Heydər Əliyev müasir məhkəmə-hüquq sisteminin banisidir, may 2023-cü il

2023-cü il may ayının 10-da Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə ölkə Prezidentinin Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunaraq müstəqilliyimizin möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunda Ulu Öndərin müstəsna xidmətləri dərin ehtiramla qeyd edilir və onun əziz xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilir.

Dahi öndər Heydər Əliyev ölkəmizi zamanın sərt sınaqlarından çıxarıb müstəqilliyimizi bərqərar etməklə Azərbaycan tarixində tükənməz bir dövlətçilik irsi yaratmışdır.

Xalqımızın müstəqilliyə gedən yolu, milli özünüdərki, milli oyanışı hələ sovetlər dönəmində Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişi və fədakar əməyi sayəsində başlamışdır.

Məhz həmin dövrdə Azərbaycanda hərtərəfli dinamik quruculuq aparılmış, milli ruh, milli mənlik şüuru yüksəlmişdir.

Sonradan sovetlər İttifaqı kimi super dövlətin rəhbərliyində təmsil olunaraq strateji sahələri idarə edən Heydər Əliyev öz siyasi iradəsi və nüfuzu ilə bütün türk dünyasının fəxrinə və Azərbaycanın güvənc yerinə çevrilmiş, doğma xalqına möhtəşəm xidmətlər göstərmişdir.

Təsadüfi deyil ki, yenicə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan xalqımız yeganə ümid yeri kimi məhz Heydər Əliyevə - xalqını sonsuz məhəbbətlə sevən bu fenomenal şəxsiyyətə müraciət etmişdi.

Məşhur fransız mütəfəkkiri Volterin dediyi kimi, “dövlətin xilası üçün bir dahi şəxsiyyət kifayətdir”. Belə şəxsiyyətlər mürəkkəb siyasi şəraitdə xalqın taleyində misilsiz rol oynayırlar. Bu, amerikalılar üçün Corc Vaşinqton, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün Heydər Əliyevdir!

Zəngin dövlətçilik təcrübəsinə malik olan və fitri istedadı ilə fərqlənən dövlət xadimi Heydər Əliyev xalqımızın ən ağır dövründə xilaskarlıq missiyasını öz üzərinə götürmüş, müstəqilliyimizi qoruyub saxlayaraq, onu bərqərar etmişdir.

Milli dövlət quruculuğu sahəsində həmin dövrdə qarşıya qoyduğu vəzifələri dahi öndər belə bəyan edirdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan... öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir".

Demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməli idi.

"Dövlət - dövlətçiliyi qorumalıdır" fikrini dönə-dönə vurğulayan Ümummilli Lider qəti və prinsipial mövqeyi, misilsiz vətəndaşlıq hünəri ilə ölkədə dövlət çevrilişləri xronikasına, silahlı qarşıdurmalara, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu.

Müstəqilliyimizin itirilməsi təhlükəsi aradan qaldırıldı. Atəşkəsə nail olunaraq torpaqlarımızı işğaldan azad etməyə qadir olan ordu quruculuğunun əsası qoyuldu. Azərbaycanın gələcək inkişafını şərtləndirən hərtərəfli şərait yaradıldı. Və nəhayət demokratik hüquqi dövlət quruculuğu prosesinə başlanıldı.

Həmin illərə bu günün zirvəsindən baxanda insan zəkasının qüdrətinə heyran qalırsan. Nə qədər düşünülmüş, səlist və uzaqgörən qərarlar qəbul edilmişdir.

Ulu Öndərin 1994-cü ilin avqust ayında imzaladığı Cinayətkarlıqla mübarizəyə dair Fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. 1995-ci ildə isə «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» qanun qəbul edilməklə müasir müstəqillik tariximizin ilk demokratik parlamenti formalaşdırıldı.

Dövlətçiliyimizin memarı olan Heydər Əliyev deyirdi: "Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir".

Tükənməz dövlətçilik məharəti olan dahi lider Heydər Əliyev totalitar rejimdən azad olan cəmiyyətdə hüquqi dövlətin, yeni hüquq sisteminin yaradılması işinə milli Konstitusiyanın qəbulundan başladı.

İlk milli Konstitusiyamızın bilavasitə müəllifi olan ümummilli lider Konstitusiya layihəsini hazırlayan Komissiyanın referendum qabağı iclasında deyirdi: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm... Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm... Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".

Həqiqətən də, bu sənəddə demokratik hüquqi dövlətin bütün prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi.

Yeni Konstitusiya ölkədə dövlət quruculuğu üçün, dövlət fəaliyyətinin və cəmiyyətin inkişafının gələcək modeli üçün hüquqi əsas yaratdı. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz olması baxımından tariximizin ən məhsuldar dövrünün təməli qoyuldu.

Konstitusiyamıza uyğun, yeni hüquq sistemi formalaşdırmaq üçün ulu öndər qabaqcıl beynəlxalq təcrübəni, demokratik prinsipləri və Azərbaycan xalqının tarixi ənənələrini rəhbər tutmaqla islahatlara başladı. Bu məqsədlə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratdı.

Hüquqi dövlət quruculuğuna müstəsna əhəmiyyət verən ümummilli liderimiz həmin komissiyaya rəhbərliyi bilavasitə öz üzərinə götürməklə islahatlara şəxsən rəhbərlik etdi.

Aparılan islahatlar nəticəsində yeni, mütərəqqi qanunların, hüquq sisteminin mahiyyətini müəyyən edən bütün əsas məcəllələrin layihələri hazırlandı və nüfuzlu beynəlxalq qurumlarda ekspertizadan sonra qəbul edildi. Tariximizdə ilk dəfə Konstitusiya məhkəməsi yaradıldı.

Təbii ki, demokratik hüquqi dövlətin əsas təməl daşlarından olan müstəqil və qərəzsiz məhkəmə hakimiyyəti formalaşdırmadan mükəmməl hüquq sistemi yaratmaq mümkün olmazdı.

Bununla əlaqədar dahi öndərin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan "Məhkəmələr və hakimlər haqqında" tam yeni Qanun qəbul edildi.

Məhkəmə icraatının mahiyyətcə müasir modelinin bərqərar edilməsi prosesinə başlanıldı. Keçmiş sovet məhkəmələri ləğv edilərək yeni, üçpilləli müstəqil məhkəmə hakimiyyəti yaradıldı. İlk dəfə olaraq ədalət mühakiməsi sistemində mühüm institut olan apellyasiya instansiyası məhkəmələri təsis olundu.

İslahatların gedişində Ali Məhkəmənin də funksiya və səlahiyyətlərinə yenidən baxıldı və o, ümumi və ixtisaslaşmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə sırf kassasiya instansiyası məhkəməsinə çevrildi.

Hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verildi. İnsan haqlarını məhdudlaşdıran mühüm qərarların qəbulu məhkəmələrin müstəsna səlahiyyətinə aid edildi. Onların üzərində hər hansı nəzarət ləğv olunaraq, əksinə demokratik məhkəmə nəzarəti institutu təsbit olundu.

Azərbaycan fundamental insan haqlarına sadiqliyini bir daha nümayiş etdirərək postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla da "Habeas Corpus" prinsipini tətbiq edən ilk ölkələrdən oldu.

Məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, habelə hazırlıqlı və peşəkar hakim korpusunun formalaşdırılması məqsədilə 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradıldı.

2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlərin seçimi şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə aparıldı və nəticədə hakim korpusu 60% təzələndi.

Ümummilli Lider həmin ərəfədə Vaşinqtonda beynəlxalq konfransda ölkəmizin demokratik hüquqi dövlət quruculuğu yolunu seçərək, bu yoldan dönməyəcəyini, məhkəmə sistemimizin tamamilə yenidən, demokratik prinsiplər əsasında qurulduğunu bütün düynyaya bəyan etdi.

İslahatlar nəticəsində prokurorluğun totalitar rejimə xas olan səlahiyyətləri ləğv edildi və demokratik cəmiyyətin prinsiplərinə uyğun yenidən quruldu, cinayət təqibini həyata keçirmək, çəkişmə prinsipinə tam uyğun olaraq dövlət ittihamını müdafiə etmək onun əsas funksiyalarına aid edildi.

İnsan haqlarının təmini başlıca məqsəd kimi qarşıya qoyularaq bütün hüquq mühafizə orqanlarında mütərəqqi islahatlar aparıldı, «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında» və digər mütərəqqi qanunlar qəbul edildi.

Vəkillik institutu demokratik əsaslarla yenidən quruldu. Bəzi ölkələrdə hələ də dövlət orqanlarının tərkibində və ya nəzarəti altında fəaliyyət göstərən vəkillik xidməti tam müstəqil təsisata çevrildi.

Ölkədə insan haqlarının etibarlı təminatına verilən müstəsna əhəmiyyətin daha bir bariz nümunəsi olaraq ümummilli lider tərəfindən 1998-ci ildə "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalandı və insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırıldı.

İnsan haqları üzrə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirildi, pozulmuş hüquqların bərpasında mühüm rol oynayan müstəqil təsisat – Ombudsman institutu yaradıldı, ökəmiz insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu.

Ümummilli Liderin ən mühüm və tarixi addımlarından biri, şübhəsiz ki, ölüm cəzasının ləğvi olmuşdur. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi, əfv və amnistiya institutlarının geniş tətbiqinə başlanılması, on minlərlə məhkumun bağışlanması ulu öndər Heydər Əliyevin yüksək humanizmini, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir.

Hüquqi dövlət quruculuğunun Heydər Əliyev konsepsiyasında ədliyyə orqanlarının inkişafı da daim diqqət mərkəzində saxlanılmışdır.

Xüsusi qeyd etmək istərdim ki, hələ sovetlər birliyində ədliyyə sisteminin təkmil bir struktur kimi sabit fəaliyyətinin təmin olunması məhz 1970-ci ilə – Ümummilli Liderin Azərbaycan rəhbərliyinə gəlişi dövrünə təsadüf edir.

Dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə orqanlarının hərtərəfli inkişafı üzrə köklü islahatlar aparılmışdır.

İlk növbədə, cəzaların icrası sistemini təkmilləşdirmək, islah-tərbiyə işini humanistləşdirmək məqsədilə penitensiar müəssisələrin demokratik prinsiplərə uyğun olaraq cinayət təqibi orqanından Ədliyyə Nazirliyinə verilməsi işi başa çatdırılmışdır.

Ədalət mühakiməsinin ayrılmaz hissəsi olan məhkəmə qərarlarının icrasının müasir tələblərə uyğun həyata keçirilməsi ilə bağlı yeni vəzifələr müəyyən edilərək nazirlikdə icra xidməti təsis edilmişdir. İlk dəfə istintaq idarəsi yaradılaraq ədalət mühakiməsi əleyhinə olan və bir sıra digər aidiyyəti cinayətlərin ibtidai istintaqının aparılması Ədliyyə Nazirliyinə həvalə olunmuşdur.

Azərbaycanda yerli demokratiyanın təşviqi istiqamətində mühüm addımlar atılaraq 1999-cu ildə ilk dəfə yerli özünüidarə orqanları – bələdiyyələr formalaşdırılmış, bu orqanların fəaliyyətində qanunçuluğun təmin olunması, onlara metodoloji yardımın göstərilməsi, həmçinin parlamentə illik məruzələrin təqdim olunması nazirliyə tapşırılmışdır.

Məhkəmə ekspertizası sahəsində işin müasir tələblərə uyğun qurulması məqsədilə ayrıca qanun qəbul edilmiş və bütün qeyri-tibb məhkəmə ekspertizalarının aparılması Ədliyyə Nazirliyinə həvalə edilmişdir.

Həmçinin, vətəndaş məmnunluğunun təmin edilməsi, ədliyyə xidmətlərindən istifadənin asanlaşdırılması və yerli ədliyyə qurumlarının inkişafı üzrə digər mühüm qərarlar qəbul olunmuşdur.

Ümummilli Liderin həyata keçirdiyi islahatların nəticəsi olaraq Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və nüfuzu xeyli artmış və o dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir.

Tam əminliklə deyə bilərək ki, müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyev həm də müasir məhkəmə-hüquq sistemimizin banisidir.

Ölkəmizin demokratik dəyərlərə sadiqliyinin və mütərəqqi islahatların nəticəsi olaraq, Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyası ölkəmizə şamil olunaraq ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsinə, Məhkəmənin presedentlərinin tətbiqinə hüquqi zəmin yaratdı.

