Azərbaycan gənclərinin II forumunda nitqi - 3 mart 1999-cu il

Əziz gənclər!

Sizi səmim-qəlbdən salamlayıram. Sizə sağlamlıq, xoşbəxt həyat və gələcək işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan gənclərinin II forumu ölkəmizin həyatında əlamətdar hadisədir. Bu iki gün ərzində Azərbaycan gənclərinin nümayəndələri öz II forumuna toplaşaraq son üç ildə gənclərin keçdiyi yolu, əldə etdiyi nailiyyətləri və mövcud problemləri ətraflı təhlil etdilər.

Mən hesab edirəm ki, gənclərin II forumu üç il müddətində görülən işlərə yekun vuraraq, eyni zamanda gələcəyə yollar açdı. Biz XXI əsrə doğru gedirik. XXI əsr gənclərin əsridir. XXI əsr Azərbaycanda gənclərin müstəqil dövlətimizi qurub-yaratmaq və inkişaf etdirmək dövrüdür. Əziz gənclər, siz Azərbaycanın XXI əsrinin qurucularısınız. Bu yolda sizə uğurlar olsun, eşq olsun!

Gənclər və idman naziri Əbülfəz Qarayevin forumdakı məruzəsində, Gənclər Təşkilatları Milli Şurasının sədri Azay Quliyevin, uşaq təşkilatının sədri Gülər Əhmədovanın, Azərbaycan Skaut Assosiasiyası Milli Məclisinin üzvü Səbinə Hüseynovanın çıxışlarında və başqa çıxışlarda, nitqlərdə dəyərli fikirlər söylənilmişdir. Gəncliyin bugünkü vəziyyəti, mövcud nöqsanlar və qarşıda duran vəzifələr ətraflı müzakirə edilmişdir.

Bölmələrdə aparılan müzakirələr də çox səmərəli olmuşdur. Bunlar hamısı gənclərin II forumunun nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Gənclərin II forumu Azərbaycan gəncliyinin bu gününün və sabahının aydın güzgüsüdür.

Həll olunmayan məsələlər, nöqsanlar məruzələrdə və çıxışlarda cəsarətlə göstərilmişdir. Bunlar şəxsən məni çox sevindirir. Çünki bugünkü gənclər cəsarətli olmalıdırlar, hər şeyi açıq-aydın deməlidirlər, nöqsanların üstünü örtməməlidirlər. Şübhəsiz ki, nöqsanlar dövlət və hakimiyyətin ayrı-ayrı orqanlarının fəaliyyətinə aiddir. Eyni zamanda, gənclər təşkilatlarının, gənclərin özünə aiddir.

Beləliklə, siz bizi, hakimiyyət orqanlarını tənqid etdiniz. Çox da yaxşı etdiniz. Mən sizin bu cür çıxışlarınızı xüsusi qiymətləndirirəm. Eyni zamanda, təəssüf edirəm ki, sizin burada göstərdiyiniz nöqsanları və həll olunmamış problemləri müvafiq orqanlar indiyə qədər həll edə bilməmişlər. Ancaq güman edirəm, sizin də nöqsanınız ondan ibarətdir ki, bu məsələləri siz vaxtında, kəskin olaraq qaldırmamısınız. Yəqin ki, ancaq forumu gözləmisiniz.

Mən bəyan edirəm ki, sizin tənqidi çıxışlarınızdan hamımız nəticə çıxarmalıyıq. Hakimiyyət orqanları özləri üçün ciddi nəticə çıxarmalıdırlar. Nöqsanlar qısa müddətdə aradan götürülməlidir. Problemlər nə qədər çətin olsa da, ardıcıl surətdə həll edilməlidir. Bir sözlə, Azərbaycan gəncliyinin həyatını, təhsilini, məşğulluğunu və fəaliyyətini təmin etmək üçün biz bütün imkanları səfərbərliyə almalıyıq, əlimizdən gələni etməliyik.

Çıxışlarda səsləndi ki, ötən forumda bəzi təkliflər verilmiş və ondan sonra həmin təkliflər hazırlanıb müvafiq dövlət orqanlarına çatdırılmışdır, ancaq bunlar nəticə verməmişdir. Mən bundan sonra da belə halların olmaması üçün təklif edirəm ki, Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatlarının Milli Şurası, uşaq təşkilatı və başqa təşkilatlar forumda irəli sürülmüş məsələlərin hamısını birlikdə cəmləşdirsinlər və onların həll olunması üçün lazımi sənədlərin layihələrini qısa bir müddətdə, ola bilər, on gün ərzində təqdim etsinlər.

