Dünya Azərbaycanlılarının I qurultayında nitqi - 10 noyabr 2001-ci il

Əziz həmvətənlər!

Hörmətli nümayəndələr və qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Sizi Dünya Azərbaycanlılarının I Qurultayının açılışı münasibətilə səmimi qəlbdən təbrik edirəm, qurultayın işinə uğurlar diləyirəm.

Dünya Azərbaycanlılarının I Qurultayı müstəqil Azərbaycanın həyatında, bütün dünya azərbaycanlılarının həyatında tarixi hadisədir. Bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycan icmalarının nümayəndələri ilk dəfə olaraq Azərbaycana, onun paytaxtı Bakı şəhərinə toplaşmışlar və özlərinin I qurultayını keçirirlər. Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında qəbul etdiyimiz qərara səs verdiklərinə görə və bu qurultayda iştirak etmək üçün Azərbaycana, Bakıya gəldiklərinə görə bütün nümayəndələrə, qonaqlara, onların təmsil etdikləri müxtəlif ölkələrdə olan Azərbaycan icmalarına təşəkkür edirəm.

Biz, Azərbaycanda yaşayan azərbaycanlılar öz həmvətənlərimiz haqqında daim düşünmüşük. Uzun illər Sovetlər İttifaqı kimi böyük bir super dövlətin tərkibində ikən xaricdəki soydaşlarımızla, həmvətənlərimizlə əlaqə saxlamaq mümkün olmadığı halda, biz daim düşünmüşük ki, müxtəlif ölkələrdə azərbaycanlılar necə yaşayırlar, nə edirlər və məhdud imkanlardan istifadə edərək onlarla əlaqələr qurmağa çalışmışıq.

1991-ci ildə Sovetlər İttifaqının dağılması və Sovetlər İttifaqının tərkibində olan 15 müttəfiq respublikaların öz müstəqilliyini əldə etməsi, Azərbaycan xalqının milli azadlıq arzularının yerinə yetirilməsi, Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi və 1920-ci ildə itirilmiş müstəqilliyini bərpa etməsi bizə imkan verdi ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla öz əlaqələrimizi genişləndirərək, onlarla həmrəyliyimizi bildirək və dünya azərbaycanlılarının daha da həmrəy olması üçün öz xidmətlərimizi göstərək. Biz hələ müstəqilliyimizin ilk aylarında, 1991-ci il dekabr ayının 31-də "Dünya Azərbaycanlılarının Həmrəylik günü haqqında" qərar qəbul etdik. Biz o vaxtdan bu günü böyük bayram kimi qeyd edirik və o vaxtdan da dünyada yaşayan azərbaycanlılarla əlaqələrimiz tədricən inkişaf etməyə başladı. Bunlar hamısı Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir.

Azərbaycan xalqı böyük, qədim tarixə malikdir. Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, yaşamış, öz mənliyini itirməmiş, öz milliliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli töhfələr vermiş, dünya sivilizasiyasını zənginləşdirmişdir. Ancaq tarixin müxtəlif mərhələlərində azərbaycanlılar bəzi məhrumiyyətlərə düçar olmuşlar. Ona görə də bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan öz dövlət müstəqilliyini elan edəndən sonra çox böyük, şanlı-şöhrətli, eyni zamanda məşəqqətli yol keçmişdir. Biz bu günlər Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasının 10-cu ildönümünü böyük təntənə ilə bayram etdik. Biz on il ərzində keçdiyimiz yolu bir də təhlil etdik, eyni zamanda qarşımızda duran vəzifələri müəyyən etdik. Hələ həll olunmamış bir çox problemləri təhlil edib, onların həll olunması üçün lazımi tədbirlər görməyə başladıq.

Azərbaycanın müstəqilliyi və on il müstəqil dövlət kimi yaşaması bizim çoxəsrlik tariximizdə ən əhəmiyyətli, ən vacib, ən dəyərli bir hadisədir. Bizim üçün, müstəqil Azərbaycan üçün bu 10 il asan yol olmayıbdır. Biz Azərbaycanda yeni həyat qurmağa başlamışıq. Azərbaycanın demokratiya yolu ilə getməsini bəyan etmişik. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulması işinə başlamışıq. Azərbaycanın iqtisadiyyatını dünya iqtisadiyyatı, inkişaf etmiş ölkələrin iqtisadiyyatı ilə inteqrasiya etmək, bazar iqtisadiyyatı sisteminə keçmək prosesinə başlamışıq. Bunlar hamısı Azərbaycanın ağır və çətin bir şəraitdə yaşadığı zaman baş vermişdir.

