Heydər Əliyev xalqımız yaşadıqca yaşayacaqdır, may 2008-ci il

Hər bir kəs ilk növbədə öz xalqı, vətəni ilə tanınır. Elə nadir insanlar da var ki, onlar mənsub olduğu xalqı, vətəni tanıdır, şöhrətləndirirlər. Belə insanlar seçilmiş şəxsiyyətlərdir və xüsusi missiyası olan liderlərdir. ümummilli liderimiz Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir.

Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunmuşdur.

Gördüyü cahanşümul işlərin nəticəsidir ki, bu gün ölkəmizin hər yerində bu böyük şəxsiyyətin 85 illiyi xalqın yüksək ehtiramı ilə geniş qeyd edilir. ümummilli liderin zəngin ictimai-siyasi fəaliyyətinin hərtərəfli öyrənilməsi və təbliği məqsədilə bütün bölgələrdə, idarə və müəssisələrdə, təhsil ocaqlarında yığıncaqlar, konfranslar, digər kütləvi tədbirlər keçirilir.

Bu günlər hər birimiz Heydər Əldiyevin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq.

Onun 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşının özünə qayıdışı, milli özünüdərkin, milli ruhun hədsiz yüksəlişinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Bu illərdə Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycanda coşqun quruculuq işlərinə başlandı, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi.

Ulu öndər Heydər Əliyev min illərlə tarixi olan müdrik Azərbaycan xalqına məxsus duha idi. Bu dahi şəxsiyyət sovet rejiminin onun millətini necə sıxdığını, inkişafına hər vasitə ilə mane olduğunu açıq-aydın görürdü. Amma ümummilli liderimizin sonralar dediyi kimi bu rejimə açıq-aşkar qarşı çıxmaqla həmin dövrdə heç nəyə nail olmaq mümkün deyildi. Ən düzgün yol bu siyasətdə öz xalqına, vətəninə bacardığın qədər çox xidmət göstərmək idi. Bu dahi şəxsiyyət mübarizələrlə dolu həyatı ilə sübut etdi ki, həmin dövrün bütün çətinliklərinə baxmayaraq vətən üçün, xalq üçün çox böyük işlər görmək mümkündür.

Heydər Əliyev Azərbaycan xalqının müstəqillik yolunda qarşılaşacağı çətinlikləri hələ o dövrlərdə görür, sovet totalitar rejiminin sərt təzyiqlərinə baxmayaraq bu günümüz üçün ən qlobal problemləri məharətlə həll edir, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinə şərait yaradır, Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atmaqla bugünki dövlət müstəqilliyimizin möhkəm təməlini qoyurdu.

Azərbaycanın bugünkü zəngin elmi, iqtisadi, mədəni, kadr potensialının təməlində Heydər Əliyevin həmin illərdə apardığı milli quruculuq işləri dayanır. Elmə, təhsilə xüsusi diqqət yetirən Heydər Əliyev 70-ci illərdə hər il iki min nəfərə qədər gənci müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ayrı-ayrı şəhərlərinə göndərirdi.

Həmin illərdə bir çox çətinliklər bahasına Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasını böyük hadisə adlandırmaq olar. ümummilli liderimiz Azərbaycanın müstəqilliyinə inandığı üçün gələcək dövlətimizin hərbi potensiala ehtiyacını nəzərə alıb bu addımı atmışdı. Hadisələrin sonrakı inkişafı bu dahi şəxsiyyətin uzaqgörənliyini bir daha sübut etdi. Müstəqil dövlətin gənc ordusu məhz həmin məktəbin yetirdiyi hərbi kadrların bilik və təcrübəsi sayəsində formalaşmağa başladı.

1969-1982-ci illər Azərbaycanda çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi.

Vətənini, xalqını hədsiz məhəbbətlə sevən böyük öndərimizin bilavasitə şəxsi təşəbbüsü ilə müasir Azərbaycan memarlığının şah əsərləri sayılan və respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə möhtəşəm binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldılmışdır.

Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanmış strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Həmin dövrdə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətin nəticəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu.