Mən eyni zamanda bu tapşırığı Azərbaycanın Nazirlər Kabinetinə, Prezidentin İcra Aparatına və başqa hakimiyyət orqanlarına verirəm. Əmin edirəm ki, sizin təkliflərinizə və layihələrdə əks etdirəcəyiniz tədbirlərin hamısına mənim tərəfimdən diqqətlə baxılacaq, lazımi qərarlar qəbul ediləcəkdir. Düşünürəm ki, II forumun yekunları ilə əlaqədar irəli sürülmüş məsələlərin həll edilməsi üçün Azərbaycan prezidentinin xüsusi fərmanı olmalıdır və mən belə bir fərmanı imzalamağa hazıram.

Əziz gənclər!

Siz bu günlər öz yetkinliyinizi, fəallığınızı nümayiş etdirdiniz. II forum ölkəmizə, ictimaiyyətə tam aşkarlığı ilə göstərdi ki, gənclər təşkilatlanandan, öz istiqamətlərini müəyyən edəndən sonra çox iş görə bilərlər və çox iş də görüblər. Siz ötən üç ildə gördüyünüz işlər haqqında ətraflı danışdınız. Mənim üçün isə bunun əhəmiyyəti ondan ibarətdir ki, biz Azərbaycanda gənclər probleminin həll olunmasını düzgün istiqamətə yönəltmişik.

Məlumdur ki, keçmişdə, hamımızın yaşadığı sovet hökuməti dövründə gənclərin təşkilatları komsomol və pioner təşkilatları idilər. Dövlət tərəfindən onlara himayədarlıq edilirdi və gənclər nəsildən-nəslə keçərək bu təşkilatların çərçivəsində formalaşırdı, inkişaf edirdi, fəaliyyət göstərirdi. Sovet hakimiyyəti dağıldı, Azərbaycan dövlət müstəqilliyini əldə etdi. Qarşımıza bir çox problemlər çıxdı. Bunların biri də gənclərin problemləridir. Doğrudur, dövlət müstəqilliyini əldə edəndən sonra birinci illərdə Azərbaycanda bunlarla məşğul olmaq mümkün olmamışdır, yaxud da ki, buna diqqət verilməmişdir. Ancaq hesab edirəm ki, Azərbaycanda son dörd ildə gənclər probleminin nizama salınması və həll olunması üçün vacib tədbirlərin həyata keçirilməsi ilə əlaqədar biz lazımi işlər görə bilmişik. İndi bunun da əməli nəticələrini görürük.

Biz dörd il bundan öncə Azərbaycanın Gənclər və İdman Nazirliyini yaratdıq. Həmin nazirlik yaranarkən çox fikirlər var idi – bu nazirlik lazımdır, ya lazım deyil. Ancaq biz hesab edirdik ki, bu nazirlik lazımdır. Onu yaratdıq. İndi biz bu nazirliyin müstəqil Azərbaycanın həyatında nə qədər gərəkli olduğunu artıq görürük.

Gənclərin I forumu üç il bundan əvvəl hazırlandı, keçirildi. O vaxt da biz bu forumu hazırlayıb keçirərkən ona bir tərəfdən böyük ümidlərlə baxırdıq, ikinci tərəfdən isə fikirləşirdik ki, bunun nəticəsi nə olacaqdır. Ancaq üç il ərzində Azərbaycanda gənclər təşkilatlandı, gənclər təşkilatları yarandı. Gənclər və İdman Nazirliyi ardıcıl fəaliyyət göstərir və gənclərin problemləri indi ardıcıl surətdə həll olunur. Hər halda, Azərbaycan gənclərinin bugünkü vəziyyəti, əhval-ruhiyyəsi, onların ictimaiyyətdə yeri və həyatımızın bütün sahələrində iştirakı bunu açıq-aydın göstərir. Bunlar çox sevindirici hallardır. Əvvəlki illərdə bu sahədə bir təşkilatçılıq yox idi, aydınlıq yox idi. Bəziləri keçmişin qanun-qaydası ilə yaşamaq istəyirdi, bəziləri isə gənclər təşkilatının ümumiyyətlə, olub-olmaması haqqında fikirlər söyləyirdi.

