ifadə edərək Mərkəzi seçki komissiyasına, onun üzvlərinə və onun sədri Cəfər Vəliyevə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Cəfər Vəliyev məlumat verdi ki, seçilmiş deputatların arasında 8 partiyanın nümayəndəsi var. Ümumiyyətlə, Azərbaycanda bu seçkilər hər sahədə yeni bir anlayışdır və o cümlədən seçkilərin çoxpartiyalılıq prinsipi əsasında keçirilməsi tamamilə yeni bir hadisədir. Hesab edirəm ki, kiminsə, nədənsə narazılığı ola bilər, şikayəti də ola bilər, bunlar da təbiidir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, biz Azərbaycanda ilk dəfə çoxpartiyalılıq əsasında seçkilər keçirmişik və əgər bu parlamentə seçilmiş 96 deputatın tərkibində 8 partiyanın nümayəndəsi təmsil olunursa, bu özü demokratiyanı nümayiş etdirən böyük nailiyyətdir. Parlamentin tərkibində deputatlar hansı partiyaya mənsubluğundan asılı olmayaraq, dünyagörüşündən, siyasi baxışından asılı olmayaraq bir amala xidmət etməlidirlər: konstitusiyaya riayət olunmalıdır, qəbul edilmiş konstitusiyanın müddəaları həyata keçirilməlidir və hər bir kəs konstitusiyanı əsas tutaraq öz fəaliyyətini həyata keçirməlidir.

Mən bir prezident kimi bu gün bəyan edirəm ki, hakimiyyətin təşkilində hakimiyyət bölgüsünün budaqlarından biri Milli Məclis, o birisi icra hakimiyyəti – prezident və onun yaratdığı icra hakimiyyəti orqanları, üçüncüsü məhkəmə hakimiyyəti, – hamısı birlikdə ahəngdar fəaliyyət göstərməlidir. Deputatları, Milli Məclisi əmin etmək istəyirəm ki, icra orqanları ilə, prezident ilə parlament arasında işgüzar, sağlam münasibətlər indiyə qədər olduğu kimi, bundan sonra da olacaq və konstitusiyanın bütün müddəalarına mən bir prezident kimi və bütün icra orqanları da riayət etməyə çalışacağıq. Əminəm ki, parlamentdə də deputatlar fikir müxtəlifliyi ilə və məsələlərin müzakirəsində fəallığı ilə qanunların qəbul olunması üçün böyük səylər göstərəcəklər və bundan sonra respublikamız üçün lazım olan qanunlar yüksək səviyyədə qəbul ediləcəkdir.

Konstitusiyaya görə qanunları prezident imzalayır və mən arzu edərdim ki, qanunlar müzakirə zamanı, hazırlanma zamanı və qəbul olunan zaman o qədər ətraflı və konstitusiyaya uyğun hazırlansın, qəbul olunsun ki, onların imzalanması üçün ayrılmış vaxt uzanmasın və qəbul edilən hər bir qanun prezident tərəfindən imzalana bilsin. Mənim arzum, istəyim bundan ibarətdir.

Bizim hamımız birlikdə ən yüksək amala xidmət etməliyik: bu da Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, Azərbaycanın müstəqilliyini təmin etmək, ölkəmizin düşdüyü müharibə vəziyyətindən çıxarılması üçün lazımi tədbirlər görmək, respublikamızın hər yerində və ətrafında sülh münasibətləri yaratmaqdan ibarətdir. Konstitusiyaya görə respublikanın prezidenti Azərbaycan Respublikasının dövlət müstəqilliyinin və ərazi bütövlüyünün təminatçısıdır. Belə bir məsuliyyət hakimiyyət bölgüsündə yalnız və yalnız prezidentin üzərinə düşübdür, prezidentə həvalə olunubdur və bu məsuliyyəti prezident daşıyır. Çox böyük məsuliyyətdir. Mən sizə söz verirəm və sizi əmin edirəm ki, konstitusiya ilə üzərimə qoyulmuş bu məsuliyyəti şərəflə həyata keçirməyə çalışacağam və bunu təmin etmək üçün parlamentlə bərabər fəaliyyət göstərəcəyəm və xalqın indiyə qədər olan etimadını bundan sonra da doğrultmağa çalışacağam.

