Əbədiyaşar lider, dekabr 2003-cü il

Azərbaycan xalqının tarixində və tale­yin­də müstəsna rolu və xidmətləri ilə ümumxalq məhəbbəti qazanaraq canlı əfsanəyə çevrilmiş görkəmli siyasi və dövlət xadimi, ümummilli liderimiz cənab Heydər Əliyevin vəfatı ölkəmizin bütün vətəndaşları, dünya azər­bay­can­lıları və siyasət aləmi üçün hədsiz böyük itki oldu.

Belə ağır günlərdə ən böyük təsəllimizi onda tapırıq ki, bu nəhəng siyasi xadimin möhkəm təməllər üzərində qurduğu müstəqil Azərbaycan dövlətinin mövcudluğunun özü Heydər Əliyev dühasının yaşaması və həyatının davam etməsi deməkdir. Bu gün Heydər Əliyev fenomeni həyatımızın bütün sahələrində öz təsirini göstərir.

Sonsuz kədər və dərin hüzn içində keçirdiyimiz bu günlərin ovqatından doğan belə bir fikri söyləmək nə qədər ağır olsa da, bu həqiqətdir ki, mənalı ömrünü xalqına həsr etmiş mərhum dövlət başçımız hətta əbədiyyətə qovuşması ilə də Azərbaycana xidmətini davam etdirdi. Bu qeyri-adi fakt xalqımızın böyük oğlunun dəfnində və keçən bu günlərdə diqqəti cəlb edən bir sıra məqamlarda özünü büruzə verdi.

Dekabrın 15-də Pespublika Sarayında təşkil olunmuş vida mə­ra­simində nüfuzlu dövlət başçılarının, onlarla ölkənin mötəbər nümayəndə heyətlərinin iştirakı, mərhum Prezidentimizə onların ən səmimi sözlərlə ifadə etdikləri sonsuz ehtiramları hamının yaddaşında dərin izlər buraxdı. Hər birimizin qəlbini riqqətə gətirən bu kadrların dünyanın aparıcı telekanalları tərəfindən dönə-dönə göstərilməsi zəmanəmizin ən körkəmli simalarından biri kimi Heydər Əliyev şəxsiyyətinin dünyəviliyini bir daha təşdiq etməklə yanaşı, həm də Azərbaycan dövlətinə, Azərbaycan xalqına münasibətin əyani təzahürünə çevrildi. Azərbaycanın dövlət başçışının vəfatı və dəfn mərasimi haqqında məlumatların dünyanın ən məşhur televiziya və radio kanalları, informasiya agentlikləri və qəzetləri tərəfindən günün bir nömrəli xəbəri kimi yayılan məlumatlarda onun dünya siyasətində xüsusi yeri olan siyasi xadim kimi beynəlxalq ictimaiyyətə təqdim olunması hər bir azərbaycanlının qəlbində kədər qarışıq bir qürur hissi də oyadırdı. Bəli, bütün bunlar cənab Heydər Əliyevin şəxsi nüfuzundan irəli gəlsə də, bu faktın özü belə nəhəng siyasətçini yetirmiş xalqın bir daha tanınması və beynəlxalq aləmdə öz yerini möhkəm­ləndirən dövlətimizə diqqətin və rəğbətin artması demək idi. Bu ifadəni dilə gətirmək ağır olsa da, təkrar edirəm, xalqımızın əbədi lideri öz ölümü ilə bir daha Azərbaycanın adını bütün dünyaya yaydı. Bu, tarixi şəxsiyyətin öz xalqına göstərdiyi qeyri-adi xidmət nümunəsidir.

Digər və başlıca məqam özünü bu kədərli günlərdə ölkə əhalisinin öz əbədi liderinə ümumxalq məhəbbətinin təzahüründə göstərdi. Dekabrın 15-də Azərbaycanın hər yerindən milyonlarla insan axışaraq öz sevimli rəhbəri ilə vidalaşmağa gəldi və nəhəng bir izdiham görünməmiş mütəşəkkilliklə onu son mənzilə yola saldı. Fəxri Xiyabanda mərhum Prezidentimizin məzarını ziyarət edənlərin ardı-arası kəsilmir. Xalqımızın Baş Ziyarətgahına çevrilmiş bu müqəddəs yerə gələn insan axını içərisində respublikanın şəhər və kəndlərindən gələn sadə insanları, siyasət, elm, mədəniyyət xadimlərini, dövlət məmurlarını, qaçqınları və məcburi köçkünləri, qocaları və cavanları, qadınları və uşaqları, bir sözlə cəmiyyətin bütün təbəqələrini görmək olar. Təbii ki, həmin insanları bura gətirən daxili istəkləri və əbədi liderimizə olan sevgiləridir. Ölkəmizə gələn və Azərbaycanın mərhum dövlət başçısının məzarını ziyarət etməyi özünə borc bilən xarici qonaqlar da bu ümumxalq məhəbbətini şəxsən görür və etiraf edirlər.

