Dövlət qulluqçularının və digər vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu (layihə)

Layihə

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasnın 94-cü maddəsinin I hissəsinin 19-cu bəndinə uyğun olaraq, dövlət qulluqçularının və digər vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı mexanizmləri, habelə vəzifəli şəxslərin xidməti vəzifələrini icra etdikləri dövrdə maraqlar toqquşmasının qarşısının alınması məqsədi ilə onlara tətbiq edilən məhdudiyyətlərlə bağlı müddəaları tənzimləyir.

Bu Qanunun əsas məqsədi dövlət qulluqçuları və digər vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərinin icrası zamanı maraqlar toqquşmasının qarşısını almaqdan ibarətdir.

1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1.       Maraqlar toqquşması

1.1. Dövlət qulluqçuları və digər vəzifəli şəxslər (bundan sonra - vəzifəli şəxslər) tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində özünün yaxud yaxın qohumlarının (ər-arvad, onların babaları, nənələri, valideynləri, övladlığa götürənləri, doğma və ögey qardaşları və bacıları, uşaqları, övladlığa götürülənləri, nəvələri) şəxsi və ya maddi maraqlarına toxunan yaxud toxuna bilən qərarların qəbul edilməsi və ya belə qərarların qəbulunda iştirak və ya vəzifə səlahiyyətləri ilə bağlı digər hərəkətlərin edilməsi halları maraqlar toqquşması hesab edilir.

1.2. Maraqlar toqquşmasının qarşısının alınmasının məqsədi vəzifəli şəxslərin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasından, habelə vəzifəli şəxslərin ictimai maraqlara cavab verən fəaliyyətinin təmin edilməsindən və cəmiyyətdə onlara etimadın artırılmasından ibarətdir.

1.3. Vəzifəli şəxs özünün və ya yaxın qohumlarının mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.

1.4. Vəzifəli şəxs qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

1.5. Vəzifəli şəxsin xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, dövlət və ya bələdiyyə qulluğuna qəbul olunduqda, dövlət orqanlarına seçildikdə və ya təyin edildikdə, dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarına işə qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur.

Maddə 2. Maraqlar toqquşmasının qarşısının alınması haqqında qanunvericilik

Maraqlar toqquşmasının qarşısının alınması haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, "Dövlət qulluğu haqqında" və "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunlarından, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq  müqavilələrdən ibarətdir.

Maddə 3. Qanunun subyektləri

3.1. Bu Qanunun subyektləri «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.1-2.1.8-ci maddələrində nəzərdə tutulmuş şəxslərdir.

3.2. Bu Qanunun 3.1-ci maddəsində göstərilən şəxslər bu Qanunun məqsədləri üçün vəzifəli şəxs hesab edilirlər.

2-ci fəsil
VƏZİFƏLİ ŞƏXSLƏR ÜÇÜN MÜƏYYƏN EDİLƏN MƏHDUDİYYƏTLƏR

Maddə 4. Vəzifəli şəxslər tərəfindən əlavə vəzifə tutulması üzrə məhdudiyyətlər

Vəzifəli şəxslər xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutma və ya fəaliyyət növü ilə məşğul ola bilməzlər.

Maddə 5. Vəzifəli şəxslərin gəlirləri üzrə məhdudiyyətlər

5.1. Vəzifəli şəxslər vergidən azad və ya güzəştli vergi rejimli, habelə bank sirri açıqlanmayan (offşor) ərazilərdə və ya dövlətlərdə yerləşən yaxud həmin dövlətlərdə qeydiyyata alınmış təsərrüfat subyektlərinin qiymətli kağızlarından gəlir götürə bilməz.

