Türkiyə Respublikasının ədliyyə naziri Cəmil Çiçəyin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə söhbət - 4 iyul 2003-cü il

H e y d ə r Ə l i y e v: Hörmətli nazir, bizim ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələri var. Bu on il içərisində biz bir çox məsələləri bir-birimizlə məsləhətləşmişik, bəzi qanunları da məsləhətləşib qəbul etmişik. Ədliyyə sahəsində əməkdaşlıq çox vacibdir və əhəmiyyətlidir. Əməkdaşlıq var, bəzi müqavilələr, protokollar da var. Bu sənədlər vaxtaşırı imzalanıbdır. Ancaq mənə belə gəlir ki, Azərbaycana lazım olan cinayətkarların sizin ölkədə axtarılması, tapılması və eyni zamanda Azərbaycanda sizə lazım olan cinayətkarların tapılması haqqında biz lazımi səviyyədə əməkdaşlığa nail olmamışıq. Güman edirəm, bizim bu görüşlərimizdə, danışıqlarımızda bunların hamısını həll etmək olar. Çox məmnunam ki, siz Azərbaycana gəlmisiniz.

C ə m i l Ç i ç ə k: Hörmətli Cümhur başqanı, çox gərgin işinizdən vaxt ayırıb məni və nümayəndə heyətimizin üzvlərini qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Sözümün əvvəlində Türkiyə prezidenti Əhməd Necdət Sezərin Sizə və Sizin şəxsinizdə Azərbaycan xalqına türk milləti və öz adından ən xoş diləklərini, arzularını çatdırmaq istərdim. Mən buraya gələrkən, cənab Sezəri ziyarət etdim, tapşırıqları olub-olmadığını soruşdum. O da mənim vasitəmlə Sizə ən xoş diləklərimi yetirməyi tapşırdı.

Biz iki gündür Bakıdayıq. Hörmətli naziriniz çox böyük qonaqpərvərlik göstərdi, bizi yüksək səviyyədə qəbul etdi. Biz ölkələrimizin ədliyyə nazirlikləri arasındakı işbirliyini daha da yaxşılaşdırmaq barədə faydalı müzakirələr keçirdik. Ali Məhkəmənin sədri və bir sıra hakimlərlə görüşdük, fəaliyyətləri haqqında məlumat aldıq. Doğrusu, burada gördüklərim, eşitdiklərim məni son dərəcə məmnun etdi, çox sevindirdi. Biz Türkiyədə Azərbaycandakı inkişafı həmişə yüksək qiymətləndiririk.

Mən Türkiyənin Böyük Millət Məclisində zati-alinizin nitqini o vaxt dinlədim. Siz orada çox gözəl təkliflər verdiniz. Həmin təkliflərdən əlavə, Sizin təbirinizcə demək istəyirəm ki, bir millət, iki dövlət arasında hüquqi sahədə də görüləsi çox önəmli işlərin və addımların olması barədə tövsiyələrinizi biz sözsüz qəbul edirik. Həyata keçirilmiş anlaşmalar da, imzalanmış sənədlər də var. Bunları böyük və birgə səylərlə yerinə yetirməyə çalışırıq.

Keçmişdə bəzi sənədləri imzalamaqla bərabər, Türkiyə seçim ab-havasına girdi, hökumət dəyişikliyi oldu. Dəyişikliyə görə bu işi yerinə yetirmək mümkün olmadı. Amma indi Türkiyədə yeni bir dövr başlayıbdır. Digər sahələrdə olduğu kimi, ədliyyə sahəsində də Azərbaycan ilə görəcəyimiz çox işlər vardır. Hesab edirəm, bizim bu ziyarətimiz faydalı oldu. Qayıdandan sonra həmin işlərin icrasına çalışacağıq.

Biz zati-alinizə dərin hörmətimizi bir daha bildirmək imkanı qazandığımız üçün Sizə xüsusi təşəkkür edirik.

H e y d ə r Ə l i y e v: Sağ olun, təşəkkür edirəm.

Türkiyənin ədliyyə sistemi, ədliyyə orqanları böyük tarixə və çox böyük təcrübəyə malikdir. Atatürkün vaxtından dünyəvi dövlət prinsipi yaratmaq, ədliyyə işini, məhkəmə işini Avropa standartları, tələbləri səviyyəsinə qaldırmaq və insanların hüquqlarını qorumaq təcrübəsi həqiqətən sizdə var. Çünki siz uzun tarixə malik olan bir dövlətsiniz və artıq neçə ildir ki, dünyəvi dövlət şəraitində yaşayırsınız. Parlament respublikasısınız.

Biz bu yola yeni düşmüşük. Ancaq bu yolu qətiyyətlə gedirik və mütləq axıradək gedəcəyik. Biz uzun müddət sovet ədliyyə sistemində, onun məhkəmə orqanlarında olmuş qanun-qayda ilə işləmişik. İndi insanların beynindən onu çıxarıb daha da mütərəqqi bir şeyi onlara anlatmaq asan iş deyil. Amma biz bunu edirik və nailiyyətlərimiz də var. Təbii ki, hələ görüləsi işlərimiz çoxdur. Biz bunların hamısını edəcəyik.

