Heydər Əliyev və Azərbaycanda yerli demokratiya, may 2018-ci il

“Heydər Əliyev və Azərbaycan ədliyyəsi” mövzusunda elmi-praktik konfransda ədliyyə nazirinin müavini Vilayət Zahirovun çıxışı

Hörmətli konfrans iştirakçıları!

Xanımlar və cənablar!

Bütün dünya azərbaycanlıları, ölkəmizin vətəndaşları müstəqil Azərbaycanın yaradıcısı və memarı Heydər Əliyevin anadan olmasının 95 illik yubileyini böyük sevinclə qeyd edir.

Azərbaycan xalqı, Azərbaycan dövləti əsrlər boyu bir çox tarixi mərhələlərdən keçmişdir. Dövlətimizin tarix səhnəsində özünəməxsus yer tutmasını, həqiqi müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən məhz ulu öndər Heydər Əliyev olmuşdur. O, fəaliyyətinin hər bir dövründə xalqın, dövlətin, cəmiyyətin mənafeyinə xidmət etmiş, dövlət müstəqiliyinin bərpası, dövlətçiliyin inkişafı və xalqın rifahının yaxşılaşdırılması üçün misilsiz işlər görmüşdür. Güclü iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri və nüfuzu olan Azərbaycan Respublikası ulu öndərin yadigarıdır.

Demokratik dövlətin mühüm elementlərindən olan yerli özünüidarə institutunun yaradılması da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə məhz müəllifi Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Konstitusiyamızın IV bölməsi yerli özünüidarəetmə haqqında müddəalara həsr olunmuşdur. Həmin bölmədə bələdiyyələrin işinin təşkili, onların səlahiyyətləri, qərarların qəbul edilmə qaydası, o cümlədən bələdiyyələrin müstəqilliyinin təminatı kimi məsələlər öz əksini tapmışdır.

Konstitusiyanın qəbulundan sonra, yerli özünüidarə orqanlarına seçkilərin qaydalarını, bələdiyyələrin, bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının statusunu və fəaliyyət prinsiplərini, yerli özünüidarənin maliyyəsinin əsaslarını, bələdiyyə əmlakının hüquqi rejimini və başqa sahələri tənzimləyən bir sıra çox vacib qanunvericilik aktları qəbul edilmişdir. Bunların sırasında 2 iyul 1999-ci il tarixli “Bələdiyyələrin statusu haqqında”, 15 oktyabr 1999-cu il tarixli “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”, 30 noyabr 1999-cu il tarixli “Bələdiyyə qulluğu haqqında”, 07 dekabr 1999-cu il tarixli “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası qanunlarını və bu qanunların tətbiq edilməsi barəsində qəbul edilən prezident fərmanlarını göstərmək olar. Göründüyü kimi, Azərbaycan Respublikası ərazisində ilk bələdiyyə seçkiləri keçirilənədək yerli özünüidarə ilə bağlı sanballı hüquqi baza formalaşdırılmışdı. Bütövlükdə isə Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə yerli özünüidarəyə dair 22 qanun və onlarla başqa normativ hüquqi aktlar qəbul edilmişdir.

Ümummilli liderimiz Heydər Əliyev yerli özünüidarəetməni ölkəmizdə gedən demokratik inkişafın mühüm bir sahəsi kimi dəyərləndirərək bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmiş, onun inkişafına xüsusi diqqət və qayğı göstərmişdir.

Hüquqi dövlətdə yerli demokratiya öz ifadəsini yerli özünüidarə orqanlarının hüquqi statusunda, təşkilində və fəaliyyətində tapır. Bununla bağlı “Yerli özünüidarə haqqında Avropa Xartiyası”nda müəyyən edilmiş prinsiplər “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Bu Qanuna görə yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək, və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsinin yerinə yetirmək imkanı verir.

Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev yerli özünüidarəetmə haqqında danışarkən bu strukturun demokratik proseslərin vacib hissəsi, vacib istiqaməti olduğunu xüsusi vurğulayırdı. Təsadüfi deyil ki, ümummilli lider ilk bələdiyyə seçkilərinin keçirilməsindən əvvəl xalqa müraciət edərək vətəndaşları seçkilərdə fəal iştirak etməyə səsləmişdir. O, deyirdi: “Təbiidir ki, seçkidə iştirak etmək, yaxud iştirak etməmək hər bir vətəndaşın şəxsi hüququdur. Ancaq eyni zamanda hər bir vətəndaş Konstitusiyanın ona verdiyi hüquqdan istifadə etməli, kənarda qalmamalıdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycan vətəndaşları yerli idarəetmə orqanlarının yaranması üçün keçirilən bələdiyyə seçkilərində fəal iştirak edəcəklər.”

İlk bələdiyyə seçkilərindən sonra keçirilən müşavirədə söylədiyi nitqində Heydər Əliyev 1999-cu il dekabr bələdiyyə seçkilərini Azərbaycanda demokratiyanın inkişaf etməsi sahəsində irəliyə doğru atılmış yeni bir addım kimi qiymətləndirmiş, yaradılmış bələdiyyə sisteminin bir demokratik ölkə kimi Azərbaycanın inkişafına öz xidmətlərini verəcəyini qeyd etmişdir.

Ümummili liderimiz bələdiyyələrin yaradılmasını zamanın tələbi və demokratiyanın ifadəsi kimi qiymətləndirərək deyirdi ki, “Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir”. Ulu öndər öz qənaitində haqlı idi. Bu günümüzün reallıqları, ölkəmizdə baş verən sosial-iqtisadi, mədəni inkişaf, demokratik təkamül və bu proseslərdə bələdiyyələrin fəaliyyəti bunu bir daha sübut edir.

Heydər Əliyev öz çıxışlarında bələdiyyə institutunun yaranmasına, bu sistemin fəaliyyətinə belə münasibət bildirirdi: “Biz Azərbaycanda tam müstəqil yerli özünüidaretmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir”.

Yerli özünüidarəetmə ilə bağlı məsələlərə ümummilli liderin xüsusi qayğısının nəticəsi olaraq onun 8 fevral 2000-ci il tarixli Sərəncamı ilə yerli özünüidarə orqanlarının fəaliyyətinə kömək göstərilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi yaradılmış və 12 iyul 2000-ci il tarixli Fərmanla isə Mərkəzin Əsasnaməsi təsdiq edilmişdir.

Bələdiyyələrin işinin qanunauyğunluğunun təmin edilməsi məqsədilə “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası”nda müəyyən edilmiş prinsiplərə uyğun olaraq 13 may 2003-cü il tarixdə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin qanunun tətbiq edilməsi ilə bağlı 27 sentyabr 2003-cü il tarixli Fərmanla bu nəzarətin həyata keçirilməsi səlahiyyəti böyük etimad göstərilərək Ədliyyə Nazirliyinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi bu qanuna müvafiq olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hər il Milli Məclisə məruzə təqdim edir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin yaxşılaşdırılması və səmərəliliyinin artırılması, onlara metodiki köməyin gücləndirilməsi, o cümlədən hüquqi maarifləndirmənin genişləndirilməsi məsələləri Ədliyyə Nazirliyi üçün prioritet olmaqla daim diqqət mərkəzində saxlanılır.

Bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi, məqsədilə davamlı olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Bələdiyyə nümayəndələrinin hüquqi biliklərinin artırılması üçün təkcə son beş il ərzində 64 metodik vəsait və tövsiyələr hazırlanmışdır.

Maarifləndirmə işlərinin aparılmasında Ədliyyə Akademiyasının rolunu xüsusi qeyd etmək lazımdır. Son beş il ərzində Ədliyyə Akademiyasında bələdiyyə üzvləri və qulluqçuları üçün 101 tədris kursu təşkil edilmiş və bu kurslarda 4000- dək dinləyici iştirak etmişdir.