Məlumdur ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edərkən, yəni bəyan edərkən Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdı və dörd il idi ki, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam edirdi. Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ bu illərdə demək olar ki, Azərbaycanın nəzarətindən çıxmış, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və onun ətrafında olan yaşayış məntəqələrinə də təcavüzlər başlanmışdı. Məhz belə bir tarixi şəraitdə müstəqil dövlət qurmaq çox ağır və çətin bir iş idi. Eyni zamanda, həm müstəqilliyini elan etməsi ərəfəsində, həm də özünü müstəqil dövlət elan etdikdən sonra Azərbaycanın həyatında çox mürəkkəb proseslər baş vermişdir. Ermənistan silahlı qüvvələri torpaq iddiası ilə çıxış edərək, Azərbaycanın Dağlıq Qarabağ vilayətini əlinə keçirmək məqsədi ilə hərbi əməliyyatlara başladığı və ermənilərin hamısı bu amal ətrafında bir yumruq kimi birləşdiyi bir halda, təəssüf ki, bu, Azərbaycanda olmamışdır.

Çünki o illər Azərbaycanda bütün xalqı birləşdirib, səfərbər edib torpaqlarımızı qorumaq və Ermənistan silahlı qüvvələrinə lazımi cavabı vermək əvəzinə, hakimiyyət mübarizəsi getmiş, daxili çəkişmələr mövcud olmuş, ayrı-ayrı siyasi qüvvələrə məxsus silahlı dəstələr meydan sulamışlar. Bu da təbii ki, Azərbaycanın, xalqın birliyini zəiflətmiş və nəhayət, 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi ilə üzləşmiş, Azərbaycanın varlığı təhlükə altına düşmüş və ölkəmizin parçalanması artıq başlanmışdır. Buna görə də müstəqillik elan olunandan sonra Azərbaycanda dövlət quruculuğu işi çox zəif getmişdir.

Bunlar hamısı Azərbaycanda ictimai-siyasi sabitliyi pozmuş, xalqın rifah halını ağırlaşdırmışdır. Bizim üçün bunların ən zərərli nəticəsi o idi ki, bu fürsətdən istifadə edən Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafında olan inzibati rayonlarının bir neçəsini işğal etmiş, o torpaqlarda yaşayan azərbaycanlıları zorla öz yerindən-yurdundan çıxarmışdır. Beləliklə, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altına düşmüş, həm Ermənistan ərazisindən çıxarılmış, həm də işğal olunmuş torpaqlardan çıxarılmış bir milyondan artıq azərbaycanlı indiyədək ağır vəziyyətdə, çadırlarda yaşayır. Azərbaycan belə bir şəraitdə müstəqil dövlət kimi ilk illərini yaşamışdır. Ona görə də bizim qarşımızda duran vəzifə ondan ibarət idi ki, mənfi proseslərin qarşısı alınsın, Azərbaycanın torpaqlarının müdafiə olunması üçün bütün güclər, səylər səfərbər olunsun və Azərbaycan müstəqil dövlət kimi yaşasın, inkişaf etsin.

Azərbaycanda ondan sonrakı dövr ictimai-siyasi sabitliyin yaranması dövrü olubdur. Biz ondan sonra da - 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında hakimiyyəti silahla devirmək cəhdləri ilə rastlaşdıq. Bunların qarşısı alındı, ancaq bunlar da Azərbaycana zərbələr vurdu.

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə ciddi məşğul olaraq, 1994-cü ilin mayında atəşkəs haqqında razılığa gəldik. İndi 7 ildən artıqdır ki, müharibə getmir, qan tökülmür. Ancaq eyni zamanda, Azərbaycanın torpaqlarının bir qismi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və o torpaqlardan çıxarılmış qaçqınlar, köçkünlər ağır vəziyyətdə yaşayırlar.

Azərbaycanın müstəqilliyinin 10 ilinin sonrakı mərhələsi ölkəmizin daxilində ictimai-siyasi vəziyyəti sabitləşdirməkdən, Azərbaycanın dünyada mövqeyini möhkəmləndirməkdən, Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq və inkişaf etdirməkdən ibarət olubdur. Biz çox çətin, ağır yollardan keçərək ötən on il müddətində buna nail olmuşuq. İndi dünyada on yaşı olan müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.

