Avropa Şurası Parlament Assambleyasının sessıyasında çıxışı - 25 yanvar 2021-ci il

Hörmətli cənab sədr!

Hörmətli cənab Nazirlər Komitəsinin sədri!

Hörmətli cənab baş katib!

Hörmətli Parlament Assambleyası üzvləri!

Xanımlar və cənablar!

Bu gün biz mühüm tarixi anlar yaşayırıq. Vahid və bölünməz Avropanın tərkib hissəsi olan Azərbaycan Respublikası Avropanın mötəbər, nüfuzlu təşkilatına - Avropa Şurasına daxil olmuşdur.

Azərbaycan Respublikasının bu təşkilata daxil olmasında göstərdikləri dəstəyə görə Avropa Şurası Parlament Assambleyasının üzvlərinə və Avropa Şurasının üzvü olan dövlətlərə Azərbaycan xalqı adından minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək, Ermənistanın da Avropa Şurasına qəbul olunması münasibətilə prezident Koçaryanı təbrik edirəm.

Hörmətli deputatlar!

1991-ci ildə müstəqillik qazanmış Azərbaycan XX əsrin son on ilində özünün suverenliyi uğrunda, xalqının azadlığı, xoşbəxtliyi və tərəqqisi uğrunda qanlı-qadalı, ağır mübarizələrdən keçmişdir. Bu illər dövlətçiliyimizin təşəkkülü yolunda mürəkkəb və çətin illər olmuşdur.

Qısa müddət ərzində biz ölkədə asayişi və qanuni hakimiyyəti bərqərar etməyə, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmağa, şəxsiyyətin təhlükəsizliyinə təminat yaratmağa, sabitliyi təmin etməyə, demokratik əsasların inkişaf etdirilməsi və iqtisadiyyatın canlandırılması üçün quruculuq işinə başlamağa nail olmuşuq.

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, suveren hüququndan istifadə edərək 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etmişdir. Bu sənəd demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuş və onun inkişafının yollarını müəyyən etmişdir.

Ötən illər ərzində Azərbaycan xalqı iki dəfə respublikanın prezidentini və ölkənin parlamentini - Milli Məclisi seçmişdir. Azərbaycanda həmçinin bələdiyyə seçkiləri keçirilmişdir. Avropa Şurası ekspertlərinin etiraf etdiklərinə görə, seçki qanunlarımız ədalətli və azad seçkilərin beynəlxalq standartlarına tam uyğundur.

Bəli, nöqsanlar və pozuntular da olmuşdur. Lakin seçkidən-seçkiyə bunların sayı azalır. Nöqsanların aradan qaldırılması üçün dövlət qətiyyətli tədbirlər görür. Biz beynəlxalq təşkilatların, ilk növbədə Avropa Şurasının və ATƏT-in bu sahədə köməyini yüksək qiymətləndiririk və əməkdaşlığımızı davam etdirməyə hazırıq.

Qanunvericilik sahəsində əsaslı islahatlar aparılır. Azərbaycanın Konstitusiyası beynəlxalq hüququn üstünlüyünə təminat verir. Biz indiyədək Avropa Şurasının 15 konvensiyasına qoşulmuşuq. Biz hələ Avropa Şurasının üzvü olmayanda da bu təşkilatın əsas sənədlərinin müddəalarını və standartlarını nəzərə alırdıq. Bu, ilk növbədə insan hüquqlarına dair Avropa Konvensiyasına və onun protokollarına aiddir.

Ölkəmizdə qəbul edilən qanunlar Avropa Şurası ekspertlərinin bilavasitə iştirakı ilə hazırlanır. Hüquq islahatları nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığına, barəsində qaldırılmış işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hüquq müdafiəsinə təminat almışdır. Ölkədə çoxpartiyalı sistem fəaliyyət göstərir, siyasi plüralizm, söz və vicdan azadlığı, azlıqların hüququ, qanun qarşısında bərabərlik və təqsirsizlik prezumpsiyası təmin edilir.

Azərbaycanda Konstitusiya Məhkəməsi yaradılmış, ölüm hökmü ləğv edilmiş, senzura aradan götürülmüş, məhkəmənin müstəqilliyi təmin olunmuşdur. Üçpilləli məhkəmə sistemi yaradılmış, şəffaf prosedurlar əsasında və beynəlxalq standartlara uyğun keçirilən seçkilər yolu ilə hakimlər korpusu 60 faiz yeniləşdirilmişdir. İnsan hüquqlarının qorunmasına və müvafiq mexanizmlərin təkmilləşdirilməsinə dair dövlət proqramı həyata keçirilir.

2000-ci ilin iyununda mən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında fərman imzalamışam. Həmin fərmana əsasən, korrupsiyaya qarşı mübarizəyə dair qanun və dövlət proqramı hazırlanır.

Penitensiar sistemin islahatı uğurla aparılır. Məhbusların saxlanması şəraitini yaxşılaşdırmaq və Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş penitensiar müəssisələrin idarə olunmasını təkmilləşdirmək üçün tədbirlər görülür.

