Heydər Əliyev yerli özünüidarəetmənin banisidir, aprel 2023-cü il

“Heydər Əliyev yerli özünüidarəetmənin banisidir” mövzusunda konfransda Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirovun çıxışı

Hörmətli konfrans iştirakçıları!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş konfransda sizin hər birinizi salamlayıram və konfransın işinə uğurlar arzulayıram.

Mayın 10-da müasir müstəqil dövlətimizin banisi, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Ümummilli Liderin xatirəsinə, dərin ehtiramın ifadəsi olaraq 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunmuşdur.

Xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini dərindən öyrənmək, ondan bəhrələnmək, qurub yaratdığı ölkəmizin qürurla keçdiyi yola, şanlı keçmişə və bu günə bir daha baxmaq, gələcək hədəfləri müəyyən etmək baxımından bu il xüsusilə əhəmiyyətlidir.

Çünki dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və vətənini canından artıq sevən Heydər Əliyev misilsiz dövlətçilik fəaliyyəti ilə müasir tariximizdə parlaq və silinməz iz qoymuşdur. Bu mənada “Heydər Əliyev İli”ndə dahi şəxsiyyətin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətlərinə həsr olunan silsilə tədbirlər keçirilir.

Qeyd edim ki, Ədliyyə Nazirliyi tərəfindən də Ulu Öndərin 100 illik yubileyinin ədliyyə orqanlarında təntənəli və geniş qeyd olunması məqsədilə çoxşaxəli tədbirlər müəyyən edilərək həyata keçirilir. Bugünkü konfransımız Ümummilli Liderin yerli özünüidarəetmənin banisi olaraq ölkəmizdə bələdiyyə institutunun bərqərar olmasında əvəzsiz xidmətlərinə həsr olunmuşdur.

Hörmətli konfrans iştirakçıları!

Mənalı ömür yolu, titanik fəaliyyəti ilə hər kəsə örnək olan Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində əbədiyaşarlıq qazanmışdır.

İllər keçdikcə, Heydər Əliyevin böyüklüyü, dahiliyi daha aydın görünür. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada ümummilli lider Heydər Əliyevin dühası hiss olunmasın.

Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi 1969-1982-ci illərdə əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə ölkəmizdə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmuş, Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.

Keçmiş İttifaq rəhbərliyində çalışarkən ən ağır və ən çətin sahələr onun üzərinə düşsə də o, iti zəkası, polad iradəsi ilə bütün çətinliklərə sinə gərmiş,qarşısına çıxan çoxsaylı maneələri uğurla dəf etmişdir. Doğma xalqının mənafeləri bu fəaliyyəti dövründə də diqqətindən kənarda qalmamışdır.

Acı da olsa, 90-cı illərin əvvəllərində ölkəmizdə hökm sürən xaosu, anarxiyanı, yenicə bərpa edilmiş dövlət müstəqilliyimizin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığımız zamanları yaxşı xatırlayırıq.

Belə şəraitdə xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Xalqın iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-müstəqillik yolunda qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etdi. Çox çətin zamanlarda Heydər Əliyevin siyasi üfüqdə parlaması Azərbaycan xalqının ən böyük şansı oldu. Ulu Öndər Azərbaycanın uğur strategiyasını müəyyən etdi. O, sözün əsl mənasında ömrünün qalan hissəsini də xalqına bağışladı, bütün var-gücü ilə müstəqilliyimizin və dövlətçiliyimizin sarsılmaz bünövrəsini yaratdı, demokratik, hüquqi dövlətin möhkəm təməlini qoydu.

Böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Müəllifi olduğu bu Konstitusiyada demokratik, hüquqi, dünyəvi dövlətin bütün prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi.

Azad cəmiyyətin əsasını təşkil edən yerli özünüidarəetmənin ölkəmizdə təsis olunması da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Müdrik kəlamda deyildiyi kimi, “yerli özünüidarəetmə institutları olmadan millət azad hökumət yarada bilər, lakin o, azadlıq ruhunu duya bilməz”. Azərbaycan üçün ən gənc təsisat olan yerli özünüidarəetmənin yaradılması prosesi məhz Ulu Öndərin müəllifi olduğu Konstitusiyamızda bələdiyyələrin təşkilinin və fəaliyyətinin əsas prinsiplərinin təsis edilməsi ilə başlanmışdır.

Əsas Qanunumuzdakı 5 bölmədən birinin ayrıca olaraq yerli özünüidarəetməyə həsr edilməsi ölkəmizdə bələdiyyə institutuna olan diqqətin və inamın təzahürüdür.

