Azərbaycan dövlətçiliyinin mövcudluğu Heydər Əliyevin adı ilə bağlıdır, iyun 2002-ci il

Müsahibimiz Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Musayevdir

- Möhtərəm Prezidentimiz Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıtdığı 15 iyun ölkəmizdə Milli Qurtuluş günü kimi qeyd olunur. Bu tarixi günün əhəmiyyəti barədə fikrinizi bilmək istərdik.

- Hələ ötən əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tez bir zamanda süqut etməsinin səbəblərindən biri də ümummilli liderin olmaması idi. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməklə Azərbaycan xalqı tarixi qələbə qazanmışdı. Bütün dünyaya bəyan etdiyimiz dövlət müstəqilliyini biz qoruyub saxlamağı da bacarmalıydıq.

Təəssüf ki, o dövrdə daxildə mövcud olan xaosdan bacarıqla yararlanan xarici qüvvələr ölkəmizi parçalamaq üçün bütün imkanlardan istifadə edirdilər. Bu cəhdlər hamımızın yadındadır. Güclü dayağa malik erməni təcavüzü getdikcə genişlənirdi. Səriştəsiz rəhbərlərin cəmi bir illik hakimiyyəti dövründə ölkədə vəziyyət tamamilə nəzarətdən çıxmış, yeni separatçı qüvvələr baş qaldırmış, vətəndaş müharibəsi alovlanmışdı. İqtisadiyyat iflic vəziyyətinə salınmış, ölkədə taxıl ehtiyatı tükənmişdi. İnsanlar gecə yarıdan çörək növbəsinə durmağa məhkum edilmişdilər.

Məhz o günlər Azərbaycan xalqının təkidli xahişləri nəticəsində möhtərəm Heydər Əliyev hakimiyyətə qayıtmağa razılıq verdi. Və Azərbaycana bu ağır dövrdə rəhbərliyi üzərinə götürərək, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə siyasi sabitliyi təmin edərək, dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edən köklü islahatlar aparılmasına şərait yaratdı.

Bununla da, Azərbaycan xalqı sadalanan təhlükələrdən xilas oldu. Biz anarxiyadan, aclıqdan, səfalətdən, qardaş qırğınından, ən başlıcası isə, dövlətçiliyimizi itirmək təhlükəsindən qurtulduq. Cənab Heydər Əliyevin hakimiyyətə qayıdışı həm tarixi zərurət, həm də Azərbaycan xalqının yeganə xilas yolu idi.

Sonrakı hadisələr də bunu bir daha sübut etdi. 1994-cü ilin oktyabrında Azərbaycanda dövlət çevrilişi təhlükəsi yarananda Heydər Əliyev televiziya ilə xalqa müraciət etdi və yüz minlərlə insan Prezident Sarayının qarşısına toplaşaraq, öz lideri ilə həmrəyliklərini, dövlətçiliyimizi qorumağa hazır olduqlarını bildirdilər.

Heydər Əliyevin xidmətləri yalnız ölkəmizi anarxiyadan, vətəndaş müharibəsindən, parçalanmaq təhlükəsindən xilas etməklə bitmir. Xilaskarlıq missiyasını uğurla yerinə yetirən cənab Heydər Əliyev bunun ardınca quruculuq missiyasını da öz üzərinə götürdü. Ölkəmizin dünya dövlətləri ailəsinə inteqrasiyası yolunu tutdu. Onun təşəbbüsü və rəhbərliyi ilə yeni Konstitusiya hazırlandı və qəbul edildi. Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edildi, dövlətimizin sivil cəmiyyət quruculuğu yolundan dönməyəcəyi bütün dünyaya bəyan olundu, həyata keçirilən demokratik islahatlar nəticəsində milli qanunvericiliyimiz təkmilləşdirilərək, insan hüquqlarının daha etibarlı təmin edilməsinə yönəldildi, yeni müstəqil məhkəmə hakimiyyəti bərqərar olundu.

