Müstəqil Azərbaycan Respublikası gənclərinin 1-ci forumunun birinci ildönümü münasibətilə forum nümayəndələrinin bır qrupu ilə görüşdə giriş və yekun sözü - 1 fevral 1997-ci il

Əziz gənclər!

Gənclərlə görüş insanı həmişə sevindirir və xoş əhval-ruhiyyə yaradır. Ona görə də mən sizinlə görüşdən çox şadam. Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirilməsinin bir ili tamam olmuşdur. Mən forumun birinci ildönümü münasibətilə sizi təbrik edirəm. Bu bir il müddətində nə işlər görülüb və bundan sonra nə işlər görülə bilər – bu barədə sizi dinləmək, sizdən məlumat almaq üçün bu görüşə gəlmişəm. Mən sizi dinləyirəm...

YEKUN NİTQİ

Əziz dostlar!

Sizin çıxışlarınız və verdiyiniz məlumatlar son dövrdə Azərbaycanda gənclər arasında işin xeyli canlanmasını göstərir. Belə nəticəyə gəlmək olar ki, 1994-cü ildə yaranmış Gənclər və İdman Nazirliyi artıq öz işini yaxşı təşkil edə bilibdir. Bu nazirliyin yaranmasının nə qədər əhəmiyyətli olduğu indi daha aydın görünür. Ötən müddətdə bütün sahələrdə gənclər arasında işlərin görülməsi nizama salınıbdır, onun istiqamətləri müəyyən edilibdir. Gənclər təşkilatlarının işinin əlaqələndirilməsi və onların hamısının bir istiqamətdə fəaliyyət göstərməsi üçün müəyyən nailiyyətlər əldə olunubdur. Bunlar hamısı Azərbaycanda gənclər arasında aparılan işin müsbət nəticələrini sübut edir.

Müstəqil Azərbaycan Respublikası gənclərinin ilk forumu bir il bundan əvvəl keçirildi. Forumda irəli sürülən vəzifələr bu bir il müddətində həyata keçirilib və bir çox sahələrdə müsbət nəticələr əldə edilibdir. 1980-ci illərin sonunda, 1990-cı illərin əvvəllərində Azərbaycanda mövcud olan qarmaqarışıqlıq, özbaşınalıq, qanunsuzluq vəziyyəti ilə əlaqədar gənclərin də arasında belə mənfi halların inkişaf etməsinə demək olar ki, son qoyulubdur.

Respublikamızda yaranmış müxtəlif gənclər təşkilatları əsasən düz istiqamətdə fəaliyyət göstərirlər və indi Azərbaycan gənclərinin hamısının doğru-düzgün və sağlam əhval-ruhiyyədə olduğu göz qabağındadır. Azərbaycanın gəncləri həmişə fəal olublar, həyatımızın xüsusən o kəskin dövrlərində öz mövqelərini bildiriblər. Azərbaycan gənclərinin tam əksəriyyəti milli vətənpərvərlik əhval-ruhiyyəsində olub və öz mövqelərini bildirib. Ancaq təəssüflər olsun ki, keçmiş illərdə ayrı-ayrı siyasi qüvvələr, cinayətkar qüvvələr gənclərimizin bu vətənpərvərlik, milli əhval-ruhiyyəsindən öz məqsədləri üçün istifadə etdiklərinə görə Azərbaycan gəncləri müəyyən bir dövrdə parçalanıblar, bəziləri mənfi meyllərə çox uyublar, cinayət ediblər və şübhəsiz ki, özlərinə bədbəxtlik gətiriblər.

1993-cü ildən indiyə qədər respublikamızın ictimai-siyasi həyatını təmizləmək sahəsində apardığımız işlər sırasında gənclər arasında bu mənfi halların aradan qaldırılması çox mühüm yer tutur. Respublikamızda bugünkü ictimai-siyasi, mənəvi mühit, sabitlik eyni zamanda gənclərimizin arasında olan əhval-ruhiyyəni əks etdirir. Müstəqil Azərbaycan Respublikası gənclərinin bir il bundan əvvəl keçirilmiş ilk forumu bu baxımdan öz müsbət nəticələrini verir. Sizin bir il müddətində gördüyünüz işlər, əldə etdiyiniz nailiyyətlər müsbət qiymətə layiqdir. Mən bu baxımdan bütün təşkilatların işlərini müsbət qiymətləndirirəm, Azərbaycanın Gənclər və İdman Nazirliyinin fəaliyyətinə müsbət qiymət verirəm.

Sizin bu gün verdiyiniz məlumatlar məni sevindirir, eyni zamanda böyük ümidlər yaradır. Ümidlər yaradır ki, biz gənclərimizi həyata, gələcəyə günü-gündən daha da yaxşı hazırlaya bilərik, gələcəyimiz olan gənclər müstəqil Azərbaycanda öz yerini tutaraq ölkəmizə, millətimizə, dövlətimizə sədaqətlə xidmət edəcəklər.

Siz burada bir çox məsələlər qaldırdınız. Mən bu məsələlərin demək olar ki, tam əksəriyyətinə müsbət münasibət göstərirəm. Mən hesab edirəm ki, 2 fevral gününü Azərbaycanda Gənclər günü elan etmək barədə sizin təklifinizi qəbul etmək olar və mən bu barədə öz fikrimi bildirirəm. Bunun üçün müvafiq sənəd imzalanacaqdır. Qoy gələcəkdə bu gün Azərbaycan gənclərinin günü, bayram günü olsun və siz gələcəkdə həmin günü hər il qeyd edə biləsiniz.

Mənə təqdim etdiyiniz "Arzu" qəzetinin çapdan çıxmasına çox sevindim. Çünki biz uşaqlara bütün qayğıları göstərməliyik. Uşaqların belə bir qəzetinin olması çox vacibdir.

Siz burada digər bir sıra qəzetlər haqqında da təklif verdiniz. Onların büdcədən maliyyələşdirilməsi ilə əlaqədar çətinliyiniz var?

Əbülfəs Qarayev: Cənab prezident, Qəzetlərimizin büdcədən maliyyələşdirilməsinə ehtiyac var.

Heydər Əliyev: Yaxşı, mən bu təklifinizi də qəbul edirəm və sərəncam verirəm ki, sizin bu qəzetlərin maliyyə məsələsi həll olunsun. Hesab edin ki, bu məsələ həll edildi. Burada uşaq təşkilatı və pionerlər evi haqqında məsələ qaldırıldı. Keçmişdə respublikamızın hər yerində pionerlər evi var idi. Bu gün demək lazımdır ki, həmin pionerlər evi gənclərin, yeniyetmələrin həyatında çox böyük rol oynayıbdır. Biz onu qiymətləndirməliyik, heç vaxt unutmamalıyıq. Ola bilər, sizin çoxunuz uşaqlıq dövrünüzü pionerlər evində keçirmisiniz. Kim həmin pionerlər evindən necə istifadə edib, yaxud öz həyatı üçün ondan nə alıb, onu özü bilər. Mən isə demək istəyirəm ki, uşaqlıq dövrümdə məktəblə bərabər, pionerlər evi mənim həyatımda ən böyük rol oynayıb. Mən bütün uşaqlıq dövrümü, yəni orta məktəbin 10-cu sinfini qurtaranadək pionerlər evinin daimi müdavimi olmuşam. Mən uşaqlıq illərimdə pionerlər evində şahmat, dama oynamışam, dram, özfəaliyyət və bir sıra digər dərnəklərdə, müxtəlif idman yarışlarında iştirak etmişəm. Pionerlər evinə ömrüm boyu minnətdaram. Mən 70-ci illərdə respublikaya rəhbərlik edəndə Naxçıvandakı pionerlər evini şəhərin guya baş planına görə dağıtmaq istəyirdilər. Mən bunu eşitdim, qoymadım, dedim ki, o bina yaşamalıdır. Çünki o bina tək mənə yox, Naxçıvanda o dövrdə o nəslə, uşaqlara o qədər xidmət etmişdir ki, onu uçurmaq olmaz. Dedim ki, çalışın, ondan istifadə edin. Sonra oraya gedəndə gördüm ki, həmin pionerlər evindən çox səmərəli istifadə edirlər. Pionerlər evinin keçmiş illərdə xidmətləri çox böyük olubdur. Gənclərimizin tərbiyəsində və yetişməsində pionerlər evinin çox böyük rolu olubdur. Ona görə də pionerlər evinin adını indi nə qoyursunuzsa-qoyun, amma bu evlərin hamısından gənclər, yeniyetmələr istifadə etməlidirlər!

İndi bu evlər var, yoxsa yox?

Əbülfəs Qarayev: Cənab prezident, bəzi rayonlarda var, bəzilərində isə yox. Bir çox yerlərdə ləğv edilib.

Heydər Əliyev: Bəs necə olub, niyə ləğv edilib?

Əbülfəs Qarayev: Cənab prezident, əvvəlki dövrdəki qarışıq illərdə bu evlər ləğv edilib.

Heydər Əliyev: Yaxşı, indi mən əmr verirəm, icra aparatının rəhbərinə tapşırıram ki, bu sərəncamın layihəsini hazırlasınlar.

Bir sıra kompleksləri sizdən almışdılar, onları qaytardılarmı? Həmin kompleksləri də sizə qaytarıram. 1970-1980-ci illərdə bütün şəhərlərdə və rayonlarda pionerlər evi olmuş binaların hamısı gənclər təşkilatına qaytarılsın, əvvəllər kimlərə verilibsə, onların əlindən alınsın. Siz orada uşaqların tərbiyəsi işinin müasir tələblərə uyğun qurulması, onların əylənməsi, uşaqların ayrı-ayrı sahələr üzrə hazırlanması üçün işlər aparın.

Burada Şəhriyar adına Mədəniyyət sarayının gənclərə verilməsi haqqında da təklif oldu. Elədirmi? Belə hesab edirəm ki, bu məsələyə də baxmaq lazımdır. Həmin binaya mənim bilavasitə münasibətim var. Çünki bilirsiniz ki, o bina vaxtilə Dövlət Təhlükəsizliyi Komitəsinə məxsus olubdur. O binanı da həmin təşkilat tikibdir. Mən də uzun illər o təşkilatda xidmət etmişəm və bir çox illərdə həmin təşkilatın rəhbəri olmuşam. O bina da vaxtilə bilavasitə mənim sərəncamımda olubdur. Ona görə də mən o binaya yaxşı bələdəm. Mən 1970-ci illərdə o binanın bərpa olunması, modernləşdirilməsi, təmir edilməsi üçün də çox işlər görmüşdüm. Buna görə də o binadan necə istifadə olunması üçün xüsusi haqqım da var. Mən tapşırıram ki, bu məsələyə baxın və öz təklifinizi verin.

Beləliklə, son bir il içərisində Azərbaycanda gənclər arasında iş, gəncliyə qayğı sahəsində məsələlər, əgər belə desək, nizama, qayda-qanuna, normal bir yola düşübdür. Sizinlə bizim borcumuz ondan ibarətdir ki, əldə edilmiş nailiyyətlər əsasında bu işi daha da sürətlə irəliyə aparaq.

Müstəqil Azərbaycan Respublikası gənclərinin bir il bundan əvvəl keçirilən forumunda mən qarşıda duran vəzifələr haqqında geniş danışmışdım. O məsələlərə bu gün yenidən qayıtmaq məqsədim yoxdur. Ancaq eyni zamanda gənclərin tərbiyəsi, təhsili, həyatı bizim üçün o qədər vacibdir, böyük əhəmiyyət kəsb edir ki, bu məsələ barəsində hər dəfə danışmaq, fikirləri təzələmək, yeni fikirlər irəli sürmək olar.

Azərbaycan Respublikasında əhalinin çox hissəsini gənclər təşkil edir. XX əsrin sonuna çatdığı bir vaxtda respublikamızın tarixinə nəzər salsaq – XX əsrin əvvəlindən indiyədək olan dövrü təhlil etmək imkanına malikik – nəsillər nəsilləri əvəz edib və bu tariximizin hər mərhələsində gənclər həmişə özünəməxsus rol oynayıblar. Gənclər respublikamızın inkişafında, bu səviyyəyə çatmasında əvəzsiz xidmətlər göstəriblər.

Dünən mən Azərbaycanın görkəmli alimləri ilə görüşürdüm. Onların əksəriyyəti indi yaşlı insanlardır. Amma mən 30-40 il bundan əvvəli xatırlayıram – onlar ya gənc idilər, ya da gənclikdən təzə-təzə çıxmış insanlar idilər. Onlar Azərbaycan elminə nə qədər xidmətlər ediblər. Məhz onlar – bizim o görkəmli alimlərimiz universitetlərdə, ali və orta məktəblərdə gənclərimizə təhsil, tərbiyə veriblər, yeni nəsilləri təhsilləndiriblər, onları həyata hazırlayıblar, onlara ixtisas veriblər. Ona görə də bugünkü yaşlı alim 30-40-50 il bundan əvvəl gənc idi. O, gənc olaraq özündən əvvəlki nəsildən elm, bilik öyrənib, dövlətçilik idarəçilik təcrübəsini alıb, özü də yaradıb, qurubdur, öz biliyini, təcrübəsini ondan sonra gələn nəsillərə veribdir. Həyat belədir, nəsillər nəsilləri əvəz edir.

Siz gəncsiniz. Bu gün sizin qarşınızda böyük vəzifələr durur. Amma sonra gələn nəsillər sizin təcrübənizdən, yaratdığınız işlərdən istifadə edəcəklər. Siz də Azərbaycanın həyatında öz xidmətlərinizi göstərərək, ölkəmizi inkişaf etdirərək, sonra gələn nəsillərə böyük irs qoyacaqsınız. Ona görə də gənclik xoşbəxtlikdir. Bunu bilin, insanın həyatında gənclik dövründən gözəl dövr yoxdur. Hər bir gənc isə bu gənclik dövründən gərək maksimum səmərəli istifadə etsin. Gənclik dövründə boş, mənasız keçirilən bir gün sonra böyük itkilərə gətirib çıxarır. Hər gündən, dəqiqədən səmərəli istifadə olunmalıdır ki, gənc nəslimiz yaxşı bilik, təhsil alsın, elmin, həyatın bütün sahələrində olan təcrübəni mənimsəsin, həyatda, cəmiyyətdə həm özü, həm də ölkə, xalq üçün faydalı olsun.

Yenə də deyirəm, gənclər tariximizin bütün mərhələlərində öz xidmətlərini göstəriblər. Əminəm ki, gənclər Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, saxlanmasında, inkişaf etməsində bu gün də öz xidmətlərini göstərəcəklər.

Bu günlər biz Yanvar faciəsinin 7-ci ildönümünü qeyd edirik. O faciə ilə əlaqədar bir çox mərasimlər keçirildi, mətbuatda, televiziyada, radioda çoxlu verilişlər verildi. 1990-cı il yanvarın 20-də Sovet İttifaqının rəhbərləri, eyni zamanda Azərbaycana rəhbərlik edən şəxslər tərəfindən xalqımıza qarşı dəhşətli bir hərbi təcavüz edilmişdir. Onlar bu təcavüzü birlikdə etmişdilər. Bu təcavüzü edənlər o vaxt bunu bəzən onunla əsaslandırırdılar ki, guya o dövrdə Azərbaycanda Sovet hakimiyyəti dağılırdı və buna görə də Bakıya böyük qoşun qüvvələri yeridilməli idi ki, Sovet hakimiyyətini qoruyub saxlasın.

Mən yanvar hadisələri haqqında danışarkən demişəm və bu gün də deyirəm ki, 1990-cı il 20 Yanvar həm xalqımız üçün böyük faciədir, xalqımızın tarixinin qara səhifəsidir. Həm də xalqımızın tarixində qəhrəmanlıq səhifəsidir, xalqımızın milli azadlıq uğrunda mübarizəsinin parlaq səhifəsidir. Biz fəxr edə bilərik ki, xalqımız, xüsusən gənclər o dövrdə Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar olan ədalətsizliyə dözmədi və milli azadlıq hisslərini, istəklərini həyata keçirmək üçün meydanlara, küçələrə toplaşdılar, ədalətsizliyə, haqsızlığa, o zülmə öz etirazlarını bildirdilər, Azərbaycan xalqının müstəqillik, azadlıq uğrunda mübarizəsini bütün dünyaya nümayiş etdirdilər. Bax, o dövrdə, o illər mübarizəyə qalxanların əksəriyyəti gənclər idi. Ona görə də mən gənclərin o illərdə fəaliyyətini, onların qəhrəmanlığını həmişə yüksək qiymətləndirmişəm və bu gün də yüksək qiymətləndirirəm.

O təcavüz zamanı 20 Yanvar gecəsi həlak olanların ruhu qarşısında baş əyirəm. Bu gün bir daha deyirəm ki, 20 Yanvar bizim üçün nə qədər böyük itkilər gətirdisə də, xalqımızı müstəqillik, azadlıq yoluna o qədər də sürətlə qaldırdı və xalqımızın qüdrətini, cəsarətini nümayiş etdirdi. Yenə də deyirəm, o günlər, o hadisələr haqqında danışarkən mən birinci növbədə gəncləri nəzərdə tuturam. O tankların altında qalanların, şəhid olanların əksəriyyəti məhz gənclər olublar. Ermənistanın Azərbaycana etdiyi təcavüzün qarşısının alınması üçün döyüşlərdə də şəhid olanların əksəriyyəti gənclərimizdir. Vuruşanlar, döyüşənlər gənclərimizdir. Torpağımızı müdafiə edərkən şikəst, əlil olanların əksəriyyəti gənclərimizdir. Gənclərimiz bu gün də Azərbaycan Respublikası ictimaiyyətinin əsas hissəsini təşkil edir və biz Azərbaycanda hüquqi demokratik dövlət quraraq, respublikamızın müstəqilliyini qoruyub saxlamaq üçün lazım olan tədbirləri görərək daim gənclərə arxalanırıq, güvənirik. Bu işləri gənclərlə bir yerdə görürük və gələcəkdə də görəcəyik.

Gənclərin qarşısında duran vəzifələr böyükdür. Ancaq əsas vəzifələrdən biri bundan ibarətdir ki, gərək gənclər həyatımızın bu çətinliklərinə baxmayaraq, təhsillənsinlər. Yəni biz məktəblərin, təhsil müəssisələrinin işinə daha da çox qayğı, diqqət göstərməliyik. Yenə də deyirəm, bu iqtisadi sosial çətinliklər dövründə biz təhsili yaşatmalıyıq. Gənclər mütləq təhsil, bilik almalıdırlar, təhsillənməlidirlər.

Respublikamızda müstəqil hüquqi demokratik dövlət qurulur. Milli ideologiya konsepsiyası haqqında danışanda gəncləri birinci növbədə Azərbaycanın müstəqilliyi prinsiplərinə sadiq olmaq ruhunda tərbiyə etmək lazımdır. Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.

Respublikamızda dövlət quruculuğu demokratiya prinsipləri əsasında gedir. Ölkəmizdə demokratik, hüquqi, sivilizasiyalı dövlət qurulur. Gənclərin təhsili, tərbiyəsi məhz bu istiqamətdə aparılmalıdır. Bir daha qeyd edirəm, hüquqi, demokratik, dünyəvi dövlət qururuq.

Gənclər xalqımızın milli ənənələri, milli, mənəvi dəyərləri əsasında tərbiyələnməlidir. Gənclərin tərbiyə edilməsində, təhsillənməsində eyni zamanda ümumbəşəri dəyərlərdən geniş istifadə olunmalıdır. Milli, mənəvi, ümumbəşəri dəyərlərin hamısı birlikdə bütün vətəndaşlarımızın və xüsusən gənclərimizin mənəvi kodeksini təşkil etməlidir. Gənclər arasında aparılan iş bu istiqamətdə olmalıdır.