Ölkəmizdə bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, onların iqtisadi resurslarından istifadənin səmərəsinin yüksəldilməsi məqsədilə ilə 29 may 2009-cu il və 30 may 2014-cü il tarixlərində “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanunlar qəbul edilmişdir. Birləşmə nəticəsində blədiyyələrin sayı xeyli azalaraq 1607-yə enmişdir.

Yerli demokratiyanın təşviqi, bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi və mütəşəkkilliyinin təmin edilməsi bələdiyyələrin birliyinin yaradılmasını zəruri etmişdir. 2006-cı ildən ölkəmizdə şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları fəaliyyət göstərməkdədir. Assosiasiyalar mütəmadi olaraq yerli sosial problemləri və onların aradan qaldırılması üsullarını, beynəlxalq təcrübəni, qabaqcıl metodları öyrənir və yayır. Assosiasiyaların təşəbbüsü ilə hər il ölkəmizdə keçirilən yerli demokratiya həftəsi çərçivəsində yerli əhali ilə çoxlu sayda görüşlər keçirilir, müzakirələr, açıq qəbul təşkil olunur, bələdiyyələrin fəaliyyəti barədə əhaliyə məlumat verilir.

İspaniyanın Valensiya şəhərində Avropa Şurasına üzv ölkələrin yerli və regional qurumlar üzrə məsul nazirlərin konfransının 15-ci Sessiyasında qəbul edilmiş “Valensiya bəyannaməsi”ndə Avropada Yerli Demokratiya Həftəsinin keçirilməsi ilə bağlı ölkəmizin fəallığı yüksək qiymətləndirilmişdir.

Ölkəmizin gələcək inkişaf hədəflərini təsbit edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, bir sıra Strateji Yol Xəritələrində və sosial–iqtisadi inkişafa dair Dövlət Proqramlarında bələdiyyələrin rolunu artıran mühüm vəzifələr müəyyən edilmişdir.

Ümummilli liderin ideyaları əsasında həyata keçirilmiş təşkilatı, hüquqi və digər tədbirlər nəticəsində bələdiyyələr artıq 19 ildir ki, səmərəli yerli özünüidarəetmə qurumu kimi fəaliyyət göstərir və təbii ki, bu qurumun inkişafı üzrə görülmüş çoxsaylı işlər haqqında bir məruzə çərçivəsində ətraflı məlumat vermək mümkün deyil.

Hörmətli konfrans iştirakçıları!

Ulu öndər Heydər Əliyevin yerli demokratiyanın inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, yerli özünüidarəetmə daha da təkmilləşmişdir. Ölkəmizdə həyata keçirilən hərtərəfli mütərəqqi islahatlar demokratik təsisatların möhkəmlənməsinə, o cümlədən bələdiyyə institutunun inkişafına geniş imkanlar yaratmışdır. Yerli demokratiyanın inkişaf etdirilməsinin dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olması bu sahədə yeni-yeni uğurlar əldə olunmasına böyük zəmin yaradır. Əhalinin bələdiyyələrlə sıx əlaqələrinin qurulması, özünüidarə işlərində onların getdikcə daha fəal iştirak etmələri, bələdiyyə idarəçiliyinə maraq və inamın artması seçilmiş yolun - Heydər Əliyev yolunun düzgünlüyünü və dönməzliyini göstərir.

Ulu öndərin bizə miras qoyduğu dövlətçilik prinsipləri bu gün də yaşayır. Bu prinsiplər Azərbaycanın Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətdə, xalqın Heydər Əliyev irsinə sonsuz sədaqətində, sarsılmaz xalq-iqtidar birliyində təzahür edir.

Diqqətinizə görə təşəkkür edirəm.

iacca
iap
business ready
eplc
Ən Tez