Möhtərəm Prezidentimizin yorulmaz fəaliyyətinin nəticəsi kimi ölkəmiz demokratiyanın beşiyi olan Avropa ailəsinin tamhüquqlu üzvü olmaq haqqını tanıtdırdı. Ötən il yanvarın 25-də Avropa Şurası iqamətgahı qarşısında Azərbaycan dövlətinin bayrağı qaldırılaraq, dövlət himni səsləndirildi, dövlət başçımız tarixi nitq söylədi. Bu hadisə bütün Azərbaycan xalqı kimi ədliyyə işçiləri tərəfindən də hədsiz sevinc və qürur hissi ilə qarşılanmışdır.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu neft strategiyası nəticəsində iqtisadiyyatımıza milyardlarla dollar sərmayə qoyulmuş, sənaye, kənd təsərrüfatı istehsalı və xidmət sahələri hərtərəfli inkişaf etməyə başlamışdır.

15 İyunun Milli Qurtuluş günü kimi qeyd olunması məsələsinə qayıdaraq, təkrar etmək istəyirəm ki, cənab Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixi bir zərurətidi və Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu da məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlandı.

Unutmaq olmaz ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində həm də böyük bir məktəb yaradıb. Məncə, iqtidarlı müxalifətli hamının bu məktəbi keçməsi vacibdir. Möhtərəm Prezidentimiz sözün həqiqi mənasında, ensiklopedik biliyə və nadir idarəçilik qabiliyyətinə malik bir şəxsiyyətdir. O, istənilən sahədə keçirilən tədbirlərdə iştirak edərkən, həmin sahənin dərin bilicisi olduğunu göstərir. Onun həmişə məsələyə və ya konkret vəziyyətə hamıdan yaxşı bələd olduğu, əsaslı mövqe tutduğu və düzgün qərar qəbul etdiyi şəksizdir. Hər bir ölkənin tarixində elə anlar olur ki, xalqın və dövlətin sonrakı taleyində şəxsiyyətin müstəsna rolu özünü büruzə verir. Danılmaz faktdır ki, müasir dövrdə Azərbaycan xalqının və dövlətçiliyinin taleyini müəyyənləşdirən amil məhz Heydər Əliyev şəxsiyyətidir. Müdrik, uzaqgörən, qətiyyətli və zəngin təcrübəli siyasətçi kimi Heydər Əliyevin şəxsi nüfuzu gənc Azərbaycan Respublikasının demokratik ölkə kimi imicinin formalaşmasına, dövlətlərarası münasibətlərdə etibarlı tərəfdaş və ümumiyyətlə, dünya birliyinin öz sözü, öz mövqeyi olan tamhüquqlu üzvü kimi tanınmasına xidmət edir. Bax, budur Heydər Əliyev məktəbinin böyüklüyü və bu məktəbin ən layiqli nümayəndəsi kimi müstəqil dövlətimizin tərəqqisi üçün əlindən gələni əsirgəməyən, dünya siyasətçiləri tərəfindən yüksək dəyərləndirilən istedadlı dövlət xadimi İlham Əliyevin səmərəli fəaliyyəti ilə fəxr edən xalqımız gələcəyə nikbinliklə baxır.

- Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafının təminatçısı olan Heydər Əliyev həyatımızın bütün sahələrində köklü islahatlar aparılmasının təşəbbüsçüsü və təşkilatçısıdır. Şübhəsiz ki, hüquqi islahatlar da bu sırada mühüm yer tutur...

- 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə bütün istiqamətlərdə demokratik islahatlar aparılmasının əsasını qoymuşdur. Bundan sonra hörmətli Prezidentimizin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı nəticəsində beynəlxalq standartlara uyğun yeni mütərəqqi qanunlar qəbul olunmuş, bütün hüquq sistemində əsaslı islahatlar aparılmış, ilk dəfə olaraq demokratik üsulla yeni hakimlər korpusu formalaşdırılmışdır.