İndi artıq tam qətiyyətlə demək olar ki, Azərbaycan gəncləri təşkilatlanıb, birləşib, cəmiyyətdə öz yerini tutub və müstəqil Azərbaycanın inkişaf etməsi üçün lazımi işlər görürlər.

Ölkəmiz gənclər ölkəsidir. Bilirsiniz ki, Azərbaycanın Dövlət Statistika Komitəsi yanvar ayında respublikamızda əhalinin siyahıyaalınmasını həyata keçirdi. Siyahıyaalma tamamlanıb, ancaq onun nəticələri hələ təhlil olunur. Bu siyahıyaalınmada əldə olunan ilkin nəticələr çox sevindiricidir. Birincisi, ölkəmizin əhalisi artıbdır. İndi Azərbaycanda 8 milyona yaxın əhali vardır. İlkin məlumat verirlər ki, 7 milyon 910 mindir. Ancaq güman edirəm, onlar hələ bütün materialları təhlil etməyiblər. Hətta belə də olsa, 8 milyona yaxındır.

Sevindirici haldır ki, əhalinin tərkibi Azərbaycan vətəndaşlarının müsbət sosial tərkibini göstərir. Azərbaycanda ildə hər min nəfərə 17 uşaq doğulur, hər min nəfərə 6 adam vəfat edir.

Hesab edirəm ki, Azərbaycanda orta ömür uzunluğu da bugünkü şəraitə görə qənaətbəxşdir. Orta ömür uzunluğu 71 yaşdır – kişilər 67 yaş, qadınlar 74 yaş. Ancaq ən sevindiricisi odur ki, Azərbaycan gənclər ölkəsidir. Əhalinin 2 milyon 900 mini gənclər, 2 milyon 600 mini uşaqlardır. Beləliklə, əhalinin 5 milyon 500 min nəfəri gənclərdir.

Gənclər, uşaqlar demək olar ki, tamamilə təhsilə cəlb olunublar. Bir milyon 600 min gənc, uşaq ümumtəhsil məktəblərində təhsil alır. 100 min gənc ali məktəblərdə təhsil alır. Onlardan 80 mini dövlət ali məktəblərində, 20 mini özəl universitetlərdə oxuyur.

Bunlar hamısı Azərbaycan əhalisinin tərkibini və bugünkü sosial vəziyyətini göstərən bir neçə rəqəmdir. Eyni zamanda, onu göstərir ki, Azərbaycan bu ağır keçid dövründə də yaşayır, inkişaf edir, bizim millətimiz artır, təhsillənir.

Bütün bunlar bizim qarşımızda böyük vəzifələr – gənclərə, uşaqlara diqqəti, qayğını artırmaq, gənclərin problemlərinə daha da çox qayğı göstərmək vəzifəsini qoyur. Mən bu gün sizə bəyan edirəm ki, biz, Azərbaycan dövləti bu sahədə öz üzərimizə düşən bütün vəzifələri ardıcıl surətdə yerinə yetirəcəyik.

Ötən üç ildə Azərbaycan böyük bir inkişaf yolu keçibdir. Azərbaycan dövlət müstəqilliyinin 7-ci ilini başa vurubdur. Ancaq bilirsiniz ki, müstəqil dövlət kimi Azərbaycanın bu 7 illik tarixi çox ağır mərhələlərdən ibarətdir. 1991-ci ilin sonunda dövlət müstəqilliyini elan edən zaman Azərbaycan böyük siyasi, sosial-iqtisadi böhran içərisində idi. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan öz torpaqlarının müdafiəsi ilə məşğul idi, müharibə aparırdı. Azərbaycanda daxili ictimai-siyasi vəziyyət çox gərgin idi. Ondan sonrakı illərdə – 1991-ci, 1992-ci və 1993-cü illərdə ölkəmizdə vəziyyət daha da gərginləşmişdi.