Parlamentin qarşısında çox böyük işlər durur. Hesab edirəm ki, bu işləri görmək üçün çox yüksək səviyyəli parlament seçilibdir. Kimsə, haradasa parlamentin tərkibini, seçilən adamların ayrı-ayrılıqda hər birini tənqid edə bilər. Biz konstitusiyamızda insanlara bütün azadlıqları vermişik, yəni konstitusiyamız veribdir, – bizə də veribdir, sizə də veribdir, hamıya veribdir. Ona görə də söz azadlığı, mətbuat azadlığı və siyasi plüralizm bundan sonra da təmin olunacaqdır, buna əmin ola bilərsiniz. Bu baxımdan ayrı-ayrı yazılar, ayrı-ayrı sözlər heç kimi narahat etməsin. Hərənin öz fikri var, hərə öz düşündüyünü deyir. Mən hesab edirəm ki, müstəqil Azərbaycanın yeni seçilmiş ilk parlamentinin deputat tərkibi çox yüksək səviyyədədir. O barədə bu gün Cəfər Vəliyev məlumat verdi. Burada respublikanın ziyalıları, alimləri, hüquqşünasları, mühəndisləri, mütəxəssisləri, mədəniyyət xadimləri var.

Hər bir xalqın onu təmsil edən qüvvələri var, onlar da bir gündə meydana çıxan qüvvələr deyil. Xalq öz içindən illər boyu, əsrlər boyu istedadlı, bacarıqlı insanları, yüksək təhsilə malik olan, yüksək intellektə malik olan, yüksək tərbiyəyə malik olan, yüksək əxlaqa malik olan insanları hazırlayır, yetişdirir və onlar xalqın tanınmış adamları, hörmətli adamları, ziyalı adamları hesab olunur. "Ziyalı" sözü məhz bu mənanı daşıyır və bu baxımdan hesab edirəm ki, yeni seçilmiş parlament Azərbaycanın, xalqımızın intellektual səviyyəsini, mədəni səviyyəsini, xalqımızın mənəvi varlığını təmsil edən, təcəssüm edən bir parlamentdir. Biz belə bir parlamentlə fəxr edə bilərik. Parlamentdə Azərbaycanın tanınmış adamları, sayılan, hörmətli adamları, ziyalı adamları var. Belə olan halda şübhəsiz ki, parlamentin işi də səmərəli olacaqdır və belə olan halda hesab edirəm ki, hazırlanan, qəbul edilən qanunlar da konstitusiyaya uyğun, bizim tutduğumuz yola, demokratiya prinsiplərinə uyğun qanunlar olacaqdır.

Mən sizin hamınızı, seçilən deputatları xalq tərəfindən sizə göstərilən etimad münasibətilə və müstəqil Azərbaycan Respublikasının ilk parlamentinə – Milli Məclisinə deputat seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, səadət arzulayıram, hamınıza birlikdə, müstəqil Azərbaycanın ilk Milli Məclisinə uğurlar diləyirəm.

Mən bu gün burada çox böyük iftixar hissi ilə çıxış edirəm. Ona görə ki, müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul olunubdur. Ona görə ki, müstəqil Azərbaycanın ilk parlamenti – Milli Məclisi seçilibdir. Tarixi hadisələrdir. Mən buna sevinirəm, bununla fəxr edirəm və xalqımızı, bütün Azərbaycan vətəndaşlarını bu münasibətlə təbrik edirəm. Əminəm ki, xalqımız tutduğumuz yolla inamla gedəcək və biz hamımız birlikdə Azərbaycanın müstəqilliyini bundan sonra qoruyub saxlayıb əbədi edəcəyik və Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcəyik. Sağ olun!

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez