Hadisələrin tarixi axarının intensivliyi ilə səciyyələnən müasir dövrümüz ictimai-siyasi formasiyaların dəyişməsi, yeni müstəqil dövlətlərin yaranması, dövlət və cəmiyyət arasındakı münasibətlərdə demokratik prinsiplərin və insan hüquqlarının ön plana çəkilməsi kimi qlobal proseslərlə müşayiət olunur. Siyasi şəraitin və ictimai münasibətlərin dəyişkənliyi, xarici amillərin daxili siyasətə güclü təsir etməsi əksər dövlətlərdə hakimiyyətin möhkəmliyi problemini aktuallaşdırmışdır. Müasir zamanda xalqın etimadına arxalanmaqla milli dövlətçiliyi möhkəmləndirmək ölkənin rəhbərindən müdriklik, dərin zəka, möhkəm iradə, zəngin idarəçilik təcrübəsi və digər liderlik keyfiyyətləri tələb edir.
Postsovet məkanında Azərbaycandan başqa ikinci elə bir dövlət yoxdur ki, ölkəyə rəhbərlik edənlər qısa müddətdə tez-tez dəyişmiş olsun. 90-cı illərin əvvəllərində keçmiş müttəfiq respublikalar arasında ən çətin və mürəkkəb geosiyasi vəziyyətlə üzləşmiş, xarici müdaxilə və siyasi böhranlar məngənəsində boğulan Azərbaycan yeni qazandığı müstəqilliyini, hətta bütövlükdə dövlətçiliyini itirə bilərdi.
Məşhur bir kəlam var: Qələbəni qoruyub saxlamaq, onu əldə etməkdən qat-qat çətindir. Bu, həyatın bütün sahələrində belədir. Hələ ötən əsrin başlanğıcında Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tez bir zamanda süqut etməsinin səbəblərindən biri də ümummilli liderin olmaması idi.
1991-ci ildə dövlət müstəqilliyini bərpa etməklə Azərbaycan xalqı tarixi qələbə qazanmışdı. Böyük çətinliklər və məhrumiyyətlər bahasına əldə olunmuş bu qələbə xalqımız qarşısında onu qoruyub saxlamaq, dövlətçiliyimizi inkişaf etdirmək, demokratik islahatlar aparmaq kimi mühüm vəzifələr qoyurdu. Bütün dünyaya bəyan etdiyimiz müstəqilliyi biz qoruyub saxlamağı da bacarmalıydıq. Təsadüfi deyil ki, o zaman Azərbaycanda baş verən hadisələr nəticəsində respublikamız həm siyasi, həm iqtisadi, həm də hərbi təzyiqlərə məruz qalmışdı. Ölkədə hökm sürən hərc-mərclik, hakimiyyətə yiyələnmiş meydan siyasətçilərinin xalqa arxalanmaması, səriştəsizlik, təcrübəsizlik respublikamızı vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsi qarşısında qoymuşdu.
Daxildə mövcud olan xaosdan bacarıqla yararlanan xarici qüvvələr ölkəmizi parçalamaq üçün bütün imkanlardan istifadə edirdilər. Bu cəhdlər hamımızın yadındadır. Güclü dayağa malik erməni təcavüzü getdikcə genişlənirdi. Diletant rəhbərlərin cəmi bir illik hakimiyyəti dövründə ölkədə vəziyyət tamamilə nəzarətdən çıxmış, yeni separatçı qüvvələr baş qaldırmış, vətəndaş müharibəsinin ilk qığılcımları qopmuşdu. İqtisadiyyat iflic vəziyyətinə salınmış, ölkədə taxıl ehtiyatı tükənmişdi. İnsanlar gecə yarıdan çörək növbəsinə durmağa məhkum edilmişdilər.
Məhz o günlər Azərbaycan xalqının təkidli xahişləri nəticəsində möhtərəm Heydər Əliyev hakimiyyətə qayıtmağa razılıq verdi. Və Azərbaycana bu ağır dövrdə rəhbərliyi üzərinə götürərək, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə siyasi sabitliyi təmin edərək, dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edən köklü islahatlar aparılmasına şərait yaratdı.
