Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasının həyata keçirilməsi prosesi hər birimizin əsas vəzifələrindən biridir. Bu baxımdan məhkəmə, hüquq-mühafizə orqanlarının islahatı ilə əlaqədar qanunların hazırlanması, qəbul olunması çox mühüm əhəmiyyət kəsb edir. İndi qarşımızda konstitusiya əsasında qanunların qəbul olunması kimi çox böyük vəzifələr var. Hər sahədə qanunlar qəbul edilməlidir. İndi mən vaxt deyə bilmərəm, – bir il, iki il, – hər halda müəyyən bir zaman ərzində nail olmalıyıq ki, bütün sahələr üzrə müstəqil Azərbaycan dövlətinin qanunları olsun. Dörd ildir ki, Azərbaycan müstəqil dövlətdir. Ancaq qanunların əksəriyyəti keçmiş Sovetlər İttifaqından qalmış qanunlardır. Onlara müəyyən dəyişikliklər, əlavələr. olunubdur, ancaq hazırkı qanunların əsası, kökü Sovetlər İttifaqı vaxtında qəbul edilmiş qanunlardır.
Aydındır ki, bu, asan məsələ deyil və qısa bir zamanda bunu etmək mümkün deyil. Ancaq eyni zamanda bu sahədə planlı iş getməlidir. Şübhəsiz ki, bu işi də parlament aparır və aparmalıdır. Bu sahələrə rəhbərlik edən nazirliklər, orqanlar bu işlərlə məşğul olmalıdır və qanun layihələrini hazırlayıb parlamentə təqdim etməlidirlər.
Məhkəmə, hüquq orqanlarının islahatı çox mühüm əhəmiyyətli olduğuna görə sizə məlumdur ki, həmin islahatların keçirilməsi üçün müəyyən bir komissiyanın yaradılması zərurəti meydana çıxmışdır və mən belə bir komissiyanın yaradılması barədə sərəncam vermişəm. Siz – buraya dəvət olunanlar həmin komissiyanın üzvlərisiniz. Komissiyanın sədri prezidentdir, müavini Milli Məclisin sədridir və siz də komissiyanın üzvlərisiniz. Mən hesab edirəm ki, belə bir komissiyanın fəaliyyət göstərməsinə ehtiyac var. Çünki bu komissiya bizim üçün əsas, zəruri olan qanunların hazırlanması ilə kollektiv şəkildə məşğul ola bilər və qanunların layihələrinin hazırlanıb komissiyada baxılandan sonra parlamentə göndərilməsi onların orada müzakirə edilib qəbul olunmasına çox yaxşı şərait yaradar. Ona görə də bir daha qeyd edirəm ki, belə bir komissiyanın yaranmasını lüzumlu hesab etmişəm və bu gün bu komissiyanın birinci iclasını çağırmışam.
Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Mən sadəcə, istəyirəm birlikdə müəyyən edək ki, hansı qanunların layihələrini biz birinci növbədə hazırlayıb təqdim edə bilərik. Müəyyən hazırlıq işləri görülübdür. Yəni Milli Məclisdə, nazirliklərdə, Prezident Aparatında hazırlıq işləri görülüb, müəyyən qanunların layihələrinin hazırlığı var. Mən istəyirəm indi müəyyən edək ki, hansı layihələrin hazırlığı hansı səviyyədədir və biz onları necə hazırlayıb komissiyadan keçirə bilərik.
* * *
... Beləliklə adları çəkilən qanun layihələri üzərində ilkin hazırlıq işləri görülüb. Şahin Əliyevin və Fuad Ələsgərovun verdiyi məlumatlara əsasən deyirəm ki, bu layihələr sənəd kimi var. Lakin bunları layihə şəklinə gətirib parlamentə təqdim etmək üçün hesab edirəm ki, onlarla tanış olmaq, üzərində işləmək və bundan sonra komissiyanın müzakirəsinə vermək lazımdır. Şahin Əliyev və Fuad Ələsgərov mənə məruzə ediblər ki, onların fikrincə, bu layihələr hazır vəziyyətdədir. Ancaq mən hesab edirəm ki, bu layihələrə baxılmalıdır, onlar yenidən işlənməlidir və sonra komissiyaya təqdim olunmalıdır.