Güman edirəm ki, bizim qonaqlarımız, xarici ölkələrdə yaşayan azərbaycanlılar Azərbaycanın həyatı ilə maraqlanırlar, Azərbaycanda gedən prosesləri izləyirlər və bizim əldə etdiyimiz nailiyyətlərdən xəbərdardırlar. Ancaq eyni zamanda, bu gün birinci qurultayda mən bir daha demək istəyirəm ki, Azərbaycan müstəqil dövlət kimi, özünün dövlət quruculuğu prosesini həyata keçirir.

Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulubdur. Azərbaycan tarixdə ilk dəfə özünün milli Konstitusiyasını qəbul edbdir, azad seçkilər vasitəsilə Milli Məclisini - parlamentini seçibdir, ölkənin Prezidentini seçibdir. Azərbaycanda bütün sahələrdə islahatlar həyata keçirilir.

Məlumdur ki, Azərbaycan 70 il SSRİ kimi böyük dövlətin tərkibində olmuş və başqa ölkələrdəkindən tamamilə fərqli olan siyasi-iqtisadi sistem şəraitində yaşamışdır. Bu gün qeyd etmək lazımdır ki, o illər biz müstəqilliyimizdən məhrum olsaq da, Azərbaycan xalqımızın, millətimizin daxili potensialını hərəkətə gətirərək inkişaf etmiş, böyük nailiyyətlər əldə etmiş və müstəqilliyi elan edərkən böyük iqtisadi və intellektual potensiala malik olmuşdur. Azərbaycanın müstəqil dövləti onun böyük iqtisadi və intellektual potensialı üzərində qurulubdur. Ancaq indi biz tamamilə başqa iqtisadi-siyasi sistem yolu ilə gedirik. Keçmişdəkiləri dəyişdirmək, onlardan imtina etmək, yeni sistemdə iş qurmaq, onu həyata keçirmək - bu ağır, çətin bir prosesdir. Bu, bizim keçid dövrümüzdür və keçid dövrümüzün böyük problemləri var.

Birincisi, insanların şüurunda çox böyük dəyişikliklər baş verməlidir. İkincisi, yeni iqtisadi siyasət uğurla getməlidir. Bunun üçün isə gərək, keçmiş iqtisadi şəraitdən yeni iqtisadi şəraitə keçid uğurlu olsun. Biz bütün bunlar üçün islahatlar həyata keçiririk. Siyasi, iqtisadi, sosial, humanitar sahələrdə bir çox islahatlar həyata keçirmişik və onların müsbət nəticələrini əldə etmişik. Bütün çətinliklərə baxmayaraq, biz yeni iqtisadi siyasətin həyata keçirilməsində uğurlar qazanmışıq. Özəlləşdirmə proqramını həyata keçirmişik və keçiririk. Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən torpaq islahatı aparmışıq.

Məlumdur ki, Azərbaycan əhalisinin təxminən yarısı kənd yerində yaşayır və kənd təsərrüfatı ilə məşğuldur. 70 il hökm sürən kolxoz-sovxoz sistemini dağıtmaq, torpağı sahibinə - kəndlilərə vermək, onlar üçün torpaqdan səmərəli istifadə etmək şəraiti yaratmaq - bunlar hamısı çox ağır və çətin proseslərdir. Ancaq biz buna nail olmuşuq. Azərbaycanda bazar iqtisadiyyatı inkişaf edir. Beləliklə, Azərbaycan 1990-cı ildən başlamış iqtisadi tənəzzülün qarşısını 1995-1996-cı illərdə ala bilmiş, ondan sonrakı dövr isə Azərbaycanın həyatında inkişaf dövrü olmuşdur.

Biz inkişaf edirik. Azərbaycanda iqtisadiyyatın bütün sahələri uğurla inkişaf edir. Bu, təkcə bizim fikrimiz deyil, beynəlxalq iqtisadi-maliyyə mərkəzlərinin, yəni bu işlərə nəzarət edən mərkəzlərin də fikridir. Ancaq hələ bizim qarşımızda çox böyük problemlər və böyük çətinliklər var. Hələ ki, biz Azərbaycanda əhalinin rifah halını istənilən səviyyəyə qaldıra bilməmişik.

Sovetlər İttifaqı vaxtı Azərbaycanda yaradılmış böyük sənaye müəssisələrinin bir qismi indi işləmir, bir qismi isə çox az gücü ilə işləyir. Bu, böyük işsizlər dəstəsi yaradıbdır. Bu da Azərbaycanın əsas problemlərindən biridir. Qeyd etdiyim kimi, bir milyondan artıq qaçqının, köçkünün bir tərəfdən, yaşamaq üçün lazımi şəraiti yoxdur, ikinci tərəfdən, onlar işlə təmin olunmayıblar və dövlətin yardımı, humanitar təşkilatların yardımı ilə yaşayırlar. Bu da bizim üçün böyük bir problemdir. Ancaq biz bu problemləri ardıcıl surətdə həll edirik. Biz əldə etdiyimiz nailiyyətlər haqqında danışarkən, eyni zamanda, heç də həyatımızda olan çətinlikləri, problemləri, çatışmazlıqları, nöqsanları gizlətmək məqsədi daşımırıq. Biz onları Azərbaycanın vətəndaşlarına da, bütün dünyaya da açıq-aydın etiraf edirik. Məhz bu yol ilə biz Azərbaycanın qarşısında duran problemləri həll edə və ölkənin inkişafını daim təmin edə biləcəyik.

Bu sahədə görülən işlər sırasında Azərbaycanın dövlət neft strategiyasının xüsusi əhəmiyyəti var. Biz bu strategiyanı 1993-1994-cü illərdə hazırlayıb həyata keçirməyə başlamışıq, Azərbaycanın zəngin sərvətləri olan neft və qaz yataqlarının dünyanın böyük, müasir texnikaya, texnologiyaya malik olan neft şirkətləri ilə müştərək işlənilməsini təmin etmişik. İndi bu işlər gedir. Azərbaycanın Xəzər dənizindəki yataqlarının, ümumiyyətlə, Azərbaycan ərazisində olan neft-qaz yataqlarının müştərək işlənilməsi üçün 21 müqavilə imzalanıbdır, xarici ölkələrdən 32 böyük neft şirkəti bu müqavilələrin iştirakçısıdır. Artıq biz gördüyümüz işlərin, neft strategiyasının real nəticələrini əldə etmişik. Artıq biz nefti yeni yerlərdən hasil edirik, xarici şirkətlərlə bərabər dünya bazarlarına çıxarırıq. Bunun üçün çox əhəmiyyətli olan neft və qaz kəmərləri yaradırıq. İki neft kəməri - biri şimal istiqamətində Bakı-Novorossiysk, biri də qərb istiqamətində Bakı-Supsa - yaranıbdır və Azərbaycan neftini ixrac edir.

Son illər çox böyük layihə üzərində işləmişik və Azərbaycanın gələcəkdə hasil olunacaq böyük həcmli neftinin dünya bazarlarına ixracı üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına artıq başlamışıq. Azərbaycanın zəngin Şahdəniz yatağından hasil olacaq qazın da Türkiyəyə ixracı üçün lazımi müqavilələr imzalamışıq və qaz kəmərinin inşasına başlayırıq. Bizim neft strategiyamız təkcə bilavasitə neft hasilatı ilə məşğul olan şirkətlərin yox, eyni zamanda bir çox başqa şirkətlərin Azərbaycanda çalışması üçün və beləliklə, ölkəyə külli miqdarda xarici investisiyanın daxil olması üçün şərait yaradıbdır. Bu, Azərbaycanın yeni mənzərəsidir. Bu, ancaq və ancaq Azərbaycanın müstəqilliyi şəraitində ola bilərdi.

Bilirsiniz ki, Azərbaycan nefti dünyada məşhurdur. Hələ 150 il bundan öncə dünyada ilk dəfə Azərbaycanda sənaye üsulu ilə neft hasil olunubdur. Sonrakı illərdə neft hasilatı artıb, ancaq bu, Azərbaycan xalqına məxsus olmayıbdır. Bizim hasil etdiyimiz zəngin neft və qaz 70 il Sovetlər İttifaqının ümumi iqtisadiyyatına qatılıbdır. Biz bundan lazım olan bəhrələri götürə bilməmişik. Məhz dövlət müstəqilliyi, milli azadlığımız, taleyimizi özümüzün həll etmək imkanları bizə bu şəraiti yaradıbdır və biz də bu şəraitdən səmərəli istifadə edirik.