Yerli demokratiyanın qurulması üçün qısa müddətdə zəruri qanunvericilik və təşkilatı tədbirlər görülmüş, 1999-cu ildə Azərbaycanın tarixində ilk dəfə demokratik əsaslarla bələdiyyə seçkiləri keçirilmiş və yerli özünüidarəetmə sistemi formalaşmışdır.

Bələdiyyələrin yaradılmasını zamanın tələbi və demokratiyanın ifadəsi kimi qiymətləndirən Üümummilli Lider seçkidən öncə xalqa müraciət edərək vətəndaşları seçkilərdə fəal iştirak etməyə çağırmışdır.

Ulu Öndər çıxışında demişdir: “Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir. Yerli idarəetmə orqanları isə yerlərdə onların səlahiyyətləri çərçivəsində çox işlər görə bilərlər.”

Bələdiyyələrin dövlət işlərinin böyük bir hissəsini öz üzərlərinə götürəcəklərini, dövlətin isə iş yükünün müəyyən qədər yüngülləşəcəyini qeyd edən Ulu Öndər bildirirdi ki, “bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir”.

Bələdiyyə seçkilərinin keçirilməsini, bələdiyyə institutunun yaranmasını mühüm və tarixi əhəmiyyətli hadisə kimi dəyərləndirən Ulu Öndər demişdir: “Bu bizim ölkəmiz, vətəndaşlarımız üçün böyük hadisədir. Çünki vətəndaşlar, seçicilər ilk dəfə olaraq özləri öz yerli idarəetmə, hakimiyyət orqanlarını seçirlər. Onlar bu seçkiyə nə qədər düz yanaşsalar, ədalətli yanaşsalar və işgüzar adamlar seçə bilsələr təbidir ki, bələdiyyələrin fəaliyyəti yaxşı olacaqdır”.

Ümummilli Liderin daim diqqətində olan yerli özünüidarəetmə ilə bağlı qanunvericilik ölkəmiz Avropa Şurasına üzv qəbul olunduqdan sonra intensiv inkişaf etmiş, “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasının müddəaları əsas götürülərək, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi ilə əməkdaşlıqda, bələdiyyələrin fəaliyyətini tənzimləyən mütərəqqi yeni qanun və digər normativ-hüquqi aktlar qəbul olunmuşdur.

Onu da qeyd etmək istərdim ki, bələdiyyələrin fəaliyyətində qanunçuluğunun təmin edilməsi, eləcə də onların fəaliyyətinin qanunauyğun təşkilinə kömək və metodoloji yardım göstərilməsi məsələlərinə xüsusi diqqət göstərilmiş, bununla bağlı Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələr qoyulmuşdur.

Hörmətli konfrans iştirakçıları!

Günü-gündən tərəqqi edən Azərbaycanımızda Ulu Öndərin ideyalarına uyğun olaraq, yerli özünüidarəetmə fəaliyyəti də ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə, respublikamızın hərtərəfli inkişafına uyğun olaraq təkmilləşir, müasir innovativ cəmiyyətin əvəzsiz bir parçasına çevrilir.

Dahi Öndərin təməlini qoyduğu yerli özünüidarəetmə sisteminin uğurlu inkişafı istiqamətində tədbirlər davam etdirilir. Müasir üsul və vasitələrdən istifadə edilməklə bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi üçün inzibati nəzarət tədbirləri, həmçinin fəaliyyətin qanunauyğun təşkili məqsədilə mütəmadi profilaktik və maarifləndirmə tədbirləri həyata keçirilir.

Belə ki, ötən dövrdə 1 milyona yaxın bələdiyyə aktı hüquqi ekspertizadan keçirilmiş, profilaktik tədbirlərin gücləndirilməsi və hüquqi maarifləndirmənin yaxşılaşdırılması məqsədilə bələdiyyələrə 75 mindən çox tövsiyə göndərilmiş, 90 min bələdiyyə üzvü və qulluqçusu Ədliyyə Akademiyasında və digər qurumlarda təşkil edilmiş maarifləndirmə tədbirlərinə cəlb olunmuş, bələdiyyələr üçün 300 metodik vəsait hazırlanmışdır.

Eyni zamanda yerli özünüidarəetmənin inkişafı üçün Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanları, xüsusilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, o cümlədən qeyri-hökümət təşkilatları və bələdiyyələrin təmsilçiləri kimi milli assosiasiyalar ilə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir. Onu da qeyd etmək yerinə düşər ki, yerli demokratiyanın inkişafında, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsində Milli assosiasiyaların rolu günü-gündən daha da aktuallaşır.

Həmçinin bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilir, artıq bələdiyyələrimiz bir sıra xarici ölkələrin, xüsusən də Türkiyə, Rusiya, Gürcüstan, Fransa, Litva və digər Avropa ölkələrinin bələdiyyələri ilə ikitərəfli əlaqələr qurmuşlar.

