12 Dekabr - Bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciəti - 10 dekabr 1999-cu il

Əziz həmvətənlər, bacılar, qardaşlar!

Azərbaycan Respublikasının vətəndaşları!

İki gündən sonra - dekabr ayının 12-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcəkdir. Bələdiyyə seçkiləri Azərbaycanda ilk dəfə aparılır. Bələdiyyələrin yaranması və onlara seçkilər keçirilməsi barəsində 1995-ci ildə müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyada müvafiq müddəalar öz əksini tapıbdır. Buna görə də bələdiyyələrin təşkil olunması və onun üçün seçkilərin keçirilməsi ən öncə Azərbaycan Konstitusiyasının əsasındadır və Konstitusiyanın müddəalarının həyata keçirilməsini göstərir.

Eyni zamanda son 4 ay ərzində bələdiyyələr haqqında, bələdiyyələrə seçkilər haqqında, bələdiyyələrin səlahiyyətləri və vəzifələri haqqında bir neçə qanunlar qəbul olunubdur. Beləliklə, bələdiyyə seçkilərini keçirmək üçün lazımi işlər görülübdür.

Dünən axşam Mərkəzi Seçki Komissiyası seçki prosesi haqqında, bələdiyyə seçkilərinə aparılan hazırlıq haqqında televiziya ilə geniş məlumat veribdir. Bu məlumat bu gün mətbuatda da dərc olunubdur. Bu məlumatdan görünür ki, Azərbaycanda bələdiyyə seçkilərinə vətəndaşlar tərəfindən çox böyük maraq, çox böyük həvəs göstərilir və böyük fəallıq nümayiş etdirilir. Bu, çox sevindirici haldır. Onu demək istəyirəm ki, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin əsasını təşkil edən - ölkəmizdə demokratik seçkilərin keçirilməsidir.

Bildiyiniz kimi, biz artıq 1995-ci ildə tam demokratik prinsiplər əsasında parlament seçkiləri keçirmişik. 1998-ci ildə prezident seçkiləri keçirilibdir. Bu sahədə xeyli təcrübə əldə olunubdur.

Ancaq bələdiyyə seçkiləri o seçkilərdən fərqlənir. Ona görə ki, bu, daha da kütləvi təşkilatların yaranması üçün keçirilən seçkilərdir. Vətəndaşların fəallığı və qeydə alınmış namizədlərin sayı, bələdiyyələrin sayı məhz onu göstərir ki, həqiqətən bələdiyyələr Azərbaycanın hər guşəsini əhatə edən yerli özünüidarəetmə orqanları kimi kütləvi xarakter daşıyırlar. Beləliklə, seçkilər də əvvəlki seçkilərə nisbətən daha da kütləvidir. O mənada ki, bələdiyyələrin sayı çoxdur və bir də, bələdiyyələrə seçilmək üçün özünü namizəd göstərmiş və müvafiq seçki komissiyaları tərəfindən qeydə alınmış vətəndaşların sayı həddindən çoxdur.

Məsələn, mən verilən məlumatlarla tanış oldum. Bakının rayonlarında, - hansında ki, bir bələdiyyə olacaqdır, - 19 nəfər bələdiyyə üzvü nəzərdə tutulduğu halda, 60-70, bəlkə də 80 namizəd göstərilibdir. Təbiidir ki, bu, insanların həm marağını, həm həvəsini göstərir, həm də seçicilər üçün, vətəndaşlar üçün özləri istədiyi adamı seçib ona səs verməyə imkan yaradır.

24 siyasi partiya bələdiyyə seçkilərində iştirak etmək üçün öz namizədlərini verib və onların namizədlərinin əksəriyyəti də qeydə alınıbdır. Bu da, demək olar ki, qeydə alınan namizədlərin bir çox hissəsini təşkil edir. Digər hissəsi isə bitərəf vətəndaşlardır, onlar özləri öz namizədliklərini veriblər.

Bu mənzərə də təbiidir. Çünki Azərbaycanda partiyalar mövcuddur, amma çoxu kiçik partiyalardır. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində siyasiləşmə, partiyalaşma prosesi hələ özünün ilk dövrünü yaşayır. Ancaq bununla bərabər, hesab edirəm, bu, müsbət haldır ki, 24 siyasi partiya öz namizədlərini, nümayəndələrini verib və qeydə alınıblar. Demək, bələdiyyə seçkilərində iştirak edəcəklər.

