Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətimizin ali məqsədi kimi bəyan etmişdir. Bu məqsədə nail olmaq üçün dövlətimizdə ümumbəşəri dəyərlərə və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan qanunvericilik bazası yaradılır. Hazırda bu siyasətin ardıcıl və məqsədyönlü davam etdirilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
Məramı dünyəvi, hüquqi dövlət qurmaq olan Azərbaycan Respublikasında hər bir insanın təbii və ayrılmaz hüququ olan yaşamaq hüququna əsaslı təminatlar verilmiş, insanın həyatdan məhrum edilməsi yolverilməz hesab olunmuşdur.
Konstitusiyada ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə müstəsna cəza tədbiri kimi göstərilmiş və daimi cəza növü kimi nəzərdə tutulmamışdır. İnsan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan bu cəzanın tətbiqi, hansı dəlillərlə əsaslandırılmasından asılı olmayaraq demokratik cəmiyyətdə qeyri-insani və amansız tədbir kimi qiymətləndirilir.
Azərbaycanda ölüm cəzası uzun müddət tətbiq olunmuşdur. Son dövrün təhlili göstərir ki, 1988-ci ildə ölüm cəzasına məhkum olunmuş 5, 1989-cu ildə 6, 1990-cı ildə 3 şəxs barəsində ölüm hökmləri icra edilmişdir. Bundan sonra üç il ərzində ölüm hökmləri icra olunmadığı halda 1993-cü ilin fevral ayında 8 nəfər barəsində ölüm hökmləri tələsik icra edilmişdir.
1992-ci ildə müstəqillik və demokratiya şüarları ilə hakimiyyətə gələn AXC–Müsavat liderləri totalitar rejimlərə xas olan antihumanist, qeyri-insani qanunların icrasını davam etdirirdilər. Bununla da onlar əhalidə qorxu, vahimə hissi, müstəqil dövlətin gələcəyinə inamsızlıq əhval-ruhiyyəsi yaratmağa can atırdılar. Müstəqilliyin qorunması, ərazi bütövlüyünün bərpası, dövlət təhlükəsizliyinin təmin edilməsi və ordu quruculuğu üçün təxirəsalınmaz tədbirlərin görülməsi zəruri olduğu halda ölüm hökmlərinin icrası vacib ümum-dövlət tədbiri kimi ortaya atılmışdı.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini cəmi bir aya yaxın müddətdə həyata keçirilmiş Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərov 1992-ci il iyunun 16-da 7 nəfərin bağışlanma haqqında vəsatətlərini, əslində buna səlahiyyəti olmadığı halda, rədd etmiş və bu barədə müvafiq fərmanlar imzalamışdır. Belə ki, 1992-ci il iyunun 7-də keçirilmiş Azərbaycan Respublikası prezidenti seçkiləri nəticəsində Əbülfəz Əliyevin Azərbaycan Respublikasının prezidenti seçilməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarı 1992-ci il iyunun 13-də qəbul edilmiş və seçkilərin nəticələri rəsmən elan olunmuşdu. O zaman qüvvədə olmuş “Azərbaycan Respublikası prezidenti seçkiləri haqqında” 1991-ci il 26 iyun tarixli Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən seçkilərin nəticələrinin rəsmən elan olunduğu gündən Əbülfəz Əliyev Azərbaycan Respublikasının prezidenti vəzifəsinə başlamış hesab edilirdi.
Beləliklə, Əbülfəz Əliyev Azərbaycan Respublikasının prezidenti vəzifəsinin icrasına başlamış olduğu halda onun əfvetmə səlahiyyətlərini qanunsuz olaraq İsa Qəmbərov həyata keçirmişdir.
Bundan əlavə, İsa Qəmbərov həmin fərmanları imzalayarkən əfv məsələlərinə baxılması qaydaları pozulmuş, o dövrdə Azərbaycan Respublikasının prezidenti yanında bağışlama məsələləri komissiyası fəaliyyət göstərməmişdir. Bu komissiya yalnız 1992-ci il iyulun 12-də yenidən təşkil edilmişdir.
Azərbaycan Respublikasının sabiq prezidenti Əbülfəz Əliyev isə 1993-cü il yanvarın 5-də ölüm cəzasına məhkum olunmuş 2 şəxsin vəsatətlərinin rədd edilməsinə dair fərman imzalamışdır. Bundan sonra Əbülfəz Əliyev həmin şəxslərdən birinin barəsində hökmün qanuniliyinin yoxlanılmasını Azərbaycan Respublikasının prokurorluğuna tapşırmış, lakin yoxlama başa çatdırılmadan ölüm hökmü icra edilmişdir.