Həmin illər Azərbaycanın enerji təhlükəsizliyinə xidmət edən tədbirlər miqyası kifayətdir deyək ki, ümummilli liderimiz müstəqilliyimizi aydın görürdü və bunun üçün mümkün olan hər şeyi edirdi.

Sonralar sovetlər birliyi kimi fövqəldövlətin rəhbərliyinə yüksələn Heydər Əliyev heç bir qüvvənin onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir olmamasını bir daha sübut etməklə, bütün türk dünyasının fəxrinə çevrildi. Bu nəhəng imperiyanın ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olan Heydər Əliyev Azərbaycanı öz timsalında bütün dünyaya tanıtdı, onun bu yüksək vəzifədə fəaliyyəti ölkəmizin sovetlər birliyinin bütün imkanlarından maksimum bəhrələnməsini şərtləndirdi.

Heydər Əliyev SSRİ rəhbərliyində olarkən Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsinin qeyri-mümkün olduğunu başa düşən məkrli qüvvələr onun vəzifədən uzaqlaşdırılmasına nail oldular, «sapı özümüzdən olan baltalar» isə Azərbaycana qayıdışına maneələr törətməyə başladılar.

Belə bir şəraitdə bu dəmir iradəli insan xalqının ağır vəziyyətində onunla bir yerdə olmaq üçün bütün məhrumiyyətlərə qalib gəldi və həmin vaxtlar öz tarixinin ən ağır dövrlərini yaşayan Naxçıvana dönməyə nail oldu.

Maraqlıdır ki, həmin dövrə nəzər salarkən dövlət müstəqilliyimizin ilk addımlarının məhz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda atıldığının şahidi oluruq. Məsələn, onun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının adından «sovet sosialist» sözləri çıxarıldı, üç rəngli Milli Bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı.

1991-ci ildə Azərbaycanda təhlükəli bir vəziyyət yaranmışdı. ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsindəydi. Respublikada xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat bərbad hala düşmüşdü, Heydər Əliyevin qurub-yaratdığı iqtisadi potensial amansızcasına dağıdılırdı.

Təşviş içərisində olan Azərbaycan xalqının sabaha ümidi sarsılmış, ölkəmiz real vətəndaş müharibəsi və seperatçılıq meylləri ilə üz-üzə qalmışdı. Yenicə müstəqillik əldə etmiş ölkəmiz bundan dərhal sonra onu itirmək təhlükəsi qarşısında qalmışdı. 1918-ci ildə yaranan Azərbaycan Demokratik Respublikasının ömrü cəmi 23 ay çəkdi, onun varisi kimi yaranan Azərbaycan Respublikasının ömrü isə daha qısa ola bilərdi.

Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı, amma şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan hakimiyyət hərisləri bütün gücləri ilə buna mane olur, silahlı dəstələr yaradırdılar. Həmçinin, bütün güc strukturlarının siyasiləşməsi ölkədə dövlət və dövlətçilik üçün böyük təhlükə olan cəzasızlıq şərati yaratmışdı. Azərbaycan üçün çətin, mürəkkəb vaxtda ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükə qarşısında qaldığı anda Heydər Əliyevə müraciət edən xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Yalnız ümimmilli liderimiz ölkəmizin ərazi bütövlüyünü təmin edə bilər, xalqımızı müstəqilliyin azad inkişaf yoluna çıxara bilər.

1993-cü ilin iyununda hakimiyyətə qayıdanda Heydər Əliyevə dağılmış bir ölkə miras qalmışdı. Hakimiyyətsizlik, özbaşınalıq, hərc-mərclik son həddə çatmışdı. Fürsətdən istifadə edən erməni hərbi birləşmələri torpaqlarımızı işğal edir, yüz minlərlə soydaşımız öz torpaqlarında qaçqına, didərginə çevrilirdi.

Amma Heydər Əliyev ümummilli lider olaraq xilaskarlıq missiyası ilə gəlmişdi. O, hakimiyyətə qayıtdı və qətiyyətlə, inamla bəyan etdi: «Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olcaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır». Təbii ki, bu gün hər birimiz bunun şahidləriyik.

1993-cü ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, inkişaf edən bir dövlətə çevrildi. Qısa müddət ərzində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyə meydan oxuyan silahlı birləşmələr ləğv edildi, ictimai-siyasi sabitlik yarandı. ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası müəyyən edilib həyata keçirilməyə başlandı, ictimai həyatımızın bütün sahələrində hərtərəfli demokratik islahatlar aparıldı. Siyasi pluralizm, söz və mətbuat azadlığı təmin edildi, Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzası ləğv edildi, Azərbaycanın gələcək inkişafını şərtləndirən hərtərəfli şərait yaradıldı.

Əlbəttə, bunların heç biri asan başa gəlmədi. Bu tərəqqini qısqanclıqla qarşılayan bəzi daxili və xarici q&uuuuml;vvələr ümummilli liderimizə sui-qəsdlər etməkdən belə çəkinmirdilər.

Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursunun nəticəsi olaraq ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildi, Azərbaycanın haqq səsi dünyada eşidilməyə başlandı. Uğurlu neft strategiyası, siyasi və iqtisadi islahatlar dünya dövlətlərinin diqqətini cəlb etdi və 1994-cü ildə Bakıda «Əsrin müqaviləsi» kimi nəhəng bir saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi, Böyük İpək Yolunun bərpası üzrə konkret addımlar atıldı. Bütün bunlar Heydər Əliyevin siyasi fəaliyyətinin bəhrələridir, onun parlaq səhifələridir.

Heydər Əliyev bütün varlığı ilə sevdiyi Azrbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etmiş, sivil dünya dövlətləri cərgəsinə çıxarmaq, arzusunda olduğu yeni Azərbaycanın reallaşması naminə var gücü ilə çalışırdı. Yorulmadan dünyanın böyük dövlətlərinin başçıları ilə saysız-hesabsız görüşlər keçirir, Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı. Bu səfərlər zamanı dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın vəziyyəti ilə maraqlanır, onların azərbaycançılıq ideyası ətrafında birləşməsi üçün böyük səy göstərir, bütün ölkələrdə soydaşlarımızın mənəvi və mədəni həmrəyliyinin yaradılmasına, Azərbaycan diasporunun formalaşmasına böyük önəm verirdi.

«Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam» - deyən ulu öndərimiz 2001-ci ilin noyabrında Bakıda bütün dünya azərbaycanlılarının I qurultayının keçirilməsinə nail oldu.

Bu gün erməni təcavüzkarlarının törətdiyi, qəddarlığına və amansızlığına görə misli görünməyən faciələrin mahiyyəti, zaman-zaman Azərbaycana qarşı törədilən terror aktları, soyqırım siyasəti dünya ictimaiyyətinə çatdırılır, Ermənistanın təcavüzkar dövlət kimi tanınması üçün səylər göstərilir. Bütün bu tədbirlərin həyata keçirilməsində Heydər Əliyevin formalaşdırdığı Azərbaycan lobbisinin də xidmətləri var. Bu ümummilli liderimizin siyasi uzaqgörənliyinin nəticəsidir, onun ideyalarının təntənəsidir.

Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ümummilli liderimiz Heydər Əliyev tərəfindən cəmiyyət və dövlət həyatının bütün sahələrində olduğu kimi hüquqi sahədə də köklü islahatlar aparılmağa başlandı. Bu islahatların həyata keçirilməsinin əsasını «Heydər Əliyev Konstitusiyası» kimi tarixə düşən, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan ilk milli Konstitusiyamız qoymuş oldu. Konstitusiya müddəalarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsiplərinin möhkəmləndirilməsi, hüquqi islahatların ardıcıl və keyfiyyətlə aparılması üçün Hüquqi İslahat Komissiyası yaradıldı.