Azərbaycan çox mühüm bir coğrafi-strateji mövqeyə malikdir. Bunun həm iqtisadi əhəmiyyəti var, həm də siyasi əhəmiyyəti var. Bu baxımdan, biz Avropa Birliyi ilə, başqa beynəlxalq təşkilatlarla müştərək işlər görürük. Bu sırada Avropa Birliyinin TRASEKA proqramının həyata keçirilməsi, tarixi Böyük İpək Yolunun bərpa olunması sahəsində Azərbaycan çox işlər görmüşdür və biz bunun müsbət nəticələrini əldə edirik. Ancaq gələcəkdə bu proqram çox böyük müsbət nəticələr verəcəkdir.

Böyük İpək Yolunun bərpası, TRASEKA proqramının həyata keçirilməsi ilə əlaqədar 1998-ci ildə Azərbaycanda Avropa Birliyi ilə ilk beynəlxalq konfrans keçirildi. Şərqdə Yaponiya, Qərbdə İspaniyaya qədər olan 32 dövlətin, 14 beynəlxalq təşkilatın nümayəndələri bu konfransda iştirak etdilər və biz İpək yolunun bərpası, TRASEKA proqramının həyata keçirilməsi üçün ilk sazişin imzalanmasının şahidi olduq. Bu sahədə görülən işlər, yenə deyirəm, gələcəkdə böyük nəticəsini verəcəkdir.

Bunlar Azərbaycanın həyata keçirdiyi qlobal layihələrdir. Ancaq Azərbaycanın gündəlik həyatında çoxsaylı işlər görülür və güman edirəm ki, siz burada olduğunuz zaman təqdim edilən materiallardan və başqa vasitələrdən bunları özünüz görəcəksiniz və bunlarla tanış olacaqsınız.

Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi həm Azərbaycan üçün, həm də bütün dünya azərbaycanlıları üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycanlılar dünyada gedən miqrasiya prosesi nəticəsində bir çox ölkələrə səpələnmişlər. Bu, təbii bir prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Doğrudur, indi müstəqil dövlət olandan sonra bəzi müxalifət dairələri bizi tənqid edirlər ki, Azərbaycan əhalisinin xeylisi - biri deyir 1 milyon, biri deyir 2 milyon - kənarda yaşayır. Ancaq mən bunu heç də mənfi bir hadisə kimi qəbul edə bilmirəm. Çünki hər bir millət, hər bir xalq yalnız öz doğma torpağı çərçivəsində, milli məhdudiyyət şəraitində yaşaya bilməz. Bir də qeyd edirəm, dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir. Əgər azərbaycanlılar bu proses nəticəsində dünyanın bir çox ölkələrində məskunlaşıblarsa, orada özləri üçün həyat qurublarsa, özlərinin həyat şəraitini təmin ediblərsə - bunlar hamısı dünyada azərbaycanlıların nə qədər geniş şəkildə yayıldığını göstərir.

Biz hesab edirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların hər biri yaşadığı ölkədə həyatını özü istədiyi kimi qurub yaşayır. Yaşadığı ölkənin vətəndaşıdır, onun qanun-qaydaları ilə yaşamalıdır və istədiyi yol ilə getməlidir.

Ancaq eyni zamanda, indi azərbaycanlıların bir müstəqil dövləti mövcud olduğu halda, dıünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha da sıx əlaqə qurması, öz həmrəyliklərini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır. Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək, indi müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir.

Biz indi böyük məmnuniyyətlə qeyd edə bilərik ki, dünyanın bir çox ölkələrində - Avropada, Şimali Amerikada artıq böyük Azərbaycan icmaları yaranıbdır. Son illər bu icmalar get-gedə təşkilatlanır, genişlənir və azərbaycanlıların yaşadıqları ölkələrdə onların birliyini, həmrəyliyini təmin edir. Son illər bu proses sürətlə gedir. Azərbaycanın varlığı bu həmrəyliyin inkişafının əsasını təşkil edir.

Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir - ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şerlərimiz, mahnılarımız, xalqımıza mənsub olan adət-ənənələrdir.

İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir.