Biz anarxiyadan, aclıqdan, səfalətdən, qardaş qırğınından, ən başlıcası isə, dövlətçiliyimizi itirmək təhlükəsindən qurtulduq. Cənab Heydər Əliyevin hakimiyyətə qayıdışı həm tarixi zərurət, həm də Azərbaycan xalqının yeganə xilas yolu idi.
Lakin dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın hərtərəfli tərəqqisini qəbul etmək istəməyən xarici və bəzi daxili qüvvələr ölkəmizin rəvan inkişafına maneçilik törətmək üçün dəridən - qabıqdan çıxırdılar. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlər göstərilsə də, Azərbaycan xalqının dəstəyinə əsaslanan möhtərəm Prezidentimizin yenilməz iradəsi və qətiyyəti nəticəsində dövlətçiliyimiz əleyhinə yönəldilmiş bu qəsdlərin qarşısı alındı, ictimai-siyasi sabitlik bərqərar olundu.
Məsələ ondadır ki, Heydər Əliyevin xidmətləri yalnız ölkəmizi anarxiyadan, vətəndaş müharibəsindən, parçalanmaq təhlükəsindən xilas etməklə bitmir. Xilaskarlıq missiyasını uğurla yerinə yetirən cənab Heydər Əliyev bunun ardınca Quruculuq missiyasını da öz üzərinə götürdü.
Cəmi bir neçə il ərzində cəmiyyət və dövlət həyatının bütün sahələrində köklü dəyşikliklər baş verdi, Cənab Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu neft strategiyası nəticəsində iqtisadiyyatımıza milyardlarla dollar sərmayə qoyuldu, sənaye, kənd təsərrüfatı istehsalı və xidmət sahələri hərtərəfli inkişaf etməyə başladı.
Ölkəmiz dünya dövlətləri ailəsinə qoşuldu və onun tamhüquqlu üzvü kimi tanındı.
Bütün bu nailiyyətlər, sözsüz ki, məhz Heydər Əliyev fenomeni ilə izah olunur və Azərbaycan xalqının öz taleyində Heydər Əliyev amilinin rolunu və əhəmiyyətini başa düşmək üçün 34 il əvvələ nəzər salmaq lazımdır.
1969-cu il iyulun 14-də cənab Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gələrkən keçmiş ittifaq iqtisadiyyatı üçün xammal bazasına çevrilmiş respublikamız bütün əsas göstəricilər üzrə ölkə miqyasında sonuncu yerlərdən birini tuturdu. Məlumdur ki, o zamanlar hər-hansı müttəfiq respublikada rəhbərliyə yeni şəxsin gəlməsi heç də həmin respublikanın həyatında köklü dəyişikliklərə səbəb olmurdu və bu, əslində mövcud rejim şəraitində müşkül məsələ idi. Ona görə də, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən cəmi bir ay sonra keçirilən respublika KP MK-nın məşhur avqust plenumunda cənab Heydər Əliyevin o vaxt hökm sürən siyasi mühitdə heç kimin gözləmədiyi bir cəsarətlə nöqsanları tənqid etməsi, yığılıb qalmış problemləri bütün çılpaqlığı ilə açıb göstərməsi, bir çox məsələlərlə bağlı konkret və sərt mövqe nümayiş etdirməsi nəinki Azərbaycanda, bütün SSRİ-də böyük əks-səda doğurmuşdu. Çoxları Azərbaycanın yeni rəhbərinin iddialı fikirlərinin reallaşa biləcəyinə şübhə ilə yanaşırdılar.
Belələrinin yanıldığı tezliklə sübut olundu. Qısa müddət ərzində Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın inkişaf strategiyası hazırlandı və məqsədyönlü iqtisadi siyasət nəticəsində yeni sənaye sahələri yaradıldı, Bakıda, digər şəhər və rayonlarda müasir sənaye obyektləri tikilib istifadəyə verildi, aqrar sahədə dirçəliş başlandı. Yüzlərlə yeni elm, mədəniyyət, səhiyyə ocaqları yaradıldı.
1969-1982-ci illərdə respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı, habelə əmək məhsuldarlığı 2 dəfə, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 2,7 dəfə, xalq istehsalkı mallarının istehsalı 3 dəfə artdı. Neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft-kimya, yüngül və yeyinti sənayesi inkişaf etdikcə, bütövlükdə Azərbaycanın iqtisadi potensialı artırdı.
On il ərzində ali təhsilli ixtisaslı kadrların sayı iki dəfə çoxalmışdı. Həmin dövrdə hər il yüzlərlə azərbaycanlı gənc Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə təhsil almaq üçün keçmiş ittifaqın qabaqcıl ali, o cümlədən hərbi məktəblərinə göndərilirdi. 1969-1982-ci illərdə 15 mindən çox azərbaycanlı gənc SSRİ-nin tanınmış ali məktəblərində təhsil almışdır.
Beləliklə, Azərbaycan tezliklə İttifaqın ən inkişaf etmiş respublikalarından birinə çevrildi. Cənab Heydər Əliyevin respublikamıza ilk rəhbərliyi dövründə yaradılmış sosial, iqtisadi və elmi potensial Azərbaycanın müstəqilliyi üçün zəmin yaratmışdı. Yəni, hələ o zaman Azərbaycanın iqtsadi müstəqilliyi, demək olar ki, əsasən təmin edilmişdi.
Bu potensialın nə demək olduğunu belə bir fakt təsdiq edir ki, 60-cı illərin sonunda respublikamız, qeyd olunduğu kimi, inkişaf səviyyəsinə görə İttifaq miqyasında sonuncu yeri tuturdusa, SSRİ dağılarkən ölkəmiz iqtisadi cəhətdən öz tələbatını ödəyə bilən 3 respublikadan (Rusiya, Ukrayna və Azərbaycan) biri idi. Məncə, cənab Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri məhz budur.
Möhtərəm Prezidentimizi təcrübəli və müdrik dövlət xadimi kimi səciyyələndirən cəhətlərdən biri də onun dövlət idarəçiliyi və müstəqil dövlət quruculuğu məsələlərinə hərtərəfli yanaşması, dövlət və cəmiyyətin həyatının istisnasız olaraq, bütün sahələrinə eyni zamanda lazımi diqqət yetirməsidir.
Maraqlıdır ki, hələ sovet hakimiyyəti dövründən respublikamızın sosial-iqtisadi, mədəni və elmi inkişafı ilə yanaşı Heydər Əliyevin ən çox əhəmiyyət verdiyi problemlərdən biri də qanunçuluğun təmin edilməsi olmuşdur. Rüşvətxorluq, korrupsiya mövzusuna tabu qoyulduğu həmin vaxtlar cənab Heydər Əliyev çox böyük cəsarət nümayiş etdirərək, belə neqativ halların mövcudluğunu bəyan etmiş və bu təhlükəli sosial bəlaya qarşı mübarizəyə başlamışdı. Həmin mövzu ilə bağlı “Literaturnaya qazeta”da Heydər Əliyevlə dərc olunmuş “Qoy ədalət zəfər çalsın” başlıqlı müsahibə o zaman bütün Sovet İttifaqına səs salmışdı.
Təsadüfi deyildir ki, istər 70-ci illərdə, istərsə də indiki dövrdə cəmiyyətdə qanunçuluğun təmin edilməsi, humanizmin, haqq-ədalətin bərqərar olunması cənab Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Məlumdur ki, hər bir dövlətdə hüquqa, ədalət mühakiməsinə münasibət həmin dövlətin mahiyyətini əks etdirir. Ədliyyə orqanlarının keşməkeşli tarixi bunu daha aydın şəkildə təsdiq edir.