5.2. Təsərrüfat subyektlərinin idarəetmə orqanlarında dövləti və ya bələdiyyələri təmsil edən vəzifəli şəxslərə aşağıdakılar qadağan edilir:

5.2.1. birbaşa və ya dolayı yolla vəzifələrinin icrası ilə bağlı olmayan maddi və sair nemətlərin, imtiyazların və ya maliyyə vəsaitlərinin alınması;

5.2.2. nümayəndə olduğu təsərrüfat subyektlərindən, onların idarəetmə və nəzarət orqanlarının üzvlərindən hədiyyələrin qəbul edilməsi;

5.2.3. nümayəndə olduğu təsərrüfat subyektlərinin səhmlərinin, kapitalından payın və həmin təşkilatın əmlakının alınması;

5.2.4. nümayəndə olduğu təsərrüfat subyektlərində hər hansı vəzifənin tutulması.

5.3. Vəzifəli şəxs bu Qanunun 5.2.3-cü və 5.2.4-cü maddələrində müəyyən edilmiş məhdudiyyətlərə nümayəndə funksiyasına xitam verildikdən sonra iki il müddətində əməl etməlidir.  

Maddə 6. Vəzifəli şəxslərin dövlət və bələdiyyə satınalmalarda iştirakına və vəzifəli şəxslər tərəfindən dövlət və bələdiyyə vəsaitlərinin alınmasına dair məhdudiyyətlər

6.1. Vəzifəli şəxslər bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul ola, habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və maliyyə kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil ola bilməzlər.

6.2. Açıq müsabiqə halları istisna olmaqla Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslərin səhmdar və ya payçı olduğu hüquqi şəxslər dövlət satınalmalarında iştirak edə, dövlət vəsaitləri, habelə dövlət zəmanəti ilə kreditlər ala bilməzlər.

6.3. Açıq müsabiqə halları istisna olmaqla Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslərin yaxın qohumları bilavasitə və ya payçı, səhmdar yaxud digər formada iştirakçı olduğu hüquqi şəxslər vasitəsi ilə dövlət satınalmalarında iştirak edə, dövlət vəsaitləri, habelə dövlət zəmanəti ilə kreditlər ala bilməzlər.

6.4. Açıq müsabiqə halları istisna olmaqla bələdiyyə üzvü seçilmiş şəxslərin səhmdar və ya payçı olduğu hüquqi şəxslər bələdiyyə satınalmalarında iştirak edə bilməz, bələdiyyə vəsaitləri, habelə bələdiyyə zəmanəti ilə kreditlər ala bilməz.

6.5. Açıq müsabiqə halları istisna olmaqla bələdiyyə üzvü seçilmiş şəxslərin yaxın qohumları bilavasitə və ya payçı, səhmdar yaxud digər formada iştirakçı olduğu hüquqi şəxslər vasitəsi ilə bələdiyyə satınalmalarında iştirak edə bilməz, bələdiyyə vəsaitləri, habelə bələdiyyə zəmanəti ilə kreditlər ala bilməz.

6.6. Vəzifəli şəxslər səlahiyyətlərinə xitam verildikdən sonra iki il müddətində vəzifə səlahiyyətlərinin icrası zamanı fəaliyyətinə nəzarət etdikləri və ya satınalma həyata keçirdikləri yaxud vəsait təqdim etdikləri sahibkarlıq subyektlərinin əmlakını ala bilməz və ya belə sahibkarlıq subyektlərinin payçısı, səhmdarı yaxud digər formada iştirakçısı ola bilməzlər.

Maddə 7. Normativ hüquqi və normativ xarakterli aktların qəbul edilməsi, nəzarət və yoxlama funksiyalarının həyata keçirilməsi üzrə məhdudiyyətlər

7.1. Vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərinin həyata keçirilməsi zamanı özünün yaxud yaxın qohumlarının şəxsi və ya maddi maraqlarına toxunan məsələlərə dair normativ-hüquqi yaxud normativ xarakterli aktlar hazırlanmasına və ya qəbul edilməsinə, müqavilələrin bağlanmasına, nəzarət və ya yoxlama funksiyalarının həyata keçirilməsinə, yaxud qeyd edilən şəxslərin maraqlarına toxunan məsələlərə dair digər fəaliyyətin həyata keçirilməsinə yol verilmir.