Ona görə də biz bu komissiyanın işçi qrupunu yarada bilərik. İşçi qrupu hazırlanmış layihələrə müəyyən müddətdə baxar, komissiyaya təqdim edər, komissiya üzvləri həmin layihələrlə tanış olar və bundan sonra biz bu layihələrin hansının birinci, hansının ikinci növbədə baxılıb parlamentə təqdim edilməsini müəyyənləşdirərik.
Mən belə bir iş prinsipi təklif edirəm. Əgər bununla razılaşmaq olarsa, gəlin razılaşaq. Əgər başqa fikir varsa və yaxud burada deyilənlərdən əlavə müvafiq orqanlarda hansı layihələr varsa, onların da komissiyaya təqdim edilməsi lazımdırsa, gəlin bunları da müzakirə edək.
* * *
... Mən görüşümüzün əvvəlində də dedim, konstitusiya əsasında onlarla, yüzlərlə qanun olacaqdır. Şübhəsiz ki, bunlarla parlamentin komissiyaları məşğul olmalıdır. Ancaq məhkəmə, hüquq orqanlarının islahatı ilə əlaqədar qanunların zəruriliyini və onların ümumiliyini nəzərə alaraq mən hesab etdim ki, bu layihələri belə bir komissiyada müzakirə edib parlamentə təqdim edək. Bütün qanun layihələrini bu komissiyada müzakirə etmək olmaz. Məsələn, iqtisadi məsələlərlə əlaqədar nə qədər böyük qanunlar var. Onları buraya daxil etmək olmaz. Eyni zamanda bu fikir doğrudur ki, bu qanunlar bir-biri ilə bağlanmalıdır. Məhz komissiya çərçivəsində bu qanunların paralel hazırlanması və bir-biri ilə uyğunlaşdırılması həmin qanunların bağlılığını təmin edə bilər. Çox qanunlar qəbul olunmalıdır. Ancaq bu sahəyə aid olan qanunlar bunlardır. Burada Səfa Mirzəyev doğru dedi ki, Konstitusiya Məhkəməsi barədə qanun da lazımdır. Çünki biz gərək Konstitusiya Məhkəməsini təşkil edək və bu bizim üçün çox lazımdır. Ancaq qalan qanunları da bunlarla uyğunlaşdırmaq lazımdır.
* * *
... Gəlin, işçi qrupu müəyyən edək. Dediyim kimi işçi qrupu hazır olan bu layihələri götürüb baxsın və işçi qrupunda müzakirə olunandan sonra, bütün əlavələr, dəyişikliklər edildikdən sonra 3-4 qanun hazır olan kimi məlumat versinlər, biz bunları komissiya üzvlərinə paylayaq, onlar bu layihələrə baxsınlar, yığışaq müzakirə edək və parlamentin müzakirəsinə verək...
... Gəlin, işçi qrupunu bu tərkibdə qəbul edək. Amma mən səlahiyyət verirəm ki, işçi qrupu istənilən mütəxəssisləri, alimləri və yaxud əməli işdə işləyən adamları bu layihələr üzərində işə cəlb etsin.
20 gün ərzində birinci dəst qanun layihələri komissiyaya təqdim olunmalıdır. Bu dəst qanunlar təqdim olunan kimi mən onların bütün komissiya üzvlərinə paylanması haqqında sərəncam verəcəyəm. Vaxt verəcəyəm ki, komissiya üzvləri müəyyən müddətdə həmin layihələri oxuyub hazırlaşsınlar və bundan sonra biz müzakirəyə yığışacağıq.