Vətəndaş Sabir Məmmədovun sahibkarlıq fəaliyyəti ilə bağlı məhkəmə qərarının uzun müddət icra olunmamasına dair təkrar şikayətinə səlahiyyətli nümayəndəsinin iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 31 avqust 2016-cı il tarixli iclasında baxılıb.
Qeyri-hökumət təşkilatları nümayəndələrinin də dəvət olunduğu iclasda Apellyasiya Şurası tərəfindən S.Məmmədovun müraciəti üzrə bütün dəlillər ətraflı müzakirə edilib və "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"nin 7.3.1-ci bəndi rəhbər tutularaq şikayətin təmin edilməsi barədə qərar qəbul olunub.
Əmlak tələbi ilə əlaqədar müvafiq məhkəmə qətnaməsinin qısa müddətdə icrasının təmin olunması ilə bağlı nazirliyin İcra baş idarəsinə göstəriş verilib, həmçinin fəaliyyətində nöqsanlara yol vermiş Bərdə rayon icra şöbəsinin və icra xidmətinin digər əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi barədə məsələ qaldırılıb.
Şuranın iclasında, həmçinin sahibkar İsmayıl Aydəmirovun pul tələbinə dair məhkəmə qətnaməsinin icra olunmaması ilə bağlı təkrar şikayəti üzrə araşdırmanın nəticələri müzakirə olunub. Yasamal rayon icra şöbəsində həmin icra işi üzrə hərəkətsizliyə yol verilməsi ilə əlaqədar İ.Aydəmirovun şikayətinin hazırda məhkəmə icraatında olması nəzərə alınaraq "İnzibati icraat haqqında" Qanunun 72.2-ci maddəsinə əsasən Apellyasiya Şurasında icraata xitam verilməsi barədə qərar qəbul edilib.