İnsan həyatına belə laqeyd münasibət vaxtilə cəmiyyətimizdə hökm sürən hərc-mərcliyin və özbaşınalığın nəticəsidir. Bu isə öz növbəsində insan hüquqlarının və azadlıqlarının kütləvi surətdə pozulmasına gətirib çıxarmışdır.
Son illər ölkəmizdə əmin-amanlıq, ictimai-siyasi sabitlik yaradılmış, vətəndaş cəmiyyəti bərqərar edilmiş, insanların həyatına təhlükə yaradan silahlı dəstələr və terrorçu qruplar zərərsizləşdirilmiş, dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alınmış, cinayətkarlar məsuliyyətə cəlb edilərək layiqli cəzalarına çatmışlar. Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi ölkəmizdə insanların dinc, təhlükəsiz yaşamasına, qanunun aliliyinin bərqərar edilməsinə zəmin yaratmışdır. Digər tərəfdən, hüquq islahatlarının aparılması, cinayət qanunvericiliyinin humanistləşdirilməsi, insan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Ölüm cəzasının icrasına 1993-cü ilin iyun ayından faktiki moratorium qoyulmuşdur.
Hətta vətən və xalq qarşısında ən ağır cinayətlər törədən, o zamankı hakimiyyətsizlikdən istifadə edib torpaqlarımızı düşmənə təslim etdirən Rəhim Qazıyev, ölkəmizi parçalamaq niyyətində olan separatçı Ələkram Hümbətov, təxribat və terror aktları törədən Elçin Əmiraslanov, dövlət çevrilişi cəhdlərinin təşkilatçıları Surət Hüseynovun və Cavadov qardaşlarının əlaltıları və qanunsuz silahlı dəstələrin azğınlaşmış üzvləri, Tarix Quliyev və bu kimi qatillər, təhlükəli canilər barəsində ölüm hökmləri icra olunmamışdır.
Cinayət-hüquq siyasətinin humanistləşdirilməsi ilə bağlı görülən işlər, o cümlədən cinayət məcəlləsinin ölüm cəzasını nəzərdə tutan iyirmi bir maddəsinin sanksiyalarından bu cəzanın çıxarılması, qadınlara, 65 yaşına çatmış kişilərə ölüm cəzasının tətbiqinin qadağan edilməsi, 1705 məhbusun əfv edilməsi, o cümlədən ölüm cəzasına məhkum edilmiş 12 şəxsin əfv olunaraq cəzalarını azadlıqdan məhrumetmə ilə əvəz edilməsi və amnistiya qaydasında 17 mindən artıq şəxsin müxtəlif cəzalardan azad edilməsi və onların yenidən cəmiyyətə qayıtması üçün şərait yaradılması ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunun təzahürüdür.
Bütün bunlar Azərbaycan xalqının çoxəsrlik ənənələrindən irəli gəlir, ən yüksək dəyər olan insan həyatının qorunmasına təminat verir, cəmiyyətimizi insaniləşdirir, insan ləyaqətinə hörmət və ehtiramı, bütünlükdə ölkəmizdə demokratiyanın inkişafını nümayiş etdirir, xalqımızda nikbin gələcəyə inam yaradır.
Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm.
Ölüm cəzasının ləğvini məhz bu siyasətin məntiqi nəticəsi kimi qiymətləndirirəm.
Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini bir daha sübut edir.
Son günlər mənə ünvanlanmış minlərlə müraciət göstərir ki, xalqımız bu təşəbbüsü yekdilliklə dəstəkləyir.
Şübhə etmirəm ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatları da indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətlərini dərk edərək bəyanata tərəfdar çıxacaq və bu amansız cəzanın ləğv edilməsinə səs verəcəklər.
Əminəm ki, ölüm cəzasının ləğvi tarixi hadisə olmaqla bərabər cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addımdır və bütünlükdə hüquq sistemində həyata keçirilən islahatların mühüm mərhələsidir.
Eyni zamanda, ölüm cəzasının ləğvi məsələsi müzakirə edilərkən Azərbaycanın mövcud reallıqları və ilk növbədə Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi nəzərə alınmalıdır. Şübhəsiz ki, müharibə zamanı hər bir dövlətin bu cəza növünü tətbiq etmək hüququ saxlanıla bilər. Bu müddəa həmçinin beynəlxalq hüquq normalarının tələblərinə uyğundur.
Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual və islah-əmək məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsini Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə müvafiq olaraq müzakirənizə təqdim edirəm.
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 1998-ci il