7.2. Əvvəllər sahibkarlıq fəaliyyəti subyektinin idarəetmə və ya nəzarət orqanının üzvü olmuş vəzifəli şəxs həmin sahibkarlıq fəaliyyəti subyekti ilə əmək və mülki-hüquqi münasibətlərinə xitam verdikdən sonra iki il müddətində bu sahibkarlıq fəaliyyəti subyektinin fəaliyyətinə aid məsələlərə dair normativ-hüquqi və yaxud normativ xarakterli aktlar qəbul edə bilməz.

7.3. Bu Qanunun 7.2-ci maddəsinin müddəaları qanunvericiliyə müvafiq olaraq normativ hüquqi aktların qəbul edilməsində iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına və müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərinə şamil edilmir.

Maddə 8. Normativ hüquqi və normativ xarakterli aktların qəbul edilməsinə, nəzarət və yoxlama funksiyalarının həyata keçirilməsinə nüfuz edilməsi ilə əlaqədar məhdudiyyətlər

Vəzifəli şəxs tərəfindən statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən yaxud həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə özünün yaxud yaxın qohumlarının, şəxsi və ya maddi maraqlarına toxunan məsələlərə dair digər vəzifəli şəxslər tərəfindən normativ hüquqi və normativ xarakterli aktların hazırlanmasına və ya qəbul edilməsinə, nəzarət və ya yoxlama funksiyalarının həyata keçirilməsinə nüfuz edilməsinə yol verilmir.

Maddə 9. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə müəyyən edilir.

Maddə 10. İanələr alma ilə əlaqədar məhdudiyyətlər

10.1. Vəzifəli şəxslər tərəfindən fiziki və hüquqi şəxslərdən dövlət və ya bələdiyyə orqanlarının ehtiyacları üçün ianələrin və yaxud digər formada maddi və ya texniki yardımın tələb edilməsinə yol verilmir.

10.2. Dövlət və ya bələdiyyə orqanları şəxsi marağı olmayan üçüncü şəxslərdən dövlət və bələdiyyə orqanının ehtiyaclarının ödənilməsi, işçilərin ixtisasının artırılması, iş şəraitinin və texniki təminatın yaxşılaşdırılması məqsədilə ianələr və yaxud digər formada maddi və ya texniki yardım qəbul edə bilərlər. Qeyd edilən ianələr və yardımlar hesabına dövlət və ya bələdiyyə orqanlarının qulluqçularına məvacib, mükafat yaxud hər hansı digər formada ödəniş və ya hədiyyə verilə bilməz.

10.3. Dövlət və bələdiyyə orqanlarına ianə, yaxud digər formada maddi və ya texniki yardım təqdim edən fiziki və ya hüquqi şəxslərə həmin orqanlardan güzəşt və imtiyazların alınmasında üstünlük hüququ verilmir.

10.4. Vəzifəli şəxslər humanitar məqsədlər istisna olmaqla üçüncü şəxslərin xeyrinə ianə və yaxud digər formada maddi və ya texniki yardımın toplanmasında iştirak edə bilməzlər.

Maddə 11. Nümayəndə olma üzrə məhdudiyyətlər

11.1. Vəzifəli şəxslər aşağıdakı hallarda dövlət və ya bələdiyyə orqanlarını nümayəndə qismində təmsil edə bilməzlər:

11.1.1. özünün və ya yaxın qohumlarının şəxsi və ya maddi marağı olan məsələlər ilə bağlı münasibətlərdə;

11.1.2. özünün və ya yaxın qohumlarının hər hansı formada gəlir əldə etdiyi fiziki və ya hüquqi şəxslər ilə bağlı münasibətlərdə.

11.2. Vəzifəli şəxslər dövlət və ya bələdiyyə orqanlarının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi yaxud vəkili ola bilməzlər.