Hüquqi sahədə islahatların mütəşəkkil aparılmasına xüsusi əhəmiyyət verən ümummili liderimiz Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü, qısa müddət ərzində hüquq sisteminin təməlini təşkil edən mühüm qanun və məcəllələr qəbul edildi, məhkəmə və hüquq mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxıldı. Nəticə etibarilə Azərbaycanda əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən yeni hüquq və 3 pilləli, müstəqil məhkəmə sistemi formalaşdırıldı. Bu gün biz fəxrlə deyə bilərik ali məqsədi insan haqlarının müdafiəsinə xidmət edən Azərbaycanın yeni hüquq sisteminin də müəllifi məhz ümummilli liderimiz Heydər Əliyevdir.

ölkəmizdə ədliyyə fəaliyyətinin təşəkkülü və inkişafının təmin edilməsi, ümumiyyətlə, Ədliyyə Nazirliyinin dövlət strukturu kimi təşəkkül tapması da ümummilli liderimizin adı ilə bağlıdır.

Azərbaycana rəhbərliyinin bütün dövrlərində Heydər Əliyev ədliyyə sisteminin inkişafına qayğılı münasibət göstərmiş, həyata keçirilmiş hüquqi islahatlar çərçivəsində Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılmış, onun üzərinə əlavə mühüm vəzifələr qoyulmuş, funksiya və səlahiyyətləri genişləndirilmişdir.

Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Əsrlər boyu yaşayacaq möhtəşəm abidədir. Şübhə yoxdur ki, xalqımız bu abidəni yaradanı özünün tarixində və qəlbində əbədi yaşadacaqdır.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də öz siyasi varisi İlham Əliyevi ərsəyə çatdıraraq, müstəqil dövlətimizin ardıcıl inkişafı üçün zəmin yaratmasıdır.

Azərbaycan Respvublikasının Prezidenti kimi cənab İlham Əliyev ilk gündən Heydər Əliyev siyasi kursunu qəti və prinsipial mövqeyi ilə davam etdirməklə xalqın böyük ehtiramını qazanmış, qısa müddət ərzində əhalinin rifahının yaxşılaşmasında müstəsna rol oynayan tədbirlər həyata keçirilmiş, hər bir vətəndaşın hüququna hörmətlə yanaşılması, ona qayğılı münasibət göstərilməsi bütün dövlət strukturlarının qarşısında ali məqsəd kimi qoyulmuşdur.

Aparılan düşünülmüş və ardıcıl iqtisadi siyasət və həyata keçirilən mühüm layihələr nəticəsində qısa zaman əzində iqtisadi inkişaf sürətinə görə Azərbaycan regionda lider ölkəyə çevrilmiş, ölkənin iqtisadi potensialı dəfələrlə yüksəlmişdir. Belə ki, təkcə 2007-ci ildə ümumi daxili məhsul 25%, sənaye istehsalı 24 faiz artmışdır. Son 4 ildə isə ölkə iqtisadiyyatının həcmi təxminən 2 dəfə, onun qeyri-neft sektoru 1,8 dəfə artmış, yerli sərmayələrin həcmi xarici investisiyaları üstələmişdir.

Büdcə xərcləri 10 dəfə yüksəlmiş, ölkənin strateji valyuta ehtiyatları isə 4,5 dəfə artmışdır. Təməli ümummilli liderimiz tərəfindən qoyulmuş Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmiş, Bakı-Axalkalaxi-Qars dəmir yolu və digər iri regional layihələr uğur qazanmışdır. Əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülmüş tədbirlərin nəticəsi olaraq 2007-ci ilin sonuna yoxsulluğun səviyyəsi 2003-cü ilə nisbətən 49 faizdən 16 faizə enmiş, habelə son 4 il ərzində 640 min iş yeri açılmışdır.