Bununla əlaqədar bir faktı qeyd etmək, məncə, yerinə düşərdi. Ədliyyə Nazirliyi ilə Avropa Şurasının Bakıda keçirdiyi məhkəmə qərarlarının icrasına həsr olunmuş seminarda iştirak etmiş bu mötəbər qurumun nümayəndələri Fəxri Xiyabanı ziyarətdən qeyri-adi təəssüratla qayıtmışdılar. Görüşümüz zamanı onlar Azərbaycan xalqının öz mərhum Prezidentinə hörmət və ehtiramından heyrətə gəldiklərini gizlətmirdilər. Bununla bağlı fikirlərimi bölüşərkən onlara dedim ki, çox istərdim Avropa Şurasının bir sıra depu­tatları, xüsusən A.Qross, ATƏT-in müşahidə missiyasının başçısı P.Ayker dekabrın 15-də Bakıda olaydılar. Azərbaycanda oktyabr ayında keçirilmiş prezident seçkilərinin demokratikliyinə hər vəchlə kölgə salmağa çalışan bu şəxslər ümummilli liderimizə, onun siyasətinə sadiqliyini nümayiş etdirən saysız-hesabsız insanları gərək öz gözləri ilə görəydilər. Həmin möhtəşəm izdihamla xalq prezident seçkilərinin nəticə­lə­rini bir daha təsdiq etmiş oldu.

Bu fikirlə razılaşaraq, mərhum Prezidentimizə ümumxalq məhəbbətinin, onun siyasi kursunun hamılıqla bəyənildiyinin şahidi olduqlarını bildirən qonaqlar bu ağır itki ilə bağlı xalqımıza başsağlığı verərək, Ədliyyə Nazirliyində qoyulmuş matəm kitabına öz ürək sözlərini yazdılar. Avropa Şurasının tanınmış eksperti, Paris Kassasiya Məhkəməsinin müşaviri Toni Moussun fikirlərinə diqqət yetirin: «Biz qeyd edə bilərik ki, Azərbaycan xalqının kədəri onun keçmiş Prezidentinə olan məhəbbətinin ifadəsidir və biz demokratiya və təkamül yolunun davam etdiriləcəyinə inanaraq, xalqınıza səmimi başsağlığı veririk».

Matəm günlərində Heydər Əliyev fenomeninin doğurduğu bir mə­qam da ondan ibarətdir ki, ümummilli liderimizin həyatdan getməsi də cə­miy­yətimizə öz birləşdirici təsirini göstərdi, vətəndaş həmrəyliyini daha da gücləndirdi. Xalqımızın böyük oğlunun vəfatından dərin sarsıntı keçirən insanlar Əliyevsizlik hissinin ağırlığı altında vətəndaşlıq məsuliyyətini daha aydın dərk edir, müstəqil dövlətçiliyimizin banisinin siyasi kursunun davamçısı, Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşməyin zəruriliyini anlayırlar. Ötən ilin oktyabrında keçirilmiş prezident seçkilərində vətəndaşların Heydər Əliyev kursunu dəstəkləyərək elliklə cənab İlham Əliyevə səs ver­mə­si, eləcə də mərhum Prezidentimizin dəfnində milyonlarla insanın iştirak et­məsi ölkədəki qüvvələr nisbətini, daha dəqiq desək, son on il ərzində hə­yata keçirilən siyasətə alternativin olmadığını aydın şəkildə ortaya qoydu.

Prezident seçildikdən sonra cənab İlham Əliyevin hamını qarşılıqlı dialoqa, Azərbaycan naminə, cənab Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideyası ətrafında birlləşməyə səsləyən çağırışları ümummilli liderimizin vəfatından sonra cəmiyyətdə yaranmış həmrəylik əhval-ruhiyyəsi ilə üst-üstə düşərək, sanki tarixi bir ibrət dərsi oldu. Artıq ölkə vətəndaşlarının böyük öndərimizin bünövrəsini qoyduğu dövlətçilik, azərbaycançılıq məfkurəsi ətrafında birləşməsi danılmaz faktdır. Bu da mərhum Prezidentimizin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərinin məntiqi nəticəsi, Heydər Əliyev amilinin əyani təzahürüdür.

Bax, budur Heydər Əliyev fenomeni!

Sözsüz ki, bu fenomen hələ tarix boyu tədqiqatçıların tükənməz mövzusu olaraq qalacaq, onun yaratdığı özünəməxsus idarəçilik məktəbinin təməl prinsiplərini ümumiləşdirən əsərlər neçə-neçə siyasətçilər nəslinin stolüstü kitabına çevriləcəkdir.