1993-cü ildə Azərbaycan böyük fəlakət qarşısında idi. Vətəndaş müharibəsi başladı və Azərbaycan parçalanmaq təhlükəsi ilə qarşılaşdı. Ondan sonrakı dövr Azərbaycanın bu ağır, çətin problemlərinin həll edilməsi dövrü olubdur.

Bilirsiniz ki, onlar da asan olmayıbdır. 1993-cü ildə vətəndaş müharibəsinin qarşısını almaq, Azərbaycanı parçalanmaq təhlükəsindən qurtarmaq çox ağır və çətin vəzifə idi. Bu gün iftixar hissi ilə demək olar ki, biz bunun öhdəsindən gəldik və Azərbaycanı bu böhran vəziyyətindən çıxardıq.

Ancaq ondan sonra Azərbaycanı dağıtmaq, parçalamaq cəhdləri yenə də davam edirdi. 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlər Azərbaycanı yenidən böyük təhlükə altına aldı. Ancaq Azərbaycan xalqı artıq birləşmişdi, Azərbaycan dövləti artıq öz gücünü nümayiş etdirmişdi. Bu dövlət çevrilişi cəhdlərinin hamısının qarşısı alındı. Ondan sonra Azərbaycanda sabitləşmə dövrü başlandı. Son illər əldə etdiyimiz ən böyük nailiyyət ondan ibarətdir ki, biz Azərbaycanda ictimai-siyasi vəziyyəti sabitləşdirə bildik.

Gənclər də, yaşlı nəsil də heç vaxt unutmamalıdır ki, həmin 1991, 1992 və 1993-cü illərdə Azərbaycanda sadəcə, yaşamaq da çətin idi, bəzi hallarda mümkün deyildi. Hərc-mərclik, hakimiyyətsizlik, ayrı-ayrı silahlı dəstələrin bir-biri ilə silahlı mübarizəsi, hakimiyyət uğrunda mübarizə – bunlar hamısı Azərbaycanın həmin illərdəki reallığı idi. İndi Azərbaycanda daxili vəziyyət tam sabitləşibdir. Biz ictimai-siyasi sabitliyi təmin etmişik və onu ardıcıl surətdə qoruyub saxlayırıq. Bunlar da bütün Azərbaycan vətəndaşlarının, gənclərinin normal yaşaması, işləməsi, təhsil alması üçün əsas şərtdir.

Azərbaycan ötən illərdə sosial-iqtisadi böhrandan çıxdı. Məlumdur ki, 1993-1994-cü illərdə, hətta 1995-ci ildə Azərbaycanda iqtisadiyyat tənəzzül dövrü keçirirdi, böhran içərisində idi. Biz apardığımız tədbirlər nəticəsində ölkəmizi bu böhrandan çıxara bildik. İndi son üç ildə Azərbaycan sosial-iqtisadi inkişaf dövrü keçirir. Bu gün məmnuniyyət hissi ilə demək olar ki, keçmiş Sovetlər İttifaqına mənsub olan ölkələr içərisində Azərbay-canın sosial-iqtisadi vəziyyəti xeyli fərqlidir.

Biz tənəzzülün qarşısını 1995-ci ildə aldıq. 1996-cı ildə iqtisadiyyatda sabitləşməni təmin edə bildik və inkişafa qədəm qoyduq. 1997-1998-ci illərdən isə iqtisadiyyat inkişaf yolu ilə gedir. Bunu rəqəmlər sübut edir. Ümumi daxili məhsul 1996-cı ildə 1,3 faiz artmışdır. Amma ona qədər, ondan əvvəlki 5-6 il içərisində isə iqtisadiyyat daim tənəzzülə doğru gedirdi. 1997-ci ildə ümumi daxili məhsul 5,8 faiz, 1998-ci ildə isə 10 faiz artıbdır. Sənaye istehsalı 1997-ci ildə 0,3 faiz, 1998-ci ildə isə 2,2 faiz artmışdır. Kənd təsərrüfatı istehsalı da yüksəlmişdir.

Azərbaycana investisiya qoyuluşunun həcmi ilbəil artmışdır. Əgər 1996-cı ildə Azərbaycana 600 milyon dollar həcmində investisiya qoyulmuşdusa, 1998-ci ildə bir milyard 500 milyon dollar dəyərində xarici investisiya qoyulubdur. 1998-ci ildə kapital qoyuluşu 45 faiz artmışdır.

