Azərbaycan xalqı öz dahi rəhbərinin 80 illik yubileyini böyük sevinc və iftixar hissi ilə qeyd etməyə hazırlaşır. Dərin zəka sahibi, müdrik insan, ümummilli liderimiz cənab Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyini xilas edib, möhkəmləndirən və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm və şərəfli mərhələsini təşkil edir.
Heydər Əliyev şəxsiyyəti və Azərbaycan milli dövlətçiliyi bir-biri ilə üzvü surətdə bağlıdır. Müasir Azərbaycan tarixinin hər bir mərhələsində Heydər Əliyev dühasının xilaskarlıq və quruculuq missiyası öz əvəzedilməz rolunu göstərmişdir.
1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan tarixinin yeni erası - müstəqil inkişaf dövrü başlanmışdır.
Xalqımızın milli özünüdərki, milli vətənpərvərlik hissinin oyanışı isə 1970-1980-ci illərlə - Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişi və fədakar əməyi ilə bağlıdır. Məhz bu illərdən etibarən milli ruh, milli mənlik şüuru yüksəlmiş, bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulmuşdur.
Həmin illər ərzində Azərbaycanda kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılmış, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkilmiş, milli, o cümlədən, hərbçi kadrların yetişdirilməsi üçün yeni təhsil ocaqları yaradılmış, bu məqsədlə minlərlə gəncimizin təhsil alması üçün keçmiş sovetlər birliyinin ən qabaqcıl ali məktəblərinə göndərilməsi təşkil olunmuşdur.
Həmin illərdə hərtərəfli quruculuq işləri, sənayedə, kənd təsərrüfatında, mədəniyyət, təhsil sahəsində əldə edilmiş coşqun inkişaf və qazanılmış nailiyyətlər nəticəsində Azərbaycan dinamik tərəqqi dövrü keçirir, habelə idarəçilikdə, təsərrüfatda, elmdə xalqımızı ləyaqətlə təmsil edən və gələcəkdə müstəqil Azərbaycanı idarə edə biləcək vətənpərvər gənclər formalaşırdı.
Sonralar Heydər Əliyevin Azərbaycana rəhbərlikdən uzaqlaşdırılmasına və hətta öz doğma Vətəninə qayıtmasına maneçilik törədilməsinə baxmayaraq, bu dəmir iradəli insan xalqının ağır günündə onunla bir yerdə olmaq üçün bütün məhrumiyyətlərə sinə gərdi.
Bu dövrdə imperiya əlaltılarının, özlərini milli lider hesab edən səriştəsiz, naşı şəxslərin hakimiyyət uğrunda didişməsi və xəyanətkar əməlləri nəticəsində 20 yanvar faciəsi törədilərək xalqımız bir-birinin ardınca qanlı faciələrlə üzləşir, erməni hərbi birləşmələri tərəfindən torpaqlarımız zəbt edilirdi.
Belə ağır bir dövrdə, möhtərəm Prezidentimiz Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək çoxlarının cürət etmədiyi qətiyyət göstərib sovetlər birliyi rəhbərliyini ifşa etdi, imperiya siyasəti əleyhinə çıxdı, doğma xalqı ilə bir yerdə olduğunu nümayiş etdirdi.
Azərbaycana, onun ayrılmaz hissəsi olan Naxçıvana qayıtmağa nail olan Heydər Əliyev, blokada şəraitində olan Muxtar Respublikanı erməni təcavüzündən qorudu. Üçrəngli müqəddəs bayrağımız da ilk dəfə olaraq Naxçıvanda Heydər Əliyev tərəfindən qaldırıldı.
Müstəqilliyimizin elə ilk günlərindən Azərbaycanda hakimiyyət hərislərinin xəyanətkar əməlləri, xalqa zidd siyasətləri nəticəsində respublikamız həm iqtisadi, həm də mənəvi cəhətdən depressiyaya məruz qalmışdı.
Belə "münbit" şəraitdə - 1992-ci ildə hakimiyyət əldə edən şəxslərin uğursuz daxili və xarici siyasəti, səbatsızlığı, idarəçiliyin nə olduğunu bilməyən, səriştəsiz adamların məsul dövlət vəzifələrinə gətirilməsi, dövlət mənafeyinin şəxsi maraqlara qurban verilməsi respublikamızı vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsi qarşısında qoymuşdu.