Avropa Şurasına üzv olması münasibətilə qurumun Parlament Assambleyasının sessiyasında çıxış edən ümummilli lider Heydər Əliyev ölkədə həyata keçirilən hüquqi islahatları belə xarakterizə etmişdir: “Hüquq islahatları nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığına, barəsində qaldırılmış işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hüquq müdafiəsinə təminat almışdır... Azərbaycanda Konstitusiya Məhkəməsi yaradılmış, ölüm hökmü ləğv edilmiş, ...məhkəmənin müstəqilliyi təmin olunmuşdur... Penitensiar sistemin islahatı uğurla aparılır. Məhbusların saxlanması şəraitini yaxşılaşdırmaq və Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş penitensiar müəssisələrin idarə olunmasını təkmilləşdirmək üçün tədbirlər görülür”.

Ulu Öndər həmçinin, Avropa Şurasının yüksək tribunasından Azərbaycan xalqının və dövlətinin bundan sonra da humanizm, insanpərvərlik ideya və prinsiplərinə, insan haqları, demokratiya, qanunun aliliyi kimi dəyərlərə sadiqlik nümayiş etdirəcəyini vurğulamışdır.

Hüquqi dövlət quruculuğunun Azərbaycan modelini yaratmış Ümummilli Liderin təməlini qoyduğu məhkəmə-hüquq islahatları bu gün də uğurla davam edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə hüquq sisteminin müasir çağırışlara uyğun inkişafı üzrə ardıcıl tədbirlər görülmüş, mütərəqqi islahatlar aparılmışdır.

Şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, məhkəmə-hüquq sisteminin inkişafı və məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılması ilə bağlı ayrıca qanunların qəbulu, dövlət proqramları və milli strategiyaların müvəffəqiyyətlə icrası xüsusi qeyd edilməlidir.

Eyni zamanda Ulu Öndərin humanizm siyasətini uğurla davam etdirən ölkə Prezidenti tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə 08.05.2023-cü il tarixdə Əfv Sərəncamı imzalanmışdır. 801 nəfəri əhatə edən bu humanist aktla 463 nəfər azadlıqdan məhrumetmə cəzasından azad olunmuş, 220 şəxsin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan azad edilmişdir.

Müstəqillik tariximizin ən böyük əfv aktı olan dövlət başçısının bu Sərəncamı cəmiyyətimizdə böyük rəğbətlə qarşılanmış, azadlığa çıxan şəxslər yubiley ilində, Ulu Öndərin 100 illiyi münasibətilə azad edilmələrindən yüksək sevinc hisslərini bölüşmüşlər. Əfv edilən məhkumlar, onları qarşılamağa gələn ailə üzvləri və yaxınları göstərdiyi humanistliyə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə etmişlər.

Dövlət başçısının humanist aktının icrası elə həmin gün Ədliyyə Nazirliyi tərəfindən dərhal təmin edilərək əfv olunanlar öz ailələrinə qovuşmuşlar.

Qeyd olunmalıdır ki, məhkumların hüquqlarının təminatına daim xüsusi önəm verilir, onların saxlanma şəraiti müasirləşdirilir. Ötən il cəmiyyətimizin həssas təbəqəsi olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yeni inşa olunmuş müasir penitensiar müəssisələr istifadəyə verilib və ölkə başçısı həmin müəssisələrə şəxsən baş çəkərək yaradılan şəraitlə tanış olmuşdur.

Həmçinin, ötən dövrdə cənab Prezident tərəfindən ədliyyə fəaliyyəti ilə bağlı mühüm qərarlar qəbul olunmuş, ölkəmizdə yeni institut olan probasiya xidməti yaradılaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların effektiv icrası və elektron qolbaqların geniş tətbiqi təmin edilmişdir. Nazirliyin aparatının müasir çağırışlara uyğun yeni strukturu təsdiq edilərək informasiya texno­logiyalarının və innovasiyaların tətbiqi, kommunikasiya strategiyasının həyata keçirilməsi ilə bağlı və digər idarələr yaradılmışdır.

Bununla yanaşı, aparılan hərtərəfli islahatlar zamanı Avropa Şurası ilə əməkdaşlıq şəraitində məhkəmə fəaliyyətini tənzimləyən bir sıra mühüm qanunlar və digər normativ aktlar hazırlanaraq qəbul edilmişdir.

Mühüm institusional tədbirlər görülərək Məhkəmə-Hüquq Şurası məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı kimi yenidən təsis edilmişdir. Yeni qurum - Hakimlərin Seçki Komitəsi yaradılmış, hakimliyə namizədlərin ən şəffaf seçimi Qaydası müəyyən olunmuşdur.

Vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması məqsədilə 40-dək yeni məhkəmə, o cümlədən bütün bölgələrdə apellyasiya məhkəmələri, inzibati ədliyyə institutu yaradılmışdır.

Dünya Bankı ilə birgə layihələr çərçivəsində mövcud məhkəmə infrastrukturu müasirləşdirilərək paytaxtda və bölgələrdə 35 yüksək texnoloji - hi-tech məhkəmə üçün yeni bina və komplekslər inşa olunub istifadəyə verilmişdir. Onların əksəriyyətinin açılışını məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan ölkə Prezidentinin şəxsən həyata keçirməsi ədalət mühakiməsinə dövlət qayğısının bariz nümunəsi olmuşdur.

Həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə insanların məhkəməyə müraciət etdiyi andan məhkəmə qərarının icrasına qədər bütün prosesi əhatə edən "Elektron məhkəmə" informasiya sistemi yaradılaraq tətbiqinə başlanılmışdır.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə islahatlar davamlı xarakter daşımış, bu sahədə qanunvericilik beynəlxalq təcrübə nəzərə alınmaqla demək olar ki, hər il təkmilləşdirilmişdir. Möhtərəm Prezidentimizin vurğuladığı kimi bu islahatların əvvəli var, amma sonu yoxdur.

Dövlət başçısının 3 aprel 2019-cu il tarixdə imzaladığı məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərmanı bütün hüquq sistemimizin inkişafının yeni mərhələyə keçməsini şərtləndirmişdir.

Belə ki, məhkəmə icraatı zamanı çevikliyin təmin edilməsi və ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı qanunvericiliyə konseptual dəyişikliklər edilmiş, cəza siyasətinin humanistləşdirilməsi üzrə ardıcıl tədbirlər görülmüşdür.

Eyni zamanda, «Elektron məhkəmə» informasiya sisteminin funksionallığı artırılmış, mediasiyanın tətbiqi, məhkəmə rüsumlarının differensiasiyası təmin olunmuşdur. Vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üzrə mütərəqqi mexanizmlər müəyyən edilmişdir.

Yeni kommersiya və inzibati məhkəmələrin təsis edilməsi, məhkəmə infrastrukturunun daha da yaxşılaşdırılması, proseslərin audio-video yazısı və bütün məhkəmə qərarlarının elektron dərcinin təmin olunması məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində, şəffaflığın artırılmasında və əlçatanlığın asanlaşmasında mühüm rol oynamışdır.

Hakimlərin yüksək iş yükünün azaldılması məqsədilə Fərmanla ayrılmış 200 hakim ştatının komplektləşdirilməsinin tezləşməsi üçün hakimliyə namizədlərin fasiləsiz, şəffaf və prinsipial seçimi aparılır. Son dövrdə artıq 123 şəxs hakim vəzifəsinə təyin olunmuş, 350-dən çox namizəd isə hazırda seçim prosesinin müxtəlif mərhələsindədir.

Qeyd olunmalıdır ki, məhkəmə islahatlarımız beynəlxalq aləmdə də təqdir olunur. Öz şəffaflığı ilə fərqlənən hakimlərin seçimi prosedurumuz isə Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirərək digər dövlətlərə ondan bəhrələnmək tövsiyə edilir.

Eyni zamanda ölkəmiz Avropa Şurasının ədalət mühakiməsinə dair müsabiqəsində "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab" adlı layihə ilə iştirak edərək məhkəmə sistemindəki nailiyyətlərinə görə "Ədliyyənin Kristal Tərəzisi" mükafatına layiq görülmüşdür. Dünya Bankı Azərbaycanda ədliyyə sahəsindəki layihəni ən uğurlu layihələrindən biri kimi qiymətləndirərək "Vətəndaşlara daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün innovativ üsulların yaradılması və tətbiqi" nominasiyalarının qalibi elan etmişdir.

Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının hesabatlarına əsasən məhkəmələrin səmərəlilik göstəricilərinə görə ölkəmiz bir çox Avropa dövlətlərini, o cümlədən Fransa, Almaniya, Danimarka, İsveç və digər ölkələri qabaqlayıb. Məhkəmələrdə işlərə baxılması tezliyinə və informasiya texnologiyalarının geniş tətbiqinə görə orta Avropa rəqəmlərini xeyli üstələyib. İT-nin inkişaf səviyyəsinə görə isə 49 ölkə sırasında 14-cü yerdə qərarlaşıb.

Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Ümummilli Liderin müəyyən etdiyi inkişaf kursu ilə irəliləyərək ictimai həyatın bütün sahələrində mühüm nailiyyətlər qazanır. Ona görə də fəxrlə söyləyirik ki, biz Heydər Əliyevin özündən sonra arzu etdiyi qüdrətli Azərbaycanda yaşayırıq.

“Heydər Əliyev İli”ndə Ədliyyə Nazirliyi tərəfindən paytaxtda və bölgələrdə Ulu Öndərin zəngin dövlətçilik irsinə, ədliyyə, məhkəmə-hüquq, yerli özünüidarəetmə sahəsində müstəsna xidmətlərinə, gənclər siyasətinə və digər mövzulara həsr olunan konfranslar, dəyirmi masalar, açıq qapı günləri keçirilir.

Davam edən yubiley tədbirləri çərçivəsində gənc ədliyyə işçiləri və könüllüləri, hüquqşünas tələbələrlə görüşlər, Heydər Əliyev mərkəzlərinə ziyarətlər, doğumun və nikahın təntənəli qeydiyyatı mərasimləri, kitab sərgiləri, ağacəkmə, qanvermə aksiyaları, kütləvi idman və intellektual yarışlar təşkil olunur. Ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda silsilə yazılarla çıxışlar edilir. Yubiley münasibətilə nazirliyin saytında “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” adlı daim yenilənən platforma yaradılmışdır.

Bu il həm də Ümummilli Lider Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi qeyd olunur. Bu münasibətlə nazirliyin Tibb Xidməti və Ədliyyə Akademiyası görkəmli alimin xatirəsinə həsr olunmuş konfrans keçirmiş, habelə səyyar oftalmoloji aksiya, mədəni proqramlar və digər tədbirlər təşkil olunmuş, xatirə bulağı istifadəyə verilmişdir.

Ümummillli Liderin dövlətimiz üçün xidmətlərini hər bir nəsil bilməli və əməllərini nümunə götürməlidir. Dövlət başçısının bu ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı Sərəncamında qeyd olunduğu kimi, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq və daha da inkişaf etdirmək hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Azərbaycanın gələcəyini, onun dayanıqlı inkişafını və ən əsası ərazi bütövlüyümüzün bərpasını düşünən dahi rəhbər xalqa müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ümummilli Liderimizin böyük inamla söylədiyi sözlər bu gün artıq reallıqdır. 30 il işğal altında qalan doğma torpaqlarımız ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilməklə Ümummilli Liderin ən ümdə vəsiyyəti və xalqımızın arzusu gerçəkliyə çevrilmişdir.

Hazırda işğal dönəmində büsbütün dağıdılaraq minalanmış ərazilərimizdə dövlət başçısının bilavasitə rəhbərliyi ilə infrastruktur sürətlə təzədən qurulur. Yarandığı gündən ölkənin sosial-iqtisadi inkişafına dəyərli töhfələr verən, respublikamlızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr reallaşdırılır, həmin torpaqlarda qədim abidələrimiz, mədəni irsimiz bərpa edilir.

Heydər Əliyevin mənalı ömür yolu, tükənməz dövlətçilik irsi bir həyat məktəbidir, onun parlaq ideyaları bu gün də yaşayır və əbədi olaraq yaşayacaqdır. Xalqımız bu ideyaların ən layiqli daşıyıcısı olan ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında böyük vətəndaş həmrəyliyi ilə «Dəmir Yumruq kimi» birləşərək hələ neçə-neçə möhtəşəm uğurlara imza atacaqdır.

Fikrət Məmmədov,

Azərbaycan Respublikasının ədliyyə naziri

I dərəcəli dövlət ədliyyə müşaviri

iacca
iap
business ready
eplc
Ən Tez