Ancaq mən onu demək istəyirəm ki, biz sizin ölkənizin təcrübəsindən istifadə etməliyik və istifadə edirik. Ancaq bizim ədliyyə orqanlarımız arasında əməkdaşlıq daha da möhkəm, daha da sıx olmalıdır. Sizin keçdiyiniz yolu və əldə etdiyiniz nailiyyətləri bizim ədliyyə sistemi bilməlidir və onunla əlaqədar lazımi tədbirlər görməlidir. Bunların hamısının ümumi qanunları, qaydaları var, kitablarda da yazılıbdır və biz bunları bilirik. Ancaq indi bunları həyata keçirmək və insanları məhz bu istiqamətə yönəltmək, tərbiyə etmək bizim işimizdir. Bu sahədə Türkiyənin yardımına böyük ehtiyacımız var. Güman edirəm ki, bu görüşlərdən sonra siz Azərbaycan ilə daha da yaxından tanış oldunuz, gördünüz. Belə halda daha da yaxın münasibətlər olacaqdır və siz bizimlə əməkdaşlığı daha da artıracaqsınız.

C ə m i l Ç i ç ə k: Hörmətli Cümhur başqanım, zati-alinizin də buyurduğu kimi, Türkiyə belə bir hüquqi dövrü 1920–1930-cu illərdə böyük Atatürkün rəhbərliyi ilə gerçəkləşdirdi. Türkiyə belə bir təcrübəyə sahibdir və bu təcrübəni qardaş Azərbaycan ilə paylaşmaqdan böyük məmnunluq duyar. Keçirdiyimiz görüşlərdə də qarşılıqlı təcrübə və birgə axtarışların yollarını aramağa çalışdıq, bununla bağlı sənədlər imzaladıq.

Ancaq bizim də Azərbaycandan öyrəniləsi çox şeylər vardır. Mən onu burada gördüm. Bizdə Apellyasiya Məhkəməsi yoxdur, amma Azərbaycanda var. Biz də yaratmaq istəyirik. Ona görə Siz bizdən bir addım öndəsiniz. Eyni zamanda, biz Türkiyədə ombudsman təsisatını yaratmağa çalışırıq.

H e y d ə r Ə l i y e v: Sizdə ombudsman yoxdur?

C ə m i l Ç i ç ə k: Bizdə yoxdur. İndi yaratmağa çalışırıq. Amma sizdə bir illik təcrübə var. Qardaş ölkədə bu cür təcrübənin olması bizim üçün olduqca yaxşıdır. Yəni Azərbaycanda öyrənilməli məlumatlar, təcrübələr var. Ona görə də mən buradan ölkəmə böyük və faydalı bilgilərlə dönəcəyəm. Bu sahədə qarşımıza çıxan problemlər olsa, biz dəyərli məsləkdaşımızı aramaqdan, onunla görüşməkdən məmnun olacağıq.

H e y d ə r Ə l i y e v: Bəs nə üçün Türkiyədə indiyə qədər ombudsman yaranmayıbdır?

C ə m i l Ç i ç ə k: Bizdə bu yaranmadı. Çünki başqa işlərlə məşğul olduq. Bir qanun layihəsi hazırlamışıq və bunu hələ müzakirə edirik. Hələlik bizdə ombudsman yoxdur. Amma indi buna ehtiyacın olduğu düşünülür. Bununla bağlı bizim ölkədə, hüquq dairələrində müzakirələr gedir. Amma Azərbaycanda bir ildir ki, ombudsman yaradılmışdır və fəaliyyəti də yaxşıdır. Bu bizim üçün çox önəmli bir təcrübədir.

H e y d ə r Ə l i y e v: Apellyasiya Məhkəməsini mütləq yaratmaq lazımdır.

C ə m i l Ç i ç ə k: Bizim cümhuriyyətin ilk illərindən 1924-cü ilə qədər belə bir məhkəmə var idi. Ancaq 1924-cü ildə ləğv edilmişdir. Bu gün yenidən yaratmaq istəyirik. Türkiyə Böyük Millət Məclisinə qanun layihəsi təqdim etmişik. 1924-cü ildə bu məhkəmənin ləğvinin səbəbi bu məhkəmələrdə çalışan yetərli sayda hakimin olmaması idi. Zati-aliləri, bilirsiniz ki, Anadolu türkləri təhsil almış nəslinin önəmli bir hissəsini Çanaqqala savaşında itirdi. Onların arasında hüquqşünas da, həkim də, mühəndis də var idi. Biz cümhuriyyəti quranda bu məhkəmələrdə fəaliyyət göstərəcək lazımi səviyyəyə, biliyə sahib, yetərincə hüquqşünas olma-mışdır.

Hətta bizim ədliyyəmizin tarixində yazılır ki, o zaman məhkəmələrə təyin ediləcək hakim tapılmadığı üçün işi daha az biliyə sahib olanlar aparmışlar. Ona görə də o vaxt bu məhkəmə ləğv edilmişdir. Aradan illər keçəndən sonra buna ehtiyac duyulduğu önə çıxır. Biz də hökumət olaraq belə bir məhkəmənin mövcudluğunu vacib bilib Böyük Millət Məclisində məsələ qaldırdıq. Amma Azərbaycanda bu işə başlanılmışdır. Bu bizim üçün xüsusi təcrübə qaynağıdır.

H e y d ə r Ə l i y e v: Demək, sizin də öyrənməyə ehtiyacınız vardır.

C ə m i l Ç i ç ə k: Bəli, vardır. Hörmətli Cümhur başqanım, hər dövrün öz ehtiyacı vardır.

H e y d ə r Ə l i y e v: Elədir. Lap yaxşı.

iacca
iap
business ready
eplc
Ən Tez