Ölkənin inkişafını xarakterizə edən əsas göstəricilərdən biri də müasir yol-nəqliyyat şəbəkəsinin yaradılmasıdır. ümummilli liderimiz Sovetlər dövründə Azərbaycana rəhbərlik etdiyi zaman bu məsələyə xüsusi önəm vermiş, yeni-yeni yollar, habelə qısa müddətdə – 1970-ci ildə ilk dəfə olaraq hava limanından şəhərə yeni geniş və işıqlı yol çəkilmiş və bu yol əhaliyə 40 ilədək xidmət etmişdir. Bu gün də ölkənin yol infrastrukturunun inkişafına mühüm əhəmiyyət verilməsi, o cümlədən Heydər Əliyevin çəkdirdiyi həmin yolun 8-12 hərəkət zolağından ibarət olmaqla yenidən qurulması, həmçinin beynəlxalq əhəmiyyətinin artması nəzərə alınaraq hava limanına şəhərin mərkəzindən alternativ yeni, ən müasir, beton yolun çəkilməsi dahi öndərin dövlət inkişafı kursunun onun siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini sübut edir.

Dövlət başçımızın gərgin əməyinin nəticəsi olan belə inkişaf sürəti dünya tarixində çox nadir hallarda təsadüf oluna bilər.

Dövlətimizin beynəlxalq nüfuzunun artmasının nəticəsidir ki, bu gün regionda Azərbaycanın iştirakı olmadan hər hansı layihənin reallaşması təsəvvür olunmur, Azərbaycanda mötəbər beynəlxalq təşkilatların tədbirlərinin keçirilməsi ənənəvi xarakter alır.

Ümummilli liderimizin dövlət quruculuğu xəttini uğurla davam və inkişaf etdirən cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyi illər ərzində Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində də əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı təbirlər həyata keçirilmişdir.

Möhtərəm Prezidentimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının əyani təzahürü olaraq ədliyyə fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi və ədliyyə orqanlarının inkişafı ilə bağlı tarixi əhəmiyyətli sənədlər qəbul edilmişdir.

2006-cı ili aprel ayının 18-də ölkə Prezidenti tərəfindən "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə" təsdiq edilmiş, may ayında isə ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis tərəfindən "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanun qəbul edilmişdir. Bütün ədliyyə sistemi üçün müstəsna tarixi əhəmiyyətə malik olan bu sənədlərin qəbul edilməsi ədliyyə işçilərində böyük minnətdarlıq hissi doğurmuş, eyni zamanda onların üzərinə yeni vəzifələr qoymuşdur.

Dövlət başçısı tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı ildə xüsusi Fərman imzalanması və Nazirliyin yeni strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin təkmilləşməsində yeni mərhələ olmuşdur. Fərmanla Nazirliyin strukturunda ciddi dəyişikliklər edilmiş, yeni, mühüm struktur qurumlar yaradılmış, məhkəmə-hüquq sahəsində çalışan çoxminli kollektivə xidmət edəcək Ədliyyə Akademiyası təsis olunmuş, ilk dəfə olaraq regional ədliyyə şöbələri yaradılmışdır.

Ölkə Prezidenti kimi fəaliyyətə başladığı ilk vaxtlardan ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xüsusi əhəmiyyət verən cənab İlham Əliyevin tapşırıqlarına əsasən 2004-cü ildən etibarən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə kompleks tədbirlər həyata keçirilmiş, köklü dəyişikliklərə səbəb olan mühüm addımlar atılmış, yeni mütərəqqi qanunlar qəbul edilmişdir.

Məhkəmə hakimiyyətinin özünüidarə orqanı - əsasən hakimlərdən ibarət olan Məhkəmə-Hüquq Şurası formalaşdırılmış, hakimlərin seçilməsinin yeni, ən mütərəqqi qaydası müəyyən olunmuş, müstəqil qurum olan Hakimlərin Seçki Komitəsi yaradılmış, ilk dəfə olaraq hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydası müəyyən olunmuşdur.

Qeyd etmək istərdim ki, hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsinin nəticəsi olaraq 32 hakimin səlahiyyətlərinə xitam verilmiş, bütün məhkəmələrin hakimlərinin tərkibi tam təzələnmiş, hakimlərin seçilməsi prosesini müvəffəqiyyətlə başa vurmuş 55 nəfər ilk dəfə olaraq hakim vəzifələrinə təyin olunmuşlar. Eyni zamanda hakimlərin iş yükünün həddən artıq çox olmasının onların fəaliyyətində ciddi çətinliklər yaratması nəzərə alınaraq bu məsələ Məhkəmə-Hüquq Şurası tərəfindən geniş təhlil edilmiş və ölkə Prezidentinin fərmanları ilə hakimlərin ştat sayı 160 vahid artırılmışdır.

Vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, onlara göstərilən hüquqi xidmətin yaxşılaşdırılması və bölgələrdə hüquq təsisatlarının inkişafının stimullaşdırılması məqsədilə regional apellyasiya və yeni iqtisad məhkəmələri yaradılmış və ötən il fəaliyyətə başlamışdır.

Görülən tədbirlər bəhrəsini vermiş və son dövrlər məhkəmə fəaliyyəti ilə bağlı şikayətlərin sayı xeyli azalmışdır.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır. Bü isə ümummilli liderimiz Heydər Əliyevin ideyalarının real bəhrəsi, onların geçəkləşməsidir.

Zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə qüvvətli təkan verərək, onu daimi yüksəliş yoluna çıxaran dahi Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərini nəzərə alınaraq dövlət başçısı tərəfindən Heydər Əliyevin 85 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi barədə 11 mart 2008-ci il tarixli Sərəncam imzalanmışdır.

Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ədliyyə orqanlarında da geniş qeyd edilir, konfranslar, dəyirmi masalar, digər kütləvi tədbirlər keçirilir.

Həmçinin, bu günlərdə Ədliyyə Nazirliyində Milli Elmlər Akademiyası ilə birgə «Dövlətəiliyimizin memarı-Heydər Əliyev» mövzusunda ədəbiyyat sərgisi, Nazirliyin Heydər Əliyev Muzeyində silsilə görüşlər təşkil edilmiş, o cümlədən gənc ədliyyə işçiləri ilə rəhbərliyin görüşü keçirilərək, ilk xüsusi rütbələr və xidməti vəsiqələr təqdim olunmuş, stendlər, sair təbliğat vasitələri hazırlanmış, yeni tikilmiş məhkəmə və bir sıra ədliyyə qurumlarının inzibati binalarının təntənəli açılışı olmuş və digər tədbirlər keçirilmişdir.

50-dən çox gənc ədliyyə işçisinin təhsil aldığı Rusiya Federasiyası penitensiar xidmətinin Hüquq və İdarəçilik Akademiyasında «Heydər Əliyev Muzeyinin» yaradılması böyük öndərimizin siyasi irsinin xaricdə öyrənilməsi və təbliği işinə xüsusi töhfə olmuşdur.

Eyni zamanda Ədliyyə Nazirliyində Heydər Əliyev irsinin tədqiqatçıları – təhsil nazirinin müavini, tarix elmləri doktoru, professor İradə Hüseynova, Milli Məclisin deputatı, əməkdar jurnalist Elmira Axundova və Dövlət Neft Şirkətinin birinci vitse prezidenti, akademik Xoşbəxt Yusifzadənin iştirakı ilə «Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir» mövzusunda elmi-praktiki konfrans keçirilmiş, ulu öndərin mənalı həyat yolu, siyasi fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi və Azərbaycan dövlətinin bərqərar olması və inkişafı naminə gördüyü möhtəşəm işlər barədə məruzələr dinlənilmişdir.

Heydər Əliyev duhasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək tədqiq etmək mümkün deyildir. Bu şəxsiyyətin böyüklüyünü, onun xalqımızın firavanlığı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün zaman tələb olunur.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır. Bü Heydər Əliyevin ideyalarının real bəhrəsi, onların geçəkləşməsidir.

Bizim isə ən böyük vəzifəmiz Heydər Əliyevin ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır.

Fikrət Məmmədov,

ədliyyə naziri,

Məhkəmə-Hüquq Şurasının sədri

I dərəcəli dövlət ədliyyə müşaviri

“Respublika” qəzeti, 8 may 2008-ci il

iacca
iap
business ready
eplc
Ən Tez