Mənim təşəbbüsümlə son beş ildə 55 min şəxs barəsində amnistiya elan edilmişdir. Bundan əlavə, mən 2500-dək məhbusu əfv etmişəm. Onların arasında hüquq müdafiəsi təşkilatlarının, Avropa Şurası Parlament Assambleyası deputatlarının müraciəti ilə əfv olunanlar da vardır. Bu il yanvarın 16-da mən 9 minədək şəxs barəsində amnistiya elan olunmasına dair təşəbbüslə respublika parlamentinə müraciət etmişəm. Əhalinin ümumi sayına nisbətdə məhkumların sayına görə Azərbaycan Avropa ölkələrinin göstəricilərinə yaxınlaşır.

Biz bundan sonra da Azərbaycan xalqının və dövlətinin humanizm, insanpərvərlik ideallarına və prinsiplərinə, demokratiyaya, qanunun aliliyinə, insan hüquqlarına və əsas azadlıqlara hörmət bəslənilməsinə əsaslanan dəyərlərə sadiqliyini nümayiş etdirəcəyik.

Tam məsuliyyətlə bəyan edirəm ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin azadlığı və qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti təmin olunmuşdur. Biz gələcəkdə də bu sahələrdə qanunvericiliyi təkmilləşdirmək və onun tətbiqi praktikasını yaxşılaşdırmaq niyyətindəyik.

Genişmiqyaslı islahatlar sayəsində iqtisadiyyatda tənəzzül aradan qaldırılmışdır. Azərbaycanın iqtisadi strategiyası iqtisadi fəaliyyətin liberallaşdırılmasına, inhisarçılığa son qoyulmasına və özəl sektorun inkişafına əsaslanır. Azərbaycanda özəlləşdirmə prosesi gedir, torpaq islahatı aparılır. Makroiqtisadi göstəricilərin sabit artımı əldə edilmişdir. İnvestisiya prosesinin canlanması üçün əlverişli şərait yaradılmışdır.

Azərbaycan özünün coğrafi mövqeyindən, dünya miqyaslı coğrafi-strateji əhəmiyyətə malik olan təbii ehtiyatlarından və potensialından istifadə edərək bir çox dövlətlərlə əməkdaşlıq şəraitində böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəql edilməsi layihələrini səmərəli surətdə həyata keçirir.

Azərbaycan Avropa Birliyi ilə, Avropanın iqtisadi strukturları ilə fəal əməkdaşlıq edir. Hazırda bu təşkilatların köməyi sayəsində 120-dən çox milli və transregional layihələr həyata keçirilir.

Bu gün Azərbaycanın demokratik inkişaf prosesi dönməz xarakter alıbdır, azadlığın və qanunun aliliyinin möhkəm təminatı yaradılıbdır. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabər hüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır.

Bəyan edirəm ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə sadiqdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan hələ 2000-ci ilin iyunundan öz öhdəliklərini yerinə yetirməyə başlamışdır. Halbuki bu öhdəliklər təşkilata üzv qəbul olunduqdan sonra qüvvəyə minir.

Yuxarıda dediklərim Azərbaycanda həyata keçirdiyimiz mühüm dəyişikliklərin yalnız bir hissəsidir. İslahatların aparılması, demokratik dəyişikliklərin həyata keçirilməsi prosesi təkamül xarakteri daşımalıdır. İslahatlar islahat xatirinə, yaxud da kiminsə xoşuna gəlmək üçün keçirilməməlidir. Bu iş düşünülmüş qaydada aparılmalıdır, cəmiyyət tərəfindən dərk olunmalı və qəbul edilməlidir. İslahatların məqsədi xalqın həyat səviyyəsini getdikcə yaxşılaşdırmaqdır. Hər bir xalqın öz mentaliteti və mənəvi dəyərləri, ənənələri, milli xüsusiyyətləri vardır və bütün bunlar nəzərə alınmalıdır. Eyni zamanda beynəlxalq təcrübədən istifadə, beynəlxalq strukturların və tərəfdaş ölkələrin dəstəyi də zəruridir.

Hörmətli deputatlar!

Tarixi yolların qovuşuğunda yerləşən ölkəmizin Avropa Şurasına qəbul olunması həm Azərbaycan üçün, həm də bu təşkilat üçün çox mühüm hadisədir. Biz Ümumavropa dəyərləri xəzinəsinə öz töhfələrimizi gətirməyə hazırıq. Bu töhfələr həm Avropada demokratik sabitliyin möhkəmlənməsinə, həm də avropalıların Şərq xalqlarının tarixi taleyini daha yaxşı və daha dərindən dərk etməsinə kömək edəcəkdir.

Bu, bir tərəfdən, qabaqcıl demokratik ideyaların, hüquqi baxışların yayılması, digər tərəfdən isə bütün xalqların milli-mənəvi xüsusiyyətlərinə hörmət bəslənilməsi üçün yaxşı zəmin olacaqdır. Mən bu mötəbər təşkilatın gələcək inkişafı və möhkəmlənməsində öz ölkəmin xüsusi rolunu və məsuliyyətini bunda görürəm.