Beləliklə, hazırlıq işləri görülübdür. İndi əsas vəzifə dekabr ayının 12-də seçkiləri keçirməkdən ibarətdir. Bələdiyyə seçkiləri Azərbaycanda gedən demokratikləşmə prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin böyük bir hissəsi, böyük bir sahəsidir. Qeyd etdiyim kimi, biz bunu ilk dəfə keçiririk. Beləliklə, biz Azərbaycanda qeyri-dövlət, tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir. Əgər bələdiyyə seçkiləri uğurla keçirilsə, əgər bələdiyyələrə həqiqətən, hər bir bölgədə fəaliyyət göstərib xalqa xidmət etmək arzusunda olan insanlar seçilsə və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza yaxşı xidmət göstərə bilsə, təbiidir ki, bu, bizim ölkəmizin inkişafında çox böyük rol oynayacaq və dövlətin qarşısında duran vəzifələrin bir qismini bələdiyyələr öz üzərinə götürəcəkdir.

Ona görə də bu, indi çox mühüm bir mərhələdir. Biz bu mərhələyə gəlib çatmaq üçün böyük yol keçmişik. Ancaq mənə belə gəlir ki, əsas işlər qarşıdadır. Bunun üçün də bələdiyyələrə seçkilər çox uğurlu olmalıdır.

Qeyd etdim, bir də demək istəyirəm, bələdiyyə seçkiləri Azərbaycanda demokratiyanın inkişafının göstəricisidir. Ancaq bu, o vaxt həqiqi göstərici ola bilər ki, seçkilər tam demokratik şəraitdə, sərbəst şəraitdə keçirilsin, insanlar öz arzularını, istəklərini sərbəst ifadə edə bilsinlər və bunlar səsvermədə öz əksini tapa bilsin.

Mən xalqa müraciət edərək, birincisi, vətəndaşlarımızı, seçiciləri seçkilərdə fəal iştirak etməyə dəvət edirəm. Təbiidir ki, seçkidə iştirak etmək, yaxud iştirak etməmək hər bir vətəndaşın şəxsi hüququdur. Ancaq eyni zamanda hər bir vətəndaş Konstitusiyanın ona verdiyi hüquqdan istifadə etməli, kənarda qalmamalıdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycan vətəndaşları Azərbaycanda demokratiyanın yaranmasında, dövlət quruculuğu prosesinin yaranmasında indiyə qədər fəal iştirak etdikləri kimi, yerli idarəetmə orqanlarının yaranması üçün keçirilən bələdiyyə seçkilərində də fəal iştirak edəcəklər.

Bələdiyyə seçkilərini yaradılmış seçki komissiyaları aparacaqdır - məntəqə seçki komissiyaları və ərazi seçki komissiyaları. Mərkəzi Seçki Komissiyası salədcə, buna ümumi rəhbərlik edir. Amma əsas səlahiyyətlər ərazi seçki komissiyalarının və məntəqə seçki komissiyalarının üzərindədir.

Verilən məlumatlara görə, bu seçki komissiyaları yaxşı təşkil edilib, demokratik şəraitdə təşkil olunubdur, demokratik prinsipləri əks etdirir. Bu komissiyalar əhalinin bütün təbəqələrini, o cümlədən siyasi partiyaları təmsil edirlər. Yəni onlar komissiyalarda təmsil olunurlar.

Beləliklə, indiyə qədər görülən işlər nəticəsində məntəqə, ərazi seçki komissiyalarının bu seçkiləri uğurla və tam demokratik aparmaq üçün bütün imkanları var. Təbiidir ki, nəticə həm seçicilərin fəallığından, həm sərbəst səs vermələrindən, həm də seçki komissiyalarının seçkiləri yaxşı təşkil etməsindən asılı olacaqdır. Mən ümid edirəm ki, bizim vətəndaşlarımız çalışacaqlar bu vəzifələri də layiqincə yerinə yetirsinlər.

Bir də qeyd edirəm ki, bizim dövlət quruculuğu prosesində demokratiya, demokratiyanı inkişaf etdirmək üçün sərbəst, azad seçkilər xüsusi yer tutur. Biz son illər seçkilərin keçirilməsində yaxşı nəticələr əldə etmişik, yaxşı təcrübə də əldə etmişik.