Xatırlatmaq yerinə düşərdi ki, hələ sovet hakimiyyəti dövründə ədliyyə işinin təşkilinə xeyli müddət lazımi əhəmiyyət verilməmiş, ədliyyə orqanları dəfələrlə ləğv edilib, yenidən yaradılmış, uzun dövr ərzində Ədliyyə Nazirliyinə ehtiyac bilinməmişdir. Yalnız 1970-ci ildə cənab Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayarkən Ədliyyə Nazirliyi yenidən və əsaslı surətdə təsis edilərək, ədliyyə işi təkmilləşdirilmiş, onun gələcək inkişafı üçün əlverişli zəmin yaradılmışdır.

Ədliyyə Nazirliyinin Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonrakı inkişafı da məhz möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin adı ilə bağlıdır. Son illərdə aparılan islahatlar nəticəsində ədliyyə orqanları üzərinə daha geniş və məsuliyyətli vəzifələr qoyulmuşdur.

Ölkə Prezidentinin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 Noyabr Ədliyyə işçilərinin Peşə Bayramı günü elan edilmişdir. Artıq iki ildir ki, bu bayram ədliyyə orqanlarında və məhkəmələrdə geniş qeyd olunur. Dövlət başçısının bu qərarı ədliyyə orqanlarında, məhkəmə sistemində çalışanların mənəvi stimullaşdırılmasına, onların tarixi varisliyinin və müsbət ənənələrinin təsbit olunmasına, cəmiyyətdə nüfuzunun artırılmasına xidmət etmiş, hər bir ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq və iftixar hissi ilə qarşılanmışdır.

Əməkdaşlarımız onlara göstərilən etimadı doğrultmağa çalışaraq, ədliyyə işçisi adını şərəflə daşımaq, dövlətçiliyimizin möhkəmləndirilməsinə, insan hüquqlarının qorunmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, qanunçuluq və hüquq qaydasının təmin olunmasına öz layiqli töhfələrini vermək üçün əllərindən gələni əsirgəmirlər.

Mən ölkə Prezidentinin çıxışlarının birində söylədiyi bu fikri dönə-dönə təkrar edirəm: "Hüquq mühafizə orqanlarında işləyən hər bir kəs, yaxud işləmək istəyən hər bir vətəndaş bilməlidir ki, ondan birinci növbədə müstəqil Azərbaycan dövlətinə sədaqət tələb olunur. Mənəvi saflıq, mənəvi paklıq tələb edilir, yüksək mənəvi keyfiyyətlər tələb olunur". Bu tələblər hazırda Ədliyyə Nazirliyində kadrlarla aparılan işin əsasını təşkil edir. Ədliyyə işçisi, ilk növbədə, yüksək ixtisaslı hüquqşünas olmaqla yanaşı, özünün intellekti və insani keyfiyyətləri ilə fərqlənməlidir. Ədliyyə Nazirliyinin bu gün qarşısında duran əsas vəzifələrdən biri də, məhz ədliyyə kadrlarının bu tələblərə və prinsiplərə uyğun seçilib yerləşdirilməsi, onların peşə və nəzəri hazırlığının daim artırılmasıdır.

- Bu əlamətdar bayram münasibətilə ürək sözləriniz?

- Bütün ədliyyə orqanları işçiləri adından, öz adımdan məmləkətimizi daim azad və firavan görmək arzusu ilə xalqımıza sülh, əmin-amanlıq, bu bayramı bizə bəxş etmiş möhtərəm Prezidentimiz cənab Heydər Əliyevə möhkəm cansağlığı, xalqımızı işıqlı sabaha apardığı yolda nailiyyətlər, ən başlıca problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yorulmaz fəaliyyətində uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqı möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə yeni-yeni qələbələr qazanacaqdır.

«Xalq qəzeti», 18.06.2002-ci il

Müsahibəni hazırladı: Vahid İMANOV

iacca
iap
business ready
eplc
Ən Tez