Bunlar hamısı Azərbaycanda əhalinin rifah halının yaxşılaşmasına təminat yaratmışdır. 1996-cı ildə orta aylıq əmək haqqı 82 min manat olduğu halda, 1998-ci ildə 170 min manat olmuşdur. Təbiidir ki, bunlar bizi qane etmir. Ancaq bu, eyni zamanda onu göstərir ki, Azərbaycan çətin şəraitdə, müharibə şəraitində olmasına baxmayaraq iqtisadiyyatda böhranın qarşısını aldı, ölkəmiz böhrandan çıxdı. Biz tənəzzüldən xilas olduq və ölkəmiz inkişafa başlamışdır. Bu, 1999-cu ildə və gələcək illərdə Azərbaycanın inkişaf etməsinə şərait yaradır, apardığımız düzgün sosial-iqtisadi siyasətin nəticəsidir. Bunlar Azərbaycanda həyata keçirilən iqtisadi islahatların – torpaq islahatının, özəlləşdirmə proqramının, iqtisadiyyatın liberallaşdırılmasının, sahibkarlığa geniş imkan verilməsinin və beləliklə, ölkəmizin iqtisadiyyatının bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat yolu ilə inkişaf etdirilməsinin nəticəsidir.

Biz əldə etdiyimiz nailiyyətləri qiymətləndirərək, eyni zamanda, hələ həll olunmamış problemləri də yaxşı bilirik. Gənclər bunları – həm nailiyyətləri, həm də həll olunmamış problemləri bilməlidirlər. Gənclər hər şeyi bilməlidirlər. İndi biz müstəqil dövlətdə plüralizm, demokratiyanın inkişafı şəraitində yaşayırıq, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesini həyata keçiririk. Ona görə də Azərbaycanın hər bir vətəndaşı ölkəmizin həyatında gedən prosesləri bilməlidir və onlar bu proseslərdə fəal iştirak etməlidirlər. Gənclərin qarşısında duran vəzifələr birinci növbədə cəmiyyətdə öz yerini tutmaqdan, maariflənməkdən, təhsilini artırmaqdan, cəmiyyət üçün faydalı olmaqdan ibarətdir.

Təhsil sahəsində geniş islahatlar həyata keçirilir. Güman edirəm ki, bu, təhsilin keyfiyyətini də artıracaqdır və gənclərin daha da yüksək təhsil alması üçün şərait yaradacaqdır.

Bizim həyatımızın xarakterik cəhəti bir də ondan ibarətdir ki, Azərbaycan Ermənistanın hərbi təcavüzündən indiyə qədər xilas ola bilməyibdir. 1988-ci ildən Ermənistan tərəfindən Azərbaycana qarşı başlanmış təcavüz ölkəmizə çox ağır zərbələr vurmuşdur. Biz böyük itkilər vermişik. Azərbaycan torpaqlarının bir qismi işğal olunmuşdur. İşğal edilmiş torpaqlardan bir milyondan artıq soydaşımız məcburi köçürülmüş, onların əksəriyyəti çadırlarda ağır vəziyyətdə yaşayır.

Biz 1994-cü ilin may ayında atəşkəs haqqında saziş imzaladıq. Artıq 4 ildən çoxdur ki, atəşkəs rejimində yaşayırıq, Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək istəyirik. Bu sahədə çox işlər görülübdür. Ən böyük nailiyyət ATƏT-in 1996-cı ilin dekabrında Lissabonda keçirilmiş zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi üçün qəbul olunmuş prinsiplərdir. Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfinin destruktiv mövqeyinə görə biz indiyə qədər həmin prinsiplərin reallaşmasına və münaqişənin sülh yolu ilə həll edilməsinə, torpaqlarımızın azad olunmasına nail ola bilməmişik.

Mən bu gün bir daha bəyan edirəm ki, biz hələ bu yolda bütün imkanlardan tam istifadə edə bilməmişik. Hesab edirəm ki, məsələnin sülh yolu ilə həll olunmasının hələ böyük potensialı vardır. Biz bu potensialdan səmərəli istifadə etməliyik. Doğrudur, ATƏT-in Minsk qrupunun həmsədrləri – Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa bu məsələnin həll olunması üçün lazımi tədbirlər görmürlər. Biz bu barədə öz narazılığımızı və bəzən etirazımızı da bildiririk. Ancaq biz eyni zamanda, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmasını Azərbaycan üçün bu gün də, gələcəkdə də məqbul hesab edirik.