11.3. Vəzifəli şəxslər vəzifədən azad edildikdən və ya onların səlahiyyətlərinə xitam verildikdən sonra 1 il müddətində dövlət və ya bələdiyyə orqanlarının işləri üzrə fiziki və hüquqi şəxslərin nümayəndəsi ola bilməzlər. Bu hal vəkillik fəaliyyəti ilə məşğul olan şəxslərə şamil edilmir.

Maddə 12. Əlavə haqq alınması ilə əlaqədar məhdudiyyətlər

12.1. Vəzifəli şəxslər öz xidməti vəzifələrinin, yaxud dövlət və ya bələdiyyə orqanları öz funksiyalarının icrası ilə bağlı ödənişsiz xidmət göstərməli yaxud qərar qəbul etməli olduğu hallarda həmin hərəkətlərə görə haqq tələb edə və haqq qəbul edə bilməzlər.

12.2. Vəzifəli şəxslər öz xidməti vəzifələrinin, yaxud dövlət və ya bələdiyyə orqanları öz funksiyalarının icrası ilə bağlı qanunla müəyyən edilmiş ödəniş əvəzində xidmət göstərməli yaxud qərar qəbul etməli olduğu hallarda həmin hərəkətlərə görə əlavə haqq tələb edə bilməzlər.

Maddə 13. Reklam ilə əlaqədar məhdudiyyətlər

Vəzifəli şəxs, xidməti vəzifələrinin icrası istisna olmaqla hər hansı formada reklam ilə məşğul ola, hər hansı haqq əvəzinə sahibkara, onun istehsal etdiyi mala (göstərdiyi xidmətə) münasibət bildirə bilməz.

Maddə 14. Məlumatdan istifadə ilə əlaqədar məhdudiyyətlər

Vəzifəli şəxslər qulluq fəaliyyəti ilə bağlı xidməti məlumatdan, xidməti vəzifələrinin icrası ilə əlaqədar malik olduqları qanunla qorunan sirlərdən xidməti məqsədlərdən kənar, və ya özlərinin yaxud üçüncü şəxslərin xeyrinə istifadə edə bilməzlər.

Maddə 15. Əmlakdan istifadə

Vəzifəli şəxslərə dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə  həmin vəzifəli şəxs tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

3-cü fəsil
DÖVLƏT VƏ BƏLƏDİYYƏ ORQANLARI, VƏZİFƏLİ ŞƏXSLƏR TƏRƏFİNDƏN MARAQLAR TOQQUŞMASININ QARŞISININ ALINMASI

Maddə 16. Dövlət və bələdiyyə orqanlarının rəhbərləri tərəfindən maraqlar toqquşmasının qarşısının alınması

16.1. Dövlət və bələdiyyə orqanlarının, müvafiq təsərrüfat subyektlərinin rəhbərləri öz səlahiyyətləri daxilində maraqlar toqquşması hallarının yaranması və vəzifəli şəxslərin maraqlar toqquşması şəraitində vəzifələrinin icra etməsinin qarşısını almalıdırlar.

16.2. Dövlət və bələdiyyə orqanlarının, müvafiq təsərrüfat subyektlərinin rəhbərləri maraqlar toqquşması şəraitində olan vəzifəli şəxsin funksiyalarını tam yaxud qismən digər vəzifəli şəxslərə həvalə etməlidirlər.

16.3. Dövlət və bələdiyyə orqanlarının, müvafiq təsərrüfat subyektlərinin rəhbərləri vəzifəli şəxsin müraciətinə əsasən vəzifəli şəxsin əlavə vəzifə tutması və mülki-hüquqi öhdəlik götürməsi imkanı barədə məsələni həll etməlidirlər.