Bələdiyyələrimiz Türk Dövlətləri Bələdiyyələr Birliyində təmsil olunaraq bu qurumun işində fəal iştirak edirlər. Burada Türk Dünyası Bələdiyyələr Birliyinin nəşri olan “Türk Dünyası” kitabını böyük məmnunluqla qeyd etmək istərdim.

Həmin kitab iki minillik dövr ərzində əbədi iz qoyan, türk xalqının 12 Öndərinə, o cümlədən Atilla, Dədə Qorqud, Çingiz xan, Mustafa Kamal Atatürk və Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuşdur və Heydər Əliyev Mərkəzində, bu kitabın ictimaiyyətə geniş təqdimatı keçirilmişdir.

Bələdiyyələrə dəstək olaraq onların müxtəlif beynəlxalq layihələrə qoşulması təşviq olunur. Hazırda Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının təşəbbüsü olan, Şərq tərəfdaşlığı regionuna aid "İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri" inkişaf proqramı çərçivəsində ölkəmizdən 5 bələdiyyənin layihəsi qəbul edilmişdir.

Bununla yanaşı, ölkəmizdə informasiya texnologiyalarının tətbiqinin, rəqəmsallaşmanın geniş vüsət aldığı indiki müasir dövrdə bələdiyyələrdə də bu sahədə ardıcıl tədbirlər görülür. Son illərdə informasiya-kommunikasiya texnologiyaları tətbiq edilən bələdiyyələrin sayı 2 dəfədən çox artmışdır. Eyni zamanda ötən dövrdə yeni yaradılmış “Bələdiyyələr barədə məlumat əldə olunması” elektron xidməti vasitəsilə vətəndaşların bələdiyyələr, bələdiyyə üzvləri və qulluqçuları barədə məlumat əldə etmək imkanı təmin olunur.

Ən mühüm yenilik isə, səmərəli yerli özünüidarəetmə fəaliyyətinə töhfə olan Ədliyyə Nazirliyi tərəfindən “Bələdiyyələrlə iş portalı”nın yaradılmasıdır. Olduqca əlamətdardır ki, portal “Heydər Əliyev İli”ndə - bugünkü tədbirimizdə ilk dəfə ictimaiyyətə təqdim olunacaqdır.

Hörmətli konfrans iştirakçıları!

Məlum olduğu kimi, ötən 30 ildə Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Ermənistan tərəfindən torpaqlarımızın zəbt olunması işğal altında olmuş ərazilərimizdə yerli özünüidarəetmənin təşkilini mümkünsüz etmişdi və qaçqın, məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşımız özünüidarəetmə hüququndan məhrum idi.

2020-ci ildə Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Böyük Qələbəmizlə torpaqlarımız azad edilərək işğala son qoyuldu, tarixi ədalət bərpa olundu. Bununla cənab Prezident Ulu Öndərin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdi və bu gün xalqımız 100 illik yubileyi Ulu Öndərin siyasi varisi, dövlətimizin başçısının ətrafında sıx birləşərək qalib, müzəffər xalq kimi qeyd edir.

İşğal dövründə büsbütün dağıdılmış torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə sürətlə bərpa olunaraq yenidən dirçəlir.

Vətən müharibəsi veteranları, şəhid ailələri yüksək dövlət qayğısı ilə əhatə olunur, şəhidlərimizin əziz xatirəsi əbədiləşdirilir. Bu istiqamətdə Ulu Öndərin adını daşıyan, xeyirxahlıq, sülh, insanpərvərlik kimi bəşəri amallar uğrunda nəcib xidmətləri ilə xalqımızın sevgisini qazanmış Heydər Əliyev Fondunun mühüm fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Yerli əhalinin rifahı naminə həyata keçirilən tədbirlərdə fəal iştirak edən bələdiyyələr də Vətən müharibəsi və sonrakı dövrdə səmərəli fəaliyyətləri ilə seçilirlər. Ötən müddətdə bələdiyyələr tərəfindən Vətən müharibəsi veteranlarının və şəhid ailələrinin yerli özünüidarəetmə fəaliyyəti ilə bağlı çoxsaylı müraciətləri həll edilmiş, həmçinin şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə 900-dən çox abidə və abidə kompleksi, xatirə lövhəsi və bulağı istifadəyə verilmiş, onların yaşadıqları evlər və küçələr abadlaşdırılmışdır.

Hörmətli konfrans iştirakçıları!

Bu gün Ulu Öndərin yolu ilə gedən müstəqil Azərbaycan dövləti özünün qüdrətli dövrünü yaşayır. Yaxşı dərk edirik ki, bugünkü müasir Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti ilə tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir.

Azərbaycan xalqı bundan sonra da Ulu Öndərin siyasi varisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez