Etik davranış məsələləri ilə bağlı qeyd olunur ki, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunların müddəalarına müvafiq olaraq hazırlanmış "Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları" Ədliyyə Nazirliyi üzrə 29.11.2007-ci il tarixli əmrlə təsdiq edilmiş, 28.12.2010-cu il tarixdə Qaydalara əlavə və dəyişikliklər edilmişdir.
Həmin qaydaların ədliyyə işçiləri tərəfindən öyrənilməsi məqsədilə sənədlə bağlı kitabça və plakatlar ədliyyə orqanlarının bütün qurumlarında yayılmış, məsələyə dair seminarlar keçirilmiş, Ədliyyə Akademiyasında təşkil edilən ixtisasartırma və icbari təlim kurslarının tədris proqramlarına müvafiq mövzular daxil olunmaqla onun təbliği təmin edilmişdir.
Eyni zamanda Ədliyyə Nazirliyinin rəsmi internet saytında (www.justice.gov.az) "Etik davranış" adlı xüsusi bölmə yaradılmış, həmin bölmədə "Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları" və digər aidiyyəti qanunvericilik aktları yerləşdirilmişdir.
Ədliyyə orqanlarında etik davranış qaydalarına riayət olunması vəziyyəti müntəzəm təhlil edilir və bunun əsasında sənədin daha da təkmilləşdirilməsi ilə bağlı konkret təkliflər hazırlanır.
Bununla yanaşı ekspert rəylərinin keyfiyyətinin qiymətləndirilməsi, o cümlədən onlara dair ictimaiyyətin təklif və rəylərinin öyrənilməsi məqsədi ilə nazirliyin Məhkəmə ekspertizası mərkəzinin internet saytında (www.expert.gov.az) özündə səsvermək imkanları ehtiva edən "İNAM" adlı xüsusi bölmə yaradılmışdır.
Ədliyyə orqanlarında və müvafiq məhkəmələrdə icra və əmək intizamına, etik davranış qaydalarına riayət olunması vəziyyətinin yoxlanılması və korrupsiya durumu üzrə ictimai rəyin mütəmadi öyrənilməsi üçün Ədliyyə Nazirliyində 2011-ci ilin əvvəlindən daimi fəaliyyət göstərən monitorinq qrupunun 2013-cü ildə tərkibi genişləndirilmiş, əlavə vəzifələr müəyyən edilmiş, bununla bağlı xüsusi əmr imzalanmışdır.
Belə ki, qrupa vətəndaş cəmiyyəti institutları, xüsusilə insan hüquqları sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq şəraitində monitorinqlərin həyata keçirilməsi, qrupun işinə regional ədliyyə şöbələrinin cəlb edilməsi, yerli ədliyyə qurumlarının fəaliyyətinə dair ictimai rəyin öyrənilməsi çərçivəsində sosioloji sorğuların və ictimai müzakirələrin keçirilməsi və digər ciddi tədbirlərin görülməsi tapşırılmışdır.
Hesabat dövründə Ədliyyə Akademiyasında "Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları və bu qaydaların pozulmasına görə məsuliyyət" və "Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları" adlı mövzular ixtisasartırma və icbari təlim kurslarında 261 nəfərə tədris olunmuşdur.
Eyni zamanda 2013-cü ildə "Hakimlərin etik davranış Kodeksi"nin tədrisi də diqqət mərkəzində saxlanılmış və bununla bağlı onların ilkin (76 hakimliyə namizəd) və davamlı tədrisində (20 hakim) xüsusi mövzular üzrə təlimlər keçirilmişdir.
Hesabat ilində ədliyyə orqanları üzrə intizam məsuliyyətinə cəlb edilmiş 324 işçidən 80 nəfəri (24,7 %) bilavasitə "Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları"nın (o cümlədən 1 nəfər dövlət notariusu "Notariusun etik davranış Kodeksi"nin) tələblərini pozduqlarına görə cəzalandırılmışdır.
Həmin işçilərdən 1 nəfəri tutduğu vəzifədən azad olunmuş, 9-u ədliyyə orqanlarından xaric edilmiş, o cümlədən 1-i (İsmayıllı rayon icra qrupunun icra məmuru Anar Əliyev) barəsində materiallar hüquqi qiymət verilməsi üçün Respublika Baş Prokurorluğuna göndərilmişdir.
"Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları"nın geniş təlimi və tədrisi, onun tələblərinə riayət olunması üzrə müvafiq tədbirlər davam etdirilir.