Bizim bu qurultayı keçirməkdə məqsədimiz məhz bundan ibarət olmuşdur. Güman edirəm ki, qurultay nümayəndələri, dünyanın bir çox uzaq ölkələrindən Azərbaycana, doğma Vətənə gəlmiş soydaşlarımız burada, qurultay günlərində bir-biri ilə daha da sıx ünsiyyətdə olacaqlar, bir-birini anlamağa çalışacaqlar, müxtəlif ölkələrdə olan icmaların bir diaspor kimi formalaşmasında daha fəal iştirak edəcəklər və Azərbaycan ilə dünyada, digər ölkələrdə olan azərbaycanlıların əlaqələrini möhkəmləndirəcəklər. Hesab edirəm ki, qurultay bu sahədə, azərbaycançılıq ideyalarının həyata keçirilməsi üçün, dünya azərbaycanlılarının həmrəyliyinin genişləndirilməsi və inkişaf etdirilməsi üçün çox mühüm tarixi bir mərhələdir.

Ümid edirəm ki, bu qurultay bizim qarşımızda duran vəzifələrin yerinə yetirilməsində çox böyük rol oynayacaqdır, öz xidmətlərini göstərəcəkdir.

Müstəqil dövlət kimi Azərbaycan öz milli mənafelərinə uyğun olan müstəqil xarici siyasət aparır. Müstəqil xarici siyasət aparmaq müstəqilliyi daha da möhkəmləndirmək deməkdir. Biz həm xarici əlaqələrdə, həm də Azərbaycanın daxilində bir çox çətinliklərlə rastlaşmağımıza baxmayaraq, öz müstəqilliyimizi qoruyaraq dünyada müstəqil siyasət aparırıq.

Azərbaycan sülhsevər dövlətdir. Biz dünyanın bütün ölkələri ilə lazım olan səviyyədə iqtisadi, siyasi, ictimai, elmi, humanitar əlaqələr yaratmışıq, yaradırıq və bu əlaqələri inkişaf etdiririk və etdirəcəyik. Ancaq Azərbaycan heç vaxt öz müstəqil siyasətindən geri çəkilməyəcəkdir. Onun müstəqil xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzidir, əsas göstəricisidir.

Azərbaycan dünyanın bütün beynəlxalq təşkilatlarının üzvüdür. Bilirsiniz ki, bu ilin əvvəlində Azərbaycan mötəbər Avropa Şurasının da həqiqi üzvü seçilibdir. Bunlar Azərbaycanın xarici siyasətinin, eyni zamanda Azərbaycanın həyatında aparılan demokratik dəyişikliklərin, bütün sahələrdə tətbiq olunan islahatların məntiqi nəticəsidir.

Azərbaycan dünyəvi dövlətdir və dünyəvi dövlət kimi dünyada öz yerini tutubdur. Bu, bizim strateji yolumuzdur. Hüquqi, demokratik və dünyəvi dövlət - bizim dövlət quruculuğunda əsas prinsipimiz budur. Həyatımızda əsas prinsiplər budur. Biz bu yol ilə gedirik və bundan sonra da gedəcəyik.

Sizə deyə bilərəm ki, biz bir çox ağır və çətin məsələləri həll etdik və qarşıda duran üfüqləri də çox yaxşı görürük. Azərbaycanın böyük təbii sərvətləri, əlverişli coğrafi-strateji mövqeyi, güclü iqtisadi, intellektual potensialı və azərbaycanlıların yüksək mədəni səviyyəsi müstəqil ölkəmizin gələcəyinin çox xoşbəxt və firavan olmasını təmin edəcəkdir. Əmin ola bilərsiniz ki, bu yol, qarşıda duran üfüqlər, perspektiv tam realdır. Apardığı iqtisadi siyasət sayəsində bir neçə ildən sonra Azərbaycan zəngin ölkələrdən biri olacaqdır. Azərbaycan xalqının rifah halı çox yaxşılaşacaqdır. Azərbaycanda hər kəs sərbəst, azad yaşayacaqdır. Azərbaycanda demokratik quruculuq işləri, söz azadlığı, insan azadlığı, vicdan azadlığı, mətbuat azadlığı - bütün azadlıqlar təmin olunub və bundan sonra da təmin olunacaqdır. Yəni siyasi dünyagörüşündən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı burada, doğma vətənində rahat, özü istədiyi kimi yaşayacaqdır.