16.4. Dövlət və bələdiyyə orqanlarının, müvafiq təsərrüfat subyektlərinin rəhbərləri vəzifəli şəxslər tərəfindən bu Qanunun tələblərinin pozulması halları barədə təxirə salmadan müvafiq olaraq Dövlət Qulluğunu İdarəetmə Şurasına və ya Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına (bundan sonra - Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya) məlumat verməlidirlər.

Maddə 17. Vəzifəli şəxslər tərəfindən maraqlar toqquşmasının qarşısının alınması

17.1. Vəzifəli şəxs qulluq fəaliyyəti zamanı maraqlar toqquşması şəraiti yaranarsa, o bu barədə ona məlum olduğu vaxtdan 3 gün müddətində tabe olduğu vəzifəli şəxsə və ya vəzifə tutduğu dövlət və ya bələdiyyə orqanının, müvafiq təsərrüfat subyektinin rəhbərinə yazılı şəkildə məlumat verməlidir.

17.2.Yuxarı vəzifəli şəxs və ya dövlət və bələdiyyə orqanının, müvafiq təsərrüfat subyektinin rəhbəri vəzifəli şəxsdən maraqlar toqquşması şəraitinin yaranması barədə məlumat aldıqda bu Qanunun 16.2-ci maddəsində nəzərdə tutulan tədbirləri görməlidir.

17.3. Vəzifəli şəxs başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə dövlət orqanının rəhbərinə məlumat verməlidir.

17.4. Vəzifəli şəxslər vəzifədən azad edildikdən və ya onların səlahiyyətlərinə xitam verildikdən sonra 2 il müddətində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilat və onların bölmələrinə işə qəbul edilə bilməzlər.

Maddə 18. Vəzifəli şəxslərin etik davranış kodeksləri

18.1. Vəzifəli şəxslər öz qulluq fəaliyyətlərində və bu fəaliyyətdən kənar davranışlarında dövlət qulluqçularının, habelə bələdiyyə qulluqçularının etik davranış qaydalarını, digər müvafiq peşə və ya sahə üzrə mövcud olan etik davranış qaydalarını rəhbər tutmalıdırlar.

18.2. Vəzifəli şəxs etika baxımından onun bitərəfliyi və qərəzsizliyi şübhə doğuran bütün hallarda  xidməti vəzifələrinin icrasını dayandırmalı, əlavə vəzifədən imtina etməlidir.

4-cü fəsil
QANUNUN POZULMASINA GÖRƏ MƏSULİYYƏT

 Maddə 19. Maraqlar toqquşmasının qarşısının alınması ilə əlaqədar tələblərə riayət edilməsinə nəzarət

19.1. Bu Qanunun tələblərinə riayət edilməsinə nəzarəti öz səlahiyyətləri daxilində Dövlət Qulluğunu İdarəetmə Şurası və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən həyata keçirilir.

19.2. Bu Qanunun tələblərinə riayət edilməsinə nəzarət "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə və 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları"na müvafiq olaraq təqdim edilən maliyyə xarakterli məlumatlar və qanunla müəyyən edilmiş qaydada əldə edilmiş digər məlumatlar vasitəsi ilə həyata keçirilir.

19.3. Fiziki və hüquqi şəxslər maraqlar toqquşması halları ilə əlaqədar vəzifəli şəxsin işlədiyi dövlət və ya bələdiyyə orqanının, müəssisə, idarə və ya təşkilatın, müvafiq təsərrüfat subyektinin rəhbərinə, yaxud Dövlət Qulluğunu İdarəetmə Şurası və ya Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya şikayət ilə müraciət edə bilərlər. Bu müddəa fiziki və hüquqi şəxsləri ümumi qaydada şikayət etmək hüququndan məhrum etmir.