Güman edirəm ki, biz 1999-cu ildə münaqişənin sülh yolu ilə həll olunması üçün ciddi addımlar atacağıq və məsələnin həllinə nail olacağıq. Ancaq biz eyni zamanda, ölkəmizin təhlükəsizliyini qorumaq, torpaqlarımızı etibarlı müdafiə etmək üçün bütün imkanlarımızı inkişaf etdirməliyik. Bu baxımdan hesab edirəm ki, son illər Azərbaycan ordusunun inkişafı, bugünkü vəziyyəti bizim əldə etdiyimiz ən böyük nailiyyətlərdəndir.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra respublikamızda ordu quruculuğu sahəsində bir neçə il itirilibdir. Burada deyildiyi kimi, 1993-cü ilin noyabrından sonra Azərbaycanda ordu quruculuğuna başlandı. Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanın qüdrətli ordusu vardır. Azərbaycan torpaqlarını həmişə müdafiə etməyə, lazım olarsa, torpaqlarımızı müharibə yolu ilə azad etməyə qadir olan ordumuz vardır.

Azərbaycanda cəmiyyətdə, xüsusilə gənclər arasında orduya münasibət müsbət mənada tamamilə dəyişibdir. Gənclər indi orduya həvəslə gedirlər, orduda xidmət edirlər, öz vətəndaşlıq borclarını yerinə yetirirlər və Azərbaycan ordusunu gücləndirirlər, inkişaf etdirirlər.

Ordunun nümayəndələri burada çıxış etdilər. Ordunun bugünkü vəziyyəti hamımızda böyük iftixar hissi doğurur. Bəli, qısa bir zamanda Azərbaycanda ordunun yaranması və orduda zabitlərin, əsgərlərin sədaqətlə xidmət etməsi həyatımızın ən gözəl əlamətlərindən biridir. Ancaq orduya qayğı, diqqət daim artmalıdır. Azərbaycan gəncləri orduda xidmət etməyi öz şərəfli borcları hesab etməlidirlər. Buradakı çıxışlarda bu cür sözlər səsləndi. Mən də bunu bir daha bildirmək istəyirəm ki, hər bir azərbaycanlı gənc orduda xidmət etməklə özünü yüksəldir, həqiqi vətəndaş edir, ölkəsində özünü hüquqlu bir insan edir. Biz orduya bundan sonra da diqqəti, qayğını artıracağıq. Əminəm ki, Azərbaycan gəncləri ölkəmizin ordusunu bundan sonra da gücləndirəcəklər, inkişaf etdirəcəklər.

Ordunun nümayəndələri bu gün forum iştirakçılarını salamladılar, öz raportlarını təqdim etdilər. Hesab edirəm, biz də onları salamlamalıyıq. Mən bu salondan forumun adından Azərbaycan ordusunun əsgərlərinə və zabitlərinə səmimi salamlarımızı çatdırıram, onlara bu şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram.

Azərbaycan gənclərinin bir qismi vətən yolunda canlarını qurban vermiş şəhidlərin övladlarıdır. Azərbaycan gənclərinin bir qismi Vətən müharibəsində vuruşaraq şikəst, əlil olmuş, yaralanmış, xəsarət almış insanlardır. Onlara xüsusi qayğı, diqqət olmalıdır. Vətən yolunda vuruşaraq şikəst olmuş, gözlərini itirmiş Fikrət İsayev forumun dünənki iclasında çox həyəcanlı çıxış etdi. Fikrət İsayev kimi qəhrəman insanlar Azərbaycan gəncliyini yüksəldən və yüksək zirvələrə qaldıran insanlardır.

Vətən yolunda vuruşub qəhrəmanlıq nümunələri göstərən gənclərimizin hamısına mən bu gün bir daha, bir daha təşəkkürümü, minnətdarlığımı bildirirəm və bəyan edirəm ki, Azərbaycan dövləti, prezidenti onlara qayğısını bundan sonra daim artıracaqdır. Gənclər və İdman Nazirliyi, bütün gənclər təşkilatları gənclərin bu dəstəsinə xüsusi qayğı, xüsusi diqqət göstərməlidirlər.

Azərbaycan gənclərinin bir hissəsi işğal olunmuş torpaqlarımızdan zorla köçürülmüş ailələrin övladlarıdır, həmin torpaqların gəncləridir. Biz yerindən-yurdundan didərgin düşmüş bütün soydaşlarımıza daim qayğı və diqqət göstərməliyik və göstəririk. Ancaq köçkün, qaçqın ailələrinin uşaqlarına, gənclərinə diqqət və qayğı xüsusi olmalıdır.

Forumdakı çıxışlarda qeyd olundu ki, onların təhsili də qənaətbəxş vəziyyətdə deyildir. Mən düşündüm, - doğrudur, Təhsil Nazirliyindən soruşa bilmədim, - bu şəhid övladlarına, müharibədə şikəst olmuş, xəsarət almış gənclərə və işğal edilmiş torpaqlarımızdan zorla qovulmuş ailələrin övladlarına, gənclərə təhsil sahəsində nə kimi güzəştlər, imtiyazlar vardır? Düzü, bilmirəm. Ancaq varsa, hesab edirəm, onları artırmaq lazımdır. Yoxdursa, belə imtiyazları, güzəştləri yaratmaq lazımdır.

Bəli, gərək biz bütün qaçqın və köçkün düşərgələrində məktəblər təşkil edək və onların uşaqlara, gənclərə lazımi səviyyədə təhsil verməsi üçün ciddi tədbirlər görək. Bu da forumun yekunlarından biridir. Hesab edirəm ki, bizim qəbul edəcəyimiz sənədlərdə bunlar öz əksini tapmalıdır.

Həyatımızda problemlər çoxdur. Hər bir vətəndaş, gənc özünə qayğı istəyir. Biz bunu etməliyik. Ancaq adlarını çəkdiyim təbəqələrdən olan gənclərə xüsusi qayğı, diqqət göstərilməlidir.

Qeyd etdim ki, Azərbaycan gənclər ölkəsidir. Belə olan halda gənclərə daha da geniş imkanlar yaratmaq, geniş yollar açmaq lazımdır. Mən gənclərin təhsili haqqında öz fikirlərimi dedim. Ancaq hesab edirəm, gənclərin əmək fəaliyyətinə, dövlət, hökumət işlərinə cəlb olunması bizim əsas vəzifələrimizdəndir. Bu barədə indiyə qədər müəyyən işlər görülübdür. Ancaq onlar azdır. Mən burada səslənən bütün fikirlərlə razıyam ki, gənclər dövlət idarəetmə işinə cəlb olunmalıdır. Bizim hökumət orqanları, Nazirlər Kabineti, nazirliklər, yerli hakimiyyət orqanları gəncləri irəli çəkməlidirlər, onları dövlət, hökumət işinə cəlb etməlidirlər, öz imkanlarını həyata keçirmək, reallaşdırmaq üçün gənclərə şərait yaratmalıdırlar.

Forumda dünən və bu gün çıxış edən gənclər özlərinin siyasi yetkinliklərini, dövlət işi üçün nə qədər hazır olduqlarını göstərdilər. Biz onlara imkanlar yaratmalıyıq. Mən bu gün bəyan edirəm ki, bütün hakimiyyət orqanlarında, dövlət və hökumət orqanlarında gənclər işə cəlb olunmalıdır və onlara bu barədə lazımi qayğı göstərilməlidir.

Mən bu fikri əvvəllər də irəli sürmüşdüm. Ancaq təəssüflər olsun ki, onun əməli surətdə tam həyata keçirilməsinə nail ola bilməmişik. Ona görə də forumun yekunları ilə əlaqədar sənədlərdə bizim bu çağırışlarımızdan əlavə, onları həyata keçirmək üçün, gənclərin dövlət, hakimiyyət işinə cəlb olunması üçün konkret tədbirlər görməliyik. Hesab edirəm ki, şəhərlərə, rayonlara, bütün nazirliklərə bu barədə lazımi göstərişlər verilməlidir və onların həyata keçirilməsi nəzarət altında olmalıdır.