Təbiidir ki, keçmiş seçkilərdə nöqsanlar da olub, pozuntular, qüsurlar da olubdur. Bunlar da təbiidir. Çünki dövlət müstəqilliyi əldə ediləndən sonra Azərbaycanda seçkilərin demokratik şəraitdə keçirilməsi vətəndaşlar üçün yeni bir hadisə, yeni bir haldır. Vətəndaşlarımız uzun illər, onilliklərlə seçkilərdə keçmiş sistem əsasında iştirak ediblər. Ona görə də insanların demokratik seçkilərin keçirilməsinə alışması və hər bir vətəndaşın seçkilərə həqiqətən maraq göstərməsi, demək, öz dövlətinə, öz dövlət orqanlarına, özünün seçilmiş nümayəndələrinə maraq göstərməsi çox vacib bir haldır.

Hesab edirəm ki, biz son illər keçirdiyimiz seçkilər nəticəsində xeyli təcrübə əldə etmişik. Mənim arzum, istəyim ondan ibarətdir ki, əldə edilmiş təcrübədən həm seçki komissiyaları tərəfindən səmərəli istifadə olunsun, həm də bizim vətəndaşlarımız, seçicilər əvvəlki seçkilərdən də fərqli olaraq bu seçkilərdə birincisi, daha fəal iştirak etsinlər, ikincisi, öz fikirlərini sərbəst, azad ifadə etsinlər.

Ancaq bunu təmin etmək üçün eyni zamanda seçkilərə kənardan müdaxilələrin də qarşısı alınmalıdır. Mən qeyd etdim ki, seçkiləri yalnız və yalnız seçki komissiyaları keçirirlər. Ona görə də icra orqanlarının və müxtəlif dövlət orqanlarının seçki prosesinə qarışması, müdaxilə etməsi qətiyyən yolverilməzdir. Mən bunu xüsusi vurğulayıram və bütün icra orqanlarına, dövlət orqanlarına bir də xəbərdarlıq edirəm ki, onlar seçki prosesinə müdaxilə etməməli, qarışmamalıdırlar və belə halların qarşısını özləri vaxtında almalıdırlar.

Onların vəzifəsi bundan ibarətdir. Əgər biz buna nail ola bilsək, hesab edirəm ki, demokratiyanın inkişafında böyük bir addım ata biləcəyik.

Seçkiləri müşahidə etmək üçün müşahidəçilər gəliblər. Beynəlxalq təşkilatlardan gəliblər, ayrı-ayrı ölkələrdən parlament üzvləri gəliblər və bu gün də gələcəklər. Bu, bizim üçün çox əhəmiyyətli bir haldır. Çünki, birincisi, bu beynəlxalq müşahidəçilərin varlığı seçki komissiyalarında işlərin tam demokratik şəraitdə aparılması üçün, necə deyərlər, müəyyən qədər faktor rolu oynayır. Amma ikinci tərəfdən də, müşahidəçilər öz müşahidələri ilə seçkilərin demokratik, azad, sərbəst keçirilməsinə mənən yardım edəcəklər.

Təbiidir ki, onlar müşahidə edərək, Azərbaycanda seçkilərin hansı səviyyədə keçirilməsi haqqında sonra öz fikirlərini bildirəcəklər. Bizim üçün də çox vacibdir ki, bu fikirlər müsbət olsun.

Ancaq biz seçkiləri müsbət qiymət almaq üçün keçirmirik. Biz özümüz demokratiyanı, sərbəst seçkiləri Azərbaycanın dövlət quruculuğunun strateji yolu kimi qəbul edərək və nəzərə alaraq bu seçkilərin tam demokratik, sərbəst, azad keçirilməsinə nail olmalıyıq. Əgər belə olarsa, təbiidir ki, seçkilərin nəticəsinə görə də beynəlxalq təşkilatlarda, ayrı-ayrı ölkələrdə onların müşahidəçiləri vasitəsilə Azərbaycanda demokratiyanın bugünkü səviyyəsi haqqında daha da dolğun, düzgün və daha da ədalətli fikir formalaşacaqdır.