Maddə 20. Maraqlar toqquşmasına dair tələblərin pozulmasına görə vəzifəli şəxslərin məsuliyyəti

20.1. Maraqlar toqquşması hallarına yol vermiş vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.

20.2. Vəzifəli şəxsin hərəkətləri mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun həyata keçirilir.

20.3. Maraqlar toqquşması ilə əlaqədar intizam məsuliyyəti tədbirləri bu Qanunla və digər qanunlarla tənzimlənir.

20.4. Bu Qanunda nəzərdə tutulmuş maraqlar toqquşması halları inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda, aşağıdakı qaydalara riayət edilməklə qanunla müəyyən edilmiş qaydada intizam məsuliyyətinə səbəb olur:

20.4.1. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş şəxslər bu Qanunda nəzərdə tutulmuş maraqlar toqquşması hallarına yol verdikdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya bu barədə vəzifəli şəxsin seçildiyi dövlət orqanına məlumat verir;

20.4.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər bu Qanunda nəzərdə tutulmuş maraqlar toqquşması hallarına yol verdikdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya bu barədə müvafiq seçki komissiyasına məlumat verir. Həmin seçki komissiyası isə bu barədə materiallar ona daxil olduğu gündən beş gün ərzində şəxsin yol verdiyi maraqlar toqquşması halları barədə onun seçildiyi yerli özünüidarəetmə orqanına məlumat verir;

20.4.3. Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər bu Qanunda nəzərdə tutulmuş maraqlar toqquşması hallarına yol verdikdə onlar barəsində Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş tədbirlər görülür;

20.4.4. Hakimlər bu Qanunda nəzərdə tutulmuş maraqlar toqquşması hallarına yol verdikdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya intizam tənbehinin tətbiqi məsələsinə baxılması üçün  bu barədə Məhkəmə-Hüquq Şurasına məlumat verir.

20.5. Aşağıdakı hallarda intizam icraatına  başlanıla bilər:

20.5.1. bu Qanunun müddəalarının vəzifəli şəxs tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;

20.5.2. kütləvi informasiya vasitələrində vəzifəli şəxs tərəfindən bu Qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.

Maddə 21. Maraqlar toqquşmasına dair tələblərin pozulmasına görə fiziki və hüquqi şəxslərin məsuliyyəti

21.1. Fiziki şəxslərin maraqlar toqquşmasına səbəb olmuş hərəkətləri cinayət tərkibi yaratmadıqda, onlar inzibati məsuliyyətə cəlb edilirlər.

21.2. Cinayət tərkibi yaratmayan korrupsiya hüquqpozması törətmiş hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada cərimə edilir. Cinayət tərkibi yaradan korrupsiya hüquqpozmasına görə hüquqi şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada cərimə və ya digər cinayət-hüquqi tədbirlər tətbiq edilir.

5-ci fəsil
MARAQLAR TOQQUŞMASININ NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI

Maddə 22. Maraqlar toqquşması nəticəsində ilə əldə edilmiş əmlakın götürülməsi, imtiyaz və ya güzəştlərin dövlət nəfinə ödənilməsi

22.1. Vəzifəli şəxslər tərəfindən maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak, imtiyazlar və ya güzəştlərin isə dəyəri könüllü olaraq dövlət nəfinə ödənilir. Vəzifəli şəxslər əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun dəyərini, habelə əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə, maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak və ya onun dəyəri, güzəşt və ya imtiyazların dəyəri müvafiq dövlət orqanlarının iddiası əsasında məhkəmə tərəfindən dövlətin nəfinə ödənilir.

22.2. İşə məhkəmədə baxılana qədər iddianın təmin edilməsi üçün məhkəmə tərəfindən cavabdehin əmlakı barədə mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülə bilər.

Maddə 23. Maraqlar toqquşması nəticəsində qəbul olunmuş aktların ləğv edilməsi

Maraqlar toqquşması nəticəsində qəbul olunmuş aktlar müvafiq dövlət orqanları tərəfindən və yaxud müvafiq dövlət orqanlarının və ya digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilə bilər.

İlham  Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,   "____" ____________ 2016-cı il

№ _____


iacca
iap
business ready
eplc
Ən Tez