Azərbaycan xalqı milli dövlətçiliyimizin banisi, xalqımızın dünya siyasətinə bəxş etdiyi nadir və bənzərsiz şəxsiyyət Heydər Əliyevin anadan olmasının ildönümünü böyük iftixar və qürur hissi ilə qeyd edir. Dərin zəka sahibi, müdrik insan, ümummilli liderimiz Heydər Əliyevin görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir.
Son 35 il ərzində Azərbaycanın siyasi təkamülü, iqtisadi inkişafı, cəmiyyət və dövlət həyatının bütün sahələrində qazanılmış böyük nailiyyətlər Heydər Əliyevin parlaq zəkası, misilsiz və möhtəşəm fəaliyyəti ilə bağlı olmuş, o, xalqımızı dəfələrlə zamanın ağır və sərt sınaqlarından çıxarmış, ölkəmizi böyük məhrumiyyətlərdən qorumuşdur.
1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi xalqımızın ən yeni tarixinin dönüş mərhələsinə çevrilmişdir.
Məhz bu illərdən etibarən Azərbaycanda milli ruh, milli mənlik şüuru yüksəlmiş, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılmış, yeni, o cümlədən, hərbçi kadrların hazırlanması üçün təhsil ocaqları yaradılmış, qısa müddət ərzində yeni istehsal sahələri təşkil edilərək çoxsaylı böyük zavodlar, fabriklər istifadəyə verilmiş, mühüm sosial dəyişikliklər həyata keçirilmiş, Azərbaycan keçmiş sovetlər birliyinin xammal bazasından onun ən qabaqcıl respublikaları sırasına çıxarılmışdır.
Heydər Əliyev Azərbaycan xalqının müstəqillik yolunda qarşılaşacağı çətinlikləri hələ o dövrlərdə görür, sovet totalitar rejiminin sərt təzyiqlərinə baxmayaraq bu günümüz üçün ən qlobal problemləri məharətlə həll edir, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinə şərait yaradır, Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atmaqla bugünkü dövlət müstəqilliyimizin möhkəm təməlini qoyurdu.
Həmin dövrdə milli özünüdərk ruhunun açıq və gizli təbliğinə, o cümlədən, yaradıcı ziyalılar üçün tariximiz və ədəbiyyatımızla bağlı milli ruhlu əsərlər yazılmasına şərait yaradılması da öz bəhrəsini vermiş, Azərbaycanda milli müstəqillik ideyalarının daşıyıcısı olan ziyalılar nəsli formalaşmışdı.
Vətənini, xalqını hədsiz məhəbbətlə sevən böyük öndərimizin bilavasitə şəxsi təşəbbüsü ilə müasir Azərbaycan memarlığının şah əsərləri sayılan və respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, iri sənaye müəssisələri, özünün görkəmi ilə şəhərə rövnəq verən neçə-neçə digər binalar, xalqımızın milli varlığının daşıyıcısı olan insanların əzəmətli heykəlləri ucaldılmış, ev muzeyləri yaradılmış, çoxsaylı tarixi memarlıq abidələrinin bərpası mümkün olmuşdur.
Bir sözlə, Azərbaycana rəhbərliyinin ilk günlərindən etibarən xalqının gələcəyini düşünən Heydər Əliyev zamanı qabaqlayaraq Azərbaycanın gələcək inkişafına və milli müstəqilliyimizin təminatına yönəlmiş möhtəşəm fəaliyyət göstərirdi.
Sonralar sovetlər ittifaqı kimi fövqəldövlətin rəhbərliyinə yüksələn Heydər Əliyev heç bir qüvvənin onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir olmamasını bir daha sübut edərək, bütün türk dünyasının fəxrinə çevrildi.
Bu nəhəng imperiyanın ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olan Heydər Əliyev Azərbaycanı öz timsalında bütün dünyaya tanıtdı, onun bu yüksək vəzifədə fəaliyyəti ölkəmizin keçmiş SSRİ-nin bütün imkanlarından maksimum bəhrələnməsini şərtləndirdi.