Siz milli vətənpərvərlik, vətəndaşlıq proqramının layihəsini hazırlamısınız. Bu, çox yaxşıdır. Bu proqramın layihəsinə baxmaq, onu qəbul etmək və ondan geniş istifadə etmək lazımdır. Milli vətənpərvərlik Azərbaycanın hər bir vətəndaşının, hər bir gəncinin həyatının əsas prinsipi olmalıdır. Vətəndaşlıq hər bir vətəndaş üçün əsas prinsipdir. Ancaq respublikamızda, ölkəmizdə yeni müstəqil dövlət, yeni iqtisadi-siyasi bir sistem qurulduğu, bizim üçün tamamilə yeni olan demokratik hüquqi dövlət qurulduğu bir zamanda insanların vətənpərvər olması hər şeydən üstün olmalıdır.

Eyni zamanda, Azərbaycanın ərazisinin bir qisminin Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində işğal edildiyinə, respublikamızın ərazi bütövlüyü pozulduğuna görə və ölkəmizin işğal edilmiş torpaqlarının azad olunması, ərazi bütövlüyünün bərpa edilməsi dövlətimizin ən əsas məqsədlərindən biri olduğuna görə milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu, nizamnaməsi olsun.

Gəncləri xüsusən milli vətənpərvərlik, hərbi vətənpərvərlik ruhunda tərbiyələndirmək lazımdır. Hər bir müstəqil dövlətin müstəqil yaşaması üçün onun güclü müasir tələblərə cavab verən ordusu olmalıdır. Azərbaycan Respublikası üçün bu ordu daha da güclü olmalıdır. Çünki respublikamız təcavüzə məruz qalmışdır, Azərbaycanın torpaqları işğal edilibdir, ərazi bütövlüyü pozulubdur. Biz respublikamızın ərazi bütövlüyünü bərpa etməliyik.

Sizə məlumdur ki, 1994-cü ilin mayında atəşkəs haqqında imzaladığımız saziş davam edir. Biz Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək istəyirik. Bu sahədə aparılan işlər sizə məlumdur. Bir daha deyirəm ki, biz məsələnin sülh yolu ilə həll olunması prinsipinə sadiqik. Biz bundan sonra da bu yolda öz səylərimizi göstərəcəyik. Ancaq bununla yanaşı, biz ordumuzu gücləndirməliyik, xalqımızı daim hərbi vətənpərvərlik əhval-ruhiyyəsində tərbiyə edərək torpaqlarımızın azad edilməsi üçün döyüşə daim hazır olmalıyıq və hər bir vətəndaş Azərbaycanın Milli Ordusunda xidmət etməyi özü üçün ən şərəfli vəzifə hesab etməlidir.

Hər bir ölkədə o ölkənin ordusunda xidmət etmək hər bir gəncin vətəndaşlıq borcudur. Ancaq bizim ölkədə hər bir gəncin borcu başqa ölkələrin gənclərinə nisbətən bir neçə dəfə artıqdır. Çünki respublikamızın düşdüyü vəziyyət və qarşıda duran vəzifələrimiz bizim gənclərimizin hərbi hazırlığının, orduda xidmətinin nə qədər zəruri olduğunu göstərir. Ona görə elə mən hesab edirəm ki, bütün gənclər təşkilatı, Gənclər və İdman Nazirliyi və bütün dövlət orqanlarımız Müdafiə Nazirliyi ilə birlikdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədi ilə əlavə tədbirlər görməlidirlər. Bu vəzifəni yerinə yetirmək məqsədi ilə 1997-ci il üçün lazımi proqram tərtib olunmalıdır və o, həyata keçirilməlidir.

Ümumiyyətlə, cəmiyyətimizdə, xüsusən gənclər arasında orduya, hərbi xidmətə hörmət və diqqət artmalıdır. Hər bir gəncin orduya xidmətə getməsi onun ailəsində bayram olmalıdır. Belə bir ənənə yaratmaq lazımdır. Keçmişdə belə bir ənənə var idi. Ailə öz övladını əsgərliyə göndərəndə məclis qururdu, onu təntənə ilə yola salırdı, ona xeyir-dua, sədaqətlə xidmət etmək nəsihəti verirdi. Bu o vaxt idi ki, gənclərimiz öz Milli Ordumuzda xidmət etmirdilər. Gənclərimiz o vaxt mənsub olduğumuz böyük ölkənin ordusunda xidmət edirdilər. Bu gün demək lazımdır ki, onların böyük əksəriyyəti çox ləyaqətlə xidmət edirdi, yüksək vətəndaşlıq keyfiyyəti, yüksək mənəvi xüsusiyyətlər göstərirdi və xalqımızın başını ucaldırdılar, hörmətini qaldırırdılar. Biz bunları unutmamalıyıq, biz bunlarla fəxr etməliyik. İkinci dünya, Vətən müharibəsində Azərbaycanın igid oğulları qəhrəmanlıq nümunələri göstərmişlər, yüksək mükafatlara nail olmuşlar, yüksək adlar almışlar. Həzi Aslanov, İsrafil Məmmədov və başqaları belələrindən idi. Biz onların adları ilə gəncləri neçə on illər tərbiyələndirmişik. Onların qəhrəmanlığı bu gün da xalqımız üçün böyük nümunədir. Eyni zamanda, Azərbaycan torpaqlarını Ermənistan təcavüzündən müdafiə edərkən, qoruyarkən qəhrəmanlıq göstərən övladlarımızın, şəhid olanların və qəhrəmanlıq göstərib bu gün də orduda xidmət edənlərin, yaxud bizim sıralarımızda olanların nümunəsindən istifadə etmək lazımdır.

Gəncləri bu əhval-ruhiyyədə, bu ruhda tərbiyələndirmək, hazırlamaq sizin hamınızın əsas vəzifəsidir. Dövlət öz tərəfindən lazımi tədbirlər görəcəkdir. Əgər lazım gəlsə, mən bu barədə qərarlar da qəbul edə bilərəm. Ancaq siz təşəbbüs göstərməlisiniz, təkliflər verməlisiniz. Respublikamızda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sizin fəaliyyətinizin mərkəzində olmalıdır. Hərbi hissələrlə, ordu ilə əlaqə, hərbi hissələri ziyarət etmək, torpaqlarımızın müdafiəsində duran gənclərlə görüşlər – bunlar daim sizin işinizin əsas hissəsini təşkil etməlidir.

Respublikamız yeni ictimai-siyasi, iqtisadi dövr keçirir. Bu dövrdə elmimiz də, təhsilimiz də, mədəniyyətimiz də – bütün imkanlarımız ölkəmizin inkişafına sərf olunmalıdır. Yeni iqtisadi formalar – bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat yaranır, özəlləşdirmə prosesi gedir. Bu proseslərdə gənclər sağlam əhval-ruhiyyə ilə iştirak etməlidirlər. Yenə də deyirəm, bizim milli-mənəvi dəyərlərimizə söykənmək və gəncləri cinayətkarlıqdan qorumaq, cəmiyyətdə olan mənfi yollardan çəkindirmək sizin əsas vəzifələrinizdəndir.

Təəssüflər olsun ki, son 7-8-9 ildə respublikamızda cinayətkarlıq artıb, qeyri-qanuni silahlı dəstələr, cinayətkar qruplar mövcud olublar. Onların respublikamızın ictimaiyyətinə, dövlətinə nə qədər zərərlər vurduğunu siz yaxşı bilirsiniz. Təəssüflər olsun ki, bu cinayətkar dəstələrə, bu qruplara, ayrı-ayrı siyasi oyunlara gənclər də qoşulublar. Məsələn, 1993-cü ilin iyununda respublikada vətəndaş müharibəsinin baş verdiyi, ondan sonrakı aylarda – 1994-cü ilin oktyabrında Azərbaycanda dövlət çevrilişinə cəhd, 1995-ci ilin martında yenə də dövlət çevrilişinə silahla, güclə cəhd göstərildiyi dövrləri götürək. Təəssüf ki, bu silahlı, qeyri-qanuni dəstələrin içərisində gənclər də olublar.

Mən ürək ağrısı ilə deyirəm ki, bəzən gənclər bu silahlı dəstələrə, bu cinayətkar qruplara nə üçün getdiklərini bilməyərək, özlərini bədbəxt etdilər. Onların bir çoxu həbs olunub, bir hissəsi qaçıb ayrı-ayrı ölkələrdə gizlənirlər. Təəssüflər olsun ki, onlar o cinayətkarlar tərəfindən yenidən cinayət əməllərinə cəlb olunurdular. Onlar özlərini də bədbəxt ediblər, öz ailələrini, valideynlərini də böyük əzab-əziyyətə salıblar və büzüm üçün də böyük ürək ağrısı gətiriblər.

Hüquq-mühafizə orqanlarımız 1995-1996-cı illərdə cinayətkarlığın qarşısını almaq üçün çox işlər görüblər. Bir çox cinayətkar qruplar ifşa olunublar, yaxalanıblar, həbs ediliblər, məhkəməyə veriliblər. Azərbaycanda nə qədər uşaq oğrusu, adam oğrusu var idi. Bir il, iki il bundan qabaq insanlar nə qədər təhlükə altında idilər. Həbs edilən o adamların içərisində olanlar indi etiraf edirlər, ifadə verirlər, boyunlarına alırlar ki, nə qədər belə cinayətlər ediblər. Təəssüf ki, bunların da bir çoxu gənclərdir. Həyata necə deyərlər, tamamilə şüurla qoşulmamış adamlar bax, belə cinayətkar hərəkətlərə cəlb olunubdur və indi cəza çəkirlər. Ona görə də gənclərimizi belə mənfi hallardan, cinayətkarlıqdan qorumaq sizin əsas vəzifənizdir.

Hesab edirəm ki, respublikamızı bu cinayətkarlardan təmizləmək prosesi bundan sonra da davam edəcəkdir. İndiyədək görülən işlər respublikamızın, daxili ictimai-siyasi vəziyyətini artıq tamamilə dəyişdirib. Ölkəmizdə ictimai-siyasi sabitlik mövcuddur. İnsanlar artıq rahat yaşaya, işləyə, gəzə bilirlər, istirahət edə bilirlər və o silahlı dəstələrdən xilas olublar. Çox maraqlı bir haldır ki, indi insanların çoxu hüquq-mühafizə orqanlarına anonim olaraq telefonla zəng edirlər, silahların yerini göstərirlər və o silahlardan xilas olmaq istəyirlər. Son bir neçə ayda respublikanın müxtəlif məntəqələrində həddindən artıq çox silah-sursat çıxarılıbdır. İndi sual olunur – bu silahlar insanlara nə üçün lazımdır? Nə üçün adi bir adam aparıb öz evində, həyətində, torpaq altında avtomat, pulemyot, qumbara və sair gizlədir? Bu, özünü müdafiə etmək üçündürmü? Yox. Yəqin bu, müəyyən bir cinayət işləri görmək üçündür. Məgər bu, gedib Ermənistan təcavüzünə qarşı müharibə etmək üçündür. Yox. Əgər gedib müharibədə iştirak edəcəksə, müharibəyə, cəbhəyə, orduya gedən adam dövlət tərəfindən silahla təchiz olunur. Əgər ayrı-ayrı vətəndaşlar, müxtəlif yerlərdə – həyətində, bağında, bağçasında, evinin içində zirzəmisində pulemyot, qumbaraatan, avtomat, snayper tüfəngi, qumbara, mina, partlayıcı maddələr gizlədirsə, demək, bunların hamısını cinayət üçün edir.

Mən hüquq-mühafizə orqanlarına göstəriş vermişəm ki, son iki ildə aşkara çıxarılmış silahları, sursatları cəmləsinlər, ümumi bir hesabat versinlər ki, 1995-1996-cı illərdə Azərbaycanda həm o cinayətkarlardan, həm də ayrı-ayrı insanlardan, heç bir cinayət etməmiş adamlardan nə qədər belə silahlar, sursatlar yığılıb toplanıbdır. Bunlar onu göstərir ki, əvvəlki illərdə Azərbaycanda ictimai-siyasi kriminogen vəziyyət nə qədər gərgin idi. Məhz bunun nəticəsində də hər bir adam gedib özbaşına avtomat da, pulemyot da, qumbara da ala bilərdi, aparardı, saxlayardı, istifadə edərdi. Biz bunların qarşısını almışıq, bundan sonra da alacağıq, kökünü kəsəcəyik. Ancaq indi çalışmaq lazımdır ki, ümumiyyətlə bütün vətəndaşlar, xüsusən gənclər bir daha bu yola getməsinlər.

Bizdə silah-sursat dövlətimizdə, orduda, hüquq-mühafizə orqanlarında, dövlət orqanlarında olmalıdır. Dövlətçiliyimizi müdafiə etmək, sərhədlərimizi qorumaq, torpaqlarımızı müdafiə etmək üçün bunların hamısı olmalıdır. Amma ayrı-ayrı adamlarda qeyri-qanuni silahların olması cinayətin baş verməsinin əsas səbəbidir. Gəncləri bundan sonra bax, belə hallardan, bu cür xəstəlikdən – o illərdə Azərbaycanda bu xəstəlik geniş yayılmışdı – xilas etmək lazımdır.

Sizin əsas vəzifələrinizdən biri gəncləri zərərli və pis adət və ənənələrdən çəkindirmək və qorumaqdan ibarətdir. Bunlar hansılardır? Spirtli içkilərə meyl, nəhayət, alkoqolizm, narkotik maddələrdən istifadə olunması, nəhayət, narkomaniya. Bunların hamısı da ailəni, gəncin həyatını pozur, cəmiyyətə zərər gətirir, insanların mənəviyyatını pozur. Bilirsiniz, bunların qarşısını təkcə hüquq-mühafizə orqanlarının vasitəsilə almaq mümkün deyil. Siz gənclər, gənclər təşkilatı gərək məktəblərdə, başqa tərbiyə ocaqlarında, gənclər təşkilatında bu mənfi halların qarşısının alınmasına çalışasınız, belə halların yayılmasına imkan verməyəsiniz, onların, insanın özünün həyatı, cəmiyyətimiz üçün nə qədər zərərli olduğunu yayasınız, izah edəsiniz, anladasınız.

Hesab edirəm ki, bizim informasiya orqanlarımız – televiziya, radio, qəzetlər, digər mətbuat orqanları da təbliğat işini genişləndirməlidir. Yenə deyirəm, gəncləri bu təhlükəli meyllərdən qorumaq, ümumiyyətlə, bu meyllərin qarşısını almaq, bunları ölkəmizdən tamamilə yox etmək lazımdır. Xalqımız dövri-qədimdən bu mənfi meyllərdən uzaq olmuşdur. Keçmişdən bizim millətimizdə spirtli içkilər istifadə olunmayıbdır. Bu, bizim dini, milli ənənələrimizə uyğun deyil. Nəyə lazımdır ki, indi gənclər araq içsinlər? Nə üçün, nəyə görə öz səhhətlərini korlasınlar və bunun da nəticəsində müxtəlif yollara getsinlər? Yaxud, narkotik maddələrdən istifadə olunması tarixi keçmişimizə, xalqımıza xas olan bir xüsusiyyət deyildir. Yəni bunlar son dövrdə xalqımızın, cəmiyyətimizin içərisində başqa ölkələrdən, yerlərdən gəlib daxil olmuş xəstəliklərdir. Bunların qarşısı alınmalıdır.

Gənclərimizi elmə, mədəniyyətə daha da çox cəlb etmək lazımdır. Gənclərimizdə elmi-tədqiqat işlərinə həvəs oyatmaq lazımdır. Siz burada bir gənc alimin elmi işini mənə verdiniz. Mən bundan çox məmnunam. Bir daha deyirəm, dünən mən görkəmli alimlərlə görüşürdüm. Amma mən istərdim ki, siz təşkil edəsiniz, Azərbaycanda olan gənc alimlərlə də görüşək. Dünən mənim görüşdüyüm alimlər görkəmli, böyük xidməti olan alimlərdir. Ancaq bizdə gənc nəsil, gənc alimlər də var. Gəlin, gənc alimlərlə bir görüş, toplantı keçirək, onları dinləyək, onların problemləri ilə daha da yaxından tanış olaq, onlara kömək edək. Bizim elmimiz inkişaf etməlidir. Elmimizi gənclər, siz inkişaf etdirəcəksiniz. İndiki görkəmli alimlər etdiklərini ediblər. Şübhəsiz ki, onlar öz xidmətlərini bundan sonra da göstərəcəklər. Amma elmimizin gələcəyi gənclərin əlindədir. Müstəqil Azərbaycanın gərək bundan da çox, bundan da güclü elmi potensialı olsun.

Mən çox arzu edərdim ki, siz ədəbiyyat, incəsənət, mədəniyyət sahəsində olan işlərə də daha çox diqqət yetirəsiniz. Məsələn, istərdim ki, yazıçılarla, şairlərlə görüşək. Mən bunu bir dəfə demişdim. 70-ci illərdə adətən biz yazıçılarla bir ümumi görüş keçirirdik, bir də gənc yazıçılarla görüşürdük. İndi artıq yaşlı olan yazıçılar o vaxt gənc yazıçılar qrupuna daxil idilər. Amma indi mən istəyirəm ki, bugünkü gənc yazıçılarla görüşüm. İllər keçibdir, o gənc yazıçılar indi yaşlaşıblar. Amma indi gənc yazıçılar, şairlər var. Bunlarla görüşmək, onlara kömək etmək, onların problemləri, qayğıları ilə məşğul olmaq lazımdır. Gənclər təşkilatı, Gənclər və İdman Nazirliyi gərək eləcə də gənc bəstəkarlarla, rəssamlarla, yəni gənclərimizin ziyalı təbəqəsi ilə daha da yaxından məşğul olsun. Mən də bu barədə sizə öz xidmətlərimi təklif edirəm. Mən bu görüşlərin keçirilməsinə və gənclərin bu problemlərinin müzakirə olunmasına və imkan dairəsində həll edilməsinə kömək göstərməyə hazıram.

Bunların hamısının sonunda mən bir daha demək istəyirəm – bizim, sizin, hamımızın vəzifəsi müstəqil Azərbaycanın sağlam gəncliyini tərbiyə etmək, yetişdirməkdir. Azərbaycanın gənclərini milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir, gənclərimizi bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaqdır, respublikamızın gənclərini Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir. Azərbaycan gəncləri cəmiyyətimizdə demokratik prinsiplərin bərqərar olmasına, inkişaf etməsinə fəal qoşulmalıdırlar. Azərbaycan gənclərini milli vətənpərvərlik ruhunda tərbiyə etmək lazımdır. Azərbaycan gəncləri – bugünkü və sabah gələn gənclər də gərək bilsinlər ki, hər bir azərbaycanlının milli borcu, vəzifəsi respublikamızın dövlət müstəqilliyini qoruyub saxlamaqdır. Azərbaycanı azad, sərbəst, müstəqil dövlət kimi inkişaf etdirməkdir. Azərbaycanın elmini, mədəniyyətini yüksəklərə qaldırmaqdır, respublikamızın adını, şanını-şöhrətini dünyaya yaymaqdır, Dünya Birliyində Azərbaycanın layiqli yer tutması üçün xidmətlər göstərməkdir. Hər bir vətəndaşın borcu Azərbaycanın dövlət müstəqilliyinə öz ölkəsinə, vətəninə, xalqına sadiq olmaqdan ibarətdir.

Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, gənclərimiz öz ölkəsinə, millətinə, dövlətinə, xalqına sadiq gənclər olacaqlar. Mən bu arzularla sizin hamınıza cansağlığı və işinizdə uğurlar arzulayıram. Sağ olun.

iacca
iap
business ready
eplc
Ən Tez