Anarxiya dövrü kimi səciyyələnən həmin günlər yəqin ki, hamımızın yaxşı yadındadır.
Belə vəziyyətdən bacarıqla istifadə edən bədxahlarımız respublikamızı parçalamağa cəhd edirdilər. Müstəqilliyimizin itirilməsi, dövlətimizin məhv olma təhlükəsi artıq real xarakter alırdı.
Bütün bunlar öz növbəsində erməni hərbi birləşmələri tərəfindən torpaqlarımızın işğal olunması, yüz minlərlə soydaşımızın öz doğma yurd-yuvalarından didərgin salınması ilə müşayiət olunurdu. Müstəqillik əldə etməsindən cəmi 20 ay keçdikdən sonra onu itirmək təhlükəsi qarşısında qalmış respublikamız, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının acı taleyini yaşaya bilərdi.
İctimai fəlakətlə üz-üzə dayanmış Azərbaycan xalqı, respublika ictimaiyyəti yaxşı dərk edirdi ki, dövlət müstəqilliyimizi yalnız və yalnız Heydər Əliyev dühası, onun dövlət idarəçiliyində zəngin təcrübəsi, dərin ağılı və zəkası, mübarizliyi, milli mənafeyə sadiqliyi qoruya bilər.
Bütün hakimiyyət strukturlarının iflic vəziyyətinə düşməsi, qarşılıqlı ittihamların silahlı qarşıdurma həddinə çatması, Gəncədə qardaş qanının axıdılması, cənubda və şimalda separatçılıq hərəkatının baş alıb getməsi Azərbaycanın o dövrkü rəhbərlərini də çıxılmaz vəziyyətə salmışdı. Onlar özlərinin yaratdıqları bu vəziyyət qarşısında acizliklərini etiraf edərək Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət edirdilər.
"Ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" deyərək, xalqın çağırışı ilə bu ağır dövrdə ölkəyə rəhbərliyi və ən əsası, xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev mövcud siyasi, hakimiyyət və dövlət böhranının aradan qaldırılması yollarını, müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi.
Onun böyük qətiyyəti və iradəsi, nadir və iti dövlətçilik zəkası incə siyasi duyumu, misilsiz vətəndaşlıq hünəri, Azərbaycan xalqının müstəqilliyi yolunda öz həyatını qurban verməkdən belə çəkinməməsi nəticəsində dövlətçiliyimizin inkişafı yolundakı maneələr məharətlə dəf edildi. Müstəqilliyimizin itirilməsi, ölkəmizin parçalanması təhlükəsi aradan qaldırıldı, dövlətçiliyə meydan oxuyan qanunsuz silahlı birləşmələr ləğv edildi, Azərbaycanın gələcək inkişafını şərtləndirən şərait yaradıldı.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalqda öz gücünə, milli dövlətçiliyin inkişafına və gələcəyinə inam artdı. Ölkə başçısı dövlətimizi məhv olmaq təhlükəsindən xilas etməklə yanaşı, böyük müdriklik və təmkinlə onu hərtərəfli inkişaf yoluna çıxardı.
Bu gün tam əminliklə deyə bilərik ki, milli sərvətimiz olan dövlət müstəqilliyimizin qorunub saxlanılması, məhz dövlətçiliyimizin memarı - möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı, onun yenilməz iradəsi və mətinliyi ilə reallaşmışdır.
Əgər respublikada baş verən hadisələrə cənab Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı Azərbaycan adlı dövlətin varlığı məsələsi sual altına düşmüş olardı.
Lakin Azərbaycan dövlətinin möhkəmlənməsindən narahat olan bədxah qüvvələr qanuni yolla hakimiyyətə gəlmək üçün səriştə, bacarıq, mənəvi və siyasi keyfiyyətlərinin olmadığını, xalqın onlara inanmadığını və dayaq durmayacağını başa düşərək, qeyri-konstitusion yollarla hakimiyyətin ələ alınmasına cəhd etdilər.
Möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin milli birlik naminə gördüyü misilsiz tədbirlərdən nəticə çıxarmayaraq onlar öz çirkin niyyətlərini həyata keçirmək üçün silahlı birləşmələrin köməyi ilə dövlət çevrilişi cəhdləri etməklə, ölkə başçısına sui-qəsdlər təşkil etməklə, Azərbaycan xalqını, milli dövlətçiliyimizi növbəti sınaq qarşısında qoydular.
Lakin xalqın qanına susamış bu insanlar bir cəhəti - Heydər Əliyev fenomenini, Azərbaycan xalqının öz ümummilli liderinə olan böyük inam və məhəbbətini yaddan çıxarmışdılar.
Bu qüvvələrin bütün cəhdlərinə baxmayaraq, dövlətçiliyimiz Azərbaycan xalqının dəstəyinə əsaslanan möhtərəm Prezidentimizin yenilməz iradəsi və qətiyyəti nəticəsində bu sınaqlardan da üzüağ çıxdı, Azərbaycanda zor gücünə, silahlı dəstələrdən istifadə etməklə hakimiyyətə gəlmək kimi bədnam ənənəyə son qoyuldu.
Bütün bunlar Heydər Əliyevin yaradıcısı olduğu Azərbaycan milli dövlətçiliyinin demokratik əsaslarının möhkəmliyinin, xalqın müdrikliyinin, milli həmrəyliyinin, dövlətçiliyə inam, hörmət və ehtiramının güclü olduğunu bir daha nümayiş etdirdi.
Ölkə başçısının uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi, iti zəkası, iradəsi və qətiyyəti sayəsində dövlətimizdə ictimai-siyasi sabitlik yarandı, Azərbaycançılıq ideyası formalaşdırıldı, uğurlu sülh danışıqları aparılaraq atəşkəsə nail olundu, dövlətimizin sivil cəmiyyət quruculuğu yolundan dönməyəcəyi bütün dünyaya əyani bəyan edildi.
Ölkəmizdə bütün istiqamətlər üzrə genişmiqyaslı ardıcıl islahatların həyata keçirilməsi də elə bu vaxtdan, 1995-ci ildən - tam ictimai-siyasi sabitliyin bərqərar olunmasından sonra başlandı.
Bu illər ərzində ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar və onların nəticələri Azərbaycanın tutduğu demokratik hüquqi dövlət quruculuğu yolunda inamla irəlilədiyini bir daha təsdiq etmişdir.
Azərbaycan Prezidentinin beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, BMT, ATƏT, Avropa Şurası kimi mötəbər təşkilatların yüksək tribunalarından məharətlə istifadə etməsi nəticəsində ölkəmizin dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqəsi yüksələn xətlə inkişaf etməyə başladı.
Uğurlu xarici siyasət kursu, Azərbaycanın günbəgün artan beynəlxalq nüfuzu, təminatlı dövlət hakimiyyətinin mövcudluğu iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı, dünyanın ən nüfuzlu şirkətləri tərəfindən iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda investisiya qoyuldu.
Ölkə başçısının şəxsi rəhbərliyi altında işlənib hazırlanaraq uğurla həyata keçirilən neft strategiyası nəticəsində Bakıda "Əsrin müqaviləsi" kimi məşhur olan neft kontraktları imzalandı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi barədə razılıq əldə edildi, mühüm milli və transregional layihələrin həyata keçirilməsinə, Böyük İpək Yolunun bərpasına, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına nail olundu.
Aparılan məqsədyönlü xarici siyasət kursunun nəticəsi olaraq, ölkəmiz beynəlxalq strukturlarda layiqincə təmsil olundu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində mühüm tədbirlər görüldü, Azərbaycan Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul olundu.
Azərbaycanın bu mötəbər beynəlxalq təşkilatda Heydər Əliyev məktəbinin ən layiqli nümayəndəsinin - dövlətçiliyimizin tərəqqisi naminə çoxşaxəli ictimai-siyasi fəaliyyəti, dərin savadı, iti ağlı, diplomatiya sahəsində xüsusi bacarığı, prinsipial və cəsarətli mövqeyi ilə əsl vətəndaşlıq, vətənpərvərlik nümunəsi göstərən istedadlı dövlət xadimi İlham Əliyevin başçılığı altında layiqincə təmsil olunması xalqımız tərəfindən böyük qürur və razılıq hissi ilə qarşılandı.