Azərbaycan qonşu dövlətlərdə də demokratiyanın inkişaf etməsində maraqlıdır. Zənnimizcə, bu, regional təhlükəsizliyin və sabitliyin təminatıdır. Hesab edirəm ki, təcavüzkar millətçilik ideologiyasının, milli təkəbbür hissinin, qonşu dövlətlərə qarşı ərazi iddialarının hökm sürdüyü cəmiyyətdə demokratiya inkişaf edə bilməz.

Bu gün qanunun və insan hüquqlarının aliliyi prinsipləri ilə yaşayan vahid Avropada münaqişələr baş verir, suveren dövlətlərin əraziləri işğal olunur, etnik təmizləmə aparılır, dinc əhali doğma yurd-yuvalarından qovulur. Təcavüzlə razılaşmaq, hüquqa zidd hərəkətlərin nəticələrini tanımaq, beynəlxalq birliyin vaxtında lazımi tədbirlər görməməsi faciələrə gətirib çıxarır, suveren dövlətlərin dayaqlarını sarsıdır, humanitar fəlakətlərə səbəb olur.

Vahid Avropada ikili standartlara yol verilməməlidir. Bizim məkanımız bölünməzdir və bütün münaqişələrə eyni dərəcədə ciddi və prinsipial münasibət göstərilməlidir.

Azərbaycan Respublikası qonşu Ermənistanın genişmiqyaslı hərbi təcavüzünün qurbanı olmuşdur. Ermənistan ərazimizin 20 faizini işğal edibdir və orada özünün hərbi gücünü artırmaqdadır. Ermənistan silahlı qüvvələri tərəfindən yurd-yuvasından qovulmuş bir milyon azərbaycanlı 8 ildən çoxdur ki, dözülməz şəraitdə, çadırlarda əzab-əziyyət içində yaşayır. Dünyanın heç bir yerində belə dəhşətli vəziyyət yoxdur. Amma təəssüflər olsun ki, dünya birliyi bu faciəyə biganədir.

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz və dərhal azad olunması barədə dörd qərtnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu sənədlərin tələblərini yerinə yetirmir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması məsələsi ilə 1992-ci ildən ATƏT-in Minsk qrupu məşğul olur, lakin onun fəaliyyəti də hələ nəticə vermir.

Münaqişəni həll etmək üçün son vaxtlar Ermənistan prezidenti ilə Azərbaycan prezidenti arasında birbaşa görüşlər keçirilir, danışıqlar aparılır. Bu danışıqların gedişində biz münaqişənin sülh yolu ilə həlli üçün qarşılıqlı kompromislərin müxtəlif variantlarını müzakirə etmişik və edirik. Altı ildən çoxdur ki, biz atəşkəsə əməl edirik, lakin hələ də sülh əldə olunmayıbdır. Buna baxmayaraq, hesab edirəm ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, beynəlxalq hüququn prinsiplərinə və normalarına tam uyğun olaraq Dağlıq Qarabağ regionuna Azərbaycanın tərkibində ən yüksək dərəcəli özünüidarəetmə statusunun verilməsi əsasında münaqişənin ədalətli həlli və Ermənistanla sülh əldə olunması üçün imkanlarımız vardır.

Hörmətli deputatlar, mən çox məmnunam ki, bizim bu prinsipial mövqeyimizi siz birmənalı dəstəkləmisiniz və Avropa Şurası Parlament Assambleyasının 1997-ci ildə qəbul etdiyi qətnamədə bu öz əksini tapmışdır.

Hörmətli deputatlar, mən sizi və bütün dünya birliyini Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün səyləri qətiyyətlə birləşdirməyə çağırıram. Bu, bizim hamımıza lazımdır. Çünki Ermənistan-Azərbaycan münaqişəsini həll etmədən və digər münaqişələrə son qoymadan regionumuzda sülhə və təhlükəsizliyə nail olmaq mümkün deyildir.

Cənubi Qafqaz regionuna siyasi bütövlük və bitərəflik statusu verilməlidir. İndi artıq bütün Cənubi Qafqaz regionunun Avropa Şurasına daxil edilməsi çox mühüm amildir və bu, regionda münaqişələrə son qoyulmasına, dövlətlər arasında münasibətlərin normallaşdırılmasına, beləliklə də Cənubi Qafqazda və Avropada təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət etməlidir.

Hörmətli deputatlar!

Biz fərqləri ziddiyyətə çevirməməli, əksinə, bu fərqlər içərisində bizi birləşdirən cəhətləri axtarıb tapmalı və onlara söykənməliyik. Biz müxtəlif xalqlar olsaq da, bir dildə - vahid Avropa dilində, azadlıq, demokratiya və qanun dilində danışırıq. Bizim gücümüz bundadır.

Diqqətinizə görə təşəkkür edirəm.

iacca
iap
business ready
eplc
Ən Tez