Ancaq bizim üçün ən çətin problem, bizi ən çox narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. İşğal edilmiş torpaqlarımızın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir. Biz bu sahədə çox işlər görmüşük. Bütün beynəlxalq təşkilatlarda bu məsələləri qaldırmışıq və lazımi qərarlar qəbul olunubdur. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çıxması barədə dörd qətnamə qəbul etmişdir. Təhlükəsizlik Şurası sədrinin altı bəyanatı var. Ancaq Ermənistan bunlara məhəl qoymur.

1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli haqqında çox əhəmiyyətli bir sənəd qəbul edilmişdir. ATƏT-in tərkibində olan 54 dövlətdən 53-ü buna səs vermiş, təkcə Ermənistan etiraz etmişdi. Ancaq təəssüflər olsun ki, bu mötəbər təşkilatın, ATƏT-in zirvə görüşünün irəli sürdüyü qərar yenə də Ermənistan tərəfindən qəbul olunmur.

Biz məsələni sülh yolu ilə həll etmək üçün daim çalışırıq. Bilirsiniz ki, hələ 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün ATƏT-in Minsk qrupu yaranıbdır. Minsk qrupuna 1997-ci ilin əvvəlindən üç böyük dövlət - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa rəhbərlik edir. Biz ötən illər bu təşkilatla, Minsk qrupu ilə, onun həmsədrləri ilə çox işlər görmüşük. Üç-dörd gün bundan öncə həmsədrlər - Rusiyanın, Amerika Birləşmiş Ştatlarının və Fransanın təmsilçiləri yenə də bölgəmizdə olmuş, bizimlə görüşüb danışıqlar aparmış, Ermənistanda olmuşlar. Biz bir daha bəyan etmişik ki, məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq və bunu hər iki tərəfdən müəyyən kompromislər nəticəsində həll etmək olar. Ancaq bu, beynəlxalq hüquq normaları əsasında, dünyada hamı tərəfindən tanınmış prinsiplər - ölkələrin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll olunmalıdır. Biz bu işi davam etdirəcəyik. Əmin olduğumu bildirmək istəyirəm ki, biz bu münaqişənin də ləğv olunmasına, aradan götürülməsinə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır, işğal olunmuş torpaqlar azad ediləcək, yerindən-yurdundan didərgin düşmüş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqlar.

Təbiidir ki, bu sahədə beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycan diasporuna da böyük ehtiyacımız var. Məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycan diasporu son illər təşkilatlanır və Azərbaycan icmaları, diasporu yaşadıqları ölkədə, ümumiyyətlə, beynəlxalq aləmdə artıq özlərini göstərirlər. Amma bu, bizim diasporun formalaşmasının ilkin mərhələsidir. Hamımız - siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər. İqtisadi cəhətdən daha da möhkəmlənsinlər, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər. O ölkənin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə də müxtəlif ölkələrdə də Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına yardım etsinlər. Hesab edirəm ki, dünya azərbaycanlıları bu yol ilə getməlidir və bu yolda hələ istifadə olunmamış böyük imkanlar vardır. Bu gün işinə başlayan qurultay da məhz bu məqsədi daşıyır.

Bir də qeyd edirəm, biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər birinin öz ölkəsində yaxşı yaşamasını, öz mövqeyini möhkəmləndirməsini, öz rifah halını yaxşılaşdırmasını arzulayırıq. Arzulayırıq ki, hər bir azərbaycanlı yaşadığı ölkədə ictimai-siyasi həyatda fəal iştirak etsin, özünə görkəmli bir yer tutsun, müəyyən təsir imkanına malik olsun. Biz bunları arzu edirik.

Bu barədə müəyyən xidmətlər göstərmək üçün biz dövlətimizin tərkibində Azərbaycan diasporu ilə iş üçün xüsusi bir orqanın yaradılması haqqında da qərar qəbul edəcəyik. Güman edirəm ki, belə mərkəzləşmiş bir orqan, yəni Azərbaycan icmaları ilə daim əlaqə saxlayan orqan həm icmaların və ümumiyyətlə, Azərbaycan diasporunun formalaşmasına, həm də bizim əlaqələrimizin daha da inkişafına xidmət edəcəkdir.

Əziz həmvətənlər!

Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Azərbaycan dilinin inkişafı haqqında bizim qəbul etdiyimiz geniş qərar məhz bu məqsədi daşıyır. Biz Azərbaycanın latın əlifbasına keçməsi haqqında qərar qəbul etdik. İndi Azərbaycanda hamı, bütün dövlət orqanları yalnız latın əlifbasından istifadə edir. Bu da bizim milliliyimizi, azərbaycançılığımızı göstərən çox mühüm bir amildir. Biz bundan sonra da Azərbaycan dilinin inkişaf etdirilməsi üçün səylərimizi davam etdirəcəyik.

Bilirsiniz, hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanmasında az da olsa, çox da olsa, öz xidmətini göstərmişdir. Xüsusən, bizim yazıçılarımız, ədəbiyyatçılarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər.

Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın, bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər böyük söz ehtiyatına malikdir.

Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik. Ancaq eyni zamanda arzu edirik ki, hansı qitədə, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı o ölkənin dilini də mənimsəsin, o ölkənin adət-ənənələrindən də istifadə etsin, o ölkənin şəraitinə uyğunlaşsın. Amma Azərbaycan dilini yaşatsın və inkişaf etdirsin.

Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Xüsusən, başqa ölkələrdə yaşayan azərbaycanlılar. Ona görə də mən arzu edərdim ki, hər bir ölkədə Azərbaycan icmasında azərbaycanlılar həmrəy olsunlar, bir-birinə dayaq olsunlar, bir-birinə yardım etsinlər, bir-birinin dərdinə yansınlar və bizim milli adət-ənənələrimizi, milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayramlarımızı qeyd etsinlər. Təkcə müstəqillik bayramını, Novruz bayramını deyil, bütün başqa bayramları da qeyd etsinlər. Azərbaycan dilini yeni nəslə, uşaqlara çatdırmaq üçün müəyyən tədris imkanları yaratsınlar. Biz bu barədə kömək edəcəyik ki, bizdən sonra gələn nəsillər, sizin övladlarınız, bizim övladlarımız azərbaycançılığı daha da yüksəklərə qaldırsınlar. Azərbaycan dilini, milli-mənəvi dəyərlərimizi daim yaşatsınlar.

Əziz dostlar!

Əmin ola bilərsiniz ki, müstəqil bir dövlət kimi Azərbaycan on ildir ayaq üstə möhkəm durubdur. Ötən dövrdə biz Azərbaycanın müstəqilliyini inkişaf etdirmişik və bu gün bəyan edirəm ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və daimidir.

Əziz dostlar, müstəqil Azərbaycan həmişə sizin dayaq yeriniz olacaq, pənah gətirdiyiniz yer olacaqdır və təbiidir ki, Azərbaycanda biz də sizi özümüzün elçiləri hesab edirik, sizə çox ümidlər bəsləyirik, sizə arxalanırıq, sizi özümüzə dayaq hesab edirik.

Müstəqil Azərbaycan dövləti gənc olduğu kimi, Azərbaycanın həmrəyliyi də, dünya azərbaycanlılarının birliyi də, müxtəlif ölkələrdəki Azərbaycan icmaları da gəncdirlər. Ancaq indi biz yeni bir mərhələyə keçmişik. Biz formalaşırıq, müstəqilliyimiz möhkəmlənir, xarici ölkələrdə yaşayan azərbaycanlılar daha sürətlə təşkilatlanır və bizim hamımız birlikdə azərbaycançılığı yaşadacağıq, daimi edəcəyik, əbədi edəcəyik.

Əziz dostlar!

Mən sizin hamınıza cansağlığı və səadət arzulayıram. Xarici ölkələrdən gəlmiş nümayəndələrdən və qonaqlardan xahiş edirəm ki, Azərbaycan xalqının, onun dövlətinin, Prezidentinin salamlarını, sevgisini, məhəbbətini bütün Azərbaycan icmalarına, hər bir azərbaycanlıya çatdırasınız.

Sizin hər birinizə işlədiyiniz sahədə, gördüyünüz işdə, yaşadığınız yerlərdə uğurlar arzulayıram. Harada yaşamasından asılı olmayaraq, hər bir ailəyə, hər bir azərbaycanlıya xoşbəxt həyat və xoşbəxt gələcək arzulayıram. Qoy, çaylarımız qurumasın! Qoy, ağaclarımız kəsilməsin! Qoy, çırağımız sönməsin!

Azərbaycan xalqına eşq olsun!

Yaşasın müstəqil Azərbaycan, Azərbaycan, Azərbaycan!

iacca
iap
business ready
eplc
Ən Tez