Bu gün Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə gərgin və yorulmaz fəaliyyət göstərən, bu təşkilatın yüksək tribunasından məharətlə istifadə edən İlham Əliyev yenilməz iradə və qətiyyət göstərərək, xalqımızın haqq səsini, erməni terrorizminin iç üzünü bütün dünyaya bəyan edir, Avropada demokratik dəyərlərin inkişafına öz töhfəsini verir, bütün sahələrdə olduğu kimi, burada da uğurlu və səmərəli fəaliyyət göstərir.
Beynəlxalq aləmdə nüfuzunun daim artmasının və hərtərəfli istedadının dünyanın ən görkəmli siyasətçiləri tərəfindən də etiraf olunmasının təzahürüdür ki, İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının Vitse-Prezidenti və Büro üzvü seçilmiş, belə mötəbər beynəlxalq təşkilatın rəhbərliyində təmsil olunan ilk azərbaycanlı olmaqla, xalqımızın ən yeni və şanlı tarixini yaradan, keçmiş sovetlər birliyi kimi dünyanın ən böyük dövlətinin rəhbərliyinə yüksəlmiş Heydər Əliyev dühasının və onun şərəfli yolunun layiqli davamçısı olduğunu əməli ilə sübut etmişdir.
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu əlamətdar hadisə öz firavan gələcəyini İlham Əliyevlə bağlayan xalqımıza və Azərbaycan dövlətinin bütün dostlarına hədsiz sevinc və iftixar hissi bəxş etmiş, milli dövlətçiliyimizin gələcəkdə də sürətli inkişafına qəti əminlik yaratmışdır.
Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu həyatımızın bütün sahələrində olduğu kimi hüquqi sahədə də islahatların həyata keçirilməsini zəruri etmişdir.
1995-ci ildə möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq, ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk milli Konstitusiyamız Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuş, hüquqi islahatların aparılmasına zəmin yaratmışdır. Qısa müddət ərzində ölkə başçısının bilavasitə rəhbərliyi ilə beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilən yeni mütərəqqi qanunların layihələri hazırlanaraq qəbul edilmişdir.
Aparılmış islahatlar nəticəsində insan hüquqlarının müdafiəsinə xidmət edən yeni üçpilləli məhkəmə sistemi bərqərar olunmuş, yeni hakimlər korpusu yaradılmış, cəmiyyətdə məhkəmələrin nüfuzu, rolu və əhəmiyyəti artmış, məhkəmə hakimiyyətinin və hakimlərin həqiqi müstəqilliyi təmin olunmuş, hüquq-mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxılmış, ümumiyyətlə, bütün hüquq sistemində köklü dəyişikliklər aparılmışdır.
Azərbaycan dövlətçiliyinin memarı olan möhtərəm Heydər Əliyev cəmiyyətimizin demokratikləşməsi, milli qanunvericiliyimizin daha da təkmilləşdirilərək, insan hüquqlarının daha etibarlı təmin olunmasına yönəldilməsi istiqamətində növbəti addım ataraq, 2002-ci il 22 iyun tarixli Fərmanı ilə Konstitusiyada dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının referendum aktının layihəsini ümumxalq səsverməsinə çıxarmışdır. Referendum nəticəsində Konstitusiyamızda Azərbaycan xalqının bu günü və gələcəyi naminə mühüm dəyişikliklər edilmişdi.
Yəqin ki, hələ çox-çox illər sonra da gələcək nəsillər möhtərəm Prezidentimizin misilsiz əməyi nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək və onun Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının qorunması sahəsində əvəzsiz xidmətlərinin şahidi olacaqlar.
Hüquqi dövlət quruculuğu işinə fəal qatılan Azərbaycan ədliyyəsi də islahatlardan kənarda qalmamışdır.
Qeyd etmək istərdim ki, Ədliyyə Nazirliyinin dövlət strukturu kimi təsis olunması da məhz möhtərəm Prezidentimizin adı ilə bağlıdır.
Belə ki, dövlətimizin sələfi olan və 85 illiyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyətində Ədliyyə Nazirliyinin təşkili və fəaliyyətinə xüsusi əhəmiyyət verilsə də, keçmiş Sovetlər Birliyində ondan repressiya aləti kimi istifadə edilmiş, yaxud uzun dövr ərzində Ədliyyə Nazirliyinin təşkilinə belə ehtiyac bilinməmişdir.
Azərbaycan ədliyyəsinin yenidən təşəkkülü və inkişafı yalnız cənab Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrdə başlandı. Məhz 1970-ci ildə Ədliyyə Nazirliyi yenidən və əsaslı surətdə təsis edilərək ədliyyə işi təkmilləşdirildi, onun gələcək inkişafı üçün əlverişli zəmin yarandı.
Azərbaycan ədliyyə sisteminin inkişafına qayğılı münasibət möhtərəm Prezidentimizin yenidən Azərbaycan rəhbərliyinə qayıdışından sonra da davam etmişdir.
Həyata keçirilən köklü məhkəmə-hüquq islahatı nəticəsində Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılmış, nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmiş, sivil cəmiyyətdə onun rolu və əhəmiyyəti artmışdır.
Təkcə onu demək kifayətdir ki, son illər ərzində bilavasitə Ədliyyə Nazirliyinin fəaliyyəti ilə bağlı 70-dək normativ hüquqi akt qəbul olunmuşdur.
Möhtərəm Prezidentimizin ədliyyə orqanlarının inkişafına xüsusi diqqət və yüksək etimadının nəticəsidir ki, respublikamızın tarixində ilk dəfə olaraq formalaşmış bələdiyyələrlə işin aparılması və onlara metodoloji yardım göstərilməsi Ədliyyə Nazirliyinə həvalə edilmiş, ədalət mühakiməsinin beynəlxalq standartlara uyğun həyata keçirilməsi, insan haqlarının etibarlı təmin edilməsi üçün Ədliyyə Nazirliyinin tərkibində yeni struktur qurumlar yaradılmış, istintaq aparatı təsis olunmuş, hüquqi yardım haqqında dövlətimiz adından beynəlxalq müqavilələrin bağlanması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması və s. məsələlər Ədliyyə Nazirliyinə tapşırılmışdır.
Həmçinin ölkə Prezidentinin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis olunmuşdur.
Bu Sərəncam bütün ədliyyə işçilərinə göstərilən böyük diqqət və qayğının təzahürü olmuşdur. Ədliyyə sistemi işçiləri bu əziz bayramı hər il böyük ruh yüksəkliyi ilə qeyd edərək, milli dövlətçiliyimizin memarı, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan möhtərəm Prezidentimizə dərin minnətdarlıq hissi keçirir, öz üzərlərinə düşən məsuliyyəti dərindən dərk edərək, dövlətçiliyimizin möhkəmləndirilməsində ona layiqli yardımçı olmaq üçün bütün səylərini səfərbər edib əzmkarlıqla çalışmaqdan böyük şərəf duyurlar.
Artıq 10 ildir ki, müstəqil Azərbaycan milli dövlətçiliyimizin memarı və qoruyucusu olan möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə yaşayır, inkişaf edir və mühüm nailiyyətlər qazanır. Bu nailiyyətləri təmin edən əsas qüvvə isə Heydər Əliyevin şəxsiyyətində təzahür edən zəngin dövlətçilik ruhudur.
Əminik ki, müdrik xalqımız bu il də düzgün seçimini edəcək, Azərbaycanı bütün bəşəriyyətə tanıdan və onu hər cür iqtisadi, sosial-siyasi problemlərdən çıxararaq gələcəyə - əbədi müstəqilliyə aparan dahi liderinin rəhbərliyi altında hələ uzun illər boyu öz tarixinin yeni şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Bütün ədliyyə işçiləri adından möhtərəm Prezidentimiz zati-aliləri cənab Heydər Əliyevi 80 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, Vətənimizin və xalqımızın tərəqqisi və işıqlı gələcəyi naminə yeni-yeni uğurlar arzulayıram.
Fikrət Məmmədov,
ədliyyə naziri
"Qanunçuluq", № 5 may – 2003-cü il