Azərbaycana qarşı çirkin niyyətlərini həyata keçirmək üçün Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasına nail olan məkirli qüvvələrin, "sapı özümüzdən olan baltaların" onun Azərbaycana qayıtmasına maneələr törətməsinə baxmayaraq, bu dəmir iradəli insan xalqının ağır günündə onunla bir yerdə olmaq, doğma Vətəninin müstəqilliyi naminə mübarizə aparmaq üçün bütün məhrumiyyətlərə sinə gərdi, Azərbaycana, həmin vaxtlar öz tarixinin ən ağır dövrlərini yaşayan Naxçıvana dönməyə nail oldu.
Naxçıvan əhalisi tərəfindən hədsiz sevgi ilə qarşılanan Heydər Əliyev Muxtar Respublika Ali Məclisinin sədri seçildi, erməni işğalçıları tərəfindən blokadaya alınmış qədim Naxçıvan torpağını siyasi müdrikliyi və böyük dövlətçilik təcrübəsi ilə hərbi təcavüzdən qorumağa, dövlət müstəqilliyimizin ilk addımlarının da məhz Naxçıvanda atılmasına nail oldu.
Belə ki, onun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının adından "sovet sosialist" sözləri çıxarıldı, üç rəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı.
Həmin illərdə Ə.Vəzirovun, A.Mütəllibovun, onların ardınca isə AXC-Müsavat cütlüyünün xəyanətkar əməlləri, xalqa zidd siyasətləri və səriştəsizliyi, özlərini milli lider hesab edən şəxslərin hakimiyyət uğrunda didişməsi üzündən Azərbaycan 70-80-ci illərdə qazandığı bir çox nailiyyətlərdən də məhrum olmuş, milli xəyanət nəticəsində xalqımız bir-birinin ardınca dəhşətli faciələrlə üzləşmiş, vəzifə naminə torpaqlarımızın düşmənə təslim edilməsi adi hala çevrilmiş, müstəqilliyimizin itirilməsi təhlükəsi real xarakter almışdı.
Təşviş içərisində olan Azərbaycan xalqının sabaha ümidi sarsılmış, ölkəmiz real vətəndaş müharibəsi və separatçılıq meylləri ilə üz-üzə qalmışdı. Yenicə müstəqillik əldə etmiş dövlətimiz 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının acı taleyini yenidən yaşayırdı.
Belə bir şəraitdə dövlət müstəqilliyimizi yalnız Heydər Əliyev dühasının, onun dövlət idarəçiliyində zəngin təcrübəsi, dərin ağıl və zəkası, mübarizliyi, milli mənafeyə sadiqliyinin qoruya bilməsini dərk edən Azərbaycan xalqı onun hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və bu, ümummilli hərəkata çevrildi.
Bütün hakimiyyət strukturlarının iflic vəziyyətinə düşməsi, qarşılıqlı ittihamların silahlı qarşıdurma həddinə çatması Azərbaycanın o dövrki rəhbərlərini də çıxılmaz vəziyyətə salmış, onlar özlərinin yaratdıqları bu vəziyyət qarşısında acizliklərini etiraf edərək, Heydər Əliyevi hakimiyyətə dəvət etmək məcburiyyətində qalmışdılar.
Belə ağır bir vəziyyətdə Heydər Əliyev Azərbaycana rəhbərliyi, əslində xilaskarlıq missiyasını öz üzərinə götürdü. Təsadüfi deyil ki, həmin gün - 1993-cü ilin 15 iyunu xalqımızın tarixində Milli Qurtuluş günü kimi qaldı və Azərbaycan tarixinin Heydər Əliyev dövrü özünün yeni, daha şərəfli, daha əzəmətli mərhələsinə daxil oldu.
Bu illərdə ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas olaraq gələcəyə inamla baxan güclü bir dövlətə çevrildi. Onun misilsiz siyasi məharəti, zəngin dövlətçilik təcrübəsi, möhkəm qətiyyəti və uzaqgörənliyi sayəsində xalqımızın ən böyük çətinlikləri, milli dövlətçiliyimizin itirilməsinə səbəb ola biləcək problemlər bir-birinin ardınca həll edilməyə başlandı. Bu dövrə nəzər salarkən xalqımızın öz müdrik liderinin rəhbərliyi ilə əsrə bərabər yol keçdiyinin bir daha şahidi oluruq.