Azərbaycana otuz ildən artıq rəhbərlik etmiş Heydər Əliyevin fəaliyyəti əsl dövlətçilik, idarəçilik və vətəndaşlıq məktəbidir. Dönə-dönə dediyim bir fikri yenidən təkrar etmək istəyirəm ki, Azərbaycanda iqtidarlı-müxalifətli hamı bu məktəbi keçməlidir.

Heydər Əliyevin idarəçilik məktəbinin özünəməxsusluğu həm də ondadır ki, ideoloji və iqtisadi əsaslarına görə əks qütblərdə dayanan iki ictimai-siyasi quruluşda yaşasa da, o, hər iki dövrün çətinliklərinə baxmayaraq hər dəfə lider səviyyəsinə yüksələ bilmişdir. Həyat və fəaliyyətinin xeyli hissəsi sovet dövrü ilə bağlı olsa da, müstəqil Azərbaycan dövlətinə rəhbərlik edərkən o, müasir, mütərəqqi lider keyfiyyətləri nümayiş etdirmişdir. Elə onun bir rəhbər kimi siyasi uzunömürlülüyünün sirri də ondadır ki, müxtəlif dövrlərdə mövcud olmuş və tarixin sınağından uğurla çıxmış idarəçilik üsullarını, eləcə də müasir bəşəri dəyərləri və prinsipləri mənimsəyərək, özünəməxsus dövlət idarəçiliyi modelini yaratmağa müvəffəq olmuşdur. Bu modelin səciyyəvi cəhətləri - dövlətçilik, vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik, xalqın sevgi və etimadına arxalanmaq, milli mentaliteti nəzərə almaqla güclü nizam-intizamın, daxili siyasi sabitliyin və sosial tarazlığın təmin edilməsi, demokratiya, humanizm prinsipləri ilə Şərq ənənələrinə uyğun ciddi idarəetmə usüllarının uzlaşdırılmasıdır.

Bütün bunlarla yanaşı, Heydər Əliyevin idarəçilik məktəbinin məhək daşı ədalət prinsipi olmuşdur. Bu prinsip onun çoxillik fəaliyyətindən qırmızı xətlə keçir. Təsadüfi deyildir ki, hüquq qaydasının, səmərəli ədalət mühakiməsinin təmin edilməsi yolu ilə insan haqlarının etibarlı şəkildə qorunması cənab Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur.

Əslində, dövlət quruculuğu və idarəçiliyi prosesində həm daxili, həm də xarici siyasət sahəsində onun diqqətindən kənarda heç bir məsələ qalmamışdır. O, eyni zamanda diplomatiya, iqtisadiyyat, mədəniyyət, incəsənət, ədəbiyyat, dilçilik və digər sahələrin mahir bilicisi və böyük sərkərdə idi. Bu da bir rəmzi məna daşıyır ki, mərhum Ali Baş Komandanımız geniş auditoriya qarşısında son çıxışını ötən il aprelin 24-də gələcək hərbçilər – Cəmşid Naxçıvanski adına Hərbi Litseyin kursantları qarşısında etmişdir.

Bənzərsiz dövlət xadimi kimi Heydər Əliyevi səciy­yə­lən­di­rən cəhətlər olduqca çoxdur və onların layiqincə araşdırılması, öyrənilməsi, gələcək nəsillərə aşılanması və onun adının əbədiləşdirilməsi xalqımızın böyük istəyi əsasında həyata keçiriləcəkdir. Lakin, elə bu gün demək olar ki, hələ sağlığında ta­rixi şəxsiyyətə çevrilmiş Heydər Əliyev milli dövlətçiliyimizi qurub-ya­şat­maqla, müstəqilliyimizin dönməzliyini təmin etməklə və bütün dünyadakı soydaşlarımızı azərbaycançılıq ideyası ətra­fın­da birləşdirməklə xalqı­mı­zın qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrini yazmışdır. Biz fəxr edirik ki, Heydər Əliyev dövrümüzün canlı əfsanəsi və müasirimizdir, daha doğrusu biz onun müasiriyik, biz onunla eyni vaxtda yaşamış, onun səsini eşitmiş, üzünü görmüşük, bizə onunla işləmək, yanında çalışmaq səadəti qismət olub.

Bu gün hər bir azərbaycanlının ən müqəddəs vəzifəsi xalqımızın əbədiyaşar liderinin yolunu davam etdirmək, onun bizə miras qoyub getdiyi müstəqil Azərbaycan dövlətini daha da inkişaf etdirməkdir.

Toğrul Musayev,

Azərbaycan Respublikası

ədliyyə nazirinin müavini

«Qanunçuluq» jurnalı, № 12 2003-cü il

iacca
iap
business ready
eplc
Ən Tez