Biz yaşlı, orta nəslin Azərbaycanın bugünkü həyatında xidmətlərini yüksək qiymətləndirməliyik. Onların təcrübəsindən, biliyindən, bacarığından bundan sonra da fəal istifadə edəcəyik. Ancaq bunlar gənclərin irəli çəkilməsinə, dövlət işlərinə cəlb edilməsinə mane olmamalıdır. Əmin ola bilərsiniz ki, mən bu fikri axıradək həyata keçirəcəyəm.

Gənclərin, ümumiyyətlə, Azərbaycan vətəndaşlarının fəaliyyəti üçün müstəqil dövlətimizin əsas prinsiplərinə əməl edilməlidir. Əgər belə deyə bilsək, bu, müstəqil Azərbaycanın milli ideologiyasının prinsipləridir. Bu, Azərbaycanın müstəqilliyi, onun möhkəmləndirilməsi, daim inkişaf etdirilməsi və əbədi olmasıdır.

Azərbaycanın suverenliyi, bütövlüyü və bölünməzliyi, ölkəmizin bütün vətəndaşlarının mənsub olduğu Azərbaycan xalqı, azərbaycançılıq, ölkəmizin dövlət dili olan Azərbaycan dili, xalqımızın tarix boyu yaratdığı milli-mənəvi dəyərlərimiz, xalqımızın milli əxlaqi mentaliteti, ümumbəşəri dəyərlər və bütün bu dəyərlərin sintezi, respublikamızın ilk demokratik konstitusiyası, bu konstitusiyada hər bir vətəndaş üçün vəzifələr, vətəndaşlarımızın hüquqları, təminatları, Azərbaycanın milli bayrağı, gerbi, himni – bütün bunlar, mənim fikrimcə, müstəqil Azərbaycanın milli ideologiyasının əsasını təşkil edən prinsiplərdir. Gənclərimizi təhsil, tərbiyə sahəsində, ailə həyatında bu prinsiplər əsasında formalaşdırmaq, inkişaf etdirmək və fəaliyyətə cəlb etmək lazımdır.

Hesab edirəm ki, bunlar Azərbaycan məktəblərinin, universitetlərinin, bütün təhsil ocaqlarının, ölkəmizin gənclər təşkilatlarının, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, bütün hakimiyyət orqanlarının əsas vəzifəsidir. Gənclər bütün bu prinsiplər əsasında tərbiyələndirilməli, inkişaf etdirilməlidir. Onlar Azərbaycanın gələcəyini təmin etməlidirlər.

Əziz gənclər!

Forum zamanı siz Azərbaycanın dövlətçiliyi, ölkəmizin xarici və daxili siyasəti, respublikamızın bu günü və gələcəyi haqqında səmimi sözlər dediniz, öz fikirlərinizi bildirdiniz. Bütün bunlara görə sağ olun. Azərbaycan dövləti müstəqil dövlətimizi qorumaq, inkişaf etdirmək üçün öz vəzifələrini yerinə yetirir. Ancaq xalqın dəstəyi, etimadı, gənclərin Azərbaycanın dövlət siyasətinə verdiyi dəstək və bu siyasətin həyata keçirilməsində fəal iştirakı bizim bugünkü və gələcək nailiyyətlərimizin əsasını təşkil edir.

Mən bu dəstəyinizə görə sizə təşəkkür edirəm. İnanıram ki, Azərbaycanın gəncləri bundan sonra da ölkəmizin dövlətçiliyini və müstəqilliyini daim müdafiə edəcək və qoruyacaqlar, Azərbaycanın dövlətinə, prezidentinə daim dayaq olacaqlar.

Forum və gənclərin bugünkü əhval-ruhiyyəsi məni çox sevindiribdir. Güman edirəm ki, bu forumun gedişini televiziya ilə müşahidə, seyr edənlər, həqiqi Azərbaycan vətəndaşları, vətənpərvər insanlar bizim kimi sevinirlər və Azərbaycan gəncliyinin bu günü ilə fəxr edirlər.

Əziz gənclər!

Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!

Mən sizə bir daha cansağlığı arzu edirəm, bütün işlərinizdə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycanın gəncliyi, ölkəmizin bu günü və gələcəyi həmişə parlaq, işıqlı olacaqdır.

Yaşasın Azərbaycan gəncləri!

Yaşasın müstəqil Azərbaycan!

iacca
iap
business ready
eplc
Ən Tez