Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Nikolas Kouderi başda olmaqla bu təşkilatın İcraiyyə Komitəsinin nümayəndə heyəti ilə görüşdə söhbəti - 17 may 2002-ci il

H e y d ə r Ə l i y e v: Azərbaycana xoş gəlmisiniz. İcraiyyə Komitəsinin iclasının Azərbaycanda keçirilməsindən çox məmnun qaldığımı bildirirəm. Beynəlxalq Prokurorlar Assosiasiyası qeyri-dövlət təşkilatı kimi, böyük işlər görür. Siz müxtəlif ölkələrin prokurorluq xidmətlərini, prokurorluq orqanlarının nümayəndələrini birləşdirərək, həm təcrübə toplayır, həm də təcrübə mübadiləsi aparır və bir-birinizə kömək edirsiniz. Azərbaycan müstəqil dövlət kimi gənc olsa da, qısa tarixi zamanda ölkə həyatının bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sistemi sahəsində xeyli işlər görübdür. Bizim məhkəmə sistemi, prokurorluq, demək olar ki, beynəlxalq standartlara uyğunlaşıbdır. Ancaq bu iş davam edir və başqa ölkələrin təcrübəsindən istifadə etməyə hələ çox böyük ehtiyac var. Güman edirəm ki, İcraiyyə Komitəsinin iclasını Azərbaycanda keçirməyiniz ölkəmiz üçün təcrübə əldə etmək imkanları yaradır.

Mən İcraiyyə Komitəsinin iclasına müraciətimi göndərmişəm, öz fikirlərimi və mülahizələrimi bildirmişəm.

N i k o l a s K o u d e r i: Azərbaycanda olmaq bizə çox xoşdur və Siz bu gün bizi qəbul etməklə hamımıza böyük şərəf verdiniz. Əslində bizim buraya gəlməyimizə də səbəb elə Siz oldunuz. Biz qərara almışdıq ki, bu görüşü Bakıda keçirək və Siz razılığınızı bildirdiniz. Buna görə biz Sizə dərin min-nətdarlığımızı bildiririk. Çoxumuz Azərbaycana ilk dəfə gəlirik və burada həddindən artıq xoş və dostcasına münasibətlə qarşılaşmışıq. Buna görə xalqınıza minnətdarlığımızı bildirmək istəyirik. Gördüklərimiz bizi həqiqətən valeh etmişdir, buradan çox gözəl təəssüratla qayıdacağıq.

Cənab Prezident, Beynəlxalq Prokurorlar Assosiasiyası haqqında məlumat verərək bildirim ki, bu təşkilata həm ölkələr, həm də fərdi şəxslər daxil olurlar. Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədov bir neçə ildir ki, İcraiyyə Komitəsinin üzvüdür. Onun vasitəsilə ölkəniz assosiasiyanin inkişafına nəzərəçarpacaq töhfələr vermişdir.

Mən Bakıda olarkən Respublika Baş prokurorunun Avropa Şurasının nümayəndələri ilə görüşündə iştirak etmişəm. Həmin görüş zamanı qanunun aliliyi, insan hüquqlarının qorunması, demokratiyaya, azadlıqlara hörmət nümayəndələr tərəfindən çox yüksək qiymətləndirilmişdir. Azərbaycanın 1995-ci il Konstitusiyasında və eləcə də ədliyyə və prokurorluqla əlaqədar olan qanunlarda Siz açıq-aydın göstər-misiniz ki, adı çəkilən bütün bu prinsipləri yüksək tutursunuz və ölkəniz inkişafını bu istiqamətdə davam etdirəcəkdir.

Biz elə bir vaxtda yaşayırıq ki, cinayətkarlıq qlobal səciyyə daşımağa başlayır. Bu, eyni ilə bizim iclasa Sizin müraciətinizdə də bildirilmişdir. Beynəlxalq terrorizmə qarşı görülməli olan tədbirlər də bu məsələnin nə dərəcədə vacib olduğunu göstərir. Beynəlxalq Prokurorlar Assosiasiyasının məqsədi bu sahədə prokurorların işini asanlaşdırmaq, onlara mümkün qədər yardım etməkdir.

Cənab Prezident, Sizə bir xatirə hədiyyəsi təqdim etmək istəyirik. Bunun rəmzi mənası da vardır. Biz bilirik ki, mayın 10-u Sizin ad gününüz idi. Gec də olsa, Sizi ad gününüz münasibətilə təbrik edir, ən xoş arzularımızı bildiririk. Arzu edirik ki, gələcəkdəki ad günləriniz bundan da xoşbəxt keçsin.

(Nikolas Kouderi XVIII əsrə aid olan, üzərində Azərbaycan ərazilərinin də göstərildiyi xəritəni prezident Heydər Əliyevə təqdim etdi).

M a r k v a r t Ş o l t s (Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi): Cənab Prezident, mən 1997-ci ildə Azərbaycanda olmuşam. Burada bir daha olmaq mənim üçün böyük şərəfdir. Xatirimdədir ki, həmin vaxt biz Sizinlə görüşmüşdük.

B a r r i H a n k o k (Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş müşaviri): Cənab Prezident, mən isə Azərbaycana üçüncü dəfədir gəlirəm və hər dəfə də dövlət başçısı ilə görüşürəm. Respublika Proku-rorluğunun 80 illiyi ilə keçirilən tədbirdə iştirak etdiyimi də çox yaxşı xatırlayıram. Biz Azərbaycan tərəfi ilə işləməkdən çox böyük məmnunluq duyuruq.

F e n q Y e (Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti): Cənab Prezident, Sizə məmnunluqla bildirmək istəyirəm ki, Çin ilə Azərbaycan arasında çox gözəl münasibətlər vardır, ölkənin prokurorluq xidmətləri arasında yaxşı əlaqələr qurulmuşdur və bunun daha da genişləndirilməsi haqqında razılaşma imzalanmışdır.

H e y d ə r Ə l i y e v: Hamınıza təşəkkür edirəm. Mən sizə İcraiyyə Komitəsinin iclasının müvəffəqiyyətlə başa çatmasını arzu edirəm. Arzu edirəm ki, prokurorluq orqanları həm Beynəlxalq Prokurorlar Assosiasiyasının tərkibində, həm də başqa beynəlxalq təşkilatlarda daha da səmərəli əməkdaşlıq etsinlər.

iacca
iap
business ready
eplc
Ən Tez