Hələ 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yarandığı gün təsis edilmiş, sovet dövründə isə bir neçə dəfə ləğv edilib, yenidən yaradılmış Ədliyyə Nazirliyinin 1970-ci ildə əsaslı surətdə təsis edilməsi və inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Ümumiyyətlə, Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu da məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlandı. Əslində, bu qayıdış hələ 80-ci illərin sonunda olmalı idi. Təəssüflər olsun ki, Azərbaycanı gözləyən faciələrin yenicə başlandığı həmin dövrdə o zamankı ölkə rəhbərlərinin, eyni zamanda, müxalifət liderlərinin şəxsi ambisiyaları, həmçinin xarici qüvvələrin müdaxiləsi Heydər Əliyevin hakimiyyətə qayıtmasına, onun potensialından və təcrübəsindən istifadə olunmasına imkan vermədi. Mən şübhə etmirəm və bu fikri demək olar artıq bütün cəmiyyət bildirir ki, məhz 80-ci illərin sonunda hakimiyyət sükanı Heydər Əliyevin əlində olsaydı, o, Qanlı Yanvar hadisələrinin də, Xocalı faciəsinin də, torpaqlarımızın işğalının da qarşısını ala bilərdi. Əminəm ki, o vaxtlar milli azadlıq hərəkatının sağlam qüvvələri böyük dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşsəydi Azərbaycan bir çox bəlalardan qurtulmuş olardı. Bunun əksinə olaraq, xalqımız çox ağır bir ibrət dərsi aldı, birincilik iddiasını vətəndən, torpaqdan, xalqın taleyindən üstün tutanların, təsadüfi rəhbərlərin idarəçiliyinin acı nəticələrinin şahidi oldu.
Unutmaq olmaz ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində həm də böyük bir məktəb yaradıb. Məncə, iqtidarlı-müxalifətli hamının Heydər Əliyev məktəbini keçməsi vacibdir. Möhtərəm Prezidentimiz sözün həqiqi mənasında ensiklopedik biliyə və böyük idarəçilik təcrübəsinə malik bir şəxsiyyətdir. O, istənilən sahədə keçirilən tədbirlərdə iştirak edərkən, həmin sahənin dərin bilicisi olduğunu göstərir. İstər nəzəri, istərsə də praktiki cəhətdən Heydər Əliyevin həmişə məsələyə və ya vəziyyətə hamıdan yaxşı bələd olduğu, əsaslı mövqe tutduğu və düzgün qərar qəbul etdiyi sübut olunur.
Hər bir ölkənin tarixində elə anlar olur ki, xalqın və dövlətin sonrakı taleyində şəxsiyyətin müstəsna rolu özünü büruzə verir. Danılmaz faktdır ki, müasir dövrdə Azərbaycan xalqının və dövlətçiliyinin taleyini müəyyənləşdirən amil məhz Heydər Əliyev şəxsiyyətidir. Müdrik, uzaqgörən, qətiyyətli və zəngin təcrübəli siyasətçi kimi Heydər Əliyevin şəxsi nüfuzu gənc Azərbaycan Respublikasının demokratik ölkə kimi imicinin formalaşmasına, dövlətlərarası münasibətlərdə etibarlı tərəfdaş və ümumiyyətlə, dünya birliyinin öz sözü, öz mövqeyi olan tamhüquqlu üzvü kimi tanınmasına xidmət edir.
Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafının təminatçısı olan Heydər Əliyev həyatımızın bütün sahələrində köklü islahatlar aparılmasının təşəbbüsçüsü və təşkilatçısıdır. Ardıcıl həyata keçirilən məhkəmə-hüquq islahatı və bütövlükdə, demokratikləşmə prosesi artıq dönməz xarakter almışdır.
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə bütün istiqamətlərdə demokratik islahatlar aparılmasının əsasını qoymuşdur. Bundan sonra hörmətli Prezidentimizin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı nəticəsində beynəlxalq standartlara uyğun yeni mütərəqqi qanunlar qəbul olunmuş, bütün hüquq sistemində əsaslı islahatlar aparılmış, həmçinin ədliyyə orqanları üzərinə daha geniş və məsuliyyətli vəzifələr qoyulmuşdur.
Ədliyyə işçiləri də bu adı şərəflə daşımaq, dövlətçiliyimizin möhkəmləndirilməsinə, insan hüquqlarının qorunmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, qanunçuluq və hüquq qaydasının təmin olunmasına öz layiqli töhfələrini vermək əzmindədirlər.
Əminəm ki, Azərbaycan xalqı bundan sonra da Möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə yeni-yeni qələbələr qazanacaq və ədliyyə işçiləri onlara göstərilən etimadı lazımınca doğrultmaqla, bu yolda dövlətimizin başçısına layiqli yardımçı olacaqlar.
Toğrul MUSAYEV,
Ədliyyə Nazirinin müavini
«Qanunçuluq», № 5, 2003-ü il