Belə ki, qısa müddət ərzində vətəndaş müharibəsinin qarşısı alındı; dövlətçiliyə meydan oxuyan qanunsuz silahlı birləşmələr ləğv edildi; ictimai-siyasi sabitlik yaradıldı; ölkənin xarici siyasəti milli maraqlarımıza uyğunlaşdırıldı; intensiv sülh danışıqlarına başlanaraq, atəşkəsə nail olundu; uğurlu neft strategiyası müəyyən edilib həyata keçirilməyə başlandı; ilk milli konstitusiyamız qəbul olundu; güclü milli ordu quruculuğuna başlanıldı; ictimai həyatın bütün sahələrində hərtərəfli demokratik islahatlar aparıldı; siyasi plüralizm, söz və mətbuat azadlığı təmin edildi; Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edildi; Azərbaycanın demokratik prinsiplərə, sivil cəmiyyət quruculuğuna sadiqliyi bütün dünyaya bəyan edilərək, ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul olundu; nəhayət, Azərbaycanın gələcək inkişafını şərtləndirən hərtərəfli şərait yaradıldı.
Lakin, Azərbaycanın tərəqqisini qısqanclıqla qəbul edən bəzi daxili və xarici qüvvələr ölkəmizin rəvan inkişafına maneçilik törətmək üçün əllərindən gələni edirdilər. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlər göstərilsə də Azərbaycan xalqının dəstəyinə əsaslanan Heydər Əliyevin yenilməz iradəsi və qətiyyəti nəticəsində dövlətçiliyimiz əleyhinə yönəldilmiş bu qəsdlərin, habelə terror aktlarının qarşısı alındı.
Ölkəmizdə bütün istiqamətlər üzrə genişmiqyaslı ardıcıl islahatların həyata keçirilməsi də elə bu vaxtdan - tam ictimai-siyasi sabitliyin bərqərar olunmasından sonra başlandı.
Həmin dövrdə dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən biri müstəqilliyimizin ilk illərində hakimiyyət əldə etmiş naşı siyasətçilərin ehtiyatsız bəyanatları və düşünülməmiş, xalqa zidd xarici siyasətləri nəticəsində işğalçı dövlət imici qazanmış ölkəmizin haqq səsinin dünyaya çatdırılması olmuşdur. Bu məqsədlə, Heydər Əliyev ilk növbədə ölkəmizə o qədər də isti münasibət bəsləməyən dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara səfərlərə başladı, gərgin mübarizə - iradə, intellekt, siyasi mövqelər mübarizəsi şəraitində davamlı danışıqlar apardı.
Azərbaycan Prezidentinin beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, BMT, ATƏT, Avropa Şurası kimi mötəbər təşkilatların yüksək tribunalarından məharətlə istifadə etməsi nəticəsində ölkəmizin dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqəsi yüksələn xətlə inkişaf etməyə başladı.
Onun uğurlu xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün artan beynəlxalq nüfuzu, təminatlı dövlət hakimiyyətinin mövcudluğu dünyanın ən nüfuzlu şirkətləri tərəfindən iqtisadiyyatımızın müxtəlif sahələrinə küllü miqdarda investisiya qoyulmasını şərtləndirdi.
Uğurlu neft strategiyası, siyasi və iqtisadi islahatlar dünya dövlətlərinin diqqətini cəlb etdi və 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" kimi məşhur olan neft kontraktları imzalandı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi barədə razılıq əldə edildi. Bununla da bütün regionda siyasi sabitliyin əsası qoyularaq, Azərbaycana dost dövlətlərin sayı qısa müddətdə xeyli artırıldı.
Aparılan məqsədyönlü daxili və xarici siyasətin, hərtərəfli demokratik islahatların nəticəsi olaraq, ölkəmiz dünya birliyində öz layiqli yerini tutdu, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən, Avropa Şurasına üzv qəbul edildi.
Bu illər ərzində müstəqil dövlətimizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salınması, sülh yaradılması istiqamətində ardıcıl səylər göstərilməklə yanaşı, genişmiqyaslı ordu quruculuğu işləri də aparılmış, lazım olarsa dövlətimizin ərazi bütövlüyünü hərbi yolla təmin etməyə qadir olan milli ordu yaradılmışdır.
Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində cəmiyyət və dövlət həyatının bütün sahələrində köklü dəyişikliklər baş vermiş, hərtərəfli iqtisadi islahatlar, o cümlədən, aqrar islahat, özəlləşdirmə aparılmış, sənayedə və kənd təsərrüfatında tənəzzül aradan qaldırılmış, orta əmək haqqı xeyli yüksəldilmişdir.
Ölkəmizdə sabitlik hərtərəfli davamlı inkişaf və tərəqqinin təşəkkül tapması ilə xaricdə yaşayan soydaşlarımızın Azərbaycançılıq ideyası, müstəqil Azərbaycan dövlətçiliyi ətrafında milli birliyə, milli həmrəyliyə doğru yönəldilməsi üçün də zəmin yarandı və Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi.
Bu möhtəşəm tədbir göstərdi ki, Azərbaycan bütün dünya azərbaycanlılarının vətəni olduğu kimi Heydər Əliyev də bütün azərbaycanlıların ümummilli lideridir. Elə buna görə də ölkəmizin və xalqımızın taleyüklü problemlərinin həlli ilə yanaşı, bütün dünya azərbaycanlılarının həmrəyliyini, birliyini yaratmaq kimi tarixi missiyanı da məhz o, öz üzərinə götürmüşdür.
Ümumiyyətlə, Azərbaycanın müstəqillik yolunda inkişafına nəzər salaraq, bu gün iftixar hissi ilə deyə bilərik ki, ümummilli liderimizin miras qoyduğu dövlət müstəqilliyimiz dönməz xarakter almış, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməli qoyulmuş, həyatımızın bütün sahələrində köklü dəyişikliklər və dərin islahatlar həyata keçirilmiş, Azərbaycan dünya birliyinin tərkib hissəsinə çevrilmiş, böyük beynəlxalq nüfuz qazanmışdır.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya şöhrətli rəhbərimiz tərəfindən cəmiyyət və dövlət həyatının bütün sahələrində olduğu kimi hüquqi sahədə də köklü islahatlar aparılmış, bu islahatların həyata keçirilməsinin əsasını isə onun müəllifliyi ilə 1995-ci ildə qəbul olunmuş ilk milli konstitusiyamız qoymuşdur.
Azərbaycan xalqının milli, mədəni və tarixi ənənələrinə söykənərək, həqiqi demokratik cəmiyyət yaradılmasına xidmət edən bu islahatlar ilk növbədə insan hüquqlarının daha etibarlı təmin edilməsinə yönəlmişdir.
Müasir Azərbaycan tarixində əvəzedilməz xidmətləri olmuş ümummilli liderimiz həyata keçirdiyi məhkəmə-hüquq islahatının hər bir elementinə şəxsən özü rəhbərlik etmişdir.
O, Konstitusiyanın müddəalarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, hüquqi və digər islahatların aparılması məqsədilə yaratdığı Hüquqi İslahat Komissiyasına rəhbərliyi öz üzərinə götürmüş, ölkəmizin bu günü və gələcəyi üçün son dərəcə vacib və əhəmiyyətli qanunların layihələri hazırlanmışdır.
Hüquqi islahatlar yolunda inamla irəliləyən Azərbaycan Respublikasında qısa müddətdə hüquq sistemimizin təməlini təşkil edən mühüm qanun və məcəllələr qəbul edilmiş, məhkəmə və hüquq mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxılaraq, bu sahədə fəaliyyət demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğunlaşdırılmış, ümumiyyətlə, ölkəmizdə əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən yeni məhkəmə və hüquq sistemi yaradılmışdır.
Möhtərəm Heydər Əliyevin əsil humanizminin təzahürü olaraq 1995-ci ildən ölkəmizdə əfvetmə institutunun da təməli qoyulmuş, onun 32 fərmanı ilə 3000-dən çox məhkum əfv edilmiş, təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 80 minə qədər şəxsə tətbiq olunmuşdur.
Bütün bəşəriyyət yüz illər boyu ədalətli cəmiyyət qurulmasını arzulamışdır. Lakin müstəqil məhkəmə hakimiyyəti olmadan ədalətli cəmiyyət qurmaq mümkün deyildir.
Ümummilli liderimiz tərəfindən bu məsələyə xüsusi əhəmiyyət verilərək Konstitusiyamızda hakimiyyət bölgüsü, məhkəmə hakimiyyətinin, xüsusilə hakimlərin müstəqilliyinin təminatı barədə müddəalar təsbit edilmiş, insan haqlarının daha etibarlı təmin edilməsi üçün yeni 3 pilləli məhkəmə sistemi yaradılmış, məhkəmələrə müstəsna səlahiyyətlər verilmiş, onların üzərində əvvəllər mövcud olmuş total nəzarətə və müdaxiləyə son qoyulmuş, digər tədbirlər görülmüşdür.
Həmçinin Konstitusiyamıza görə məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan müdrik rəhbərimizin fərmanı ilə Azərbaycan tarixində ilk dəfə olaraq hakimlər test üsulu ilə seçilmiş, onun bilavasitə diqqət və qayğısı ilə əksər məhkəmələr statuslarına uyğun görkəmli binalarla təmin edilmişlər.
Təsadüfi deyildir ki, həyata keçirilmiş islahatlar nəticəsində pozulmuş hüquqların müdafiəsi üçün məhz məhkəmələrə müraciət edənlərin sayı 2 dəfədən çox artmışdır.
Cəmiyyət inkişaf etdikcə yaradılmış yeniliklər də daim təkmilləşir. Necə deyərlər təkmilləşmənin hüdudu sonsuzluğa qədərdir. Bu baxımdan məhkəmə-hüquq islahatının yüksələn xətt üzrə inkişafını daim diqqət mərkəzində saxlayan Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın bu günü və gələcəyi naminə Konstitusiyamızda referendumla edilmiş mütərəqqi dəyişikliklər xüsusi qeyd olunmalıdır.
Azərbaycan hüquq sistemində Heydər Əliyevin həyata keçirdiyi inqilabi dəyişikliklər nüfuzlu beynəlxalq ekspertlər tərəfindən də təqdir edilir, bir çox ölkələrin on illər ərzində əldə etdiyi nailiyyətlərin Azərbaycan tərəfindən qısa müddətdə qazanılması etiraf olunur. Bir həqiqət də unudulmamalıdır ki, bütün bu islahatlar xüsusilə ağır şəraitdə, torpaqlarımızın 20%-nin düşmən tapdağı altında olduğu dövrdə aparılmışdır.
Ölkəmizdə ədliyyə fəaliyyətinin təşəkkülü və inkişafının təmin edilməsi və ümumiyyətlə, Ədliyyə Nazirliyinin dövlət strukturu kimi təsis olunması da bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli liderimiz Azərbaycana rəhbərliyinin bütün dövrlərində Azərbaycan ədliyyə sisteminin inkişafına qayğılı münasibət göstərmiş, müstəqil dövlətimizdə həyata keçirilmiş hüquqi islahatlar çərçivəsində isə Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılmış, onun üzərinə əlavə mühüm vəzifələr qoyulmuş, funksiya və səlahiyyətləri genişləndirilmişdir. Təkcə onu demək kifayətdir ki, son illər ərzində bilavasitə Nazirliyin fəaliyyəti ilə bağlı 100-dək normativ hüquqi akt qəbul olunmuşdur.
Məhkəmələrin fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması üçün Nazirlikdə Məhkəmə Orqanları idarəsi ləğv edilmiş, məhkəmə qərarlarının icrasının yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları idarəsi, istintaq aparatı, habelə Bələdiyyələrlə iş və bələdiyyələrə metodoloji yardım mərkəzi yaradılmış, Azərbaycan Respublikası adından xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanması və onların icrasının təmin edilməsi, cinayət işləri üzrə hüquqi yardım göstərilməsi, o cümlədən, cinayətkarların verilməsi (ekstradisiya), bütün növ məhkəmə qeyri-tibb ekspertizalarının aparılması və bir çox digər məsələlərin həlli Ədliyyə Nazirliyinə həvalə edilmişdir.
Qarşıya qoyulmuş mühüm vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi və fəaliyyətin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə ədliyyə fəaliyyətinin hüquqi bazasının yaradılması, Nazirliyin strukturunun, mövcud iş üsul və vasitələrinin köklü surətdə təkmilləşdirilməsi, işçilərin məsuliyyət hissinin, peşə və nəzəri hazırlığının artırılması, tələbkarlığın, icra və əmək intizamının gücləndirilməsi, vətəndaşların müraciətlərinə qayğı ilə yanaşılması, ədliyyə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə müvafiq tədbirlər görülmüş, fəaliyyətini yeni tələblər səviyyəsində qura bilməyən, ədliyyə işçisi adına xələl gətirən əməkdaşlar barədə ciddi qərarlar qəbul edilmiş, o cümlədən, ədliyyə orqanlarında işləməyə layiq olmayan şəxslər bu orqanlardan kənarlaşdırılmışlar.
Həmçinin fəaliyyətin səmərəliliyinin artırılması, aşkarlığın təmin olunması, sağlam və işgüzar mühitin formalaşdırılması, kadr korpusunun hazırlıqlı, mənəvi cəhətdən saf, gənc və istedadlı işçilər hesabına möhkəmləndirilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilmişdir.
Nazirlik tərəfindən beynəlxalq hüquq əməkdaşlığına xüsusi əhəmiyyət verilərək Türkiyə, Ukrayna, Litva, Avstriya, Almaniyadan ədliyyə nazirlərinin, digər dövlətlərin məsul ədliyyə işçilərinin qarşılıqlı səfərləri həyata keçirilmiş, təkcə 2003-cü il ərzində Avstriya Ədliyyə Nazirliyi ilə əməkdaşlıq haqqında Saziş, Rusiya və Türkiyə Ədliyyə Nazirlikləri ilə Əməkdaşlıq Proqramları imzalanmış, Fransa və Almaniya Ədliyyə Nazirlikləri ilə, BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatlarla birgə tədbirlər təşkil olunmuş, ölkə Prezidentinin bu il Fransaya rəsmi səfəri çərçivəsində Fransa və Azərbaycan Ədliyyə Nazirlikləri arasında əməkdaşlığa dair saziş imzalanmışdır.
Ölkəmizdə ümummilli liderimizin həyata keçirdiyi mütərəqqi islahatlar barədə əhalinin hüquqi maarifləndirilməsinin rolu nəzərə alınaraq Ədliyyə Nazirliyi tərəfindən təkcə ötən il ərzində kütləvi informasiya vasitələrində 800-ə yaxın, o cümlədən, mətbuatda 500-dən, televiziyada 200-dən artıq, müxtəlif tədbirlərdə 320-dək çıxışlar edilmiş, xüsusi verilişlər hazırlanmış, Nazirliyin bu ilin yanvar ayından nəşrinə başladığı "Ədliyyə" qəzeti bu sahədə fəaliyyətə əlavə təkan olmuşdur.
Həmçinin hüquqi maarifləndirmə işində elm və texnikanın müasir nailiyyətlərindən, elektron informasiya daşıyıcılarının imkanlarından səmərəli istifadə edilərək Nazirliyin internet səhifəsinin (www.justice.gov.az) Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də aparılması, habelə hüquqi və digər informasiyanın əhali tərəfindən çevik əldə edilməsi məqsədilə onun daha da zənginləşdirilməsi və gündəlik təzələnməsi təmin edilmişdir.
Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl həriflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Əsrlər, minilliklər boyu yaşayacaq möhtəşəm abidədir. Şübhə yoxdur ki, xalqımız bu abidəni yaradanı özünün tarixində və qəlbində əbədi yaşadacaqdır.
Dünyanın ən nüfuzlu siyasətçilərindən biri kimi bütün türk dünyasının fəxrinə çevrilmiş Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, onun xalqımızın firavanlığı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün zaman tələb olunur. Çünki Heydər Əliyevin misilsiz fəaliyyəti ilə reallığa çevirdiyi nəhəng işlərin bir çoxu xalqımızın gələcək rifahına hesablanmışdır.
Ötən ilin dekabr ayının 12-də Azərbaycan milli dövlətçiliyinin xilaskarı və müstəqilliyimizin təminatçısı, bütöv bir xalqı böyük məhrumiyyətlərdən qorumağa və onun ən şərəfli tarixini yaratmağa nail olmuş ümummilli liderimiz Heydər Əliyevin vəfatı bütün xalqımızı sarsıtdı və ölkəmizi dərin hüznə qərq etdi. Heydər Əliyev şəxsiyyətinə ümumxalq məhəbbətinin təzahürü olaraq, milyonlarla soydaşımız vida və dəfn mərasimlərində iştirak edərək, bu böyük şəxsiyyətə hədsiz ehtiramlarını nümayiş etdirdilər.
Bu gün Heydər Əliyev həyatda olmasa da onun parlaq ideyaları, zəngin mənəvi, siyasi irsi, müəyyən etdiyi milli inkişaf yolu əbədidir, ölməzdir. Buna görə də Ədliyyə Nazirliyinin Kollegiyasının qərarına əsasən Heydər Əliyev milli dövlətçilik ideyalarının və onun müəyyən etdiyi dövlət inkişafı kursunun həyata keçirilməsi hər bir ədliyyə işçisinin ən müqəddəs amalı kimi müəyyən olunmuşdur.
Ötən il ölkəmizin tarixində mühüm ictimai-siyasi hadisə - prezident seçkiləri keçirilmiş və XXI əsrdə xalqımızın tarixində ilk dəfə keçirilən bu seçki kampaniyası Heydər Əliyev siyasi kursunun növbəti dəfə təntənəsi ilə başa çatmış, Azərbaycan xalqı böyük həmrəylik nümayiş etdirərək, möhtərəm Prezidentimizin siyasi varisi, dünya siyasətçiləri tərəfindən yüksək qiymətləndirilən istedadlı dövlət xadimi cənab İlham Əliyevi özünə rəhbər seçməklə yeni əsrdə böyük uğur və nailiyyətinə imza atmışdır. Nəticə etibarilə, 15 iyun 1993-cü ildən başlanan böyük Qurtuluş günü 15 oktyabr 2003-cü il - xalqımızın Zəfər günü ilə davam etdirilmişdir.
Cənab İlham Əliyevin ölkə Prezidenti vəzifəsində fəaliyyətə başladığı ilk gündən yüksək dövlətçilik təəssübkeşliyi, insanların rifahının yaxşılaşdırılması niyyətilə həyata keçirdiyi tədbirlər nəticəsində o, Azərbaycan xalqının gələcək inkişafının təminatçısı kimi böyük ehtiramla qarşılanır.
Azərbaycan xalqının iradəsi ilə ölkə Prezidenti seçilmiş cənab İlham Əliyevin milli maraqlarımızın qorunmasında, əhalinin rifahının yaxşılaşdırılmasında nümayiş etdirdiyi qəti və prinsipial mövqe, o cümlədən, hər bir vətəndaşın hüquqlarına hörmətlə yanaşılmasının, insanlara qayğılı münasibət göstərilməsinin bütün dövlət strukturlarının qarşısında ali məqsəd kimi qoyulması Heydər Əliyev siyasi kursunun bu gün də layiqincə davam etdirildiyini sübut edir.
Fikrət Məmmədov,
Azərbaycan Respublikasının
ədliyyə naziri