Bizim ölkəmiz demokratiya yolu ilə gedən ölkədir, hüquqi, demokratik dövlət quruculuğu prosesi aparan ölkədir. Biz bu yolda çox işlər görmüşük. Ancaq hələ qarşımızda duran vəzifələr və görüləsi işlər də çoxdur.

Azərbaycanda hər bir seçki prosesi insanları, vətəndaşları demokratiya prinsiplərinə daha da yaxınlaşdırmalıdır. Yəni demokratiya prinsipləri insanların daxili mənəviyyatı olmalıdır. Onların üzərində bir vəzifə kimi yox, onlara bir tapşırıq kimi yox, insanların özlərinin daxili mənəviyyatının tərkib hissəsi olmalıdır. Belə olan şəraitdə biz gələcəkdə də Azərbaycanda demokratiyanı sürətlə inkişaf etdirə bilərik. Əmin olduğumu bildirmək istəyirəm ki, bələdiyyə seçkiləri bu barədə bizim üçün mərhələ olacaq və yaxşı nəticələr verəcəkdir. Mənim arzum, istəklərim bundan ibarətdir.

Qeyd etmək istəyirəm ki, bələdiyyə seçkilərinin uğurla keçirilməsi Azərbaycanda yerli idarəetmə orqanlarının yaranmasını müəyyən edəcəkdir, yaranmasını təşkil edəcəkdir. Yerli idarəetmə orqanları isə yerlərdə onların səlahiyyətləri çərçivəsində, qanun çərçivəsində çox işlər görə bilərlər. Beləliklə, onlar dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərlərinə götürəcəklər, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir.

Şübhəsiz ki, seçkilər zamanı, ola bilər, səhvlər də buraxılsın, qüsurlara da yol verilsin, pozuntular da olsun. Bunun nəticəsində bələdiyyələrə seçilmək üçün öz namizədliyini göstərmiş vətəndaşlar narazılıqlarını bildirə, şikayət edə bilərlər. Mən birinci növbədə seçki komissiyalarına müraciət edirəm ki, onlar hər bir namizədin şikayətinə, narazılığına dərhal reaksiya versinlər, baxsınlar və ədalətli qərar qəbul etsinlər.

Əgər vətəndaşlar bunlara nail ola bilməsələr, təbiidir ki, onlar bizim məhkəmələrə müraciət edə bilərlər. Mən bütün məhkəmələrə müraciət edərək onlardan xahiş edirəm ki, bələdiyyə seçkiləri günü və ondan sonrakı günlərdə - bələdiyyə seçkiləri nəticələrinin yekunlaşması prosesində onlara daxil olmuş hər bir şikayətə birincisi, vaxtında baxsınlar, ikincisi də ədalətli baxsınlar. Bu seçkilərdə ədalətin təmin olunması bizim üçün hər şeydən üstündür. Hər şeydən üstündür! Çünki biz ədalətli bir cəmiyyət yaradırıq. İstəyirik ki, hər yerdə ədalət olsun, hər yerdə düzgünlük olsun, hər yerdə təmizlik olsun. Bunların hamısı da açıq-aşkar, demokratiya şəraitində ola bilər. Ona görə də seçkilərin açıq-aşkar keçirilməsi, demokratiya şəraitində keçirilməsi və insanların öz hüquqlarının pozulduğu halda bu hüquqların bərpa edilməsi üçün imkanlarının olması, təbiidir ki, bizə qarşımızda duran vəzifələri yerinə yetirməyə imkan verəcəkdir.

Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, bu arzularım, bu istəklərim birincisi, bizim vətəndaşlarımız tərəfindən qəbul olunacaq, ikincisi, seçki komissiyaları tərəfindən nəzərə alınacaqdır. Beləliklə, biz bələdiyyə seçkilərini uğurla həyata keçirəcəyik.

Mən Azərbaycanın bütün vətəndaşlarına səadət arzulayıram, sülh və əmin-amanlıq şəraitində yaşamalarını arzulayıram. Arzu edirəm ki, hər bir Azərbaycan vətəndaşı günü-gündən yaxşı yaşasın. Bunun üçün dövlət əlindən gələni edir və bundan sonra da edəcəkdir. Arzu edirəm ki, hər bir vətəndaş Azərbaycanda dövlət quruculuğu prosesində, seçkilərdə fəal iştirak etsin. Hamınıza uğurlar arzulayıram. Sağ olun.

iacca
iap
business ready
eplc
Ən Tez